Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-123/2024 07.08.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1983-cü ildə Masallı rayonu Binəxocavar kəndində anadan olmuş, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Masallı rayonu Binəxocavar kəndində qeydiyyatda olmaqla Biləsuvar rayonu Nəsimi kəndində yaşayan, barəsində 07 iyun 2024-cü il tarixli qərarla həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə, özgənin əmlakını ələ keçirmək məqsədilə xx.xx.2024-cü il tarixdə saat 00:00 radələrində Biləsuvar rayonu Yuxarı Ağalıkənd kəndində yaşayan Zərərçəkmiş şəxs3 məxsus yaşayış evinin arxa tərəfində olan qapısının açıq olmasından istifadə edib yaşayış sahəsinə evin həyətinə qanunsuz daxil olduqdan sonra evin həyətində yerləşən saxlanc yeri hesab olunan tövlənin qapısının üzərində olan ipi açıb, saxlanc yerinə qanunsuz daxil olaraq sonuncuya məxsus hər biri 3 aylıq, erkək cinsli, diri çəkisi 25 kiloqram olmaqla 240 (iki yüz qırx) manat dəyərində iki baş quzunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 480 (dörd yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə məqsədilə 15 fevral 2024-cü il tarixdə saat 01 radələrində Biləsuvar rayonu Köhnə Əmənkənd kəndində yaşayan Zərərçəkmiş şəxs1 məxsus yaşayış evinin həyətinə dəmir torların üzərindən aşmaq yolu ilə qanunsuz daxil olduqdan sonra evin həyətində yerləşən saxlanc yeri hesab olunan tövlənin dəmir pəncərəsini dəmir alətlə sındırıb, saxlanc yerinə qanunsuz daxil olub oradan sonuncuya məxsus, hər biri 1 yaşlı, erkək cinsli, diri çəkisi 35 kiloqram olmaqla 300 (üç yüz) manat dəyərində 03 baş qoyunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 900 (doqquz yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 27 fevral 2024-cü il tarixdə 02 radələrində Biləsuvar rayonu Aşağı Cürəli kənd sakini Zərərçəkmiş şəxs2 məxsus yaşayış evinin arxa tərəfində olan qapısının açıq olmasından istifadə edib yaşayış sahəsinə evin həyətinə qanunsuz daxil olduqdan sonra evin həyətində yerləşən saxlanc yeri hesab olunan tövlənin qapısının üzərində olan mismarı açıb saxlanc yerinə qanunsuz daxil olub oradan sonuncuya məxsus, hər biri 1 yaşlı, erkək cinsli, diri çəkisi 30 kiloqram olmaqla 160 (yüz altmış) manat dəyərində 02 baş keçini gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 320 (üç yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Masallı rayonunun Binəxocavar kəndində anadan olmuş, lakin Biləsuvar rayonu Nəsimi kənd ərazisində yerləşən Şahid məxsus olan fermada 2019-cü il tarixdən işləyir, əvvəllər isə oğurluq etdiyi üçün 2017-ci ildə onu həbs etmişlər. Tez-tez spirtli içki içir, buna görə də pula ehtiyacı olduğuna görə ətrafda olan kəndləri gəzərək oğurluq etmək üçün əvvəlcədən özünə lazımı yerləri müəyyənləşdirir. Biləsuvar rayonu Yuxarı Ağalıkənd kənd sakini Zərərçəkmiş şəxs3 əvvəlcədən tanıyır. İşlədiyi fermanın yaxınlığında yerləşən Yuxarı Ağalıkənd kəndində yaşayır. O. tez-tez Yuxarı Ağalıkənd kəndində yerləşən mağazaya və eyni zamanda yol üstündə olan kafedə spirtli içki olan pivə içməyə gedir. Zərərçəkmiş şəxs3 yaşıl rəngli VAZ-2106 markalı, nömrəsini bilmədiyi avtomobillə taksi fəaliyyəti ilə məşğul olmasını bilir və bir neçə dəfə də Zərərçəkmiş şəxs3 idarə etdiyi avtomobili ilə Biləsuvar rayonuna getmişdir. 2023-cü ilin son günlərində Zərərçəkmiş şəxs3 VAZ-2106 markalı, nömrəsini bilmədiyi avtomobilinə əyləşmiş və onu rayona aparmasını xahiş etmişdir. O, İlhama həmin vaxt 50 manat pul vermiş, sonuncu da ona 45 manat pul qaytarmışdır. O da İlhamdan pulunun qalan hissəsini istəmiş, çünki Yuxarı Ağalıkəndindən rayona 2 manata aparırlar. Lakin Zərərçəkmiş şəxs3 ona xırda pulunun olmadığını deyərək pulu geri qaytarmamışdır. Buna görə də o, əsəbləşmiş və İlhamın həyətindən oğurluq etmək qərarına gəlmişdir. 04 yanvar 2024-cü il tarixdə Ağalıkənd kəndinə gedən zaman küçədə darvazanın qarşısında İlhama məxsus yaşıl rəngli VAZ- 2106 markalı avtomobilin dayanmasını görmüş və buna görə də həmin evin İlhama məxsus olmasını bilmişdir. Küçədən keçən zaman tövlədən küçəyə açılan qapısının olmasını görmüşdür. Bundan başqa İlhamın avtomobilindən taksi kimi istifadə edən zaman İlham ona “sən çobansan, mal-heyvan barədə məlumatın var və heyvanların həm yemlənməsi, həm kökəlməsi və həm də xəstəliklə bağlı dava-dərmanlar hansılardı" sözlərini deyərək maraqlanmışdır. O da mal-qara haqqında bildiklərini demişdir. Söhbət zamanı Zərərçəkmiş şəxs3 təsərrüfatında xırda buynuzlu heyvanların olmasını bilmiş və gündüz vaxtı da tövləsinin yerini dəqiqləşdirmişdir. 05 yanvar 2024-cü il tarixdə saat 00 radələrində o atla Yuxarı Ağalıkənd sakini Zərərçəkmiş şəxs3 evindən oğurluq etmək üçün fermadan çıxmışdır. Həmin günü Şahid fermaya çörək gətirmək üçün Nəsimi kəndinə getdiyi üçün və fermada olan itlərin qorxusundan heç kimin fermaya yaxın gələ bilməyəcəyindən istifadə edərək Zərərçəkmiş şəxs3 evinə oğurluq etmək üçün getmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs3 evinə yaxınlaşmış və küçə tərəfə açılan qapını açaraq həyətə daxil olmuşdur. Bundan sonra tövlənin qapısında olan ipi açıb, içəri daxil olmuşdur. O, tövlənin içərisindən iki baş quzu götürmüş və çölə çıxmışdır. Quzuları kəndin içərisində bir az piyada aparandan sonra, arxa ayaqlarını bağlamış və atın üzərinə qoyaraq öz işlədiyi fermaya aparmışdır. Oğurladığı quzunu fermada olan zaman birini kəsmiş və bir neçə gün ərzində yemiş, digərini isə fermaya gəlmiş tanımadığı alverçiyə 200 (iki yüz.) manat müqabilində satmışdır. Həmin alverçini tanımır. Quzunu satan zaman həmin quzunun özünə məxsus olmasını demiş, pulu da şəxsi ehtiyacları üçün xərcləmişdir. 10 fevral 2024-cü il tarixdə gündüz saatlarında o, Biləsuvar rayonu Köhnə Əmənkənd kəndinə piyada getmiş və orada kəndin girişində olan böyük bir həyətdə uzun bir daşdan tikilmiş tövlə olmasını və həmçinin həyətdə bir neçə baş xırda buynuzlu heyvanların otlamasını görmüşdür. Həmin vaxt oradan keçən zaman həyətdə bir nəfər şəxsin olmasını görmüş, ev sahibi olmasını zənn etmiş, eyni zamanda həmin şəxs də onu görmüşdür. Buna görə də bir neçə gün həmin kəndə getməmişdir. Lakin pulu olmadığı üçün 15 fevral 2024-cü il tarixdə saat 01 radələrində oğurluq etmək qərarına gəlmiş və Köhnə Əmənkənd kəndinə atla getmişdir. Kəndə daxil olan zaman əvvəlcədən tanımadığı, lakin mal-qara saxladığını bildiyi Kamil adlı şəxsin uzun tövləsinə yaxınlaşmışdır. Həyətə dəmir torların üzərindən atlayaraq daxil olmuşdur. Həyətdən tapdığı bir ədəd dəmir parçası ilə tövlənin dəmir pəncərəsini açaraq içəri daxil olmuş və oradan 3 baş quzu götürüb, içəri daxil olduğu dəmir pəncərədən quzularla birlikdə çıxmış və həmin quzuları arpa yemi ilə aldadıb fermadan uzaqlaşdırmışdır. Bundan sonra quzuların ayaqlarını iplə bağlamış və bir-bir həmin quzuları çiynində daşıyaraq işlədiyi fermaya aparmışdır. İşlədiyi fermaya qayıtdıqan sonra həmin quzuları böyüdüb satmaq məqsədi ilə ferma sahibi Bayramın quzularının içərisinə buraxmışdır. Lakin bu barədə Bayrama heç bir məlumat verməmişdir. Bir neçə gün sonra həmin quzuların iki başını satmaq qərarına gəlmiş və fermada heç kimin olmadığından istifadə edərək quzuları fermadan çıxardıb Biləsuvar rayon gömrük yoluna aparmışdır. Orada yoldan keçən taksilərin biri ilə quzuları Biləsuvar rayon heyvan bazarına aparmış və orada əvvəlcədən tanımadığı şəxsə bir başını 180 (yüz səksən) manat müqabilində satmışdır. Üçüncü quzunu isə fermada daha sonra satmaq üçün saxlamışdır. 05 mart 2024-cü il tarixdə Biləsuvar rayon polis şöbəsinə dəvət olunmuş, sorğu sual zamanı etdiyi oğurluq cinayətini etiraf etmiş və Zərərçəkmiş şəxs1 1 baş quzusunun fermada olmasını deyərək, quzunu təqdim edə biləcəyini demişdir. 26 fevral 2024-cü il tarixdə axşam saat 23 radələrində atla Biləsuvar rayonu Ağalıkənd kəndinə getmiş, orada biraz gəzdikdən sonra işlədiyi fermaya qayıtmaq üçün yola düşmüşdür. Biləsuvar rayonu Aşağı Cürəli kəndi ərazisinə daxil olduqdan sonra əvvəlcədən oğurluq etmək üçün müəyyənləşdirdiyi evə yaxınlaşmışdır. Həmin vaxt artıq 27 fevral 2024-cü il tarixdə saat 02 radələri olmuşdur. Gəldiyi atı biraz kənarda bağlayıb, daş hasara yaxınlaşmışdır. Daş hasarın bir hisssəsinin tövlə olmasını və yol tərəfə iki ədəd dəmir qapısının olmasını görmüşdür. Həmin qapıların birinin çöl tərəfdən bağlanmasını görüb, açmışdır. Qapını açan zaman həmin qapının ot kiplərinin yığıldığı saraya aid olmasını görmüşdür. Həmin qapıdan saraya daxil olmuş, orada olan taxta qapını təpik zərbəsi ilə vuraraq açıb tövləyə daxil olmuşdur. Bundan sonra həmin tövlədən 2 baş keçi götürüb, tövlənin yola açılan qapısını açaraq çıxmış və oradan atla işlədiyi fermaya qayıtmışdır. Bir neçə gün sonra hamin keçiləri Biləsuvar rayonunun heyvan bazarına aparmış və tanımadığı şəxsə bir başını 110 (yüz on) manat mübabilində satmaqla, ümumilikdə 220 (iki yüz iyirmi) manat pul əldə etmişdir. Daha sonra həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulan zərəri tam olaraq ödədiyini və onlarla barışıq əldə edilməsini bildirərək, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, yaşadığı evin həyətində təxminən 10 metr uzunluğunda, 4 metr enində, 2 metr hündürlüyündə çiy kərpiçdən tikilmiş tövlə vardır. Həmin tövlənin üstünü azbes şiferləri ilə örtmüş və tövlənin 2 ədəd taxta qapısı və 4 ədəd də taxta pəncərəsi vardır. Həmin qapıların heç birində kilid yoxdur, sadəcə olaraq iplə bağlayır. Həmin tövlədə 15 baş qoyun və 10 baş da quzu saxlayır. O, hər gün səhər saat 07 radələrində tövlənin içərisində qoyun-quzulara yem verir, quzuları çölə buraxmır, lakin qoyunları otlaması üçün çölə buraxır. 05 yanvar 2024-cü il tarixdə saat 07 radələrində tövləyə heyvanlara yem vermək üçün getmişdir. Tövlənin qapısını açaraq içəri daxil olduqdan sonra quzuları süd içmələri üçün qoyunların yanına buraxmışdır. Həmin vaxt iki baş quzunun olmadığını görmüşdür. Daha sorna quzuların həyətdə olmasını zənn edərək həyətə və ətrafa baxmışdır. Lakin quzuları tapa bilməmiş, buna görə də hadisə barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Polis əməkdaşları hadisə yerinə gələrək baxış keçirmişlər. Həmin quzular onun saxladığı qoyunların balalarıdır. Quzuların hər biri erkək cinsli, 3 aylıq və diri çəkiləri təxminən 25-30 kiloqram və hər birinin qiyməti təxminən 220 (iki yüz iyirmi) manat dəyərində olmaqla, ona ümumilikdə 440 (dörd yüz qırx ) manat maddi ziyan dəymişdir. Təxminən 2 ay sonra quzularının Masallı rayon sakini Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasını bilmişdir. Təqsirləndirilən şəxs əvvəlcədən tanımamış və aralarında heç bir münasibət olmamışdır. Ona məxsus olan fərdi yaşayış evinin həyətində hadisə zamanı heç bir müşahidə kamerası olmamışdır. Məhkəmə əmtəəşünashq ekspertizasının xx.xx.2024-cü il tarixli 19\294 nömrəli rəyində göstərilənlərlə razıdır. Sonda Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödədiyi üçün aralarında barışıq əldə edildiyini, ondan şikayət və tələbinin olmaması səbəbindən ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, yaşadığı evin həyətində təxminən 100 metr uzunluğunda, 10 metr enində, 3 metr hündürlüyündə daşdan tikilmiş tövlə vardır. Həmin tövlənin üstünü azbes şiferləri ilə örtmüş və tövlənin 5 ədəd dəmir qapısı və 30 ədəd də dəmir pəncərəsi vardır. Həmin qapıların heç birində kilid yoxdur. Tövlədə 4 baş iribuynuzlu mal-qara və 17 baş qoyun, 13 baş da quzu saxlayır. Hər gün səhər saat 08 radələrində tövlənin içərisində qoyun-quzulara yem verir və quzuları çölə buraxmır. 15 fevral 2024-cü il tarixdə saat 08 radələrində tövləyə heyvanlara yem vermək üçün gedən zaman bir ədəd dəmir pəncərənin açıq olmasını görmüşdür. Buna görə də tövləyə kiminsə daxil olmasını zənn edərək heyvanları saymağa başlamışdır. Heyvanları sayan zaman quzuların 3 başının yerində olmadığını müəyyən etmişdir. Əvvəlcə pəncərənin açıq qalması ehtimalını fikirləşərək, həyətə və ətrafa göz gəzdirmişdir. Lakin quzuları tapa bilməmiş, buna görə də bu barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Polis əməkdaşları hadisə yerinə gələrək ətrafa nəzər yetirmişlər. Həmin quzular onun saxladığı qoyunların balaları olmuşdur. Quzuların hər biri erkək cinsli 1 yaşında və diri çəkiləri təxminən 30-35 kiloqram və hər birinin qiyməti təxminən 270 (iki yüz yetmiş) manat dəyərində olmaqla, ona ümumilikdə 810 (səkkiz yüz on ) manat maddi ziyan dəymişdir. Təxminən 20 gün sonra bilmişdir ki, quzularını Masallı rayon sakini Təqsirləndirilən şəxs oğurlamışdır. Bildirir ki, Təqsirləndirilən şəxs əvvəlcədən tanımamış və aralarında heç bir münasibət olmamışdır. Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış üç baş quzudan bir baş quzu ona qaytarılmışdır. Ona məxsus olan fərdi yaşayış evinin həyətində hadisə zamanı heç bir müşahidə kamerası olmamışdır. Təqsirləndirilən şəxs ona məxsus olan tövləyə daxil olaraq quzuları oğurlayan zaman, başqa heç bir maddi ziyan vurmamışdır. O, məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 19\294 nömrəli rəyində göstərilənlərlə razıdır. Sonda Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödədiyi üçün aralarında barışıq əldə edildiyini, ondan şikayət və tələbinin olmaması səbəbindən ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, yaşadığı evin həyətində təxminən 20 metr uzunluğunda, 5 metr enində, 2 metr hündürlüyündə daşdan tikilmiş tövlə vardır. Həmin tövlənin üstünü azbes şiferləri ilə örtmüş və tövlənin 2 ədəd dəmir qapısı və 2 ədəd də taxta qapısı vardır. Həmin qapıların heç birində kilid yoxdur, sadəcə olaraq taxta qapıların açılamasının qarşısını almaq üçün mismardan istifadə edir. Həmin tövlədə 4 baş iribuynuzlu mal-qara saxlayır. 2024-cü ilin yanvar ayında Biləsuvar rayon heyvan bazarıdan bir başı 110 (yüz on) manatdan olmaqla iki baş keçi almışdır. Həmin keçiləri bir neçə ay saxladıqdan sonra kəsmək məqsədi ilə almışdır. Həmin iki baş keçini daimi olaraq tövlənin içərisində saxlamışdır. 27 fevral 2024-cü il tarixdə saat 07 radələrində tövləyə heyvanlara yem vermək üçün getmişdir. Tövlənin qapısını açıb içəri daxil olan zaman iki baş keçinin olmadığını aşkar etmişdir. Bundan sonra əvvəlcə bütün həyətə və daha sonra isə yola baxmış, lakin keçiləri tapa bilməmişdir. Buna görə də həmin keçilərin oğurlanmasını zənn edərək hadisə barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Polis əməkdaşları hadisə yerinə gələrək ətrafa baxış keçirmişlər. Təxminən 10 gün sonra keçilərini Masallı rayon sakini Təqsirləndirilən şəxs oğurlamasını bilmişdir Təqsirləndirilən şəxs əvvəlcədən tanımamış və aralarında heç bir münasibət olmamışdır. Məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 19\294 nömrəli rəyində göstərilənlərlə razıdır. Sonda Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödədiyi üçün aralarında barışıq əldə edildiyini, ondan şikayət və tələbinin olmaması səbəbindən ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir. Onun təqsiri özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı digər sübutlarla da təsdiq edilir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilmir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Biləsuvar rayonunun Nəsimi kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Biləsuvar rayonu Yuxarı Ağalı kəndi ərazisində yerləşən Şəhriyar adlanan yerdə ona məxsus ferma vardır. Həmin fermada iribuynuzlu və xırdabuynuzlu mal-qara saxlayır. Heyvanların sayı çox olduğuna görə və ferma ilə yaşadığı ev arasında məsafə uzaq olduğu üçün fermada çoban işlədir. Təxminən 2019-cu ildə Masallı rayon sakini kimi tanıdığı və qonşu olan fermada işləyən Təqsirləndirilən şəxs əvvəl işlədiyi ferma öz fəaliyyətini dayandırdığı üçün çoban kimi işə götürmüşdür. Həmin fermada özü də gecələr qalır, lakin ara-sıra yaşadığı evə gedir və orada qalır. Həmin vaxt Asəf fermada tək qalmışdır. 05 mart 2024-cü il tarixdə Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşları ona məxsus fermaya gəlmişlər və Asəfi soruşmuşlar. O da polis əməkdaşlarından Asəfi nə üçün soruşmalarının səbəbi ilə maraqlanmışdır. Polis əməkdaşları da ona Asəfin yaxın kəndlərdən oğurluq etməsini bildirmişlər. O da polis əməkdaşlarına Asəfin hazırda örüşdə olmasını və mal-qaranı otarmasını demişdir. Daha sonra o, Asəfi çağırmış və polis əməkdaşları Asəfi özləri ilə aparmışlar. Bir neçə saat sonra Asəflə birlikdə polis əməkdaşları yenidən fermaya qayıtmışlar və Asəf daha əvvəlcədən oğurladığı bir baş quzunu onun quzularının içərisindən göstərib həmin quzunun Zərərçəkmiş şəxs1 məxsus olmasını bildirmişdir. Asəfin təqdim etdiyi quzu Zərərçəkmiş şəxs1 təqdim edilmişdir. Bundan sonra baş verən proseslərdən məlumatı olmamışdır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzi X1 08 aprel 2024-cü il tarixli. 19\294 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş: - 1 baş. 1 yaşında, erkək cinsli, diri çəksi 35 (otuz beş) kiloqram olan quzunun 2024-cü ilin yanvar-fevral aylarına olan bazar qiyməti nəzəri qaydada təxminən 300.00 manat. - 1 baş. 3 aylıq, erkək cinsli, diri çəksi 25 (iyirmi beş) kiloqram olan quzunun 2024-cü ilin yanvar-fevral aylarına olan bazar qiyməti nəzəri qaydada təxminən 240.00 manat. - 1 baş yaşlı, erkək cinsli, diri çəkisi təxminən 30 (otuz) kiloqram olan keçinin yanvarfevral aylarına olan bazar qiyməti nəzəri qaydada təxminən 160.00 manat olması müəyyən edilir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətində CM-in 177.2.2 və 177.2.3-cü maddələrinin tərkibi vardır. Odur ki, o, qeyd edilən maddələr üzrə təqsirli bilinib cəzalanmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Əsgərov X2 rayon məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM- nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş, lakin zərərçəkən şəxslə barışdığı üçün CPM-nin 40.2.2-ci maddəsinə əsasən icraata xitam verilmişdir. xx.xx.2007-ci il tarixli İsmayıllı Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay azadlıqdan məhrum edilmiş, xx.xx.2007-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Biləsuvar rayon məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixli Salyan rayon məhkəməsinin qərarı ilə cəzası 02 il 09 aya endirilmiş, xx.xx.2019-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkumluğu ödənilmişdir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəməsini və onlarla barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs hərəkətlərində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddə ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-in 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə CM-in 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 05 mart 2024-cü il tarixdə saat 23:30-da tutma tətbiq olunmuş, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(022)-29/2024 saylı qərarı ilə təqsirləndirələn şəxs Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından azad edilmiş, 07 mart 2024-cü il tarixdə saat 18:50-da Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Biləsuvar Rayon Məhkəmsinin xx.xx.2024-cü il tarixli 4(022)-45/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs haqqında 27 (iyirmi yeddi) gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 05 iyun 2024-cü il tarixdən müəyyən edilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 05 mart 2024-cü il tarixdən 07 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı iki gün müddət CM-in 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə nəzərə alınmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli 05 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Habelə məhkəmə hesab edir ki, CPM-in 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 50 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 mart 2024-cü il tarixdən 07 mart 2024-cü il tarixədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində saxlanılma müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilən cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 05 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci qismində 50 (əlli) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X3
Məhkəmə qərarları › İş №1(022)-123/2024
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-123/2024
07.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver