Məhkəmə qərarları › İş №1(022)-12/2023

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-12/2023

05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-12/2023 05.04.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi,dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1982-ci ildə Abşeron rayonu, Xələnc kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Xızı rayonu Baxışlı kəndində qeydiyatda olmaqla yaşayan, barəsində xx.xx.2022-ci il tarixli qərarla polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq -1,154 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 12 sentyabr 2022-ci il tarixdə saat 22:10 radələrində cinayət barədə xəbərsiz olan Şahid3 ilə birlikdə özünün idarə etdiyi «TOYOTO PRİUS» markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Biləsuvar rayonu Q.Həsənov küçəsi, “Balharı” körpüsünün yaxınlığında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən həmin narkotik vasitə heroin bir ədəd sellofan bükülüdə olmaqla əynindəki cins şalvarın sağ arxa cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, Xızı rayonu, Baxışlı kəndində qeydiyyatda olmaqla, müvəqqəti olaraq Bakı şəhərində işləyir və orada kirayə yaşayır. O, özü əvvəllər marixuana istifadə etmişdir. O, etibarnamə ilə idarə etdiyi “TOYOTO PRİUS” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərində taksi kimi fəaliyyət göstərir. 12 sentyabr 2022-ci il tarixdə saat təxminən 16 radələrində Sumqayıt şəhərində olan zaman parkda həmkəndlisi Şahid3 oturacaqların birinin üzərində uzanmasını görmüşdür. O, Şahid3 yaxınlaşan zaman sərxoş olmasını bilmişdir. Buna görə də avtomobilə əyləşdirib ki, bundan sonra içməsin və biraz gəzdirib ki, ayılsın. Onlar Bakı şəhər, Beynəlxalq avtovağzalına gəliblər. Orada olan zaman tanımadıqları bir nəfər şəxs Təqsirləndirilən şəxs yaxınlaşıb və “Biləsuvar şəhərinə neçəyə apararsan” sözlərini demişdir. Həmin şəxsin yanında iki ədəd iri çantası olmuşdur. O, həmin şəxsdən Biləsuvar şəhərinə getmək üçün 50(əlli) manat pul istəmişdir. Həmin şəxs də onunla razılaşmışdır. Bundan sonra Rövşən arxa oturacağa keçmiş, həmin şəxs də qabaqda əyləşmiş və onlar birlikdə Biləsuvar şəhərinə doğru yola düşmüşlər. Yolda olan zaman söhbət əsnasında müştəri kimi qabaqda əyləşən şəxsin adının İlqar olmasını bilmişdir. Yol boyu onlar bir neçə kafedə düşüb çay içmiş və çörək yemişlər. Biraz sonra onlar Biləsuvar şəhərinə çatmışlar, Biləsuvar şəhərinə müştəri kimi əyləşən İlqar adlı şəxs onu gömrük dairəsi adlanan yerə maşınını sürdürmüş və pulunu verib düşüb getmişdir. O, həmin yolla sola dönüb geri qayıtmaq üçün yola düşmüşdür. Biraz getdikdən sonra polis əməkdaşları ona işarə verib bildiriblər ki, avtomobili yolun kənarına çəkib saxlasın, o da avtomobili yolun kənarına çəkib saxlayıb. Bu zaman polis əməkdaşları onlara yaxınlaşaraq gəlişlərinin səbəbini izah etdikdən sonra onu və Rövşəni idarə etdikləri avtomobillə birlikdə rayon polis şöbəsinə gətiriblər. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli kimi saxlanıldığı üçün öz istəyilə hüquqlarını müdafiə etmək üçün müdafiəçi X3 dəvət olunub. Bundan sonra üzərinə video kamera ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Ona üzərində hər hansı bir narkotik maddə və qanunla qadağan olunmuş əşya varsa könüllü təqdim etməyi təklif olunmuşdur. O da əynindəki cins şalvarın sağ arxa cibindən sellofana bükülmüş bir ədəd bükülünü çıxarıb stolun üstünə qoymuş və təqdim etdiyi bükülünün içərisindəki narkotik vasitə heroin olmasını, özünə məxsus olmasını, həmin narkotik vasitə heroini 12 sentyabr 2022-ci il tarixdə saat təxminən 12 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən körpünün altında yerdən tapmasını və istifadə üçün üzərində saxlamasını bildirmişdir. Bundan sonra həmin bükülüyə onun iştirakı ilə açılaraq baxış keçirilib və bükülünün içərisində həqiqətən də narkotik vasitə heroinə bənzər maddə olması aşkar olunub. Həmin narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş və 1,29 qram olması müəyyən edilmişdir. Daha sonra həmin bükülü ekspertizaya göndərilməsi üçün müvafiq qaydada qablaşdırılmışdır. Zərfin üzərini o, müdafiəçisi Əli Hüseynov və digər iştirakçılar imzalayıblar. Üzərinə keçirilən şəxsi axtarış zamanı əlavə heç bir əşya aşkar olunub götürülməmişdir. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar tərtib edilmiş protokolla müdafiəçisi Əli Hüseynovla birlikdə tanış olub imzalamışlar. Daha sonra onun, müdafiəçisi Əli Hüseynov və Şahid3 müdafiəçisi Müdafiəçi və digər polis əməkdaşlarının iştirakı ilə idarə etdiyi “TOYOTO PRİUS” markalı, **-HY-*** dövlət qeydiyyat nişanı avtomobilə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı avtomobildən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Avtomobilə baxış keçirilməsinə dair tərtib edilmiş protokolla müdafiəçisi Əli Hüseynovla birlikdə tanış olub imzalamışlar. Üzərində narkotik vasitə olması barədə nə Rövşənə, nə də ki, İlqar adlı sərnişinə məlumat verməmişdir. Saxlanılan zaman, nə də ki, üzərinə şəxsi axtarış keçirilən zaman polis əməkdaşları tərəfindən hər hansı təzyiq və təsir olmamış, bütün hərəkətlər könüllü olaraq öz istəyi ilə həyata keçirilibdir. O, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroindən başqa heç bir narkotik vasitə və psixotrop maddə gizlətməmiş, heç kimə verməmiş və ya satmamışdır. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisi və şahidləri dinləyərək iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etiraf edici ifadəsi ilə yanaşı aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Biləsuvar rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Xızı rayon, Baxışlı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs cinayət əməlini ifşa edilməsi üçün 12 sentyabr 2022-ci il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə onunla yanaşı rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkki, polis leytenantı Şahid2, rayon polis şöbəsinin DYPB-nin inspektoru, polis baş serjantı Sübhan Qasımzadə və rayon polis şöbəsinin DYPB-nin inspektoru, polis baş serjantı Rəşad Mirzəyev daxil edilmişdir. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq 12 sentyabr 2022-ci il tarixdə saat 22:10 radələrində Təqsirləndirilən şəxs içərisində olduğu ehtimal olunan «TOYOTO PRİUS» markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobil Biləsuvar şəhər, M.İbrahimov küçəsində hərəkətdə olduğu zaman polis əməkdaşları tərəfindən əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən 5 dəqiqədən sonra həmin avtomobil Biləsuvar şəhər, Q.Həsənov adına olan küçədə “Balharı” körpüsünün yaxınlığında hərəkətdə olan zaman rayon polis şöbəsinin dövlət yol patrul bölməsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxtı polis əməkdaşları avtomobilə yaxınlaşıb özlərini təqdim etdikdən sonra gəlişlərinin səbəbini izah etdikdən sonra Təqsirləndirilən şəxs və sərnişin qismində əyləşmiş Şahid3 gəldikləri avtomobillə birlikdə şöbəyə aparmışlar. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə olması şübhəsi olduğundan bu barədə raportla şöbə rəhbərliyinə məruzə edilmişdir. Tərtib etdiyi raportun icrası rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Mahsun Kərimova həvalə edilmişdir. Təqsirləndirilən şəxs müvafiq qaydada hüquq və vəzifələri, o cümlədən, vəkil dəvət etmək hüququ izah olunmuşdu. O, vəkil siyahısı ilə tanış olduqdan sonra bildirib ki, hüquqlarını vəkil X3 tərəfindən müdafiə olunmasını istəyir. Vəkil Əli Hüseynov dəvət edilmişdir. Şəxsi axtarış keçirilməsi üçün videoçəkilişdən istifadə olunmuşdur. Həmin videoçəkilişi rayon polis şöbəsinin X1 baş inspektoru, polis kapitanı Anar Abduhəlimov kamera ilə qeydə almağa başlamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarının sağ arxa cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü çıxarıb stolun üstünə qoyaraq bildirmişdir ki, təqdim etdiyi bükülünün içərisindəki narkotik vasitə heroindir, özünə məxsusdur. Bundan sonra həmin bükülüyə onun iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində həqiqətən də narkotik vasitə heroinə bənzər maddə olması aşkar olunmuşdur. Həmin bükülü şöbənin elektron tərəzisində çəkilmiş və qablaşdırması ilə birlikdə 1,29 qram olması məlum olmuşdur. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi Əli Hüseynovla birlikdə həmin protokolla tanış olub imzalayıblar. Bundan sonra Şahid3 da müvafiq qaydada hüquq və vəzifələri izah edildikdən sonra öz istəyi ilə Müdafiəçi ilə təmin olunmuşdur. Daha sonra videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Şahid3 üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış keçirilməsi barədə tərtib edilmiş protokolla Şahid3 müdafiəçisi Müdafiəçi iştirakı ilə tanış olaraq imzalamışdır. Daha sonra Təqsirləndirilən şəxs, müdafiəçisi Əli Hüseynovun, Şahid3 və müdafiəçisi Müdafiəçi və digər polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs idarə etdiyi «TOYOTO PRİUS» markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilə şöbənin həyətində videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı avtomobildən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Avtomobilə baxış keçirilməsinə dair tərtib edilmiş protokolla digər iştirakçılar kimi o da tanış olub imzalamışdırXanməmmədov Zülfüqar Sədyar oğlunun üzərinə keçirilən şəxsi axtarış zamanı əlavə heç bir qanunsuz əşya aşkar olunmamışdır. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar tərtib edilmiş protokolla bütün iştirakçılar, o cümlədən də o, tanış olaraq imzalamışdır. Məhkəmədə şahid qismində dindirilən Şahid2 Şahid1 ilə eyni məzmunda ifadə verdi. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində və Avropa Konvensiyasında nəzərədə tutulan hüquqlarının ona məlum olduğunu, məhkəmə iclasına gəlməyən digər şahidin (Şahid3) dindirilməsini tələb etmədiyini, çünki elan edilmiş ittiham üzrə özünü tam təqsirli bildiyini, məhkəmə istintaqının yekunlaşmasını və yekun məhkəmə qərarının çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışında Şahid3 ibtidai istintaqda verdiyi ifadəsi elan edildi. Şahid3 göstərmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisidir. Onda qan laxtalanması xəstəliyi olduğu üçün tez-tez spirtli içki içir ki, qanı laxtalanmasın. xx.xx.2022-ci il tarixdə də günortadan sonra Sumqayıt şəhərində kafelərin birində spirtli içki içib və sərxoş olmuşdur. Buna görə də o, parka gedib orada olan oturacaqların birinin üzərinə uzanmışdır. Biraz uzanandan sonra tanışı Təqsirləndirilən şəxs ona yaxınlaşıb və “gəl bir yer var ora gedək” sözərini demişdir. O da Babəkin avtomobilinə oturub və yola düşübmüşdür. Yola çıxan zaman Babəkdən nə üçün, hara getdiyini soruşmayıb. O, sərxoş olduğu üçün Babəkin hara getməsini bilməyib. Yolda olan zaman da o, yuxulu olub. O, ayılan zaman görüb ki, ətraflarında polis əməkdaşları vardır. Polis əməkdaşları onlara yaxınlaşaraq gəlişlərinin səbəbini izah etdikdən sonra onu və Babəki idarə etdikləri avtomobillə birlikdə rayon polis şöbəsinə gətirmişlər. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli kimi saxlanıldığı üçün o, öz istəyilə hüquqlarını müdafiə etmək üçün Müdafiəçi dəvət olunmuşdur. Bundan sonra üzərinə video kamera ilə şəxsi axtarış keçirilməyə başlanılıb. Ona təklif üzərində hər hansı bir narkotik maddə və qanunla qadağan olunmuş əşya varsa könüllü təqdim etməyi təklif olunmuşdur. O da polis əməkdaşlarına üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış həyata keçirilsə də, üzərindən başqa heç nə aşkar edilməyib. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar tərtib edilmiş protokolla müdafiəçisi Müdafiəçi ilə birlikdə tanış olub imzalayıb. Daha sonra onun, müdafiəçisi Müdafiəçi, tanışı Təqsirləndirilən şəxs, müdafiəçisi Əli Hüseynov və digər polis əməkdaşlarının iştirakı ilə Babəkin idarə etdiyi «TOYOTO PRİUS» markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş aparılmaqla baxış keçirilib. Baxış zamanı avtomobildən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Avtomobilə baxış keçirilməsinə dair tərtib edilmiş protokolla tanış olub imzalamışdır. Tanışı Təqsirləndirilən şəxs törətdiyi cinayətə aidiyyəti olmadığı üçün sərbəst buraxılmışdır. Babəkin həmin narkotik vasitə heroini haradan və nə vaxt əldə əldə etməsini bilməmişdir. İşdə olan Şəxsi axtarış və götürmə barədə 12 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, araşdırma zərurəti ilə əlaqədar olaraq, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxs axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş narkotik vasitə və yaxud digər əşya vardırsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs da əynindəki göy rəngli cins şalvarın arxa cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülü, 1 (bir) ədəd avtomobil açarı və 1 (bir) ədəd “Samsung” markalı mobil telefonu təqdim edərək bildirmişdir ki, həmin bükülünün içərisində narkotik vasitə vardır. Həmin bükülünü Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində tanımadığı şəxsdən almış və özü istifadə etmək üçün üzərində saxlamışdır. Bundan sonra həmin bükülüyə onun iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində həqiqətən də narkotik vasitə heroinə bənzər maddə olması aşkar olunmuşdur. Həmin bükülü şöbənin elektron tərəzisində çəkilmiş və qablaşdırması ilə birlikdə 1,29 qram olması məlum olmuşdur. Həmin bükülü ekspertizaya göndərilməsi üçün müvafiq qaydada zərfə qoyularaq qablaşdırılmış, zərfin üzərini Təqsirləndirilən şəxs, müdafiəçisi Əli Hüseynov və digər iştirakçılar imzalamışlar. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı əlavə heç bir əşya aşkar olunub götürülməmişdir. Şəxsi axtarış zamanı «Samsung» markalı videokamera ilə çəkilmiş videogörüntülər olan diskə baxış keçirilmiş və toplanmış istintaq materiallarına əlavə edilmişdir. Cinayət İşinin materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin X2 13 sentyabr 2022-ci il tarixli 19/970 №-li ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş heroinə bənzər maddə...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi - 1,154 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 1,154 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 1,104 qram. Tədqiqata təqdim edilmiş 1,154 qram narkotik vasitə heroinin tədqiqatdan sonrakı 1,104 qram qalığı cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 10 oktyabr 2022-ci il tarixli 1066 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi və fiziki asıllıq olmadan narkotik maddələrdən istifadə etmə halları istisna olunmur. narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji abinetində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nın İ siyahısının 5-ci bəndinə görə heroinin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2,0 qramdır. “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndinə əsasən sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğu üçün məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı yüngülləşdirən hallar himayəsində iki azyaşlı (xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü X5) uşaqlarının olması, əməlindən səmimi peşman olması, müsbət xarakterizə olunması və ailədə yeganə qazanc gətirən şəxs olmasıdır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, CPM-in 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.1-ci maddəsi ilə tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddə ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. İş materiallarında olan 12 sentyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 sentyabr 2022-ci il tarixdə saat 22:10-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 14 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 14 sentyabr 2022-ci il tarixdə saat 14:30-da polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən azad edilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı faktiki tutulduğu 2 gün müddət təyin edilən azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. Bundan başqa, məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış və Azərbaycan Respublikasının Biləsuvar rayon polis şöbəsində saxlanılan qalıq çəkisi 1,104 qram olan narkotik vasitə heroin məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 65 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 sentyabr 2022-ci il tarixindən 14 sentyabr 2022-ci il tarixinədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində saxlanılma müddəti, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına 1 (bir) günə 1 (bir) gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 05 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 65 (altımış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 1,104 qram olan narkotik vasitə heroin məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar