Məhkəmə qərarları › İş №1(022)-120/2024

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-120/2024

02.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-120/2024 02.07.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X6 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1983-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam-orta təhsilli, evli, himayəsində 1 uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Culfa rayonu, Culfa şəhəri, M.S.Ordubadi küçəsi, döngə 2, 6 saylı evdə qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Tuqay küçəsində yerləşən nömrəsiz evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 08 may 2024-cü il tarixədək olan müddət ərzində İran İslam Respublikası ərazisində, istintaqa məlum olmayan mənbədən əldə etdiyi ümumi təsiredici maddəsinin miqdarı 5,4 qram təşkil edən 36 kapsul güclü təsir edən maddəni – preqabalini malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edərək, bir qəbildən olan malları digər şəklə salmaqla, yəni üzərində “Komplivit vitamin mineralnıy” göstəriciləri qeyd edilən plastik dərman qablaşdırmasının içərisinə qablaşdırmaqla, özünə məxsus əl çantasında yerləşdirib saxlamış, İran İslam Respublikasının ərazisindən tranzit keçməklə Naxçıvan Muxtar Respublikasından “Naxçıvan-Bak” marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunda sərnişin qismində Bakı şəhərinə gələrkən Azərbaycan Respublikasına daşıyıb, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin Biləsuvar rayonu ərazisində yerləşən Rəsmiləşdirmə mərkəzinin 1-ci bölməsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və gömrük yoxlaması zamanı həmin miqdarda preqabalin güclü təsir edən maddəsi aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, Naxçıvan Muxtar Respublikası, Culfa rayonu, Culfa şəhəri, M.S.Ordubadi küçəsi, döngə 2, 6 saylı evdə qeydiyyatda olsa da, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Tuqay küçəsində yerləşən nömrəsiz evdə ailə üzvləri ilə birlikdə yaşayır. O, 2012-ci ildən başlayaraq, “Bakı-Naxçıvan” marşrut xətti üzrə hərəkət edən avtobuslar vasitəsi ilə Bakı şəhərindən Naxçıvan Muxtar Respublikasına gedir və geri qayıtdığı zaman İran İslam Respublikasının Culfa şəhərində yerləşən mağazalardan müxtəlif növ ərzaq və qeyri-ərzaq malları alıb, həmin malların Azərbaycan Respublikası ərazinsində satışını həyata keçirərək, maddi qazanc əldə edir. Onun qardaşı Şahid5 anası Şahid4 ilə birlikdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində yaşayır və həkim resepti əsasında “Preqabalin” adlı dərman vasitəsindən istifadə edir. 2024-cü ilin aprel ayının sonlarında onun anası Şahid4 istifadəsində olan 060 *** ** ** GSM nömrəli mobil telefon vasitəsilə qeydiyyatda keçirilmiş “WhatsApp” mobil tətbiqi vasitəsi ilə onun istifadəsində olan 051 530 22 64 GSM nömrəli mobil telefonla qeydiyyatdan keçirilmiş “WhatsApp” profili ilə əlaqə saxlayaraq, qardaşı Şahid5 qəbul etdiyi “Preqabalin” dərman vasitəsinin qurtardığını demiş və həmin dərman preperatının İran İslam Respublikasında ucuz olduğunu bildirərək, Naxçıvan şəhərinə gəldiyi vaxt İran İslam Respublikasından həmin dərman vasitəsini almasını ondan xahiş etmişdir. O, anası Şahid4 istədiyi dərman preperatını alıb-gətirəcəyini bildirmişdir. 24 aprel 2024-cü il tarixdə Şahid4 Şahid5 “Preqabalin” dərman vasitəsinin qəbul etməsinə dair reseptin fotoşəklini ona göndərmişdir. O da həmin reseptin şəklini həmin gün İran İslam Respublikasında ərzaq malları mağazası işlədən, Musa adlı şəxsin 070 *** ** ** GSM nömrəli mobil telefon vasitəsilə qeydiyyatda keçirilmiş “WhatsApp” profilinə göndərərək, qardaşının səhhətində problemləri olduğunu, yəni dizlərində yarnan ağrılarla əlaqədar həmin reseptdə adı qeyd edilmiş “Preqabalin” dərman vasitəsindən istifadə etdiyini bildirmiş və sonuncudan qardaşı üçün “Preqabalin” dərman vasitəsini almasını xahiş etmişdir. Musa isə onun xahişini yerinə yetirəcəyini bildirmiş və 25 aprel 2024-cü il tarixdə onunla əlaqə saxlayaraq, göndərdiyi resept əsasında aptekdən “Preqabalin” dərman vasitəsini 2 manata aldığını və özündə saxladığını ona bildirmişdir. Həmin tarixdən sonra o, bir neçə dəfə İran İslam Respublikasına səfərlər etsə də, həmin dərman vasitəsini gətirməsinin ona problem yaradacağından ehtiyat etdiyi üçün dərman preparatını Musa adlı şəxsdən götürməmişdir. Sonuncu dəfə o, 06 may 2024-cü il tarixdə, saat 22 radələrində “Bakı-Naxçıvan” marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu vasitəsilə Naxçıvan Muxtar Respublikasına getmək məqsədi ilə yola düşmüşdür. O, 07 may 2024-cü il tarixdə, saat 00:30-da “Biləsuvar” gömrük postundan keçərək, İran İslam Respublikası ərazisinə daxil olmuşdur. Həmin gün, səhər saatlarında o, İran İslam Respublikasının Culfa şəhərində mütəmadi olaraq ərzaq məhsulları aldığı mağazada işləyən Musa adlı şəxsə yaxınlaşaraq, sonuncudan onun xahişi əsasında qardaşı Şahid5 üçün aldığı “Preqabalin” adlı dərman vasitəsini ona verməsini demişdir. Həmin şəxs isə aldığı dərman vasitəsinin hazırda mağazada olmadığını, amma axşam gətirə biləcəyini ona bildirmişdir. O da Musa adlı şəxsin təklifi ilə razılaşmış və “Culfa” gömrük postundan keçərək, Naxçıvan Muxtar Respublikası ərazisinə daxil olmuşdur. O, həmin gün axşam saatlarına qədər valideynlərinə məxsus evdə anası ilə birlikdə olmuş və axşam saatlarında Bakı şəhərinə qayıtmaq məqsədi ilə “Naxçıvan-Bakı” marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu ilə yola düşmüşdür. O, həmi gün, saat 19:30-da “Culfa” gömrük postundan keçərək, İran İslam Respublikasının Culfa şəhərinə daxil olmuş və Musa adlı şəxsin mağazasına getmiş və sonncudan həmin dərman vasitəsini almışdır. Həmin preperat 26 ədəd uzunsov formalı ağ-sarı rəngli və 10 ədəd isə uzunsov formalı göy-ağ rəngli dərman vasitəsindən ibarət olmuşdur. O da həmin 26 ədəd uzunsov formalı ağ-sarı rəngli və 10 ədəd uzunsov formalı göy-ağ rəngli dərmanları da əzilməmələri məqsədi ilə üzərində “Komplivit vitamin mineralnıy” sözləri yazılan plastik dərman qablaşdırmasının içərisinə qoymuş və həmin qablaşdırmanı da əl çantasına yerləşdirmişdir. Daha sonra isə o, Azərbaycan Respublikasına gəlmək üçün yola düşmüş və 08 may 2024-cü il tarixdə, saat 06 radələrində İran İslam Respublikasının “Biləsuvar” gömrük postundan keçərək, Azərbaycan Respublikasının “Biləsuvar” gömrük postuna daxil olmuşdur. Gömrük nəzarəti zamanı gömrük xidməti əməkdaşları onunla şifahi sorğu-sual apararaq, ona üzərində və əl yüklərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan edilməli olan hər hansı predmetin, o cümlədən narkotik vasitə, psixotrop və güclü təsir edən maddəllərin olub-olmaması barədə sual vermişlər. O, həmin əməkdaşlara üzərində və ya əl yüklərində gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan edilməli olan hər hansı predmetlərin olmadığını, əl yüklərinin ərzaq məhsullarından ibarət olduğunu bildirmişdir. Əl yüklərini rentgen qurğusundan keçirdikdən sonra gömrük yoxlamasını həyata keçirən gömrük əməkdaşı onun əl yüklərinə baxış keçirmiş, baxış zamanı əl çantasının içərisindən “Preqabalin” adlı dərman vasitəsini yerləşdirdiyi, üzərində “Komplivit vitamin mineralnıy” sözləri yazılan plastik dərman qablaşdırmasının içərisindəki dərman preparatlarının nə olduğunu ondan soruşmuşdur. O da öz növbəsində həmin əməkdaşa dərman preperatının D vitamini dərman vasitəsi olduğunu bildirmişdir. Daha sonra gömrük əməkdaşı onun və hal şahidlərinin iştirakı ilə həmin dərman qablaşdırmasına baxış keçirmiş və baxış zamanı dərman qablaşdırmasının içərisindəkilərin 26 ədəd uzunsov formalı ağ-sarı rəngli və 10 ədəd isə uzunsov formalı göy-ağ rəngli kapsulların olduğu məlum olmuşdur. Həmin vaxt gömrük əməkdaşı dərman vasitəsinin nə olduğunu yenidən ondan soruşmuşdur. O isə əvvəlcə həmin preperatın D vitamini olduğunu, daha sonra isə ağrıkəsici kapsullar olduğunu və həmin dərman vasitəsini xəstəliyi olan qardaşı üçün resept əsasında əldə etdiyini bildirmişdir. Daha sonra üzərində gömrük xidməti əməkdaşları tərəfindən üzərində şəxsi yoxlama aparılmış və şəxsi yoxlama zamanı üzərindən gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunmayan hər hansı bir predmet aşkar olunmamışdır. Sonda ondan aşkar edilən ümumilikdə 36 ədəd dərman kapsulu gömrük xidməti əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Həmin protokol o və digər baxış iştirakçıları tərəfindən imzalanmışdır. Bundan sonra o, dərhal qardaşı Şahid5 ilə əlaqə saxlamış və reseptin fotoşəklini çəkib “WhatsApp” mobil tətbiqi vasitəsilə ona göndərməsini sonuncudan xahiş etmişdir. Şahid5 həmin reseptin şəklini ona göndərmişdir. Bundan başqa, o bildirdi ki, “Preqabalin” dərman vasitəsinin əzilməsini istəmədiyi üçün həmin dərman vasitəsini üzərində “Komplivit vitamin mineralnıy” sözləri yazılan plastik dərman qablaşdırmasının içərisinə yerləşdirmişdir. Həmçinin vitamin tərkibli dərman vasitəsinin gömrük nəzarətindən keçirməsinin ona problem yaratmayacağını, vitamin tərkibli olmayan hər hansı digər dərman vasitəsinin isə gömrük gömrük nəzarətindən keçirməsinin ona problem yaradacağından ehtiyat etdiyi üçün o, üzərində olan dərman preperatlarını könüllü olaraq resepti ilə birlikdə gömrük orqanına bəyan etməmiş və ilkin gömrük yoxlaması zamanı həmin dərman vasitəsinin preqabalin deyil, D vitamini olduğunu gömrük əməkdaşlarına bildirmişdir. Həmin dərmanları əldə etməkdə onun məqsədi qardaşına resept əsasında təyin edilmiş müalicəsini davam etdirməkdə kömək etmək olmuşdur. Onunla hər hansı şəxs və ya şəxslər arasında güclü təsir edən psixotrop maddəllərin və ya narkotik vasitələrin qaçaqmalçılığı və satışı barədə qabaqcadan əldə edilmiş hər hansı razılaşma olmamışdır. O, heç vaxt güclü təsir edən və ya psixotrop maddəllərdən, narkotik vasitələrdən istifadə etməmişdir. Sonda, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu və himayəsində 1 uşağı olduğunu, habelə üzərində aşkar edilmiş dərmanları qardaşı üçün aldığını və qanunla dövriyyəsi qadağan edilmiş maddə olduğundan xəbərdar olmadığını nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 28 noyabr 2017-ci il tarixdən gömrük orqanlarında xidmət edir və 2023-cü ilin iyun ayının əvvəllərindən etibarən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin Biləsuvar rayonu ərazisində yerləşən Rəsmiləşdirmə mərkəzinin 1-ci bölməsinin inspektoru vəzifəsində işləyir. O, 08 may 2024-cü il tarixdə iş bölgüsünə əsasən İran İslam Respublikasından gələn sərnişinlərə gömrük nəzarətini həyata keçirmişdir. Həmin gün, saat 07 radələrində Biləsuvar Gömrük İdarəsi Əməliyyat və təhqiqat şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs İran İslam Respublikası istiqamətindən piyada keçid xətti ilə gömrük nəzarəti həyata keçirilən salona daxil olmuşdur. O, Təqsirləndirilən şəxs pasportuna nəzər yetirib şəxsiyyətini dəqiqləşdirmiş və daha sonra da pasportu həmin şəxsə geri qaytarmışdır. Daha sonra isə o, təqsirləndirilən şəxs ilə şifahi sorğu-sual apararaq, həmin şəxsdən əl yüklərində və üzərində qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı predmetin olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs isə üzərində və əl yüklərində qanunla dövriyyəsi qadağan edilmiş və məhdudlaşdırılmış, gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan edilməli olan hər hansı predmetin olmadığını ona bildirmişdir. Bundan sonra o, dəvət edilmiş iki nəfər hal şahidinin iştirakı ilə, Təqsirləndirilən şəxs əl çantasına gömrük nəzarəti qaydasına yoxlama keçirmiş və yoxlama nəticəsində sonuncunun əl çantasında yerləşdirilmiş şəxsi əşyaların arasından gömrük nəzarətinə bəyan edilməyən, üzərində “Komplivit vitamin mineralnıy” yazısı olan plastik dərman qablaşdırması onun tərəfindən aşkar edilmişdir. O, həmin qablaşdırmanın içərisində nə olduğunu təqsirləndirilən şəxsdən soruşmuş, sonuncu isə qablaşdırmanın içərisində D vitamini olduğunu ona bildirmişdir. Bundan sonra həmin plastik dərman qablaşdırmasının içərisinə gömrük nəzarəti qaydasında baxış keçirdikdə plastik qablaşdırmanın içərisindəkilərin 26 ədəd uzunsov formalı ağ-sarı rəngli və 10 ədəd isə uzunsov formalı göy-ağ rəngli kapsullar olduğu tərəfindən müəyyən olunmuşdur. O, təkrarən Təqsirləndirilən şəxs aşkar edilmiş kapsulların nə olduğunu soruşmuş və sonuncu isə ona plastik qablaşdırmanın içərisindəki kapsulların ağrıkəsici dərman vasitəsi olduğunu ona bildirmişdir. Yaranmış zərurətlə əlaqədar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 64-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparılmış, lakin yoxlama zamanı həmin şəxsin üzərindən gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan edilməyən hər hansı bir predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs aşkar edilmiş ümumilikdə 26 ədəd dərman kapsulları gömrük əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüş və protokollar tərtib edilmişdir. Sonda protokol tərtib edilmiş və bütün baxış iştirakçıları tərəfindən həmin protokol imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Biləsuvar Gömrük İdarəsinin inzibati binasında yerləşən yeməkxanada xadimə işləyir. 08 may 2024cü il tarixdə, saat 07 radələrində iş yoldaşı X1 ilə birlikdə Biləsuvar Gömrük İdarəsinin inzibati binasında yerləşən yeməkxanada olduqları vaxt bir nəfər gömrük xidməti əməkdaşı onlara yaxınlaşaraq, özünü təqdim etmiş və İran İslam Respublikasından Azərbaycan Respublikasına gəlmiş sərnişinin mallarının yoxlanılmasında hal şahidi qismində iştirak etmələrini onlardan xahiş etmişdir. Onlar da vətəndaşlıq borclarını yerinə yetirirərək, keçiriləcək yoxlamada hal şahidi qismində iştirak etməyə öz razılıqlarını vermişlər. Bundan sonra onlar gömrük xidməti əməkdaşı ilə birlikdə Rəsmiləşdirmə mərkəzinin 1-ci bölməsinə daxil olmuşlar. Yoxlama keçirilməzdən əvvəl gömrük xidməti əməkdaşı hal şahidi kimi hüquq və vəzifələrini onlara izah etmiş, daha sonra isə onları üzərində yoxlama aparılacaq şəxs olan Təqsirləndirilən şəxs təqdim etmişdir. Yoxlama başlamazdan əvvəl gömrük xidməti əməkdaşı həmin şəxs ilə şifahi sorğu sual apararaq, sonuncudan əl yüklərində və ya üzərində qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı predmetin olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs isə üzərində və əl yüklərində qanunla dövriyyəsi qadağan edilmiş və məhdudlaşdırılmış, gömrük nəzarətindən gizlədilmiş və mütləq bəyan ediləsi heç bir predmetin olmadığını gömrük xidməti əməkdaşına bildirmişdir. Bundan sonra gömrük xidməti əməkdaşı tərəfindəən təqsirləndirilən şəxsin əl çantasına yoxlama keçirmişdir. Yoxlama nəticəsində Təqsirləndirilən şəxs məxsus əl çantasında olan şəxsi əşyaların arasından üzərində “Komplivit vitamin mineralnıy” yazısı olan plastik dərman qablaşdırması gömrük xidməti əməkdaşı tərəfindən aşkar olunmuşdur. Gömrük xidməti əməkdaşı həmin şəxsdən üzərində “Komplivit vitamin mineralnıy” yazısı olan qablaşdırmanın içərisində nə olduğunu soruşmuş, sonuncu isə qablaşdırmanın içərisində D vitamini olduğunu gömrük xidməti əməkdaşına bildirmişdir. Həmin plastik dərman qablaşdırmasının içərisinə gömrük xidməti əməkdaşı tərəfindən baxış keçirdikdə içərisindəkilərin 26 ədəd uzunsov formalı ağ-sarı rəngli və 10 ədəd uzunsov formalı göy-ağ rəngli kapsullar olduğu müəyyən olunmuşdur. Daha sonra gömrük xidməti əməkdaşı Təqsirləndirilən şəxs təkrarən həmin kapsulların nə olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs isə plastik qabın içərisində olan kapsulların ağrıkəsici dərman vasitəsi olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparılmış, lakin şəxsi yoxlama zamanı sonuncunun üzərindən gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunmayan hər hansı bir predmet aşkar edilməmişdir. Sonda Təqsirləndirilən şəxs məxsus əl çantasından aşkar edilmiş ümumilikdə 36 ədəd kapsul gömrük əməkdaşları tərəfindən ablaşdırılaraq götürülmüşdür. Yoxlama ilə bağlı tərtib edilmiş protokollar o da daxil olmaqla,bütün baxış iştirakçıları tərəfindən imzalanmışdır. İşdə olan malların yoxlanılması haqqında 08 may 2024-cü il tarixli protokoldan görünür ki, yoxlama zamanı Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs əl yüklərinə daxil olan boz rəngli əl çantasının içərisindən, özünəməxsus şəxsi əşyaların yanından gömrük nəzarətinə bəyan olunmayan, üzərində “Komplivit vitamin mineralnıy” yazısı olan plastik dərman qabı aşkar edilmiş, Təqsirləndirilən şəxs plastik qabda nə olduğu soruşulduqda sonuncu həmin predmetlərin “D” vitamini dərman preparatı olduğunu bildirmişdir. Bundan sonra həmin dərman qabına baxış keçirilmiş və plastik qabın içərisindəkilərin 26 ədəd uzunsov formalı ağ-sarı rəngli və 10 ədəd isə uzunsov formalı göy-ağ rəngli kapsullar olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs təkrarən həmin kapsulların nə olduğu barədə soruşulduqda sonuncu həmin predmetlərin ağrıkəsici kapsullar olduğunu gömrük xidməti əməkdaşlarına bildirmişdir. Sonda üzərində “Komplivit vitamin mineralnıy” göstəriciləri qeyd olunan plastik dərman qablaşdırması və həmin qablaşdırmanın içərisindən aşkar edilmiş 26 ədəd uzunsov formalı ağ-sarı rəngli və 10 ədəd isə uzunsov formalı göy-ağ rəngli kapsullar qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş materialların məhkəmə fiziki-kimyəvi ekspertizasının 08 may 2024-cü il tarixli, 3-16-16/2-6/2577 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Biləsuvar Gömrük İdarəsi... 1500/013/001079... rəngli kapsullar” qeyd olunmuş paketdəki 26 ədəd ağ-sarı rəngli və 10 ədəd ağ-göy rəngli dərman kapsullarının tərkibində ümumilikdə 5,4 qram preqabalin təsiredici maddəsi müəyyən edilmişdir. Təqdim olunmuş kapsulların daxilindəki toz şəkilli preparat zavod üsuluna uyğun hazırlanmışdır. Preqabalin preparatı “Güclü təsir edən maddələr və onların külli və xüsusilə külli miqdarlarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş ““Güclü təsir edən maddələr və onların külli və xüsusilə külli miqdarının siyahısı”na (1 nömrəli əlavə) daxildir. Preqabalin preparatı 36 kapsul olmuş, tədqiqata 4 kapsul sərf edilmiş, qalıq 32 kapsul qalmışdır. İşdə olan baxış keçirilməsi haqqında 10 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “Redmi Note 8T” markalı mobil telefona baxış keçirilmişdir. Baxış nəticəsində həmin mobil telefonun üzərində 051 530 22 64 GSM nömrəli, “Azercell Telecom” məhdud məsuliyyətli cəmiyyətinə məxsus sim kartın olduğu müəyyən edilmişdir. Telefonun “Kontaktlar” bölməsinə baxış zamanı istifadəçi adı “Azər qaqaş” kimi qeyd edilmiş +**********21, istifadəçi adı “Mama” kimi qeyd edilmiş +**********17 və istifadəçi adı “Musa.İran” kimi qeyd edilmmiş +**********68 GSM nömrəli mobil telefonların olduğu müəyyən edilmişdir. Həmin telefonun “Qalareya” bölməsinə baxış zamanı üzərində “Pregabalin 75mg”, “Pregabalin 150 mg” göstəriciləri olan dərman vasitələrinin qutularının fotoşəkilləri, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi”nin həkim-nevroloqu Azər Məmmədov (əlaqə nömrəsi: 060 405 29 20) tərəfindən Şahid5 adlı şəxsə yazılmış “Preqabalin 150 mg” göstəricili dərman vasitəsinə dair imza və möhürlə təsdiq edilmiş 05 mart 2024-cü il tarixli reseptin fotoşəklinin olduğu müəyyən edilmişdir. Telefonun “WhatsApp” mobil tətbiqinə baxış zamanı iş üzrə Təqsirləndirilən şəxsın istifadəsində olan 051 530 22 64 GSM nömrəli mobil telefon vasitəsilə qeydiyyatdan keçirilmiş, istifadəçi adı “Serkerovaaynure83” kimi qeyd edilmiş profilin olduğu və həmin profil vasitəsi ilə istifadəçi adı “Mama” kimi qeyd edilmiş +**********17 GSM nömrəli mobil telefon vasitəsilə qeydiyyatdan keçirilmiş “WhatsApp” profili və istifadəçi adı “Musa.İran” kimi qeyd edilmiş +**********68 GSM nömrəli mobil telefon vasitəsilə qeydiyyatdan keçirilmiş “WhatsApp” profili ilə arasında Şahid5 istifadəsi üçün “Preqabalin” dərman vasitəsinin alınmasına dair yazışmaların olduğu və bununla bağlı Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin həkim-nevroloqu Azər Məmmədov tərəfindən Şahid5 adlı şəxsə yazılmış “Preqabalin 150 mg” göstəricili dərman vasitəsinə dair imza və möhürlə təsdiq edilmiş 05 mart 2024-cü il tarixli reseptin fotoşəklinin olduğu müəyyən edilmişdir. Həmçinin telefonun “WhatsApp” mobil tətbiqinə baxış zamanı müəyyən edilmişdir ki, 08 may 2024-cü il tarixdə, saat 07:29-da istifadəçi adı “Azər Qaqaş” kimi qeyd edilmiş +**********21 GSM nömrəli mobil telefon vasitəsilə qeydiyyatdan keçirilmiş “WhatsApp” profilindən Təqsirləndirilən şəxs istifadəsində olan 051 *** ** ** GSM nömrəli mobil telefon vasitəsilə qeydiyyatdan keçirilmiş “WhatsApp” profilinə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin həkim-nevroloqu Azər Məmmədov tərəfindən Şahid5 adlı şəxsə yazılmış “Preqabalin 150 mg” göstəricili dərman vasitəsinə dair imza və möhürlə təsdiq edilmiş 05 mart 2024-cü il tarixli reseptin fotoşəkili mesaj kimi göndərilmişdir. Bundan başqa, həmin telefonun “WhatsApp” mobil tətbiqinə baxış zamanı 25 aprel 2024-cü il tarixdə, saat 18:06-da Təqsirləndirilən şəxs istifadəsində olan 051 *** ** ** GSM nömrəli mobil telefon vasitəsilə qeydiyyatdan keçirilmiş “WhatsApp” profilindən istifadəçi adı “Musa.İran” kimi qeyd edilmiş +**********68 051 *** ** ** GSM nömrəli mobil telefon vasitəsilə qeydiyyatdan keçirilmiş “WhatsApp” profilinə “Güclü faizlərin də, 300-lük, 150-lik. Sən göndərdiyin 75-lik idi. Sən şəkillərini göndər, mən deyəcəm. Xəstəmiz var. Ona görə gəlmək istəyirəm. Bilmirəm keçirə biləcəm, ya yox. İnşəAllah görüm adam tapa bilirəmmmi” məzmunlu mesajının göndərildiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş sərhədkeçmə hesabatına baxış keçirilməsi haqqında 11 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 dekabr 2010-cu il tarixdən 04 may 2024-cü il tarixədək olan müddət ərzində İran İslam Respublikasına səfərlər etmiş və geri qayıtmış, sonuncu dəfə 07 may 2024-cü il tarixdə, saat 00:21-də “Biləsuvar” sərhəd nəzarət məntəqəsi vasitəsi ilə İran İslam Respublikasına getmiş, 07 may 2024-cü il tarixdə, saat 08:27-də “Culfa” sərhəd nəzarət məntəqəsi vasitəsi ilə İran İslam Respublikasından Naxçıvan Muxtar Respublikasına getmiş, 07 may 2024-cü il tarixdə, saat 19:38-də “Culfa” sərhəd nəzarət məntəqəsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasından İran İslam Respublikasına getmiş və həmin gün, saat 06:29-da “Biləsuvar” sərhəd nəzarət məntəqəsi vasitəsi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gəlmişdir. Həmin vaxtdan sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikası hüdudlarını tərk etməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin məhkəmə-narkoloji ekspertizasının 21 may 2024-cü il tarixli, 3539 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsinin 24 may 2024-cü il tarixli, 52 nömrəli məktubundan görünür ki, xx xxxxx 1985-cü il təvəllüdlü Şahid5 08 fevral və 05 mart 2024cü il tarixlərdə EMQ üzrə həkim-nevropatoloq X2 müraciət etmiş, xəstə həmin tarixlərdə müayinə olunmuş və ona müalicə məqsədi ilə preqabalin preparatına aid resept nüsxəsi yazılmışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Belə ki, “Güclü təsir edən maddələr və onların külli və xüsusilə külli miqdarlarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların külli və xüsusilə külli miqdarının siyahısı”nın 71-ci bəndinin tələbinə görə preqabalin (S)-3- (aminometil)-5-metilheksan turşusunun külli miqdar (qramlarla) daxil olmaqla, aşağı həddi 5 qram, xüsusilə külli miqdar (qramlarla) daxil olmaqla, aşağı hədi 1000 qramdır. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, 1 nömrəli Qərarının 10-cu bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, malların və ya digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür. Həmin Qərarın 14-cü bəndinə görə dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış narkotik vasitə və ya psixotrop maddə mənşəli dərman vasitələri həqiqətən tibbi resept əsasında əldə edilmiş olsa belə, həmin dərman vasitələrini Azərbaycan Respublikasının gömrük sərhədindən keçirən şəxs bilə-bilə onları düzgün bəyan etmədikdə (məsələn, dövriyyəsi məhdudlaşdırılmamış başqa dərman vasitəsi kimi təqdim etdikdə və sair), müxtəlif üsullardan istifadə etməklə gizlətdikdə, onun əməli qaçaqmalçılıq cinayəti kimi qiymətləndirilərək, CM-nin 206.2-ci maddəsi ilə, buna kifayət qədər əsaslar olduqda, həm də CM-nin 234-cü maddəsi ilə tövsif edilir. Digər hallarda, yəni şəxs qeyd olunan dərman vasitələrini bəyan etməməklə, gömrük nəzarətindən kənar, yaxud tibbi sənədlərdən, o cümlədən reseptdən aldatma yolu istifadə etməklə gömrük sərhədindən keçirdikdə, onun əməllərinə işin faktiki hallarından (məsələn, dərman vasitələrinin miqdarının tibbi reseptə uyğun olub-olmamasından, xəstəliyin xarakterindən və ağırlıq dərəcəsindən və sair hallardan) asılı olaraq hüquqi qiymət verilməlidir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunmayan şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, cinayətin predmeti olan preqabalin güclü təsir edən maddəsini qardaşının xəstəliyi ilə əlaqədar həkim resepti əsasında İran İslam Respublikasından əldə edərək, Azərbaycan Respublikasına gətirməsini, törətdiyi əməldən səmimi peşman olmasını və himayəsində 1 uşağı olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin edələn cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə onun şəxsiyyətini xarakterizə edən halları işin digər mühüm halları ilə birlikdə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. ««Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən, «istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Avropa İnsan Hüquqları Məhkəməsi isə özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; X4rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) ədalətin bərpasını belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 nömrəli Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 nömrəli Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, eləcə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinin tələbinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə nəzərdə tutulan əməli hadisələrin təsadüfi axarı zəminində ilk dəfə törətməsini, cavanlığını, törətdiyi əməldən səmimi peşman olmasını, himayəsində 1 uşağının olmasını və cinayətin predmeti olan preqabalin güclü təsir edən maddəsini qardaşının xəstəliyi ilə əlaqədar həkim resepti əsasında İran İslam Respublikasından əldə edərək, Azərbaycan Respublikasına gətirməsini, eləcə də hərəkətlərində cəzanı ağırlaşdıran halların olmamasını və cinayətin törədilməsi hallarını, nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması, yaxud onun islah olunması ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı çəkmədən də mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinin tələbinə görə məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 25-ci bəndində göstərilir ki, şərti məhkum etmə haqlarında yalnız CM-nin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Beləliklə, məhkəmə cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini səciyyələndirən halları, cəzanı yüngülləşdirən halları, hərəkətlərində CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını, habelə onun islah olunması imkanlarını nəzərə alaraq, Təqsirləndirilən şəxs təyin olunan cəzanın şərti hesab edilməsini qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərində sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Azərbayca Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində saxlanılan 32 kapsul güclü təsir edən maddə - preqabalin preparatı məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 110 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və həmin şəxsin məhkəməyədək icraat dövründə qətimkan tədbirinin şərtlərini pozmamasını, o cümlədən təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ümumilikdə qətimkan tədbirinin məqsədlərini təmin etdiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 9 (doqquz) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci qismində 110 (bir yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində saxlanılan 32 kapsul preqabalin preparatı məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar