Məhkəmə qərarları › İş №1(022)-108/2023

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-108/2023

29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-108/2023 29.11.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi vəkil Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, onun qanuni nümayəndəsi X1 və Zərərçəkmiş şəxs2, onun qanuni nümayəndəsi X2 iştirakı ilə, xx xxxxxx 1994-cü ildə Biləsuvar rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, məhkum olunmamış, işsz, Biləsuvar şəhəri, müəllimlər evi, S.Vurğun küçəsi, ev 18-də qeydiyyatda olmaqla yaşayan, barəsində 13 aprel 2023-cü il tarixli qərarla «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “CM”) 221.2.1 və 221.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasıda baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 21 fevral 2023-cü il tarixdə saat 16:30 radələrində X11 və şəxsiyyəti istintaqla müəyyən edilməmiş digər şəxs və ya şəxslərlə bir qrup şəxs halında Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən parkda, futbol stadionun yanında yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 qardaşı Hidayət Əlizadə ilə mübahisə etməsini irad bildirərək heç bir əsaslı səbəb olmadan, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozub, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib mənəviyyat normalarına qarşı saymamazlıq edərək ictimai yerdə nalayiq sözlər işlədib səs-küy salıb cəmiyyətə açıqca hörmətsizlik edərək Zərərçəkmiş şəxs1 sağ qaş nahiyəsinə yumruqla bir neçə dəfə vuraraq ona sağ qaş nahiyəsinin əzilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmiş, həmin vaxt şəxsiyyəti istintaqa məlum olmayan şəxs Zərərçəkmiş şəxs1 alın və sinə nahiyələrindən yumruqla bir neçə dəfə vurmaqla ona alın və sağ körpücük nahiyəsinin sıyrıqları ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət, X14 Əliyevin başından yumruqla bir neçə dəfə vuraraq ona başın təpə nahiyəsinin qançırı ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, bundan sonra Təqsirləndirilən şəxs onun xuliqanhq hərəkətlərinin qarşısını almağa cəhd edən Zərərçəkmiş şəxs2 ucadan nalayiq sözlərlə söyərək yumruqla sifətindən bir neçə dəfə vurmaqla ona sifətin sol yarısının yumşaq toxumalarının əziyi ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirərək öz hərəkətləri ilə ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə qarşı bir qrup şəxs halında müqavimət göstərməklə 10-15 dəqiqə ərzində ətrafda olan vətəndaşların narahatçılığına səbəb olan xuliqanhq hərəkətləri etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs törədilmiş əməldə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Biləsuvar şəhəri, Müəllimlər evi, S.Vurğun küçəsi, ev 18-də ailə üzvləri ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir, ali təhsillidir, subaydır. X9 onun doğma kiçik qardaşıdır. Hidayət Biləsuvar rayon M.İbrahimov adına liseydə 10-cu sinifdə təhsil alır. Biləsuvar rayonu Nərimankənd kənd sakini Zərərçəkmiş şəxs1 və Biləsuvar rayonu Xırmandah kənd sakini Zərərçəkmiş şəxs2 tanımasa da məlumatı var ki, həm Niftulla, həm də Sahib qardaşı Hidayətin sinif yoldaşlarıdır. Onun qardaşı xasiyyətcə soyuqqanlıdır, heç kimə qaynayıb-qarışan və heç kimlə ünsiyyət saxlayan deyildir. O, qardaşı Hidayətdən arabir dərslərinin necə getdiyi ilə maraqlanmışdır. Hər dəfə Hidayət ona demişdir ki, soyuqqanlı olduğu üçün uşaqlar onunla söhbət etmirlər, sinif yoldaşı Niftulla onu sinifdə tez-tez sıxışdırır. 2022-ci ilin dekabr ayının sonlarından başlayaraq qardaşı Hidayət onunla telefonda danışarkən demişdir ki, onu sinif yoldaşı Niftulla incidir. Hidayətə demişdir ki, gəlib liseydə bu məsələ ilə maraqlanacaqdır. 20 fevral 2023-cü il tarixdə Hidayət ona zəng edərək sinif yoldaşı Zərərçəkmiş şəxs1 tərəfindən təzyiqlərə məruz qalmasını bildirmişdir. Hidayətə telefonda demişdir ki, 21 fevral 2023-cü il tarixdə liseyə gələcək və dərs prosesindən sonra liseyin qarşısında parkda Zərərçəkmiş şəxs1lə görüşüb bu məsələni həll edərək onları barışdıracaqdır. 21 fevral 2023-cü il tarixdə qardaşı Hidayət və Zərərçəkmiş şəxs1lə görüşmək üçün rayon mərkəzinə gəlmişdir. Saat 16:30 radələrində parkda olduğu zaman qardaşı Hidayət, sinif yoldaşları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2la ora gəlmişlər. Zərərçəkmiş şəxs1 hansı səbəbdən qardaşı Hidayətə qarşı psixi təsir etdiyini, onu sinifdə ələ salıb incitdiyini soruşmuşdur. Niftulla ona kobud formada bildirmişdir ki, Hidayətin hərəkətləri onun xoşuna gəlmir. Bundan sonra Hidayət onun yanında sinif yoldaşı Niftullanın liseydə olduğu vaxtlarda psixi təsirlər göstərdiyi hərəkətlərini bir-bir saymağa başlamışdır. Niftulladan liseyə təhsil almağa, yoxsa kiməsə gücünü göstərməyə gəldiyini soruşmuşdur. Niftulla cavabında ona demişdir ki, Hidayətin hərəkətləri ona xoş gəlmir, ona nə edirsə əcəb edir. Onun bu sözündən sonra əsəblərinə hakim ola bilməmiş və Zərərçəkmiş şəxs1 sağ qaş nahiyəsindən yumruqla bir neçə dəfə vurmuşdur. Həmin zərbələrdən sonra Zərərçəkmiş şəxs1 yerə yıxılmışdır. Niftullanm yanında olan Zərərçəkmiş şəxs2 onun üzərinə gəldiyinə görə yumruqla Sahibin də sifətindən bir neçə dəfə vurub ona xəsarət yetirmişdir. Həmin vaxt orada olan qardaşı Hidayət dava-dalaşa müdaxilə edib onu sakitləşdirmişdir. Zərərçəkmiş şəxs1 yerdən qalxaraq yenidən onun üzərinə gələrək onun ünvanına nalayiq sözlər işlətmişdir. Davadalaş bitdikdən sonra ora Biləsuvar Lisey məktəb komleksində qapıda dayanan mühafizə polisinin əməkdaşı, qardaşının sinif rəhbəri Bənövşə Nağızadə və tanımadığı şəxslər gəlmişlər. Baş verən dava-dalaş zamanı vurduğu yumruq zərbələri nəticəsində sol əlindən xəsarət almışdır. Aldığı xəsarəti ona heç kim yetirməmişdir. O, həmçinin ifadəsində göstərmişdir ki, dava-dalaş vaxtı parkda başqa adamlar da olmuşdur, həmin adamlar dava-dalaşa müdaxilə etməmişlər. X6 tanımır, tanımadığı üçün də onunla heç bir münasibəti yoxdur. X10 tanıyır. Belə ki, Səməd Buludlu rayon mərkəzində avromobillərin oturacaqlarına üzlük (çexol) çəkmə işi ilə məşğul olur, o, da idarə etdiyi avtomobilinin oturacaqlarına üzlük çəkdirdiyinə görə Səmədlə münasibəti yaranmışdır. Parkda Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 təkbaşına döymüş, onun yanında nə Fərid Mayılzadə, nə Səməd Buludlu, nə də başqa şəxslər olmamışdır. Şahid2, X15, Şahid1 həm Niftullanın, həm də Sahibin sinif yoldaşlarıdır, bu səbəblə də adları çəkilən şəxslər tanıma istintaq hərəkəti keçirilən zaman və üzləşdirmə zamanı ifadələrində X3 və X7 da həmin dava-dalaşda iştirak etmələrini göstərmişlər. Həmin davada Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 təkbaşına döyüb xəsarət yetirsə də, orada hər hansı xuliqanlıq hərəkətlərinə yol verməmişdir. Buna görə də özünü qismən təqsirli bilir. Məhkəmədə Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu Nərimankənd kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Biləsuvar şəhəri, M.İbrahimov adına Liseydə 10-cu sinifdə təhsil alır. X9 və Zərərçəkmiş şəxs2 onun sinif yoldaşlarıdır. Zərərçəkmiş şəxs2la yaxın dost münasibəti olsa da, Hidayət Əliyevlə heç bir münasibəti yoxdur. 2022-ci ilin dekabr ayında Zərərçəkmiş şəxs2 onunla birlikdə Liseyin qarşısında olarkən Hidayətin qardaşı Təqsirləndirilən şəxs sinif yoldaşı Sahiblə Liseyin qarşısında söhbət etmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs sinif yoldaşı Sahibə demişdir ki, hansı səbəbdən qardaşı Hidayətlə mübahisə edibdir. Sahib də Babəkə cavabında bildirmişdir ki, Hidayətin günahı olduğü üçün onunla mübahisə etmişdir. Bununla bağlı Sahiblə Babəkin arasında həmin vaxt xeyli söhbət olmuş, hətta Lisey rəhbərliyi tərəfindən məsələ müzakirə olunmaqla daxili nizam-intizam qaydalarına uyğun olaraq həm Hidayət, həm də Sahib rəhbərlik tərəfindən müəyyən ballarla cəzalandırılmışlar. 21 fevral 2023-cü il tarixdə saat 16:15 radələrində zəng vurulduğuna görə Liseyin həyətinə düşmüşdür. Rayon mərkəzində yerləşən kitab satılan mağazalardan birinə kitab almaq üçün liseyin qarşısında yerləşən parkın önündən keçib gedərkən həmin vaxtı sinif yoldaşı Hidayəti və yanında olan tanımadığı bir neçə nəfər şəxsləri görmüşdür. Yoluna davam edərkən həmin şəxslərdən biri ona «xaloğlu bəri tərəfə gəl səninlə danışacağıq» deyə bildirmişdir. Həmin şəxsə tanımadığı üçün fikir verməmiş və yoluna davam etmişdir. Bu zaman onun arxasınca beşaltı nəfər Hidayətin yanında olanlardan əlavə şəxslər gəlməyə başlamışdır. Sinif yoldaşı Sahib də onun arxasınca gəlmş, Sahiblə həmin şəxslərdən birinin danışdığını görüb onların yanına gəlmişdir. Babək ona və Sahibə demişdir ki, parka gəlsinlər onlarla işi vardır. Parkın içərisində yerləşən futbol stadionunun yanında olan vaxtı Babək əynində olan gödəkçəsini çıxardıb hər iki əlləri ilə onun yaxasından yapışıb onu silkələməyə başlamış və ona söyüş söymüşdür. Babək ona söyüş söydüyünə görə o, da Babəki söymüş və söydüyü söyüşə görə Babəki yumruqla vurmaq istəyən zaman Babəkin yanında olan şəxslər buna mane olmuşlar. Babək də bundan istifadə edib onun sağ qaş nahiyəsindən bir neçə dəfə yumruqla vurmuşdur. Həmin zərbədən sonra yerə yıxılmış, yerə yıxılan vaxtı üzü saqqallı, bədəncə dolu olan oğlan yumruqla alın və sağ sinə nahiyələrindən bir neçə dəfə vurub ona xəsarət yetirmişdir. Sinif yoldaşı Sahib dava-dalaşı sakitləşdirmək istəyən vaxtı Babək onun da üzərinə hücum edib heç bir səbəb olmadan Sahibin sifətindən yumruqla vurub döyməyə başlamışdır. Sahibin üzərinə əlavə olaraq iki nəfər də hücum edib onu döyməyə başlamışdır. Sahibə kömək etmək üçün ona yaxınlaşıb Babəkin və digələrinin onu vurmasına mane olmaq istəmiş, elə bu zaman Babəkin yanında olan tanımadığı şəxs başından yumruqla bir neçə dəfə vurub ona xəsarət yetirmişdir. Dava-dalaş vaxtı Təqsirləndirilən şəxs və onun yanında olan tanımadığı iki nəfər şəxsin sinif yoldaşı Sahibin sifətinə və bədəninin müxtəlif nahiyələrinə yumruq, təpik zərbələri vuraraq döyməsinin şahidi olmuşdur. Dava-dalaş bitəndən sonra sinif rəhbəri Bənövşə Nağızadə və mühafizə polisi Elşad Zeynalov ora gəlmişlər. Bundan sonra Liseyə qayıtmışlar, onun və sinif yoldaşı Sahibin sifətində xəsarətlər olduqları üçün xəstəxanaya getmişlər. Dava-dalaş təhsil aldığı liseyin qarşısında yerləşən parkda, futbol stadionun yanında baş vermiş, dava-dalaş ümumilikdə 10-15 dəqiqə davam etmiş, həmin davadalaşı sinif yoldaşları Şahid2, Səid Əlizadə, Şahid1 və Şahid3, o cümlədən parka həmin vaxtı gəzməyə gələn tanımadığı rayon sakinləri görmüşlər. O, həmçinin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs başqa onun yanında olan digər şəxslərin heç birini tanımır. Həmin şəxslərin təxminən yaşları 22-26 yaş arası olarmış, əksəriyyəti saqqallı olmuşdur. Onlarla indiyə kimi heç bir halda qarşılaşmamış və mübahisə etməmiş, ancaq həmin şəxslər söz-söhbətdən sui-istifadə edib onu və Sahibi döymüşlər. Həmin şəxsləri görüb onları tanıyıb göstərmişdir. Sonda Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ona vurulmuş zərəri ödəmədiyindən onunla barışmadığını, ona görə də onun barəsində qanuna müvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu Xırmandah kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Biləsuvar şəhəri, Milli Qəhrəman M.İbrahimov adma Liseydə 10-cu sinifdə təhsil alır. X9 və Zərərçəkmiş şəxs1 onun sinif yoldaşlarıdır. Zərərçəkmiş şəxs1lə dostdur, Hidayətlə dost olmasa da bir sinif yoldaşı kimi münasibəti yaxşıdır. 2022-ci ilin dekabr ayında sinifdə olan zaman Hidayətlə aralarında mübahisələri baş vermiş, həmin mübahisə lisey rəhbərliyi tərəfindən müzakirə olunaraq ona və sinif yoldaşı Hidayətə cəza verilmiş və tapşırılmışdır ki, bir-biriləri ilə mehriban olsunlar. Həmin vaxtdan Hidayətlə barışmış və normal da münasibəti hazırkı vaxta kimi davam etmişdir. Zərərçəkmiş şəxs1lə sinif yoldaşı Hidayətin arasında münasibətdən xəbəri yoxdur. 21 fevral 2023-cü il tarixdə saat 16 radələrində Liseyin həyətində olarkən uşaqlardan biri ona demişdir ki, Niftulla ilə Hidayətin qardaşı Babək parka tərəf getmişlər. Onların hansı səbəbdən ora getməsini aydınlaşdırmaq üçün deyilən yerə tərəf getmişdir. Həmin vaxtı Babəkin yanında tanımadığı beş-altı nəfər adam olmuş, həmin şəxslərin hamısı ondan və Niftulladan yaşca böyük olmuşlar. Təqsirləndirilən şəxs sinif yoldaşı Niftulladan hansı səbəbdən qardaşı Hidayətlə mübahisə etməsini soruşub onunla mübahisə etməyə başlamışdır. Həmin vaxtı onun da yanında Babəklə birlikdə olan başqa iki nəfər şəxs də olmuş, həmin şəxslər də onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı onların arasında dava-dalaş düşmüşdür. Dava- dalaş zamanı Təqsirləndirilən şəxs sinif yoldaşı Niftullanın sağ qaşından yumruqla bir neçə dəfə vurduğuna görə həmin zərbələrdən sonra Niftulla yerə yıxılmışdır. Bundan sonra Babək və yanında olan tanımadığı şəxslər Niftullanı yumruq, təpik və sillə ilə döyməyə başlamışlar. Dava-dalaşı ayırmaq istəyən zaman Təqsirləndirilən şəxs heç bir səbəb olmadan sifətindən yumruqla bir neçə dəfə vurub onu döyərək xəsarət yetirmişdir. Dava- dalaşdan sonra sinif rəhbəri Bənövşə Nağızadə ilə mühafizə polisi Elşad ora gəlmişlər. Daha sonra liseyə qayıtmışlar, xəsarət aldıqları üçün xəstəxanaya getmişlər. O, həmçinin ifadəsində göstərmişdir ki, dava-dalaş 21 fevral 2023-cü il tarixdə saat təxminən 16:30 radələrində Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən parkda, futbol stadionun yanında baş vermiş, ümumilikdə həmin dava-dalaş 10-15 dəqiqə davam etmişdir. Görmüşdür ki, sinif yoldaşı Niftullanı Babək və yanında olan tanımadığı şəxlsər döyürlər, ona görə də dava-dalaşa müdaxilə edib onları sakitləşdirmək istəmiş, Təqsirləndirilən şəxs isə heç bir səbəb olmadan sifətindən yumruqla bir neçə dəfə vurub onu döymüşdür. Dava-dalaş zamanı Babəkdən başqa onun yanında olan tanımadığı şəxslər də onu və sinif yoldaşı Niftullanı yumruq, təpik və sillə ilə vurub döyərək xəsarət yetirmişlər. Sonda Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə aralarında barışıq əldə edildiyini və ondan şikayət və tələbinin olmadığını, ona görə də ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir. Onun təqsiri verdiyi öz ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu Muğan kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Azərbaycan Respublikası Milli Qəhrəmanı M.İbrahimov adına Biləsuvar təhsil kompleksində 10-cu sinifdə oxuyur. Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və X9 onun sinif yoldaşlarıdır. Aralarında hər hansı narazılıq və ədavəti olmamış, münasibəti bir sinif yoldaşı kimi hər üçü ilə həmişə yaxşı olmuşdur. 21 fevral 2023-cü il tarixdə saat 16:15 dəqiqədə zəng vurulduğuna görə bütün şagirdlər kimi o, da dərsdən çıxıb liseyin həyətinə düşmüşdür. Təxminən beş-on dəqiqədən sonra adını xatırlamadığı liseyin şagirdlərindən biri demişdir ki, sinif yoldaşları Hidayətlə Niftulla bir-biriləri ilə liseyin qarşısındakı parkda mübahisə edirlər. Bunu eşidən kimi sinif yoldaşları Şahid2, Şahid3 və Səid Əlizadə ilə birlikdə parka doğru getmişlər. Parkın mərkəzinə çatanda görmüşlər ki, futbol stadionunun yanında sinif yoldaşları Niftulla və Sahib digər sinif yoldaşı Hidayətin qardaşı Babəklə dava-dalaş edirlər. Babəkin yanında tanımadığı beş-altı nəfər şəxsləri də görmüşdür. Babəkin Niftullanı sifətindən yumruqla vurduğunu və həmin zərbədən sonra Niftullanın yerə yıxıldığını görmüşdür. Daha sonra Babək digər sinif yoldaşı Sahibin də sifətindən vurmuşdur. Dava-dalaş vaxtı Babəkin yanında olan tanımadığı beş-altı nəfər şəxslər həm Sahibi, həm də ki, Niftullanı yumruq, sillə və təpiklə döyməyə başlamışlar. Bunu görən kimi Şahid2 geri qayıtmışdır ki, liseydə xidmət aparan mühafizə polisi Elşada xəbər etsin. İbrahimlə birlikdə Səid və Sənan da getmişdir. Geri qayıdan zaman isə sinif rəhbəri Bənövşə Nağızadə ilə rastlaşmışdır. Bənövşə Nağızadə dava-dalaş baş verən yerə getmək istədiyini görüb ona məsləhət etmişdir ki. mühafizə polisi Elşad gəlsin və bundan sonra birlikdə dava-dalaş yerinə getsinlər. Bundan təxminən 2-3 dəqiqə sonra Elşad gəlmiş, o, Səid Mirzəli, Şahid2 və Bənövşə Nağızadə ilə birlikdə dava-dalaş yerinə getmişlər. Bundan bir-iki dəqiqə sonra ora Şahid5 gəlmişdir. Dava-dalaş yerinə çatanda artıq dava-dalaş başa çatmışdır, dava-dalaş yerinə gələn vaxtı Niftullanm sağ qaş nahiyəsində, Sahibin isə sifətində xəsarətlər olduğunu görmüşdür. Elşad nə baş verdiyini soruşduqda Babək ona bildirmişdir ki, Sahiblə Niftullanı o, döymüşdür. Bundan sonra liseyə qayıtmışlar. O, həmçinin ifadəsində göstərmişdir ki, həm Sahibi, həm də ki, Niftullanı parkda Təqsirləndirilən şəxs və onun yanında olan tanımadığı bir neçə nəfər şəxsin təpik, sillə və yumruqla döydüklərini görmüşdür. Təqsirləndirilən şəxs tanısa da, digərlərini tanımamışdır. Hətta orada olan qısaqol gödəkçə geyinmiş, bədəncə dolu, üzü saqqalı olan oğlan onu sözlə hədələyib «Hidayətin xətrinə heç kim dəyə bilməz» deyə bildirmişdir. Digərlərindən biri bədəncə arıq, üzü saqqalı olmuşdur. Həmin şəxsləri görüb tanımışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 işin mahiyyəti üzrə Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, 2013-cü ilin fevral ayından DİN-in Baş Mühafizə İdarəsinin X5 Biləsuvar bölməsinin polis nəfəri vəzifəsində xidmət edir, polis baş serjantı rütbəsindədir. Biləsuvar rayonu M.İbrahimov adına Liseydə saat 09-dan saat 17:00-dək xidmətə çıxır. X4, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xidmətə çıxdığı liseyin şagirdləri kimi tanıyır. Adlarını qeyd etdiyi hər üç şagird liseyin 10-cu sinifində təhsil alır. 21 fevral 2023-cü il tarixdə saat 16:15 dəqiqədə liseydə zəng vurulduğuna görə şagirdlər dərsdən çıxmağa başlamışlar. Həmin vaxtı şagirdləri asfalt yoldan keçirməyə başlamışdır. Saat 16:30 radələrində şagirdlərin biri yaxınlaşaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 kimləsə dava edirlər. Bunu eşidən kimi liseyin yaxınlığında olan parka tərəf getməyə başlamışdır. Parkın içərisindəki futbol stadionun yanında çoxlu adamların olduğu yerə gəlmiş, həmin yerə gələndə görmüşdür ki, dava-dalaş edən kimsə yoxdur, lakin Niftulla və Sahibin sifət nahiyələrində xəsarət olduğunu görmüşdür. Həmin vaxtı ora Bənövşə Nağızadə, liseydə mühafizəçi işləyən Nicat Hüseynov da gəlmişdir. Nə baş verdiyini soruşanda Sahiblə Niftulla ona demişlər ki, onları Hidayətin qardaşı Təqsirləndirilən şəxs döyübdür. Babəki həmin vaxtı orada görmüş, ona yaxınlaşıb Niftullanı və Sahibi döyüb-döyməməsini soruşmuşdur. Babək ona demişdir ki, uşaqları o, döymüşdür, hara istəyirsə gedə bilər. Bundan sonra Babəki liseyin qarşısına dəvət etmiş, bununla bərabər xəsarət alan şagirdləri Bənövşə müəllimə və digərləri ilə birlikdə liseyə gətirib əvvəlcə bu barədə liseyin rəhbərliyinə, Babək barəsində isə rayon polis şöbəsinin növbətçi hissəsinə məlumat vermişdir. O, həmçinin ifadəsində göstərmişdir ki, dava-dalaş yerinə çatanda orada çoxlu tanımadığı şəxslər olmuşdur, lakin həmin şəxslərin kim olduğunu tanıya bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 şahid X8 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 24 fevral 2023-cü il tarixli 70 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş başın təpə nahiyəsinin qançırı, sağ qaş nahiyəsinin əzilmiş yarası, alın və sağ körpücük nahiyəsinin sıyrqıları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, əllə, təpiklə vurulma nəticəsində əmələ gələ bilərdi, əmələ gəlmə müddəti qərarda qeyd olunan 21 fevral 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 24 fevral 2023-cü il tarixli 75 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş sifətin sol yarısının yumşaq toxumalarının əziyi bərk küt əşyanın təsirindən törənmişdir, əllə vurulma nəticəsində əmələ gələ bilərdi, əmələ gəlmə müddəti qərarda qeyd olunan 21 fevral 2023cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmaya aid xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 22 may 2023-cü il tarixli 70 nömrəli əlavə rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 sağ qaş nahiyəsinin əzilmiş yarası bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 21 fevral 2023-cü il tarixə uyğun gəlir, yumruq, əllə vurulma nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağ qaş nahiyəsində əzilmiş yara sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Digər xəsarətlər isə- başın təpə nahiyəsinin qançırı, alın və sağ körpücük nahiyəsinin sıyrıqları ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, əməlindən səmimi peşman olmasını və məhkumluqlarının olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 dəymiş zərəri tam ödəməklə onunla barışıq əldə etməsini, digər zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə barışıq əldə etməsinə cəhd etməsini, əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilən cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətinə düzgün qiymət verərək, cəza təyin etmə barədə CM-in 8, 41 və 58.3-cü maddələrinin tələblərini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarındakı tövsiyələrini nəzərə alır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Adçəkilən qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, eləcə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini,onların şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 221.2.1-ci və 221.2.2-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Azərbaycan Respublikası CM-in 221.2.1-ci və 221.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-in 221.2.1-ci və 221.2.2-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar