Məhkəmə qərarları › İş №1(022)-125/2024

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-125/2024

28.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-125/2024 28.08.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızının sədrliyi, Abdullayev Vüsal Kamal oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx xxxxxx 1973-cü ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işsiz, Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 sentyabr 2000-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin (köhnə redaksiyada) 226-cı maddəsinin 2-ci hissəsilə 09 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məntəqə tipli cəza çəkmə müəssisəsində cəza çəkərkən törətdiyi cinayətə görə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 03 iyul 2008-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin (köhnə redaksiyada) 226-cı maddəsinin 234.4.2, 234.4.3-cü maddələri ilə 10 il 04 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin məcəllənin 67.1-ci maddəsinə əsasən 27 sentyabr 2000-ci il tarixli hökmü ilə birləşdirilməklə üzərində qəti olaraq 10 il 06 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 21 avqust 2018-ci ildə cəzasının sonu ilə azad edilmiş, Biləsuvar rayon məhkəməsinin 13 aprel 2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 il, 08 ay, 27 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cəlilabad rayon məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1, 66.5-ci maddəsi ilə 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 24 yanvar 2022-il tarixli Xətai Rayon Məhkəməsinin qərarı ilə 05 noyabr 2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, 05 iyul 2023-cü ildə Xəzər Rayon Məhkəməsinin qərarı ilə 03 ay 08 gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş, Biləsuvar şəhər, 1 may küçəsində qeydiyyatda olmaqla yaşayan, barəsində 04 may 2024-cü il tarixli qərarla polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində irəli sürülmüş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı xeyli miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda -1,101 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, daşıyaraq saxlamış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının alınmış məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 02 may 2024-cü il tarixdə saat 18:37 dəqiqədə Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən ərzaq mağazasının yaxınlığında olan zaman şübhəli şəxs kimi saxlanılaraq Biləsuvar Rayon Polis Şöbəsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki köynəyin sol sinə cibində “Sobranie” markalı siqaret qutusunun içərisində şəffaf rəngli sellofana bükülmüş, təmiz çəkisi -1,101 qram olan xeyli miqdarda ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanda yaşayır. 27 sentyabr 2000-ci il tarixdə külli miqarda narkotik vasitələr daşıdığı üçün 09 il azadlıqdan məhrum edilmişdir, 28 avqust 2008-ci il tarixdə məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkərkən yenidən külli miqarda narkotik vasitələr daşıdığı üçün 10 il, 06 ay azadlıqdan məhrum edilmişdir. 2018ci ildə azadlığa çıxmışdır. 2021-ci il tarixdə narkotik vasitə istifadə etdiyinə görə 03 il azadlıqdan məhrum edilmişdir, təxminən 08 ay bundan əvvəl azadlığa çıxmışdır. O, narkotik vasitələrin müxtəlif növlərindən istifadə etmişdir. O, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində ailə üzvləri ilə birlikdə kirayədə yaşamışdır. 01,05.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşadığı evin yaxınlığında piyada hərəkətdə olan zaman yerdən bir ədəd bükülü tapmış və içərisinə açıb baxmışdır. O, həmin bükülünün içərisində psixotrop maddə metamfetamin olmasını bilmişdir. 01 may 2024-cü il tarixdə o, ailə üzvləri ilə birlikdə qızı xəstələndiyi üçün Biləsuvar şəhərinə gəlmişdir. Biləsuvar şəhəri, M.İbrahimov küçəsində ərzaq mağazasının yaxınlığında piyada hərəkətdə olan zaman polis əməkdaşları onu narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlayıb, Biləsuvar RPŞnə gətirmişlər. Polis Şöbəsində xidməti otaqların birində hüquqları ona izah olunmuşdur. Sonra da ona öz istəyi ilə hüquqlarını müdafiə etmək ücün X5 vəkil kimi dəvət olunmuşdur. Bundan sonra videoçəkiliş aparılmaqla polis əməkdaşı ona üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan olunmuş hər hansı əşya varsa hamısını çıxarıb stolun üstünə qoymasını təklif etmişdir. O da əynindəki köynəyin sol sinə cibində olan bir ədəd üzərində “Sobranie” sözü yazılmış siqaret qutusunun içərisində olan şəffaf rəngli sellofan bükülünü çıxarıb polis əməkdaşlarına təqdim etmiş və sorğu zamanı həmin bir ədəd bükülünün içərisində özünün istifadə etməsi üçün psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Həmin metamfetamini 1 gün hadisədən əvvəl Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində piyada hərəkətdə olan zamanı yerdən tapmışdır. Bundan sonra o, əynində olan şalvarın arxa cibindən bir ədəd qatlanan bıçağı çıxardıb, təqdim edərək, meyvə yemək üçün üzərində saxladığını bildirmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilsə də üzərindən qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Aşkar olunaraq götürlmüş psixotrop maddə metamfetaminin olduğu bükülü elektron tərəzidə çəkilən zaman -1,16 qram olması müəyyən edildi. Bu barədə protokol tərtib edilmiş və o da həmin protokolu imzalamışdır. O, həmin psixotrop maddə metamfetamini saxlanılmamışdan 1 gün əvvəl Bakı şəhəri, Qaradağ, Lökbatan qəsəbəsinin ərazisində yerdən tapmışdır, həmin psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün üzərində saxlamışdır, həmin psixotrop maddə metamfetamini satmaq fikri olmamışdır. Saxlanılan zaman ona qarşı heç bir təziq və təsir göstərilməmişdir. Sonda, Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Şahid1 ifadəsində göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin cinayət-axtarışı bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis leytenantı rütbəsindədir. Biləsuvar şəhər 1 may küçəsində yaşayan Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün 02 may 2024-cü il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə onunla yanaşı rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid2 da daxil edilmişdir. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq 02 may 2024-cü il tarixdə saat 18:37 dəqiqədə Abbasov X4 şəhər M.İbrahimov küçəsində yerləşən ərzaq mağazasının yaxınlığında saxlanılaraq Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edib hava, əməliyyat şəraiti və avtomobillərin vaxtaşırı olaraq hərəkəti, o cümlədən təhlükəsizlik tədbirlərə nəzərə alınmaqla Biləsuvar RPŞ-nə gətirmişlər. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddə olması şübhəsi olduğundan bu barədə raportla şöbə rəhbərliyinə məruzə edilmişdir. Tərtib edilmiş raportun icrası rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Xanlar Alışova həvalə edilmişdir. Təqsirləndirilən şəxs müvafiq qaydada hüquq və vəzifələri, o cümlədən, vəkil dəvət etmək hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs vəkil siyahısı ilə tanış olduqdan sonra hüquqlarının vəkil X5 tərəfindən müdafiə olunmasını istəməsini bildirmişdir. Vəkil Fədai Quliyev dəvət edilmişdir. Şəxsi axtarış keçirilməsi üçün videoçəkilişdən istifadə olunmuşdur. Həmin videoçəkilişi rayon polis şöbəsinin X1 baş inspektoru, polis kapitanı Anar Abduhəlimov kamera ilə qeydə almışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi başlanılmış və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sol yan cibindən 1 ədəd qara rəngli bıçağa bənzər predmeti və əynindəki narıncı rəngli köynəyin sol sinə cibindən isə 1 ədəd “Sobranie” markalı siqaret qutusunun içərisində olan şəffaf rəngli sellofana bükülmüş bükülünü çıxararaq təqdim etmişdir. Həmin bükülü açılıb baxılan zaman içərisində metamfetaminə bənzər psixotrop maddə olması, elektron tərəzidə çəkildikdə bükülü ilə birlikdə çəkisinin 1,16 qram olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellefona bükülmüş bir ədəd bükülünün içərisində olan maddənin psixotrop maddə olan metamfetamin olmasını, 01 may 2024-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerdən tapmasını və öz şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirmişdir. Bundan başqa isə aşkar olunaraq götürülmüş 1 ədəd bıçağa bənzər predmeti isə Bakı şəhəri ərazisində dükanların birindən 5 manata almasını və meyvə doğramaq üçün istifadə etməsini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də qanunla qadağan edilmiş başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış keçirilməsi barədə tərtib edilmiş protokolla Təqsirləndirilən şəxs, müdafiəçisi Fədai Quliyevin iştirakı ilə tanış olaraq imzalamışdır. Şəxsi axtarış keçirilməsinə dair tərtib edilmiş protokolla digər iştirakçılar kimi o da tanış olub imzalamışdır. Saxlanılan zaman Təqsirləndirilən şəxs qarşı hər hansı bir zor tətbiq edilməmiş, hər bir hərəkət öz razılığı ilə olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuzluğa yol verilməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 işin mahiyyəti üzrə Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə haqqında” 02 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa, könüllü olaraq çıxarıb təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs da əynindəki göy rəngli şalvarın sol yan cibindən 1 ədəd qara rəngli qatlanan bıçağa bənzər predmet, əynindəki göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu və əynindəki narıncı rəngli köynəyin sol sinə cibindən isə 1 ədəd “Sobranie” markalı siqaret qutusunun içərisində olan şəffaf rəngli sellofana bükülmüş bükülünü təqdim edərək həmin bükülünün içərisində özünün istifadəsi üçün psixotrop maddə olmasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açılıb baxıldıqda içərisində metamfetaminə bənzər psixotrop maddə olması müəyyən edilmişdir. Aşkar edilərək götürülmüş metamfetaminə bənzər psixotrop maddə sellofan bükümlə birlikdə çəkildikdə 1,16 qram olması müəyyən edilmişdir. Bundan başqa, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetamin və qara rəngli 1 ədəd bıçağa bənzər predmet zərfə qoyularaq qablaşdırılmış, şöbənin 61 nömrəli möhürü ilə möhürləndikdən sonra götürülmüşdür. Təqsirləndirilən şəxs təhqiqatçı Mahsun Kərimov tərəfindən ona verilən suallara cavab olaraq üzərindən aşkar edilərək götürülmüş metamfetaminə bənzər psixotrop maddəni 01,05.2024-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən tapmasını, öz şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirmişdir, bundan başqa üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd bıçağa bənzər predmeti isə Bakı şəhəri ərazisindən dükanların birindən 5 manata almasını və meyvə doğramaq üçün üzərində saxlamasını bildirmişdir. Şəxsi axtarış zamanı «Samsung» markalı videokamera ilə çəkilmiş videogörüntülər olan diskə baxış keçirilmiş və toplanmış istintaq materiallarına əlavə edilmişdir. ( i.v. 33-34) İlkin araşdırma zamanı 02 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə videoçəkliş aparılmaqla keçirilmiş şəxsi axtarışın əks olunduğu bir ədəd CD disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. ( i.v. 35, 135-140) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsinin məhkəmə-bioloji ekspertizasının 03 may 2024-cü il tarixli 19/389 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülü....» sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi: -1,101 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr” siyahısına daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi -1,101 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq -1,051 qram. (i.v. 42-44) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər Narkoloji Xəstəxanasında ambulator məcburi-narkoloji tibbi yoxlamanın 06 may 2024-cü il tarixli 417 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların və opioidlərin qəbulundan yaranan asılılıq sindromu ( POLİNARKOMANİYA XƏSTƏLİYİ ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. (i.v. 103) “Sübutların qiymətləndirilməsi haqqında” 08 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs etirafedici ifadələri, şahid ifadələri, istintaq hərəkəti protokolları, Məhkəmə Ekspertiza X2 Bölməsinin 03 may 2024-cü il tarixli 19/390 nömrəli, Lənkəran Rayonlararası Narkoloji xəstəxanasının 06 may 2024-cü il tarixli 417 nömrəli rəyi, eləcə də, işdə olan digər sənədlər sübut növü kimi qiymətləndirilmiş, ilkin araşdırma zamanı 02 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə videoçəkliş aparılmaqla keçirilmiş şəxsi axtarışın əks olunduğu bir ədəd CD disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin ümumi çəkisi 1,16 qram göstərilsə də məhkəmə fiziki-kimyəvi ekspertizasının müvafiq rəyi ilə həmin psixotrop maddə metamfetaminin 1,101 qram olmasının nəzərə alınması, psixotrop maddə metamfetaminin 1,101 qram ümumi çəkisinin tədqiqatdan sonrakı 1,051 qram qalığının maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü rayon polis şöbəsinin saxlancına təhvil verilməsinin nəzərə alınması qərara alınmışdır. (i.v.135-140) “Şübhəli şəxsin tutulması haqqında” 02 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 02 may 2024-cü il tarixdə, saat 19:10-da tutulmuşdur. (i.v. 24) “Həbs qətimkan tədbiri seçilməsi üçün verilmiş vəsatətin təmin edilməməsinə dair” 04 may 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilməsi qərara alınmışdır. (i.v.78-79) “Şəxsin MSY-də saxlanılmaqdan azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 04 may 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. (i.v.80-81) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən alınmış 07 may 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 sentyabr 2000-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 226-cı maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 09 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məntəqə tipli cəza çəkmə müəssisəsində cəza çəkərkən törətdiyi cinayətə görə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 03 iyul 2008-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin (köhnə redaksiyada) 226-cı maddəsinin 234.4.2, 234.4.3-cü maddələri ilə 10 il 04 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin məcəllənin 67.1-ci maddəsinə əsasən 27 sentyabr 2000-ci il tarixli hökmü ilə birləşdirilməklə üzərində qəti olaraq 10 il 06 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 21 avqust 2018-ci ildə cəzasının sonu ilə azad edilmiş, Biləsuvar rayon məhkəməsinin 13 aprel 2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 il, 08 ay, 27 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cəlilabad rayon məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1, 66.5-ci maddəsi ilə 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 24 yanvar 2022-il tarixli Xətai Rayon Məhkəməsinin qərarı ilə 05 noyabr 2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, 05 iyul 2023-cü ildə Xəzər Rayon Məhkəməsinin qərarı ilə 03 ay 08 gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmişdir. (i.v. 93-95) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə cinayət işi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarının tələblərini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahid ifadəsi, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının» İİ siyahısının 118-ci bəndinin tələbinə görə metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 2 qramdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 15.3-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur; 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir; 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Yuxarıda göstərilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 07 may 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunduğu cinayətlər üzrə məhkumluqları ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.3-cü maddəsinə əsasən cinayətlərin residivi aşağıdakı hallarda xüsusilə təhlükəli sayılır: 18.3.1. qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; 18.3.2. qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə; 18.3.3. qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə. Göründüyü kimi Təqsirləndirilən şəxs ağır cinayətlər üzrə cəzadan azad edildiyi gündən alti il və az ağır cinayətlər üzrə cəzadan azad edildiyi gündən iki il keçmədiyinə görə məhkumluqları ödənilməmişdir. Ona görə də Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə hər hansı ardıcıllıqla 3 dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs olduğundan xüsusi təhlükəli residiv sayılır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Qəsdən az ağır cinayət törətməyə görə əvvəllər üç dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.3.1-ci maddəsinə əsasən cinayətin xüsusilə təhlükəli residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əmələ görə Cinayət Məcəlləsinin 234.1-ci maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dörddə üçündən az olmamaqla cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, törətdiyi əməldə xüsusilə təhlükəli residivin olduğunu nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 may 2024-cü il tarixdə, saat 19:10-də şübhəli şəxs kimi tutma tətbiq olunmuş və Təqsirləndirilən şəxs 04 may 2024-cü il tarixdə, saat 13:30-da Biləsuvar rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs faktiki tutulduğu 2 gün müddət təyin edilən azadlıqdan məhrum etmə cəzasının müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin dörddə üçündən az olmamalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinə əsasən cinayətlərin xüsusi təhlükəli residivi zamanı azadlıqdan məhrum etmə növündə cəza xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər Narkoloji Xəstəxanasında ambulator məcburi-narkoloji tibbi yoxlamanın 06 may 2024-cü il tarixli 417 nömrəli rəyinə və Cinayət Məcəlləsinin 93-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, tədqiqatdan sonra xalis çəkisi -1,051 qram olan psixotrop maddə olan metamfetamin məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən 02 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın əks olunduğu 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli, o məhkəmə iclas zalından həbsə alınmalı və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, cəzaçəkmə müddətinin əvvəli 28 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44, 197-198, 344-347, 349, 351-353, 356-358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 1 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi xüsusi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 28 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 1,051 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar