Məhkəmə qərarları › İş №1(022)-118/2023

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-118/2023

12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-118/2023 12.07.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 10 avqust 1987-ci ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Neftçala rayonu, Aşağı Surra kəndində yaşayan, barəsində 05 iyun 2023-cü il tarixli qərarla polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda -1,006 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının alınmış məlumat əsasında keçirdiyi əməliyyataxtarış tədbirləri nəticəsində 03 iyun 2023-cü il tarixdə saat 23:35 dəqiqədə Biləsuvar şəhəri ərazisində yerləşən “Azpetrol” YDM-nin yaxınlığında şübhəli şəxs kimi saxlanılaraq Biləsuvar RPŞ-nə gətirilmiş və şöbənin inzibati binasında üzərinə şəxsi axtarış keçirilərkən həmin psixotrop maddə metamfetamin bir ədəd bükümdə -1,006 qram çəkidə olmaqla əynindəki şalvarın sağ yan cibində olan siqaret qutusunun içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, Neftçala rayonu, Aşağı Surra kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər narkotik vasitələrin və psixotrop maddələrin aludəçisi olmuş və metamfetamin qəbul etmişdir. 03 iyun 2023-cü il tarixdə saat 20 radələrində o, kənd ərazisində tanışı Emin Zaidovla görüşmüş və Eminə Biləsuvar şəhərində yaşayan əmisi Qurbanxanın yeznəsi Ərzumanın yaşadığı evə qonaq getməsini, istəyirsə birlikdə gedib gəlmələrini təklif etmiş, Emin də razılaşmışdır. Onlar kənddə yolun kənarında avtomobil gözləyən zaman kənd sakini Rəfail Rəhimovu görmüşlər. Rəfailə də hara getmələri barədə məlumat vermişlər. Rəfail də ona Biləsuvar şəhərində yaşayan qaynatası Xanlar adlı şəxsin evinə getmək üçün onlarla getmək istədiyini bildirmişdir. Bundan sonra o, yoldan keçən kənd sakini taksi kimi fəaliyyət göstərən Şahin Əhədovun idarə etdiyi avtomobilə əl edərək saxlamasını xahiş etmişdir. Şahin də avtomobili saxlamışdır. Daha sonra onlar üçü də avtomobilə əyləşmişlər və Biləsuvar şəhərinə getmək üçün hərəkətə başlamışlar. O, Şahinə Biləsuvar şəhərinə gedib-gəlmək üçün yol haqqı 25 (iyirmi beş) manat pul verəcəyini demiş, Şahin də onunla razılaşmışdır. Şahin VAZ-21099 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Onlar Biləsuvar şəhərinə daxil olmuşlar və Şahin Əhədov avtomobilə yanacaq almaq üçün Azpetrol YDM-nə daxil olmuşdur. Oradan çıxdıqdan sonra DYPB-nin əməkdaşları Şahinə saxla işarəsi vermişlər. Şahin də avtomobili yolun sağına çəkərək, saxlamışdır. Daha sonra polis əməkdaşları onları narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlayıb avtomobillə birlikdə Biləsuvar RPŞ-nə gətirmişlər. Polis Şöbəsində xidməti otaqların birində hüquqları ona izah olunmuş, sonra da ona öz istəyi ilə hüquqlarını müdafiə etmək ücün X6 vəkil kimi dəvət olunmuşdur. Bundan sonra videoçəkiliş aparılmaqla polis əməkdaşı ona üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan olunmuş hər hansı əşya varsa hamısını çıxarıb stolun üstünə qoymasını təklif etmişdir. O da əynindəki şalvarın sağ yan cibində olan bir ədəd siqaret qutusunun içərisində gizlətdiyi psixotrop maddə metamfetamin olan bir ədəd bükülünü çıxarıb polis əməkdaşlarına təqdim etmiş və sorğu zamanı həmin bir ədəd bükülünün içərisində özünün istifadə etməyi üçün psixotrop maddə metamfetamin olmasını və özünə məxsus olmasını bildirmişdir. O, həmin metamfetamini Neftçala rayonu, Aşağı Surra kəndi ərazisindən keçən “Kür” çayının yaxınlığında 01 iyun 2023-cü il tarixdə tapmasını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Həmin bükülünün içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olması və elekron tərəzidə çəkilən zaman -1,05 qram olması müəyyən edilmişdir. Daha sonra onun, müdafiəçisi Habil Məmmədovun, Emin Zaidovun, müdafiəçisi Müdafiəçi, Rəfail Rəhimovun, müdafiəçisi Fədai Quliyevin, Şahin Əhədovun, müdafiəçisi Əli Hüseynovun və digər polis əməkdaşlarının iştirakı ilə Şahin Əhədovun idarə etdiyi VAZ-21099 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı avtomobildən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Avtomobilə baxış keçirilməsinə dair tərtib edilmiş protokolla tanış olub imzalamışdır. O, həmin psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün üzərində saxlamış, belə ki, onun həmin psixotrop maddə metamfetamini satmaq fikri olmamışdır. Onun ailə üzvlərindən və tanışlarından heç kimin psixotrop maddə metamfetamini qəbul etməsi və üzərimdə daşıması barədə məlumatları olmamışdır. X13 üzərindən aşkar olunmuş narkotik vasitə heroindən xəbəri olmamışdır. Saxlanılan zaman ona qarşı heç bir təziq və təsir göstərilməmişdir. Hazırda səhvini başa düşür, əməlindən səmimi peşmandır. Sonda ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisi və şahidləri dinləyərək iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etiraf edici ifadəsi ilə yanaşı aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Biləsuvar rayon polis şöbəsinin X2 baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis baş leytenantı rütbəsindədir. Neftçala rayonu, Aşağı Surra kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün 03 iyun 2023-cü il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə onunla yanaşı rayon polis şöbəsinin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid2, CAB-nin əməliyyat müvəkkili İbrahim Qurbanov, PPXB-nün, polis nəfəri, polis serjantı İsmayıl Ağazadə, RPŞ-nin, DYPB-nin, YPX-nin inspektorları Orxan Həsənov və Babək Əzimzadə daxil edilmişdir. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq 03 iyun 2023-cü il tarixdə saat 23:30 radələrində Təqsirləndirilən şəxs içərisində olduğu LADA 99 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil Biləsuvar şəhəri, Qızqayıt Həsənov küçəsində hərəkətdə olduğu zaman əməliyyat müşahidəsinə götürülmüş, təxminən 5 dəqiqədən sonra RPŞ-nin, DYPB-nin əməkdaşları tərəfindən Biləsuvar şəhəri, Heydər Əliyev küçəsində yerləşən Azpetrol YDMnin yaxınlığında saxlanılmışdır. Daha sonra onlar qeyd olunan avtomobilə yaxınlaşıb özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs gəlişlərinin səbəbini izah etmiş və avtomobildə sərnişin qismində əyləşmiş X4, X7 və avtomobilin sürücüsü X5 avtomobillə birlikdə RPŞ-nə dəvət edərək gətirmişlər. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddə olması şübhəsi olduğundan bu barədə raportla şöbə rəhbərliyinə məruzə etmişdir. Tərtib edilmiş raportun icrası rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçıları Mahsun Kərimova və Həsən Əliyevə həvalə edilmişdir. Təqsirləndirilən şəxs müvafiq qaydada hüquq və vəzifələri, o cümlədən, vəkil dəvət etmək hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs vəkil siyahısı ilə tanış olduqdan sonra hüquqlarının vəkil X6 tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Vəkil Habil Məmmədov dəvət edilmişdir. Şəxsi axtarış keçirilməsi üçün videoçəkilişdən istifadə olunmuşdur. Həmin videoçəkilişi rayon polis şöbəsinin X1 baş inspektoru, polis kapitanı Anar Abduhəlimov kamera ilə qeydə almağa başlamışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi başlanılmış və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sağ yan cibindən bir ədəd siqaret qutusunu çıxarıb, həmin qutunun içərisində olan bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü stolun üstünə qoyaraq təqdim etdiyi bükülünün içərisindəki psixotrop maddə metamfetamin olmasını və həmin maddəni Neftçala rayonu, Aşağı Surra kəndində “Kür” çayının yaxınlığında yerdən tapmasını bildirmişdir. O, həmin maddəni özü istifadə etmək üçün cibində saxlamışdır. Bundan sonra həmin bükülüyə Təqsirləndirilən şəxs iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində həqiqətən də psixotrop maddə olan metamfetaminə bənzər maddə olması aşkar olunmuşdur. Həmin bükülü şöbənin elektron tərəzisində çəkilmiş və qablaşdırması ilə birlikdə -1,05 qram olması məlum olmuşdur. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, müdafiəçisi Habil Məmmədov ilə birlikdə həmin protokolla tanış olub onu imzalamışdır. O, özü də həmin protokolla tanış olub imzalamışdır. Daha sonra Təqsirləndirilən şəxs, müdafiəçisi Habil Məmmədovun, Rəfail Rəhimovun, müdafiəçisi Fədai Quliyevin, Emin Zaidovun, müdafiəçisi Müdafiəçi və sürücü Şahin Əhədovun, müdafiəçisi Əli Hüseynovun və digər polis əməkdaşlarının iştirakı ilə Şahin Əhədovun idarə etdiyi LADA 99 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə şöbənin həyətində videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı avtomobildən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Avtomobilə baxış keçirilməsinə dair tərtib edilmiş protokolla digər iştirakçılar kimi o da tanış olub imzalamışdır. Məhkəmədə şahid qismində dindirilən Şahid2 Şahid1 ilə eyni məzmunda ifadə verdi. İşdə olan şəxsi axtarış və götürmə barədə 04 iyun 2023-cü il tarixli protokoldan görünür ki, araşdırma zərurəti ilə əlaqədar olaraq, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxs axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sağ yan cibindən bir ədəd siqaret qutusunu çıxarıb, həmin qutunun içərisində olan bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü stolun üstünə qoyaraq təqdim etdiyi bükülünün içərisindəki psixotrop maddə metamfetamin olmasını və həmin maddəni Neftçala rayonu, Aşağı Surra kəndində “Kür” çayının yaxınlığında yerdən tapmasını bildirmişdir. O, həmin maddəni özü istifadə etmək üçün cibində saxlamışdır. Bundan sonra həmin bükülüyə Təqsirləndirilən şəxs iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində həqiqətən də psixotrop maddə olan metamfetaminə bənzər maddə olması aşkar olunmuşdur. Həmin bükülü şöbənin elektron tərəzisində çəkilmiş və qablaşdırması ilə birlikdə -1,05 qram olması məlum olmuşdur. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, müdafiəçisi Habil Məmmədov ilə birlikdə həmin protokolla tanış olub onu imzalamışdır. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı əlavə olaraq bir ədəd “Samsung” markalı mobil telefon aşkar edilmiş, bundan əlavə heç bir əşya aşkar olunub götürülməmişdir. Şəxsi axtarış zamanı «Samsung» markalı videokamera ilə çəkilmiş videogörüntülər olan diskə baxış keçirilmiş və toplanmış istintaq materiallarına əlavə edilmişdir. Cinayət İşinin materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin X3 04 iyun 2023-cü il tarixli 19/613 №-li ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülü...» sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi -1,006 qram olan ağ rəngli kristal formada maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi 1,006 qram, tədqiqata sərf edildi 0,05, qalıq 0,956 qram. Tədqiqata təqdim edilmiş 1,006 qram psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı 0,956 qram qalığı cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 08 iyun 2023cü il tarixli 610 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan STİMULYATORLARİN qəbulundan ASİLİLİQ SİNDROMU (TOKSİKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixli Neftçala rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə barəsində 02 il, 05 ay, 26 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnitsiya Qərarının 5-ci bəndinə əsasən cəzası 01 il azaldılmış və xx.xx.2022-ci il tarixdə cəzası bitmişdir. Məhkumluğu ödənilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nın İİ siyahısının 67-ci bəndinə görə metamfetamin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2,0 qramdır “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndinə əsasən sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğu üçün məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı yüngülləşdirən hallar əməlindən səmimi peşman olması, ailədə yeganə qazanc gətirən olması və himayəsində bir az yaşlı övladının (xx.xx.2020-ci il təvəllüdlü X8) olmasıdır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan 04 iyun 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 iyun 2023-cü il tarixdə saat 00:10-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 05 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 05 iyun 2023-cü il tarixdə saat 18:30-da polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən azad edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, CPM-in 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.1-ci maddəsi ilə tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddə ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-in 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün CM-in 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa, ambulator məcburi narkoloji tibbi yoxlamanın 08 iyun 2023-cü il tarixli, 610 saylı rəyinə və CM-in 93-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış və Azərbaycan Respublikasının Biləsuvar rayon polis şöbəsində saxlanılan qalıq çəkisi 0,956 qram olan psixotrop maddə metamfetamin məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakıları nəzərə alaraq və CPM-in 132, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 iyun 2023-cü il tarixindən 05 iyun 2023-cü il tarixinədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində saxlanılma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində, qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 60 (altımış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 0,956 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar