Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-109/2024 04.07.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X3 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili X2 iştirakı ilə, Təqsirləndirilən şəxs, 07 avqust 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, Ü.Əkbərov küçəsində yerləşən 86A nömrəli evdə qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda - 6,897 qram çəkidə narkotik vasitə tiryəki əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 16 fevral 2024-cü il tarixdə, saat 04:05-də Ələt-Astara yolunun Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisindən keçən 104-cü kilometrliyində yerləşən “Turist-5” kafesinin yaxınlığında idarə etdiyi «Hyundai Matrix» markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olduğu zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq, Biləsuvar rayon polis şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə tiryək bir ədəd gümüşü rəngli siqaret kağızı bükümündə olmaqla, əynindəki gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Ü.Əkbərov küçəsində yerləşən 86A nömrəli evdə yaşayır, evlidir və həmin nikahdan 1 uşağı var. O, əvvəllər başqa qadınla nikahda olmuşdur və həmin nikahdan da bir uşağı vardır. O, Bakı şəhərində əmək müqaviləsi olmadan işlədiyi avtomobil təmiri sexində avtomaşınların salonlarının təmiri və dizaynı ilə məşğul olaraq ailəsini dolandırır. O, əvvəllər narkotik vasitə tiryək istifadə etmişdir, lakin həmin əməlinə görə cinayət məsuliyyətinə cəlb edilməmişdir. O, 14 fevral 2024-cü il tarixdə, Bakı şəhəri, Yasamal rayonu ərazisində, işlədiyi avtomobil təmiri sexinin yaxınlığında yerdən bir ədəd gümüşü rəngli siqaret kağızı bükümü tapmış və həmin bükülünü açıb içərisinə baxdığı vaxt orada narkotik vasitə tiryək olduğunu görmüşdür. O, həmin narkotik vasitəni sonradan istehlak etmək məqsədi ilə əynində olan gödəkçənin cibində gizlətmiş və gün ərzində cəmi bir dəfə istifadə edə bilmişdir. Belə ki, 15 fevral 2024-cü il tarixdə Astara şəhərində yaşayan qayınatasına baş çəkmək üçün Astara şəhərinə getmək qərarına gəlmişdir. Buna görə də o, 15 fevral 2024-cü il tarixdə axşam saatlarında, özünün idarə etdiyi «Hyundai Matrix» markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Astara şəhərinə getmiş, Astara şəhərində bir neçə saat qaldıqdan sonra 16 fevral 2024-cü il tarixdə, saat 02 radələrində Astara şəhərindən o, dostu T.B.Sadıqov ilə birlikdə Bakı şəhərinə qayıtmaq məqsədi ilə yola düşmüşdür. Lakin o, Biləsuvar rayonu ərazisində ov etmək istədiyinə, habelə dostu T.B.Sadıqovu hərbi hissədə xidmət edən oğluna baş çəkməsi üçün o, Ələt-Astara yolundan Biləsuvar rayonu ərazisinə dönmüşdür. 16 fevral 2024-cü il tarixdə, saat 04 radələrində Ələt-Astara yolunun Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisindən keçən 104-cü kilometrliyində yerləşən “Turist-5” kafesinin yaxınlığında hərəkətdə olduqları zaman yol-patrul xidməti əməkdaşları nəqliyyat vasitəsinə saxla əmrini verdiyinə görə o, avtomobili saxlamışdır. Bundan sonra polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmişlər. Polis nəfərləri gəlişlərinin səbəbini izah etdikdən sonra onu Biləsuvar rayon polis şöbəsinə dəvət etmişlər. Biləsuvar rayon polis şöbəsinin inzibati binasında videoçəkiliş aparılmaqla, vəkilin iştirakı ilə, onun üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl hüquq və vəzifələri ona izah edilmiş, üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların, eləcə də narkotik vasitələrin və ya psixotrop maddələrin olub-olmaması soruşulmuşdur. O da əynindəki gödəkçənin sağ yan cibindən həmin bükümü çıxarıb, polis əməkdaşlarına təqdim etmiş və həmin bükülünü 14 fevral 2024-cü il tarixdə, yaşadığı Bakı şəhərində yerdən tapdığını və sonradan istehlak etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış və «Hyundai Matrix» markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilmiş, lakin onun üzərində və avtomobildə başqa narkotik vasitə aşkar edilməsə də, bir ədəd, babasından miras qalmış, istifadəyə az yararlı və qeydiyyatsız ov tüfəngi aşkar edilərək götürülmüşdür. O, polis əməkdaşlarına həmin silahın ona məxsus olmadığını və onun həmin tüfənglə ov etmək niyyəti olmadığını bildirmişdir. Şəxsi axtarış və baxış keçirilməsi ilə əlaqədar protokollar tərtib edilmiş, eyni zamanda onun üzərindən aşkar edilmiş narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. Tərtib olunmuş protokollar ona ucadan oxunmuş, protokol və üzərindən götürülmüş əşyaların qablaşdırıldığı zərfin üzəri o və digər baxış iştirakçıları tərəfindən imzalanmışdır. Sonda, Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və himayəsində 2 uşağın və xəstə anasının olduğunu bildirərək, barəsində yüngül azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Bakı şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Biləsuvar rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında onun tərəfindən 15 fevral 2024-cü il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq, həmin gün əməliyyat tədbiri keçirilməyə başlanılmış və Təqsirləndirilən şəxs idarə etdiyi «Hyundai Matrix» markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Ələt-Astara yolunun Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisindən keçən 104-cü kilometrliyində yerləşən “Turist-5” kafesinin yaxınlığında yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlatdırılmış və sürücü Təqsirləndirilən şəxs və sərnişin T.B.Sadıqov polis əməkdaşları tərəfindən Biləsuvar rayon polis şöbəsinə gətirilmişlər. Biləsuvar rayon polis şöbəsinin inzibati binasında, vəkilin iştirakı ilə, videoçəkiliş aparmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl hüquq və vəzifələri ona izah edilmiş, üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların, eləcə də narkotik vasitələrin və ya psixotrop maddələrin olub-olmaması soruşulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızı bükümünü çıxarıb təqdim etmiş və həmin bükülünü 14 fevral 2024-cü il tarixdə yaşadığı Bakı şəhərində yerdən tapdığını bildirmişdir. Həmin bükülünün içərisinə baxılarkən, orada rəngindən və digər əlamətlərindən narkotik vasitə tiryəkə bənzər maddə olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş və üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış başqa əşya aşkar edilməmişdir. Şübhəli şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və həmin protokol o və digər baxış iştirakçıları tərəfindən imzalanmışdır. Bundan sonra T.B.Sadıqovun üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş və həmin şəxsin üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşya aşkar edilməmişdir. Şübhəli şəxslər üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokollar tərtib olunmuş və həmin protokollar o və digər baxış iştirakçıları tərəfindən imzalanmışdır. Daha sonra «Hyundai Matrix» markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş aparılmaqla baxış keçirilmiş və nəqliyyat vasitəsində narkotik vasitə və ya psixotrop maddə aşkar edilməsə də, oradan bir ədəd ov tüfəngi aşkar edilərək, götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin bükülü elektron tərəzidə çəkilmiş və qablaşdırması ilə birlikdə çəkisi 8,17 qram olmuş və həmin şəxsdən götürülmüş narkotik vasitə tiryəkə bənzər maddə zərfə qoyularaq qablaşdırılmış, Daxili İşlər Nazirliyinin zərflər üçün 61 nömrəli möhürü ilə möhürlənmişdir. Sonda baxış keçirilməsinə dair protokol tərtib olunaraq iştirakçılara oxunmuş, protokol baxış iştirakçıları tərəfindən imzalanmışdır. İş üzrə şahid kimi dindirilmiş Biləsuvar rayon polis şöbəsinin əməkdaşı Şahid2 məhkəmədə Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda - 6,897 qram çəkidə narkotik vasitə tiryəki əldə edib, özündə saxlayaraq daşıdığını, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 16 fevral 2024-cü il tarixdə, saat 04:05-də Ələt-Astara yolunun Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisindən keçən 104-cü kilometrliyində yerləşən “Turist-5” kafesinin yaxınlığında idarə etdiyi «Hyundai Matrix» markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olduğu zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq, Biləsuvar rayon polis şöbəsinə gətirildiyini və üzərində şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə tiryək bir ədəd gümüşü rəngli siqaret kağızı bükümündə olmaqla, əynindəki gödəkçənin sağ yan cibindən aşkar edilərək götürüldüyünü təsdiq etdi. İş materiallarında olan şəxsi axtarış və maddi sübutun götürülməsi barədə 16 fevral 2024-cü il tarixli protokoldan, habelə həmin protokola əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində döviyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyalar, eləcə də narkotik vasitə və ya psixotrop maddə vardırsa, könüllü təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki gödəkçəninın sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızı bükümünü çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükülünün içərisində narkotik vasitə tiryək vardır və o, həmin bükülünü 14 fevral 2024-cü il tarixdə, saat 17 radələrində yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Ü.Əkbərov küçəsində yerdən tapmış və sonradan istehlak etmək məqsədi ilə üzərində saxlamışdır. Bundan sonra həmin bükülüyə onun iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində narkotik vasitə tiryəkə bənzər maddə olması aşkar olunmuşdur. Həmin bükülü elektron tərəzidə çəkilmiş və qablaşdırması ilə birlikdə bükümün çəkisinin 8,17 qram olması məlum olmuşdur. Həmin narkotik vasitə tiryəkə bənzər maddə olan büküm zərfə qoyulub qablaşdırılaraq 61 nömrəli möhürü ilə möhürlənmişdir. İş materiallarına əlavə edilmiş avtomobilə baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə 16 fevral 2024-cü il tarixli protokoldan, habelə həmin protokola əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, X1 idarə etdiyi «Hyundai Matrix» markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin həmin nəqliyyat vasitəsində narkotik vasitə və ya psixotrop maddə aşkar edilməsə də, oradan “Tula” markalı, 16 kalibrli, “İJ 58” markalı, üzərindən nömrəsi silinmiş və sənədləri olmayan ov tüfəngi aşkar edilərək, götürülmüşdür. Cinayət işi materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 16 fevral 2024-cü il tarixli, 19/150 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar edilmiş bükülünün qablaşdırıldığı zərf...» sözlər və imzalar olan bir ədəd zərfin içərisindəki, 01 ədəd bükümdə təmiz çəkisi - 6,897 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Tiryəkin təmiz çəkisi - 6,897 qram olmuş, tədqiqata 0,1 qram sərf edilmiş, qalıq 6,797 qram qalmışdır. İşdə olan ambulator narkoloji tibbi yoxlamanın 18 mart 2024-cü il tarixli, 278 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında əlavə edilmiş məhkəmə-ballistik ekspertizasının 25 aprel 2024-cü il tarixli, 3-16-16/2/572 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd silah zavod üsulu ilə istehsal edilmiş,16 kalibrli, patronluğunun üzunluğu 70 millimetr olan, «ИЖ-58» modelli, seriya və nömrəsi silinmiş, daxili çaxmaqlı, qoşalüləli tüfəngdir, yivsiz ov silahıdır, saz vəziyyətdədir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir və təyinatı üzrə istifadəyə - atəşə yararlıdır. İşdə olan Biləsuvar rayon Məhkəməsinin hakiminin 14 iyun 2024-cü il tarixli, 3(022)- 504/2024 saylı inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinmiş, “İj” 58 markalı, 16 kalibrli, tək lülə ov tüfəngi müsadirə edilməklə, Təqsirləndirilən şəxs barəsində 80 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»nın İ siyahısının 182-ci bəndinin tələbinə görə tiryəkin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0,5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 50 qramdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və himayəsində 2 uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 16 fevral 2024-cü il tarixdə, saat 04:05-də şübhəli şəxs kimi tutma tətbiq olunmuş və Təqsirləndirilən şəxs 17 fevral 2024-cü il tarixdə, saat 14:30-da Biləsuvar rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad olunmuşdur. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Biləsuvar rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi tərəfindən 06 may 2024-cü il tarixdə axtarış elan edilmiş, həmin qərar icra edilməsi üçün Biləsuvar rayon polis şöbəsinə həvalə edilmişdir. Təqsirləndirilən şəxs 14 may 2024-cü il tarixdə, saat 11:45-də özünü Biləsuvar rayon polis şöbəsinə könüllü olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs 14 may 2024-cü il tarixdə, saat 16:00-da Biləsuvar rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı faktiki tutulduğu 3 gün müddət təyin edilən azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. Bundan başqa, məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın 18 mart 2024-cü il tarixli, 278 saylı rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, tədqiqatdan sonra xalis çəkisi 6,797 qram olan narkotik vasitə - tiryək məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə-kimyəvi ekspertizası xərci qismində 60 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 03 (üç) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 1 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 04 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetinda qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 6,797 qram olan narkotik vasitə - tiryək məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №1(022)-109/2024
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-109/2024
04.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver