Məhkəmə qərarları › İş №1(022)-117/2023

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-117/2023

12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-117/2023 12.07.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1996-cı ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Biləsuvar şəhəri C.Cabbarlı küçəsi ev 37–də qeydiyyatda olmaqla yaşayan, barəsində 11 iyun 2023-cü il tarixli qərarla «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, 17 aprel 2023-cü il tarixdə saat 22 radələrində Biləsuvar şəhəri, Təyyarə meydanı, C.Cabbarlı küçəsində Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyət darvazasının qarşısında şəxsi münasibətlər zəmnində, yəni onun Zərərçəkmiş şəxs yaşadığı evinə daş atması səbəbindən sonuncunun ona irad tutması ilə bağlı aralarında mübahisə baş vermiş, mübahisə zamanı Zərərçəkmiş şəxs yumruqla bir dəfə Təqsirləndirilən şəxs dodaq nahiyəsindən vuraraq ona sağlamlığa zərərvurmayan xəsarət yetirdikdən sonra, Təqsirləndirilən şəxs baltanın küpü ilə bir dəfə Zərərçəkmiş şəxs sağ əl və bir dəfə isə ağız nahiyəsindən vuraraq “aşağı dodaq nahiyəsinin şişkinliyi, qançırı və əzilmiş yarası, yuxarı çənədə sağdan birinci, ikinci dişlərinin dibinə qansızma, sağ əlin arxasının əzilmiş yarası” ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş xəsarətlər yetirərək qəsdən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, ünvan 1 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs və Rəna İsayeva onun qonşularıdır. 17 aprel 2023-cü il tarixdə saat 21 radələrində qonşusu Rəna İsayevanın söyüş söydüyünü eşitmiş, o, küçəyə çıxmış, küçəyə çıxanda Rəna İsayeva ondan niyə onların yaşadığı ünvana daş atmasını soruşmuş, o, Rəna İsayevaya yaşadığı evə daş atmadığını demiş, bundan sonra onların arasında mübahisə yaranmış, bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs özünə məxsus avtomobillə yaşadığı evin qarşısına gəlmiş, Zərərçəkmiş şəxs avtomobildən düşərək ona tərəf gəlmiş, ağız nahiyəsindən yumruqla vurmuşdur. O yaşadığı evin həyətinə gedərək usta işləyən zaman istifadə etdiyi baltanı götürmüş, əlində olan baltanın küpü ilə bir dəfə Zərərçəkmiş şəxs sağ əl, bir dəfə isə ağız nahiyələrindən vurmuşdur. Daha sonra Zərərçəkmiş şəxs həyətə daxil olub darvazanın qapısını bağlamışdır. O, da əsəbi olduğu üçün baltanı evin yaxınlığından keçən "Balharı” çayına atmışdır. Qeyd olunan dava-dalaş C.Cabbarlı küçəsində yerləşən Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin həyət darvazasının qarşısında baş vermiş, həmin dava-dalaş ani baş verdiyi üçün hava qaranlıq olduğuna görə qonşular və kənar şəxslərdən heç kim görməmiş və bu dava-dalaş mübahisə ilə birlikdə 5-6 dəqiqə davam etmişdir. O, Zərərçəkmiş şəxs evinə daş atmamış, Zərərçəkmiş şəxs onu yumruqla vurduğuna görə və gücü çatmadığı üçün əsəbiləşib onu baltanın küpü ilə vurmuşdur. Əməlindən səmimi peşmandır, səhvini etiraf edir, həmin hadisəni spirtli içkinin təsiri altında törətmişdir. Lakin hazırda o, əməlindən peşmançılıq hissi keçirir, buna görə Zərərçəkmiş şəxs üzr istəyib, Zərərçəkmiş şəxs dəymiş ziyanı aradan qaldırmış və Zərərçəkmiş şəxs ilə barışığa nail olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Rəna İsayeva onun arvadıdır, onlar 2012-ci ildə ailə həyatı qurmuşlar, onlar Biləsuvar şəhəri C.Cabbarlı küçəsində yerləşən fərdi yaşayış evində yaşayırlar. 17 aprel 2023-cü il tarixdə baldızıgilə qonaq getmişlər, həmin tarixdə axşam saat 21 radələrində evə geri qayıtmışlar. Onlar evə qayıdandan sonra qonşusu Təqsirləndirilən şəxs ailə üzvləri ilə mübahisə etməsinin şahidi olmuş, o, özünə məxsus avtomobili yaşadığı evin həyət darvazasının qarşısında saxlamış, arvadı ilə avtomobildən düşüb evə daxil olmuşlar. O, sonra avtomobilinə əyləşib aptekə getmiş, aptekdən dərman aldıqdan sonra aptekdən çölə çıxmış, arvadı Rəna İsayeva istifadəsində olan mobil nömrəyə zəng vuraraq Təqsirləndirilən şəxs həyəti daşa basmasını demişdir. O, təcili olaraq evə gəlmiş, Təqsirləndirilən şəxs küçədə görmüşdür. O, həyətə daxil olmuş, arvadı təkrarən Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə daş atmasını demiş, o da Təqsirləndirilən şəxs həyətə daş atmasının səbəbini soruşmaq üçün çölə çıxmış, arvadı Rəna İsayeva isə evə daxil olmuşdur. O, Təqsirləndirilən şəxs həyətinə daş atmasının səbəbini soruşmuş, Fuad ona tərəf gəlməyə başlamış, sonuncu ona yaxınlaşanda Təqsirləndirilən şəxs ağız nahiyəsinin qan içində olmasını görmüşdür. Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən balta götürüb onun üzərinə gəlmiş, həmin baltanın küpü ilə bir dəfə sağ əl, bir dəfə isə ağız nahiyəsindən vurmuşdur. Təqsirləndirilən şəxs təkrar onu vurmaq istədikdə o, həyətə daxil olub darvazanın qapısını bağlamışdır. O da bundan istifadə edərək yaşadığı evin həyətinə girərək darvazanı kilitləmişdir. O baş vermiş hadisə barədə DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Qeyd olunan hadisə C.Cabbarlı küçəsində yerləşən yaşadığı fərdi yaşayış evinin həyət darvazasının qarşısında baş vermiş, həmin hadisəni kənar şəxslərdən heç kim görməmiş və bu hadisə mübahisə ilə birlikdə 5-10 dəqiqə davam etmişdir. O, dava-dalaş zamanı Təqsirləndirilən şəxs vurmamış, ona hər hansı xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs sonradan ondan üzr istəyib, dəymiş ziyanı aradan qaldırmış və onunla barışığa nail olmuşdur. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, işdə olan digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Biləsuvar rayon MTE və PA ETT-in xx.xx.2023-cü il tarixli 180 nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər aşağı dodaq nahiyəsinin şişkinliyi, qançırı və əzilmiş yarası, yuxarı çənədə sağdan l-ll dişin dibinə qansızma, sağ əlin arxasının əzilmiş yarası, həmin xəsarətlər bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİl-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 128-ci maddəsinin tərkibi olduğundan və daha sonra zərərçəkənlə barışdığı üçün Biləsuvar Rayon Poliş Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilərək, cinayət məsuliyyətindən azad edilmişdir. CM-nin 72-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, şəxs bu Məcəllənin 72- 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan Biləsuvar MRX-nın xx.xx.2023-cü il tarixli 999 nömrəli məktubunda göstərilir ki, Biləsuvar rayon sakini Təqsirləndirilən şəxs rayon mərkəzi xəstəxanasının X1 kabinetində dispanser qeydiyyatında yoxdur. Məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və ona dəymiş zərəri ödəməsini, himayəsində bir nəfər azyaşlı uşağının (2019-cu il təvəllüdlü X2) olunmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Adçəkilən qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 nömrəli qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, eləcə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, məhkumluğunun olmamasını, iş üzrə cəzanı ağırlaşdıran halların olmamasını, habelə cinayətin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması, yaxud onun islah olunması ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı çəkmədən də mümkündür. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, himayəsində bir nəfər azyaşlı uşağının olmasını, eləcə də cəzanı yüngülləşdirən halları nəzərə alaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində islah işləri növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmalar aparılmağa başlandığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan islah işləri növündə cəza cəzanın məqsədini təmin edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğdə pul tutulmaqla 01 (bir il) il müddətinə islah işləri növündə cəza təyin edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmalar aparılmağa başlandığı vaxtdan hesablansın. Hökmün icrası yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar