Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-108/2025 28.10.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X1 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1991-ci il tarixdə Biləsuvar rayonu, Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Xırmandalı kəndində qeydiyyatda olan və yaşayan, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 04 avqust 2025-ci il tarixdə, saat 02 radələrində arvadı Zərərçəkmiş şəxs ilə birgə yaşadıqları Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən fərdi yaşayış evində şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı zərərçəkmiş şəxsə, sonuncunun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Biləsuvar rayonu, Xırmandalı kəndində qeydiyyatda olmaqla yaşayır, evlidir və himayəsində 2 uşağı var. O, rəsmi olaraq heç bir yerdə işləmir, Salyan şəhərində yerləşən müəssisədə günəmuzd fəhlə kimi çalışaraq, ailəsinin dolanışığını təmin edir. O, 2011-ci ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur. O, fəhləlik edərək ailəsini dolandırır. 03 avqust 2025-ci il tarixdə, işdən sonra yoldaşları ilə yemək yeyərkən spirtli içki qəbul etmişdir. Həmin gün saat 23 radələrində o, yaşadığı evə qayıtdıqdan sonra onlara məxsus quzulardan birinin xəstələndiyini öyrənmiş və spirtli içkinin təsiri altında olduğu üçün quzusunun xəstələnməsinə görə arvadını günahkar bilmiş və həmin şəxsə illərlə mal-qara saxladığını, lakin bir quzuya süd əmizdirməyi bacarmadığını deyərək, irad tutmuşdur. Bu zəmində onlar arasında mübahisə yaranmış və həmin mübahisə vaxtı o, özündən çıxaraq, arvadının üzərinə hücum etmiş, sonuncunun baş nahiyəsinə 2-3 dəfə yumruqla, bud nahiyəsinə isə bir neçə dəfə təpiklə zərbələr endirmişdir. Bundan sonra onun hirsi soyumuş və o, yataq otağına keçib yatmışdır. O, səhəri gün sakitləşmiş və etdiyi əməldən peşman olmuşdur. Lakin Zərərçəkmiş şəxs onu bağışlamayaraq, Biləsuvar rayon polis şöbəsinə onun barəsində şikayət etmişdir. Həmin mübahisə təxminən bir neçə dəqiqə davam etmiş, digər ailə üzvləri yatdığına görə həmən mübahisəni görməmişlər. O, sonradan arvadı ilə barışmışdır və hazırda onlar birlikdə yaşayırlar. Sonda, Təqsirləndirilən şəxs əməlindən peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxslə barışdığını və himayəsində 2 uşağının olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, barəsində ittiham irəli sürülmüş şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, o və Təqsirləndirilən şəxs 2011-ci ildə el adətinə uyğun olaraq, toy edərək evlənmişlər və onların birgə nikahından 2 uşağı anadan olmuşdur. Onunla Təqsirləndirilən şəxs arasında bəzən mübahiəsər olsa da, əri Təqsirləndirilən şəxs onu son hadisədən əvvəl cəmi bir dəfə, 2022-ci ildə döymüşdür. Həmin vaxt da o, bu barədə polisə şikayət etmiş və sonradan barışdıqlarına görə cinayət işinə xitam verilmişdir. 03 avqust 2025-ci il tarixdə, gecə saatlarında, o, uşaqları ilə birlikdə evdə olduğu vaxt əri Təqsirləndirilən şəxs evə gəlmiş və quzularından birinin xəstələnməsinə görə onunla mübahisə etməyə başlamışdır. Həmin mübahisə vaxtı Təqsirləndirilən şəxs özündən çıxmış və onun üzərinə hücum etmişdir. Həmin şəxs onun baş nahiyəsinə yumruqla və təpiklə vurmuşdur. Bundan sonra o, yaşadığı evi tərk edərək, valideynlərinin evinə getmişdir və təxminən 3 ay valideynlərinin evində yaşamışdır. Həmin hadisədən sonra Biləsuvar rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs onu döyməsi barədə hüquq-mühafizə orqanlarına məlumat vermişdir. Lakin sonradan əri ondan üzr istəyərək, onunla barışıq əldə etmişdir və onlar ər-arvad münasibətlərini bərpa etmişlər. Sonda, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs etdiyi əməlinə görə bağışladığını bildirdi və məhkəmədən həmin şəxs barəsində cəza təyin edilməməsini xahiş etdi. İş materiallarında olan canlı şəxsin ekspertizasının 04 avqust 2025-ci il tarixli, 249 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ bazu, sol bud və sağ dirsək oynağı nahiyələrində hematoma xəsarətləri müəyyən edilmişdir, həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törəmə müddəti 04 avqust 2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə gorə sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğu üçün sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlərdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası CM-nin 73.1 və 73.2-ci maddələrinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. CM-nin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeydinə görə şəxs həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarına əlavə edilmiş Biləsuvar rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısının cinayət təqibinə xitam verilməsi və şəxsin cinayət məsuliyyətindən azad edilməsi haqqında 01 noyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs anası Şahid ilə aralarında yaranmış mübahisə zamanı zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən yüngül zərər vurduğuna görə 2022-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, lakin Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona vurulmuş zərəri tamamilə aradan qaldırdığına görə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə və Azərbaycan Respublikası CPM-nin 40.2 və 40.3-cü maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən əvvəllər 1 dəfə azad olunmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi və həmin şəxsə dəymiş ziyanı tamamilə ödəməsi həmin şəxsi cinayət məsuliyyətindən azad edən hal deyil, iş üzrə onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunan şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əmələ görə səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və himayəsində 2 uşağının olmasını məhkəmə onun cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs ictimai işlər növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 47.1-ci maddəsinə görə ictimai işlər məhkumun əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Belə işlərin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 47.2-1-ci maddəsinə görə məhkəmə tərəfindən ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 34.1-ci maddəsinə əsasən ictimai işlər növündə cəzanı məhkumun yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ictimai yerlərdə icra məmuru icra edir. İctimai işlər növündə cəzaya məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 35.1-ci maddəsinə görə isə məhkumlar ictimai işləri yerinə yetirdikləri yerin müəssisədaxili intizam qaydalarına riayət etməli, əməyə vicdanla yanaşmalı, onlar üçün müəyyən olunmuş yerlərdə və hökmdə müəyyən olunmuş müddətdə işləməli, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada elektron nəzarət vasitəsindən istifadə etməli, elektron nəzarət vasitəsini ictimai işlərin yerinə yetirildiyi yerlərdə gəzdirməli, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməli və yaşayış yerini dəyişdikdə bu barədə icra məmuruna məlumat verməlidirlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 47.2-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində ictimai işləri yerinə yetirdikləri yerin müəssisədaxili intizam qaydalarına riayət etmək, əməyə vicdanla yanaşmaq, onlar üçün müəyyən olunmuş yerlərdə və hökmdə müəyyən olunmuş müddətdə işləmək, ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və yaşayış yerini dəyişdikdə bu barədə icra məmuruna məlumat vermək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və və ona 360 (üç yüz altmış) saat ictimai işlər növündə cəza təyin edilsin. İctimai işlər cəzasının icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya qurumuna həvalə edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdə ictimai işləri yerinə yetirməyə başladığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində ictimai işləri yerinə yetirdiyi yerin müəssisədaxili intizam qaydalarına riayət etmək, əməyə vicdanla yanaşmaq, onun üçün müəyyən olunmuş yerlərdə və hökmdə müəyyən olunmuş müddətdə işləmək, ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və yaşayış yerini dəyişdikdə bu barədə icra məmuruna məlumat vermək vəzifələri qoyulsun. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №1(022)-108/2025
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-108/2025
28.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver