Məhkəmə qərarları › İş №1(022)-113/2024

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-113/2024

03.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-113/2024 03.07.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1967-cı ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Biləsuvar rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3-cü maddələri ilə 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 11 ay 28 çəkilməmiş cəzası qalmış, ünvan 1 ünvanda yaşayan, barəsində 05 aprel 2024cü il tarixli qərarla «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda -7,157 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, özündə saxlayaraq daşımış, 03 aprel 2024-cü il tarixdə saat 18:00 radələrində Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Mərkəzi İşıqforun” yaxınlığında piyada hərəkətdə olarkən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Biləsuvar rayon polis şöbəsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş xeyli miqdarda, təmiz çəkisi -7,157 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, o arada narkotik vasitə qəbul edir. Buna görə də əvvələr narkotik vasitələrin qanunsuz istifadəsinə görə bir dəfə məhkum olunmuşdur. Hazırda azadlığın məhdudlaşdırılması növündə cəza çəkir. Psixi problemləri yoxdur və heç bir dispanserdə qeydiyyatda deyildir. Rəsmi olaraq heç bir yerdə işləmir. 03 aprel 2024-cü il tarixdə saat 16 radələrində yaşadığı evdən rayon mərkəzinə gedən zaman Biləsuvar şəhəri 1 May küçəsi ilə Nizami küçəsinin kəsişməsindən keçəndə yerdən bir ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükülü tapmışdır. Həmin bükülünü açıb baxanda içərisində marixuana olduğunu görmüşdür. O, həmin bükülünü bir müddət əlində saxlamış, sonra da özü gələcəkdə istifadə etmək üçün həmin bükülünü əynindəki gödəkçənin sağ yan cibinə qoymuş və rayon mərkəzinə getmişdir. O, həmin tarixdə saat 18 radələrində Biləsuvar şəhəri, H.Əliyev küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən mərkəzi işıqforun yanında olan zaman bir neçə nəfər şəxs ona yaxınlaşıb özlərini tədim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Sonra da narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib onu Biləsuvar polis şöbəsinə dəvət etmişlər. O da etiraz etmədən onlarla polis şöbəsinə gəlmişdir. Polis Şöbəsində xidməti otaqların birində hüquqları ona izah olunmuş, sonra da ona öz istəyi ilə hüquqlarını müdafiə etmək ücün Müdafiəçi vəkil kimi dəvət olunmuşdur. Bundan sonra videoçəkiliş aparılmaqla polis əməkdaşı ona təklif etmişdir ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya varsa hamısını çıxarıb təqdim etsin. O da əynindəki gödəkçənin sağ yan cibinə qoyduğu içərisində narkotik vasitə marixuana olan bir ədəd bükülünü çıxarıb təqdim etmiş və bundan başqa üzərində qanunla qadağan olunmuş heç bir şeyin olmadığını bildirmişdir. Sorğu zamanı bildirmişdir ki, həmin bir ədəd bükülünün içərisində marixuana vardır, ona məxsusdur və 03 aprel 2024-cü il tarixdə Nizami küçəsində yerdən tapmışdır. Bundan sonra üzərində şəxsi axatrış keçirilsə də, qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Onun təqdim etdiyi bir ədəd sellofan kəsiyinə bükülmüş bükülü açılıb baxıldıqda içərisində qurudulmuş marixuanaya oxşar bitki kütləsi olması müəyyən olunmuş, elektron tərəzidə çəkildikdən sonra bükülü ilə birlikdə zərfə qoymuşlar və zərfi möhürləmişlər. Zərfin üzərinə bütün iştirakçılar, o cümlədən o da imza etmişdir. Onun üzərində keçirilən şəxsi axtarış barədə protokol tərtib olunmuş, protokolu hamı, o cümlədən o da imza etmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, o narkotik vasitə marixuananı saxlandığı gün Biləsuvar şəhəri Nizami küçəsində yerdən tapmış, gələcəkdə özü istifadə etmək üçün üzərində saxlamışdır. O, içərisində marixuana olan bükülünü tapanda yanında heç kim olmamışdır. O, içərisində marixuana olan bükülünü özü istifadə etmək üçün üstündə saxlamışdır. Həmin bir ədəd sellofan kəsiyinə bükülmüş marixuana ona məxsusdur, satışı barədə düşünməmiş və heç kimə satmamışdır. Onun üzərində marixuana olması barədə heç kimin məlumatı olmamış və heç kimə heç bir söz deməmişdir. Səhvini başa düşür və əməlindən səmimi olaraq peşamandır. Məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisi və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Biləsuvar rayon polis şöbəsinin narkotiklə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantı rütbəsindədir. Təqsirləndirilən şəxs rayon sakini kimi tanımış, lakin onunla heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz əldə etməsi, saxlaması və daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 03 aprel 2024-cü il tarixdə tərəfindən onun cinayət əməllərinin ifşa edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən o, Biləsuvar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 və RPŞ-nin PPXT-nin polis nəfəri, polis baş serjantı X3 tərkibdə əməliyyat qrupu yaradılaraq bu barədə protokol tərtib edilmişdir. Həmin qərara uyğun olaraq 03 aprel 2024-cü il tarixdə saat 18:00 radələrində əməliyyat tədbiri keçirilməyə başlanılmışdır. Əməliyyat tədbirinə uyğun olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhə doğuran Həsənov X2 şəhəri, H.Əliyev küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən Mərkəzi işıqforun yaxınlığında yolun kənarında piyada hərəkətdə olan zaman əməliyyat qrupunun üzvləri ilə ona yaxınlaşıb özlərini təqdim edərək saxlamaqlarının səbəbini izah etmişlər. Həmin yerin şəraiti şəxsi axtarış keçirilməsi üçün münasib olmadığından Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gətirmişlər. Bundan sonra onun raportu əsasında toplanmış materialın icrası RPŞ-nin TB-nin təhqiqatçısı Mahsun Kərimova həvalə edilmişdir. Həmin andan Təqsirləndirilən şəxs müvafiq qaydada hüquq və vəzifələri izah edilmiş, o cümlədən, ona vəkil dəvət etmək hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs vəkil siyahısı ilə tanış olduqdan sonra hüquqlarının vəkil Müdafiəçi tərəfindən müdafiə olunmasını bildirmişdir. Bundan sonra Müdafiəçi qismində dəvət edilmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Həmçinin ona şəxsi axtarış keçirilməzdən əvvəl üzərində narkotik vasitə olması şübhəsi olduğundan qanunvericiliyin tələblərinə uyğun olaraq videoçəkiliş ilə onun üzərində şəxsi axtarış keçirilməsi izah edilmişdir. Daha sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik maddə və yaxud qanunla qadağan edilmiş digər əşya varsa, təqdim etsin. Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükülü çıxarıb təqdim etmişdir. Həmin bükülü açılıb baxıldıqda içərisindən qurudulmuş marixuanaya bənzər bitki kütləsi olması müəyyən olunmuşdur. Sorğu zamanı bildirmişdri ki, həmin bir ədəd bükülünün içərisində marixuana vardır, ona məxsusdur və 03 aprel 2024-cü il tarixdə Nizami küçəsində yerdən tapmışdır. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükülü elektron tərəzidə çəkildikdən sonra bükülü ilə birlikdə bir ədəd zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Zərfin üzərinə bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs imza etmişdir. Şəxsi axtarış keçirilməsinə dair protokol tərtib olunaraq iştirakçılara oxunmuş, protokol bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 işin mahiyyəti üzrə dindirilmiş Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Şəxsi axtarış və götürmə barədə 03 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükülü çıxarıb təqdim etmişdir. Həmin bükülü açılıb baxıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi olması müəyyən edilmiş, həmin maddə bükülü ilə birlikdə elektron tərəzidə çəkildikdə 7,44 qram olması müəyyən edilmişdir. Sorğu zamanı bildirmişdir ki, həmin bükülünün içərisində narkotik vasitə vardır, onu saxlandığı gün Biləsuvar şəhəri Nizami küçəsində yerdən tapmış və əlində saxlamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülü elektron tərəzidə çəkildikdən sonrada ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmışdır. Şəxsi axtarış zamanı “Samsung” markalı videokamera ilə çəkilmiş videogörüntüyə baxış keçirilmiş və istintaq materialına əlavə edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin X1 04 aprel 2024-cü il tarixli 19/318 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində " Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin qablaşdırıldığı zərf…" sözlər və imzalar olan 1 ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi -7,157 qram bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qurudulmuş marixuananın təmiz çəkisi 7,157 qram., cəmi tədqiqata sərf olundu-0,05 qram., qalıq 7,107 qramdır. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 7,157 qram narkotik vasitə qurudulmuş marixuananın tədqiqatdan sonrakı -7,107 qram qalığı maddi sübut kimi tanınmış və məhkəmə baxışına kimi saxlanılmasından ötrü rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 354 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” 1 siyahısının 12-ci bəndinə görə qurudulmuş marixuana-Kannabisin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 5,0 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qramdır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş arayışdan (tələbnamədən) görünür ki, Həsənov X2 rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3-cü maddələri ilə 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Biləsuvar rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzadan xx.xx.2024-cü il tarixə kimi 01 il 05 ay 28 gün çəkmişdir. Onun xx.xx.2024-cü il tarixə çəkilməmiş cəzası 11 ay 28 gün təşkil edir. İş materiallarında olan 03 aprel 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 aprel 2024-cü il tarixdə saat 18:30-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 05 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 05 aprel 2024-cü il saat 16:00-da polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, azad edilmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı yüngülləşdirən hallar əməlindən səmimi peşman olması, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasıdır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, CPM-in 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.1-ci maddəsi ilə tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddə ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-in 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Belə ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinin tələbinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailənin yeganə qazanc gətirəni olmasını, eləcə də cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına Biləsuvar rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən CM-nin 234.1 və 69.3-cü maddələri ilə təyin edilmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 11 ay 28 gün hissəsi qismən birləşdirilməklə cəza təyin edilmli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün CM-in 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Habelə məhkəmə hesab edir ki, CPM-in 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa, ambulator məcburi narkoloji tibbi yoxlamanın 16 aprel 2024-cü il tarixli, 354 saylı rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, CPM-in 132-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan 7,107 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Yuxarıdakıları nəzərə alaraq və CPM-in 132, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına Biləsuvar rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən CM-nin 234.1 və 69.3-cü maddələri ilə təyin edilmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 11 ay 28 gün hissəsi qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 aprel 2024-cü il tarixdən 05 aprel 2024-cü il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində saxlanılma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində, qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 60 (altımış) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon Polis Şöbəsinin saxlancında saxlanılan və tədqiqatdan sonra qalan 7,107 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar