Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-116/2025 25.11.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X1 məhkəmə-iclas katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, 7- ci mikrorayon, X2 küçəsi, ev 1 ünvanında yerləşən inzibati binada yaşayış yeri üzrə qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu, 1-ci mədən, Xırman dəyirmanının yanında yerləşən fərdi yaşayış evində yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində irəli sürülmüş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq təsiredici maddəsinin ümumı miqdarı 1.2 qram təşkil edən 8 kapsul “Lyriver pregabalin 150” preqabalın güclü təsir edən maddəsini və narkotik vasitə olan marixuananı xeyli miqdarda əldə edib saxlayaraq daşımış, eləcə də həmin “Lyriver pregabalin 150” preqabalın güclü təsir edən maddəsini və narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli gömrük nəzarətinə bəyan etmədən, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Belə ki, 09 avqust 2025-ci il tarixdə, saat 04 radələrində Naxçıvan-Bakı marşrutu ilə hərəkət edən avtobusun sərnişini qismində İran İslam Respublikasından tranzit keçməklə Naxçıvan Muxtar Respublikasından Bakı şəhərinə gələn Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük idarəsinin Biləsuvar rayonunun inzibati ərazisində yerləşən “Biləsuvar" gömrük postunda gömrük yoxlamasından keçən zaman malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə əyninə geyindiyi şalvarın sağ cibində saxladığı “LD” markalı siqaret qutusunun içərisində yerləşdirərək gömrük nəzarətindən gizlətdiyi təsiredici maddəsinin ümumı miqdarı 1.2 qram təşkil edən 8 kapsul “Lyriver pregabalin 150” preqabalin güclü təsir edən maddəsi və şalvarının sol cibində saxladığı “Winston" markalı siqaret qutusunun içərisindəki siqaret gilələrinin arasında yerləşdirərək gömrük nəzarətindən gizlətdiyi tütünlə qarışdırılmış formada 0,09 qram qurudulmuş marixuana narkotik vasitəsi gömrük əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1 il yarımdan çoxdur ki, preqabalin güclü təsir edən maddəsindən istifadə edir. Hadisə ərəfəsində Naxçıvana ciddi münasibətdə olduğu qızla görüşmək üçün getmişdir. 4 ildən çoxdur ki, münasibəti var və Naxçıvanda yaşadığı üçün ayda bir dəfə görüşüb vaxt keçirmək üçün Naxçıvana gedib-gəlir. Bu günə kimi 10-12 dəfə Naxçıvana getmiş və hər dəfə təyyarə ilə getmişdir. Bu dəfə getmək istəyəndə təyyarə bileti ala bilməmiş, biletlər əvvəldən satıldığı üçün məcbur avtobusla getmək qərarına gəlmişdir. İki gün Naxçıvanda qaldıqdan sonra, avtobus bileti alıb Bakıya qayıtmaq qərarına gəlmiş, 08 avqust 2025-ci il tarixdə, saat 17- 18 radələrində Naxçıvandan Bakıya doğru yola düşmüşdür. İranın Culfa gömrük postunda avtobusdan düşəndə artıq özünü narahat hiss etmişdir. Son bir neçə gün preqabalin istifadə etmədiyi üçün halı yaxşı deyildi. Buna görə apteklərdən birinə girib preqabalin 300 adlı dərman istəmiş, aptekdə 150-lik doza olduğu üçün 150-lik dərman qismən daha zəif olduğu üçün 6 list preqabalin 150 adlı dərman almışdır. Qalanını özüylə Bakıya aparmağı düşünmüşdür. Bir qədər yol getdikdən sonra, İranın Biləsuvar gömrüyünə avtobus çatmışdır. Orada avtobusdan düşdükdən sonra, sıra uzun olduğu üçün bir qədər hava almaq məqsədilə gəzişmiş, elə bu ərəfədə orada olan bir iranlının səkidə oturub qəlyan çəkdiyini görmüş, hal-əhvalının yaxşı olduğunu görüb söhbətləşmiş və “tiryək çəkirsən deyəsən” deyə söhbət açmışdır. Bunu deyib varsa özü üçün də təşkil etməsini istəmişdir. Olmadığını deyəndə, həmin iranlının yanındakı başqa bir iranlı gül olduğunu, istəsə verə biləcəyini demişdir. Üstündə cəmi 4 manat pul olduğu üçün, sonuncu puluyla maraq üçün həmin siqaret ilə qarışdırılmış marixuananı alıb çəkməyə başlamışdır. İki qullab çəkdikdən sonra, boğazını yandırdığına görə söndürmüşdür. Sonra çəkmək üçün “Winston” markalı siqaret qutusunun içərisindəki siqaret gilələrinin arasına qoyub qutunu da əyninə geyindiyi şalvarın sol cibinə qoymuşdur. Bir qədər də söhbət edib gömrükdən keçmək üçün növbəyə dayanmış, sıra ona çatanda İran gömrüyünü keçib Azərbaycanın Biləsuvar gömrük postuna daxil olmuşdur. Bir qədər sonra, üzərindəki əşyalara baxış keçirməli olduqlarını deyib onu yoxlama otağına aparmışlar. İki nəfər şəxs çağırıb onların hal şahidi olduğunu dedikdən sonra, üzərindəki əşyaları çıxarıb təqdim etməli olduğunu demişlər. O da, əynindəki şalvarın sağ cibindən “LD” markalı siqaret qutusunu, sol cibindən isə, “Winston” markalı siqaret qutusunu çıxarıb təqdim etmişdir. Həmin siqaret qutularına baxış keçirdikdə “LD” markalı siqaret qutusunun içərisindən 8 ədəd ağ rəngli preqabalin 150 kapsulu, “Winston” markalı siqaret qutusunda isə, siqaret gilələrinin arasında gizlətdiyi tütünlə qarışdırılmış qurudulmuş marixuana aşkar edilmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu göstərmişdir. Məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar edilmiş həmin predmetləri irandan özü üçün almışdır. Hər iki predmeti yalnız özü istifadə edəcəkmiş, heç kimə vermək və satmaq niyyəti olmayıb. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş gömrük əməkdaşı Şahid1 istintaqa verdiyi ifadəsində bildirmişdir ki, 09 avqust 2025-ci il tarixdə xidmətdə olarkən saat gecə 04 radələrində Naxçıvan-Bakı marşrutu üzrə hərəkət edən avtobus postun ərazisinə daxil olmuşdur. O, sərnişin xəttində olduğu üçün yalnız sərnişinlərlə bağlı gömrük yoxlaması keçirmişdir. Təqsirləndirilən şəxsla bağlı bildirmişdir ki, həmin şəxsi əvvəllər tanımamış, adını da sonradan bilmişdir. Lakin, həmin şəxsin hərəkətlərinin qəribə olması gömrük nəzarətinə yaxınlaşdığı vaxtdan diqqətini çəkmişdir. Belə ki, əlində olan əl yükünü rentgenə qoyduqdan sonra, metalaxtaran detektordan keçən vaxt, o, detektorun yanında idi. Təqsirləndirilən şəxs üzündən, gözündən, ümumi halından onun narkotik vasitələrin və ya bu tip maddələrin təsiri altında olduğu aşkar görünürmüş. Bütün sərnişinlərdən soruşduğu kimi, Təqsirləndirilən şəxs da üzərində gizlədilmiş, bəyan edilməmiş maddələr, narkotik, psixotrop maddələr, dərmanlar kimi predmetlərin olubolmadığını soruşanda ona cavab olaraq üzərində heç bir qadağan edilən maddə olmadığını demiş, lakin, bu sözləri deməyindən və danışıq tərzindən hansısa təsiredici maddələrin təsiri altında olduğunu hiss etdirmişdir. Bu səbəbdən, üzərində də belə maddə ola biləcəyini düşünüb, hərəkətlərinin şübhəli gəldiyini bildirmək və əl yüklərində, üzərində şəxsi yoxlama keçirmək barədə məlumat vermək üçün rəhbərliyə məruzə etmişdir. Daha sonra, həmin şəxsə əl yüklərində yoxlama keçirəcəyini demiş, bundan sonra, postun yaxınlığında fəhləlik edən iki nəfər şəxsi çağırıb onların yanında bir daha üzərində gizlədilmiş, qadağan edilən maddələrin olub-olmadığını soruşmuş və Təqsirləndirilən şəxs olmadığını demişdir. Daha sonra, əl yüklərini çıxarıb masaya qoymağı tapşırmış və özünü isə Body scan qurğusundan keçirəcəyini, onsuzda üzərində nəsə gizlədilmiş predmet varsa aşkar ediləcəyini demişdir. Bu zaman, Təqsirləndirilən şəxs əyninə geyindiyi şalvarın sağ cibindən “LD” markalı, sol cibindən isə, “Winston” markalı siqaret qutularını çıxarıb təqdim etmişdir. Şəxsi əşyalarına baxış keçirən zaman həmin siqaret qutularına diqqət yetirmiş və həqiqətən də içərisində qadağan edilən maddələr olduğu məlum olmuşdur. Belə ki, əvvəlcə “LD” markalı siqaret qutusuna baxanda 8 ədəd kapsul aşkar edilmişdir. Həmin kapsullar preqabalin güclü təsir edən maddəsinə bənzəyən kapsullar idi. Mahir özü də həmin kapsulların preqabalin olduğunu təsdiqləmiş və gələndə 20 kapsul içib deyə özünü pis hiss etdiyini demişdir. Eyni zamanda, “Winston” markalı siqaret qutusuna da baxanda içərisində siqaret gilələrinin arasında bir ədəd kustar üsulla doldurulmuş və yarıya qədəri çəkilmiş siqaret giləsi görmüşdür. Şübhələndiyi üçün həmin siqaret bükümünə diqqətlə baxanda qalıq hissəsində tütün ilə qarışdırılmış yaşıl rəngli ot olduğunu müəyyən etmişdir. Həmin maddə də qurudulmuş marixuana narkotik vasitəsinə bənzəyirdi. Yoxlama tam başa çatdıqdan sonra, aşkar olunmuş həmin predmetlər qablaşdırılaraq götürülmüş, daha sonra, yoxlama barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol ilə iştirakçılar tanış olub yekunda imza etməklə təsdiqləmişdirlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, müvəqqəti olaraq Biləsuvar Gömrük İdarəsinin rejim zonasında yükləməboşaltma əməliyyatlarında fəhləlik etməklə günəmuzd işləyir. 09 avqust 2025-ci il tarixdə saat təxminən 04-05 radələrində gömrük əməkdaşı Elnur onu və onunla birlikdə Elmidarı çağıraraq idxal yük xəttində İrandan gələn avtobusun sərnişinlərinin birinin şəxsi əşyalarında yoxlama tətbiq edəcəyini deyib yoxlamada hal şahidi qismində iştirak etmək üçün onlara xahiş etmişdir. Onlar razılaşıb gömrük əməkdaşı ilə birlikdə yoxlama otağına getmişdir. Gömrük əməkdaşı onları əvvəllər tanımadıqları Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs adlı şəxsin olduğu otağa apardıqdan sonra, həmin şəxsi onlara təqdim edib Mahirin şəxsi əşyalarına yoxlama keçirəcəyini demişdir. Bundan sonra, gömrükçü Təqsirləndirilən şəxs əlindəki və əynindəki şalvarda olan şəxsi əşyalarını da çıxarıb masaya qoymağını demişdir. Təqsirləndirilən şəxs şəxsi əşyalarını, o cümlədən əynindəki şalvarın sağ cibindən “LD” markalı siqaret qutusunu, sol cibindən isə, “Winston” markalı siqaret qutusunu çıxarmışdır. Həmin siqaret qutularına baxış keçirdikdə “LD” markalı siqaret qutusunun içərisindən 8 ədəd ağ rəngli kapsul aşkar edilmişdir. Gömrükçü həmin kapsulların preqabalin güclü təsir edən maddəsinə bənzər kapsullar ola biləcəyini demişdir. Daha sonra, “Winston” markalı siqaret qutusundan isə, siqaret gilələrinin arasından bir ədəd siqaret bükümü formasına görə şübhəli olduğu üçün gömrükçü həmin siqaret giləsinin içərisindəki tütünə diqqətlə baxmış və içərisində qurudulmuş marixuana ya bənzər maddə olduğunu demişdir. Daha sonra, Təqsirləndirilən şəxs üzərində də şəxsi yoxlama keçirilmiş, lakin, üzərində başqa hər hansı qanunsuz predmet aşkar edilməmişdir. Yekunda, yoxlama və şəxsi yoxlama barədə protokol tərtib edilmiş və o, digər hal şahidi ilə birlikdə protokolları oxuyub imza edib təsdiqləmişdirlər. İş üzrə şahid qismində dindirilmiş Şahid2, Şahid3 ifadəsində bildirdiyi xüsusatlara uyğun ifadə vermişdir. İ̇ş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması haqqında” 11 avqust 2025-ci il tarixli Qərarın surətindən görünür ki, fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanılması qərara alınmışdır. (i.v. 1) “Malların yoxlanılması haqqında” 09 avqust 2025-ci il tarixli protokoldan görünür ki, yoxlama zamanı Təqsirləndirilən şəxsnin təqdim etdiyi üzərində “LD” və “Winston” yazısı olan siqaret qutularını yoxlanması zamanı aşkar edilən 8 ədəd üzərində Pregabalin 150 yazısı olan dərman preparatı və içinə tütünlə qarışıq marixuanaya bənzər yaşıl rəngli maddə doldurulmuş yarısı istifadə edilmiş siqaret ədədi aşkar edilərək götürülmüşdür. (i.v. 7-8) “Şəxsi yoxlama aparılması haqqında” 09 avqust 2025-ci il tarixli protokoldan görünür ki, şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən, gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunmayan hər hansı bir predmet aşkar olunmamışdır. (i.v. 10-12) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 avqust 2025-ci il tarixli, 7/1062 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, kağız paketdə bir ədəd siqaretin içərisində tütün ilə qarışıqda təmiz çəkisi 0.09 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana vardır . Qeyd: marixuanın təmiz çəkisi-0.09 qram, tədqiqata sərf edildi – 0.02 qram, qalıq – 0.07 qramdır. (i.v 31-32) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 avqust 2025-ci il tarixli, 6/2728 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsi 3- 33-1500/012/002094 nömrəli material üzrə maddi sübut Preqabalinh 8 ədəd” yazısı olan paketdəki üzərində “Lynver (preqabalin) 150 mg” əmtəə göstəricisi olan konvalyut kəsiklərində ümumilikdə 8 ədəd kapsul güclü təsir edən maddə olanpreqabalin tərkibli kapsullardır. Təqdiqata təqdim edilmiş 8 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 1.2 qram təşkil edir. (üzərində qeyd edilmiş göstəriciyə əsasən bir kapsulda 0.15 qram preqabalin olmaqla). Qeyd: preqabalin tərkibli kapsul: 8 ədəd, tədqiqata sərf edildi: 2 kapsul, qalıq: 6 kapsul. (i.v 36) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 11 avqust 2025-ci il tarixli qərarın surətindən görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə nəzərdə tutulan ittihamın elan olunması qərara alınmışdır. (i.v. 59) “Təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi barədə” 11 avqust 2025-ci il tarixli qərarın surətindən görünür ki, xx xxxx 1994cü il tarixdə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, 7- ci mikrorayon, X2 küçəsi, ev 1 (inzibati bina) ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu, 1-ci mədən, Xırman dəyirmanının yanında yerləşən fərdi yaşayış evində yaşayan Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. (i.v 76-77) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 21 avqust 2025-ci il tarixli, 5159 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. (i.v 113) "Sübutların qiymətləndirilməsi haqqında” 28 avqust 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən saxlanılması, iş üzrə aşkar olunaraq götürülmüş ilkin sayı 8 kapsul olan preqabalin güclü təsir edən maddəsi və ilkin təmiz çəkisi 0,09 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsinin cinayətin predmeti olduğundan maddi sübut kimi tanınması və üzərində keçirilmiş ekspertiza tədqiqatlarından sonra, qaytarılmış qalıq 6 kapsul preqabalin güclü təsir edən maddəsi və 0,07 qram qurudulmuş marixuana narkotik vasitəsi məhkəmənin yekun hökmünə qədər Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılması nəzərə alınması, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə nəzərdə tutulan preqabalin güclü təsir edən maddəsini və qurudulmuş marixuana narkotik vasitəsini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə cinayətini törətməsini təsdiq edən sübutlar - ilkin araşdırma materialları, “malların yoxlanılması haqqında’’ 09 avqust 2025-ci il tarixli protokol, özünün izahatı, 11 avqust 2025-ci il tarixli şahid və həmin tarixli təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, gömrük əməkdaşı Şahid1 istintaqa şahid qismində verdiyi ifadəsi, hal şahidləri - Şahid3 və Şahid2 istintaqa şahid qismində verdikləri ifadələri, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 09 avqust 2025-ci il tarixli, 6/2728 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyi, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 09 avqust 2025-ci il tarixli, 7/1062 nömrəli məhkəmə bioloji ekspertizasının rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı şəhəri Narkoloji Mərkəzi”-dən alınmış 11 avqust 2025-ci il tarixli, 7632 nömrəli akt, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsinin 21 avqust 2025-ci il tarixli, 5159 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlamanın rəyinin cinayət işi üzrə sübut növü kimi qiymətləndirilməsi, iş üzrə Təqsirləndirilən şəxs saxlanıldığı zaman üzərindən götürülmüş 1 ədəd “Redmi 5” markalı mobil telefon aparatına keçirilmiş baxış nəticəsində istintaq əhəmiyyəti kəsb edən hər hansı hal aşkar edilmədiyindən istintaq dövründə sahibinə qaytarılmasının nəzərə alınması qərara alınmışdır. (i.v.126-134) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən alınmış 12 avqust 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 10 noyabr 2025-ci il tarixdə Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və Azərbaycan Respublikasının Cinayət Prosesual Məcəlləsinin 40.2.2-ci madəsinə əsasən işə baxılmasına xitam edilmişdir. (i.v 98) Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır; 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 206.2-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddəsin və ya onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddəsin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi-üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə cinayət işi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2016-cı il tarixli qərarının, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin 02 iyun 2021-ci il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddəsin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddəsin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarının tələblərini nəzərə alır. Azərbaycan Respublikasının 2016-cı il 18 mart tarixli Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların külli və xüsusilə külli miqdarlarının siyahısı”nın 71-ci bəndinin tələbinə görə preqabalinin külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 5 qram, xüsusilə külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 1000 qramdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nın İ siyahısının 109.1-ci bəndinin tələbinə görə qurudulmuş halda marixuananın xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 500 qramdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 09 avqust 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir (Cinayət Prosessual Məcəlləsi 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsnin törətdiyi əməl Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58- ci maddəsinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını onun şəxsiyyətini müsbət qiymətləndirilən hal olaraq müəyyən edilir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs qismən əməlini etiraf etməsi və peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi müəyyən etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi üzrə toplanmış və məhkəmə istintaqında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymət verərək qənaətə gələrək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.2-ci maddəsi təqsirli bilinərək məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli 25 noyabr 2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın 21 avqust 2025-ci il tarixli, 5159 nömrəli saylı rəyini nəzərə alaraq Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilməli və o ərazi narkoloji kabinetində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və hazırda Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan, üzərində keçirilmiş ekspertiza tədqiqatlarından sonra, qaytarılmış qalıq 6 kapsul preqabalin güclü təsir edən maddəsi və 0,07 qram qurudulmuş marixuana narkotik vasitəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-nin 132), iş üzrə ekspertiza tədqiqatının dəyəri qismində 72 (yetmiş iki) manat və 114 (yüz on dörd) manat olmaqla, cəmi 186 (yüz səksən altı) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxsdan dövlət nəfinə tutulmalı (CPM-nin 197.1, 197.1.4 və 198.1), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və o məhkəmə iclası zalında həbs edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddəsini rəhbər tutaraq, məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri "həbs" qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 25 noyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 186 (yüz səksən altı) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan, xalis çəkisi -0.07 qram olan narkotik vasitə marixuana və preqabalin tərkibli 6 kapsul məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №1(022)-116/2025
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-116/2025
25.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver