Məhkəmə qərarları › İş №1(022)-112/2024

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-112/2024

27.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-112/2024 27.08.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X1 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, 01 avqust 1962-ci il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, İİ dərəcəli əlil, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Biləsuvar şəhəri, M.Ə.Sabir küçəsində yerləşən 29 nömrəli evdə qeydiyyatda olan, Biləsuvar şəhəri, İqbal Astanlı küçəsində yerləşən 25 nömrəli evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda - 1,201 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 01 aprel 2024-cü il tarixdə, saat 18:40da idarə etdiyi «VAZ 2106» markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar şəhəri, H.Əliyev küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən işıqforun yaxınlığında hərəkətdə olduğu zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq, Biləsuvar rayon polis şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə heroin bir ədəd kibrit qutusunun içərisində olan şəffaf və göy rəngli sellofan bükümdə olmaqla, üzəridən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda əvvəlcə özünü təqsirli bilməyərək göstərdi ki, o, Biləsuvar şəhəri, M.Ə.Sabir küçəsində yerləşən 29 nömrəli evdə qeydiyyatda olsa da, ailə üzvləri ilə birlikdə Biləsuvar şəhəri, İqbal Astanlı küçəsində yerləşən 25 nömrəli evdə yaşayır, evlidir. O, özünəməxsus «VAZ 2106» markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olmaqla, ailəsinin dolanışığını təmin edir. O, narkotik vasitə istifadə etdiyinə görə əvvəllər Biləsuvar rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. O, azadlığa çıxdıqdan sonra heç vaxt narkotik vasitə və ya psixotrop maddə istifadə etməmişdir. O, 01 aprel 2024-cü il tarixdə, saat 18 radələrində, idarə etdiyi «VAZ 2106» markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı taksi avtomaşını ilə Biləsuvar şəhəri, H.Əliyev küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən işıqforun yanında dayanıb, nəvəsinin məktəbdən çıxmasını gözləmişdir. Belə ki, onun nəvəsi Biləsuvar şəhər 1 saylı tam orta məktəbdə təhsil alır və o, gündəlik olaraq həmin uşağı idarə etdiyi avtomobillə məktəbə aparıb-gətirir. Həmin gün də o, nəvəsinin məktəbdən çıxacağı vaxtı gözləmişdir. Həmin vaxt 1 nəfər onun idarə etdiyi nəqliyyat vasitəsinin ön oturacağında, yəni onun yanında oturaraq, onu Biləsuvar rayon polis şöbəsinə aparmasını istəmişdir. O, həmin şəxsi polis şöbəsinə aparmağa razı olduqdan sonra arxa oturacaqlarda da 2 nəfər əyləşmişdir. O, həmin şəxsləri Biləsuvar rayon polis şöbəsinin qarşısında avtomobildən endirdikdən sonra arxada əyləşmiş sərnişinlərdən biri ön oturacaqda əyləşmişdir. O, əvvəlcə həmin şəxsin gediş haqqını ödəmək məqəsdi ilə onun yanında əyləşdiyini zənn etmişdir, lakin sonradan sonuncu ona Əsgər adlı şəxslə aralarında telefon danışığının olduğunu və polis rəisinin onunla görüşmək istədiyini bildirmişdir. O, həmin şəxslərin polis əməkdaşları olduğunu anlamış və sonuncularla birlikdə Biləsuvar rayon polis şöbəsinin inzibati binasına daxil olmuşdur. Həmin vaxt polis əməkdaşları döyüldüyü aydın şəkildə görünən bir nəfər şəxsi sürüyə-sürüyə binadan çölə çıxarmışlar. Şöbədə olan otaqların birinə daxil olduqdan sonra polis əməkdaşları onun üzərini axtarmağa başlamışlar və onu soyundurmuşlar. Sonradan Aqşin adlı polis əməkdaşı ona yaxınlaşaraq, azadlığa yeni çıxmış Əsgər adlı şəxslə telefon danışığnın olduğunu bildirmişdir. Əsgər adlı şəxsin onun şagirdi olmuşdur, cəzaçəkmə müəssisəsinə girmiş, yaxın keçmişdə isə azadlığa çıxmışdır. Həmin vaxt adını bilmədiyi bir nəfər polis nəfəri otağa girərək, ona zor tətbiq etmişdir. Onun həmin vaxt vəziyyəti pisləşmiş və yan otaqda olan bir nəfər təhqiqatçı otağa nə baş verdiyi ilə maraqlanmaq üçün daxil olmuşdur. O, Aqşin adlı polis əməkdaşına nədən bəhs etdiyini anlamadığını bildirərək, Əsgər adlı şəxsin kim olduğunu soruşmuşdur. Çünki o, 39 ildən çox müəllim kimi işləmiş və Əsgər adlı çox şəxsi tanımışdır. Daha sonra həmin polis əməkdaşı ona qardaşı İkramın cəzəçəkmə müəssisəsində olduğunu bildirmişdir. O isə həmin şəxsə qardaşının əməllərində onun heç bir təqsiri olmadığını bildirmişdir. Sonradan Aqşin adlı şəxs ona azadlıqdan məhrum edildiyini bidlirmiş, o isə sonuncuya məhkum edildiyini və cəzasını çəkib azadlığa çıxdığını cavab vermişdir. Adını tanımadığı polis nəfəri isə ona qarşı nalayiq ifadələr işlətməyə başlamışdır. O, həmin əməkdaşa atası yaşında olduğunu bildirərək, irad tutmuşdur. Həmin vaxt Aqşin ona əlindəki bükümü göstərək, həmin bükülüdəki maddənin narkotik vasitə olduğunu bildirmiş və həmin vasitənin güya onun üzərində aşkar edilməsi barədə etirafedici ifadələrə imza etməyi ondan tələb etmişdir. Əks halda isə həmin əməkdaş ona məxsus avtomobilə daha böyük çəkidə narkotik vasitə qoyacağı ilə ona hədə-qorxu gəlmişdir. O, Aqşin adlı şəxsə təmiz olduğunu və heç bir narkotik vasitədən istifadə etmədiyini bildirmişdir. Aqşin isə ona “Səninlə yatanlar iki dəfə yatıb gəlib, sən niyə getməmisən?! Artıq vaxtındır...” məzmununda sözlər demişdir. ... O, Biləsuvar rayonu, Nəsimi kəndindən olan təhqiqatçıdan ona kömək etməsini xahiş etmişdir. Daha sonra isə onun vəkili Mehman Mütəllimov gəlmişdir. O, Mehman Mütəllimova da heç bir təqsiri olmadığını, polis əməkdaşlarının ona zor tətbiq etdiklərini bildirmişdir. Mehman Mütəllimov isə ona polis əməkdaşları ilə bacarmağın mümkün olmadığını söyləmişdir. Polis şöbəsində müstəntiq ona asan qurtulduğunu, əgər bükümü götürməyəcəyi təqdirdə, yalançı şahid taparaq üzünə duracaqları və həyatını məhv edəcəklərini bildirmişdir. Çəkiliş aparıldığı vaxt polis əməkdaşları səhvən onun üzərindən götürdükləri kibrit qutusunu deyil, başqa bir kibrit qutusunu onun cibinə qoymuşlar və çəkiliş zamanı yol verdikləri həmin səhvə görə çəkilişi dayandırmışlar, lakin sonradan çəkilişə davam etmişlər. Bundan sonra o, 2 gün ərzində Bİləsuvar rayon polis şöbəsinin təcridxanasnda saxlanılmışdır. O, ona qarşı zorakılıq tətbiq etmiş polis əməkdaşlarına əvvəllər də bükülünü ona Cəlilabad rayonundan tapdığı barədə ifadə verməyə məcbur etdiklərini və prokurorun yanında olduğu vaxt hər şeyi açıq şəkildə söyləyəcəyini bildirmişdir. Lakin onu Biləsuvar rayon prokurorunun qəbuluna aparmamışlar. 2 gündən sonra isə onu buraxmışlar. O, sonradan qorxduğu üçün heç bir yerə şikayət etməmişdir. Halbuki, onun qulağına və sifətinin yan nahiyəsinə vumaqla, bükülüdə olan narkotik vasitənin ona məxsus olduğu barədə etirafedici ifadə almışlar. Onu vuran şəxs hazırda adını xatırlamadığı sarıbəniz əməkdaş olmuş, Şahid3 isə ona fiziki zorakılıq tətbiq etməmişdir. Şahid3 yalnız ona qarşı söyüşlər söymüşdür. Həmçinin o bildirdi ki, 01 aprel 2024-cü il tarixdə, saat 18 radələrində Biləsuvar şəhəri, H.Əliyev küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən işıqforun yanında onun idarə etdiyi avtomobilə həmin 3 nəfər şəxsin mindiyini ətrafda olan, lakin hazırda adını xatırlamadığı bir neçə şəxs görmüşdür. O, əvvəllər narkotik vasitə istifadə etsə də, hazırda istifadə etmir. Sonradan Təqsirləndirilən şəxs məhkəmədə əlavə izahat verərək, ona elan olunmuş ittihamda və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə özünü təqsirli bilərək göstərdi ki, məhkəmədəki əvvəlki ifadəsini özünümüdafiə və cinayət məsuliyyətindən yayınmaq məqsədilə vermişdir. O, həqiqətən də, 30 mart 2024-cü il tarixdə Salyan rayonu, Şorsulu kəndinə balıq tutmaq məqsədi ilə getmiş və orada yerləşən kanalın kənarından içərisində narkotik vasitə heroin olan kibrit qutusu tapmışdır. O, həmin narkotik vasitəni sonradan istifadə etmək üçün üzərində saxlamışdır. 01 aprel 2024-cü il tarixdə isə o, Biləsuvar şəhəri, H.Əliyev küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən işıqforun yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmış və polis əməkdaşları tərəfindən Biləsuvar rayon polis şöbəsinə gətirilmişdir. Biləsuvar rayon polis şöbəsində ona qarşı hər hansı qanunsuzluğa yol verilməmiş, polis əməkdaşları tərəfindən onun üzərinə cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq müdafiəçinin iştirakı ilə baxış keçirilmiş və şəxsi istifadəsi məqsədilə üzərində gəzdirdiyi, içərisində narkotik vasitə heroin olan bükülü aşkar edilərək götürülmüşdür. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi zor tətbiq olunmamış, təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsindən əvvəl həmin şəxsə qarşı hər hansı qanunsuzluğa yol verilməmiş və şəxsi axtarış cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun keçirilmişdir. Onun əvvəlki məhkəmə iclasında polis əməkdaşları tərəfindən Biləsuvar rayon polis şöbəsində ona qarşı fiziki və psixi zorakılıq edilməsi ilə bağlı sözləri yalandır, o, həmin vaxt xəstəliyi ilə əlaqədar olaraq dediklərini dərk etməmişdir. O, hazırda əməlindən çox peşmandır və onun artıq 62 yaşı var. Ailəni dolandıran yeganə şəxsdir. Buna görə də Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini və cəzasının icrası ilə əlaqədar onun üzərinə vəzifələr qoyularkən onun ailə vəziyyətinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Sonda, Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Biləsuvar rayonu ərazisində Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında 01 aprel 2024-cü il tarixdə əməliyyataxtarış tədbirləri keçirilməsi haqqında onun tərəfindən qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq, həmin gün əməliyyat tədbiri keçirilməyə başlanılmış və 01 aprel 2024-cü il tarixdə, saat 18:40-da Təqsirləndirilən şəxs Biləsuvar şəhəri, H.Əliyev küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən işıqforun yaxınlığında idarə etdiyi «VAZ 2106» markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yanında dayandığı vaxt polis əməkdaşları tərəfindən saxlanılmış və polis əməkdaşları tərəfindən Biləsuvar rayon polis şöbəsinə gətirilmişdir. Biləsuvar rayon polis şöbəsinin inzibati binasında, vəkilin iştirakı ilə, videoçəkiliş aparılmaqla, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl hüquq və vəzifələri ona izah edilmiş, üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların, eləcə də narkotik vasitələrin və ya psixotrop maddələrin olub-olmaması soruşulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki köynəyin sol sinə cibində olan kibrit qutusunun içərisindən şəffaf və göy rəngli sellofan bükümü çıxarıb təqdim etmiş və içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin bükülünün içərisinə baxılarkən orada, həqiqətən də, rəngindən və digər əlamətlərindən narkotik vasitə heroinə bənzər maddə olması müəyyən edilmişdir. Daha sonra «VAZ 2106» markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş aparılmaqla baxış keçirilmiş və nəqliyyat vasitəsində qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Həmin bükülü elektron tərəzidə çəkilmiş və qablaşdırması ilə birlikdə çəkisi 1,44 qram olmuşdur. Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə heroinə bənzər maddə zərfə qoyularaq qablaşdırılmış, Daxili İşlər Nazirliyinin zərflər üçün 61 nömrəli möhürü ilə möhürlənmişdir. Sonda şəxsi axtarış keçirilməsinə dair protokol tərtib olunaraq iştirakçılara oxunmuş, protokollar baxış iştirakçıları tərəfindən imzalanmışdır. Şahid3 həmçinin məhkəmədə bildirdi ki, onun tərəfindən və ya onun iştirakı ilə digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi zor tətbiq olunmamış, təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsindən əvvəl həmin şəxsə qarşı hər hansı qanunsuzluğa yol verilməmiş və şəxsi axtarış cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun keçirilmişdir. İş üzrə şahid kimi dindirilmiş Biləsuvar rayon polis şöbəsinin əməkdaşı Şahid2 məhkəmədə Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda - 1,201 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlayaraq daşıdığını, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 01 aprel 2024-cü il tarixdə, saat 18:40-da idarə etdiyi «VAZ 2106» markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar şəhəri, H.Əliyev küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən işıqforun yaxınlığında hərəkətdə olduğu zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq, Biləsuvar rayon polis şöbəsinə gətirildiyini və üzərində şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə heroin bir ədəd kibrit qutusunun içərisində olan şəffaf və göy rəngli sellofan bükümdə olmaqla, əynindəki köynəyin sol sinə cibindən aşkar edilərək götürüldüyünü təsdiq etdi. Həmçinin Şahid2 bildirdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Şahid1 əməliyyat məlumatı daxil olmuş,həmin məlumat əsasında isə əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupuna o, Şahid1 və Araz adlı digər polis əməkdaşı daxil edilmişdir. 01 aprel 2024-cü il tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs Biləsuvar şəhəri, H.Əliyev küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən işıqforun yanında yerləşən “Playstation” oyun zalının qarşısında idarə etdiyi avtomaşının arxa hissəsinə əlini qoyaraq dayandığı vaxt onlar həmin şəxsə yaxınlaşmış və sonuncunu Biləsuvar rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs vəkilin iştirakının təmin edilməsini tələb etmiş və şöbənin inzibati binasına çatdıqdan təxminən 5 dəqiqə sonra isə vəkil Mehman Mütəllimovun iştirakı təmin edilmişdir. Təqsirləndirilən şəxs videoçəkiliş apparıldığı vaxt sərbəst şəkildə köynəyinin cibində olan və içərisində narkotik vasitə heroin olan bükümü onlara təqdim etmişdir. Həmin şəxs şöbədə olduğu vaxt onun saxlandığı otağa Şahid3 daxil olubolmadığını o, hazırda xatırlamır. Çünki o, həmin vaxtdan sonra hazırlıq keçmək üçün Bakı şəhərinə getmişdir. Onun tərəfindən və ya onun iştirakı ilə digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi zor tətbiq olunmamış, təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsindən əvvəl həmin şəxsə qarşı hər hansı qanunsuzluğa yol verilməmiş və şəxsi axtarış cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun keçirilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, o, Biləsuvar rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat-axtarış qrupunun digər üzvlərinə əməliyyat məlumatı daxil olmuşdur. O, yaradılmış əməliyyat qrupunun tərkibinə daxil edilməmişdir. Lakin Təqsirləndirilən şəxs Biləsuvar rayon polis şöbəsinə gətirildiyi vaxt baş əməliyyat müvəkkili olduğu üçün ona da bu barədə bildirilmişdir. O, təqsirləndirilən şəxslə heç bir söhbət aparmamış və ünsiyyətdə olmamışdır. Onun tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi təzyiq və ya zor tətbiq olunmamışdır. İş materiallarında olan şəxsi axtarış və maddi sübutun götürülməsi barədə 01 aprel 2024-cü il tarixli protokoldan, habelə həmin protokola əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində döviyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyalar, eləcə də narkotik maddə vardırsa, könüllü təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki köynəyinın sol sinə yan cibindən kibrit qutusunun içərisindən bir ədəd şəffaf və göy rəngli sellofan bükümü çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükümün içərisindəki narkotik vasitə heroindir, onun özünə məxsusdur və o, həmin narkotik vasitə heroini 2 gün əvvəl Salyan rayonu, Şorsulu kəndinə yerləşən su kanalının yaxınlığında yerdən tapmış və sonradan istehlak etmək məqsədi ilə üzərində saxlamışdır. Bundan sonra həmin bükülüyə onun iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində narkotik vasitə heroinə bənzər maddə olması aşkar olunmuşdur. Həmin bükülü elektron tərəzidə çəkilmiş və qablaşdırması ilə birlikdə bükümün çəkisinin 1,44 qram olması məlum olmuşdur. Həmin narkotik vasitə heroinə bənzər maddə olan büküm zərfə qoyulub qablaşdırılaraq 61 nömrəli möhürü ilə möhürlənmişdir. Cinayət işi materiallarına əlavə edilmiş baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə 01 aprel 2024-cü il tarixli protokoldan, habelə həmin protokola əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi «VAZ 2106» markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin həmin nəqliyyat vasitəsində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşya aşkar edilməmişdir. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 02 aprel 2024-cü il tarixli, 19/308 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «... Təqsirləndirilən şəxs üzərindən götürülmüş kütlənin qablaşdırıldığı zərf...» sözlər və imzalar olan bir ədəd zərfin içərisindəki, 01 ədəd bükümdə təmiz çəkisi - 1,201 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi -1,201 qram olmuş, tədqiqata 0,1 qram sərf edilmiş, qalıq 1,101 qram qalmışdır. İş materiallarında olan ambulator narkoloji tibbi yoxlamanın 04 aprel 2024-cü il tarixli, 332 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq əmrinə əsasən onda narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışdan görünür ki, Təqsirləndirilən şəxs İİ dərcəli əlildir. İş materiallarına əlavə edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 18 aprel 2024-cü il tarixli, 1042 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzvi emosional-labil pozuntusu müəyyən edilir, müəyyən edilən üzvi emosional-labil pozuntusu o dərəcədə ifadə olunmayıb ki, qərarda göstərilən əməli törətdiyi zaman öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasını, yəni qərarda göstərilən əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, qnları idarə etmək iqtidarında olmuş, buna görə də törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür, hal-hazırda da öz hərəkətlərini dərk etmək, onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur, hazırkı psixi vəziyyətinə görə barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır, yəni prosessual fəaliyyət qabiliyyətlidir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən fiziki və ya psixi zora məruz qalması və həmin şəxsin üzərinə baxış keçirilməsindən əvvəl həmin şəxsə qarşı qanunsuzluğa yol verilməsi barədə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ilkin ifadəsi, sonradan Təqsirləndirilən şəxs özü tərəfindən, habelə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunduğuna görə özünümüdafiə və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»nın İ siyahısının 83-cü bəndinə görə heroinin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 2 qramdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunmayan şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, yaşını, İİ dərəcəli əlil olmasını, üzvi emosional-labil pozuntusu, psixopatabənzər kobud davranış pozuntusu, hipertoniya və stenokardiya xəstəliklərindən əziyyət çəkməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 aprel 2024-cü il tarixdə, saat 18:40-da şübhəli şəxs kimi tutma tətbiq olunmuş və Təqsirləndirilən şəxs 03 aprel 2024-cü il tarixdə, saat 17:00-də Biləsuvar rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı faktiki tutulduğu 2 gün müddət təyin edilən azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi» Qaydalarının 3.2-ci bəndinə görə narkomanlıq xəstəliyinə düçar olmuş əlilliyi olan şəxslərə məcburi müalicə tətbiq oluna bilməz. Bundan başqa, məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın 04 aprel 2024-cü il tarixli, 332 saylı rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, tədqiqatdan sonra xalis çəkisi 1,101 qram olan narkotik vasitə - heroin məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyləndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 1 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 27 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 1,101 qram olan narkotik vasitə - heroin məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar