Məhkəmə qərarları › İş №1(022)-127/2023

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-127/2023

16.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-127/2023 16.08.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullayev Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1965-ci ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, İİ qrup əlil, Biləsuvar Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə təqsirli bilinib 11 (on bir) ay 28 (iyirmi səkkiz) azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 24 aprel 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yaşayan, barəsində 15 iyun 2023-cü il tarixli qərarla polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından -0,548 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 13 iyun 2023-cü il tarixdə saat 15:10 dəqiqədə Biləsuvar şəhəri M.İbrahimov küçəsində yerləşən “Mələyim” şirniyyat evinin yaxınlığında piyada hərəkətdə olan zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən həmin narkotik vasitə heroin bir ədəd aliminium falqaya bükülümüş bükülüdə olmaqla əynindəki qara rəngli cins şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, 13 iyun 2023-cü il tarixdə saat 15 radələrində Biləsuvar şəhəri M.İbrahimov küçəsində yerləşən evinin yanında olan “Mələyim” marketin yaxınlığında dayanan zaman polis işçiləri ona yaxınlaşaraq Biləsuvar rayon polis şöbəsinə dəvət etmişlər. O da etiraz etməyib polis şöbəsinə getmişdir. Polis şöbəsində onun cibinə narkotik vasitə qoyub ona məxsus olmasını deməsini ondan tələb etmişlər. O da etiraz etməyib razılaşmışdır. Vəkilin iştirakı ilə vidio çəklişlə üzərinə baxış keçirilən zaman həmin narkotik vasitə heroini çıxardıb təqdim etmişdir. Həmin vaxt və sonradan polis işçilərinin onun üzərinə narkotik vasitə qoyması barədə heç kimə bir söz deməmişdir. Nə də həmin hadisə barədə heç bir şikayəti olmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ona elan edilmiş ittihamda özünü tam təqsirli bilir. Biləsuvar şəhəri, M.İbrahimov küçəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Narkotik maddə istifadəçisidir və narkotik vasitələrin qanunsuz dövriyyəsində görə əvvəllər məhkum olunmuşdur. 13 iyun 2023-cü il tarixdə Biləsuvar şəhəri M.İbrahimov küçəsində yerləşən bazarın yaxınlığından aliminium falqaya bükülmüş bükülü tapmış, həmin bükülünü açıb baxmış və içərisində heroin olmasını görmüşdür. Həmin heroini bükülü ilə birlikdə öz cibinə qoymuş və fikirləşmişdir ki, sonra istifadə edər. 13 iyun 2023-cü il tarixdə saat 15:10 radələrində Biləsuvar şəhəri M.İbrahimov küçəsində yerləşən “Mələyim” marketin yaxınlığında piyada hərəkətdə olan zaman polis əməkdaşları onu saxlamış, polis əməkdaşları yaxınlaşaraq gəlişlərinin səbəbini izah etdikdən sonra onu rayon polis şöbəsinə gətirmişlər. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli kimi saxlanıldığı üçün öz istəyi ilə hüquqlarını müdafiə etmək üçün Müdafiəçi dəvət olunmuş, bundan sonra üzərinə video kamera ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl ona bildirilmişdir ki, üzərində qanunla saxlanılması qadağan olunmuş narkotik vasitə və yaxud digər əşya vardırsa təqdim etsin. O, əynindəki qara rəngli cins şalvarın sol yan cibindən “Senat” markalı siqaret qutusunun içərisindən 1 (bir) ədəd aliminium falqaya bükülmüş büklünü çıxarıb təqdim edərək içərisindəki maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin bükülü açılıb içərisinə baxıldıqda içərisində narkotik vasitə heroinə bənzər maddə olması, həmin bükülü şöbənin elektron tərəzisində çəkildikdə, bükülü ilə birlikdə çəkisinin 0,77 qram olması müəyyən edilmişdir. Daha sonra həmin bükülü ekspertizaya göndərilməsi üçün müvafiq qaydada qablaşdırılmışdır. Zərfin üzərini o, müdafiəçisi Müdafiəçi və digər iştirakçılar imzalamışlar. Üzərinə keçirilən şəxsi axtarış zamanı əlavə heç bir əşya aşkar olunub götürülməmişdir. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar tərtib edilmiş protokolla müdafiəçisi Müdafiəçi birlikdə tanış olub imzalamışdır. Nə saxlanılan zaman, nə də ki, üzərinə şəxsi axtarış keçirilən zaman polis əməkdaşları tərəfindən hər hansı təzyiq və təsir olmamış, bütün hərəkətlər könüllü olaraq öz istəyilə həyata keçirilibdir. Hazırda səhvini başa düşür və əməlindən səmimi peşmandır. Həmin heroini üzərində saxlamışdır ki, bədənində ağrılar olanda qəbul etsin və ağrıları kəsilsin. Narkotik vasitə heroini satmaq barədə isə ümumiyyətlə heç bir fikri və niyyəti olmayıbdır. Onun üzərinə şəxsi axtarış zamanı aşkar olunmuş heroinin qablaşma ilə birlikdə elektron tərəzidə çəkmişlər, ona görə də rəydə olan çəki düzdür. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisi və şahidləri dinləyərək iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Biləsuvar rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantı rütbəsindədir. Biləsuvar rayon sakini Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuş, həmin əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs cinayət əməlini ifşa edilməsi üçün 13 iyun 2023-cü il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında tərəfindən qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmşdır. Əməliyyat qrupunun tərkibinə onunla yanaşı RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid1 və RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 daxil edilmişdir . Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq 13 iyun 2023-cü il tarixdə saat 15:10 radələrində Təqsirləndirilən şəxs M.İbrahimov küçəsində yolun kənarı ilə piyada hərəkət edən zaman əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən 5 dəqiqədən sonra mvafiq əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üçün yaradılmış əməliyyat qrupunun üzvləri tərəfindən Təqsirləndirilən şəxs M.İbrahimov küçəsində yerləşən “Mələyim” şirniyyat evinin yaxınlığında saxlanılmışdır. Həmin vaxtı onlar Təqsirləndirilən şəxs özlərini təqdim etdikdən sonra gəlişlərinin səbəbini izah edərək Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə olması şübhəsi olduğundan o, bu barədə raportla şöbə rəhbərliyinə məruzə etmiş, tərtib edilən raportun icrası rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Həsən Əliyevə həvalə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs müvafiq qaydada hüquq və vəzifələri, o cümlədən, vəkil dəvət etmək hüququ izah olunmuşdur. Vəkil siyahısı ilə tanış olduqdan sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, hüquqlarının vəkil Müdafiəçi tərəfindən müdafiə olunmasını istəyir. Vəkil Müdafiəçi dəvət edilmişdir. Şəxsi axtarış keçirilməsi üçün videoçəkilişdən istifadə olunmuş, həmin videoçəkilişi rayon polis şöbəsinin X1 baş inspektoru, polis kapitanı Anar Abduhəlimov kamera ilə qeydə almağa başlamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sol yan cibindən “Senat” markalı siqaret qutusunun içərisindən 1 (bir) ədəd aliminium falqaya bükülmüş bir ədəd bükülünü çıxarıb stolun üstünə qoyaraq bildirmişdir ki, təqdim etdiyi bükülünün içərisindəki narkotik vasitə heroindir, özünə məxsusdur. Həmin heroini 13 iyun 2023-cü il tarixdə Biləsuvar şəhəri M.İbrahimov küçəsində yerləşən bazarın yaxınlığından tapmışdır. Bundan sonra həmin bükülüyə onun iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində həqiqətən də narkotik vasitə heroinə bənzər maddə olması aşkar olunmuşdur. Həmin bükülü şöbənin elektron tərəzisində çəkilmiş və qablaşdırması ilə birlikdə 0,77 qram olması məlum olmuşdur. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi ilə birlikdə həmin protokolla tanış olub onu imzalamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş digər hər hansı bir digər əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış keçirilməsinə dair tərtib edilmiş protokolla digər iştirakçılar kimi o da tanış olub imzalamışdır. Onlar həmin vaxtı narkotik vasitə heroini qablaşdırması ilə birlikdə çəkdikləri üçün o qədər çəkidə olubdur. Ekspert rəyində göstərilən çəki düzdür, ekspert rəyi ilə razıdır. Şahid qismində dindirilmiş Şahid1 və Şahid3 işin mahiyyəti üzrə Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İşdə olan şəxsi axtarış və götürmə barədə 13 iyun 2023-cü il tarixli protokoldan görünür ki, araşdırma zərurəti ilə əlaqədar olaraq, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxs axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın şalvarın sol yan cibindən “Senat” markalı siqaret qutusunun içərisindən 1 (bir) ədəd aliminium falqaya bükülmüş çıxarıb təqdim edərək içərisindəki maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin bükülü açılıb içərisinə baxıldıqda içərisində narkotik vasitə heroinə bənzər maddə olması, həmin bükülü şöbənin elektron tərəzisində çəkildikdə, bükülü ilə birlikdə çəkisinin 0,77 qram olması müəyyən edilmişdir. Daha sonra həmin bükülü ekspertizaya göndərilməsi üçün müvafiq qaydada qablaşdırılmışdır. Zərfin üzərini o, müdafiəçisi Müdafiəçi və digər iştirakçılar imzalamışlar. Üzərinə keçirilən şəxsi axtarış zamanı əlavə heç bir əşya aşkar olunub götürülməmişdir. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar tərtib edilmiş protokolla müdafiəçisi Müdafiəçi birlikdə tanış olub imzalamışdır. Şəxsi axtarış zamanı «Redmi» markalı videokamera ilə çəkilmiş videogörüntülər olan diskə baxış keçirilmiş və toplanmış istintaq materiallarına əlavə edilmişdir. Cinayət İşinin materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin X2 14 iyun 2023-cü il tarixli 19/653 №-li ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində "…Təqsirləndirilən şəxs təqdim etdiyi bükülünün qablaşdırıldığı zərf ..." sözlər və imzalar olan 1 ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -0,548 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,548 qram, tədqiqata sərf edildi 0,05, qalıq 0,498 qram. İşdə olan tədqiqata təqdim edilmiş 0,548 qram narkotik vasitə heroinin tədqiqatdan sonrakı 0,498 qram qalığının nayət işi üzrə maddi sübut hesab edilərək məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 12 iyul 2023-cü il tarixli 729 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulu nəticəsində yaranana ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin hal-hazırda abstiensiya, intoksiasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji xəstəxanasındv 2022-ci ildən «Həşiş narkomanlığı» diaqnozi ilə qeydiyyatidadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 27 aprel 2022-ci il tarixdə Biləsuvar Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 28 gün azadlıqdan məhrum edilmişdir, 24 aprel 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməklə narkotik vasitənin onun üzərinə qoyulmasını bildirməklə cinayət məsuliyyətindən boyun qaçırmaqla cəzadan yayınmağa çalışmışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nın İ siyahısının 5-ci bəndinə görə heroinin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2,0 qramdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs əməlindən peşmançılıq hissi keçirməsini, hərəkətlərində cinayətin residivinin olmasını, habelə təyin olunacaq cəzanın onun məqsədlərinə nail olunmasında əhəmiyyətini, ailəsinin həyat şəraitinə, habelə onun islah olunması imkanlarına təsirini nəzərə alaraq ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuna uyğun və məqsədə müvafiq hesab edir. İş materiallarında olan 13 iyun 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 iyun 2023-cü il tarixdə saat 15:50-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 15 iyun 2023-cü il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 15 iyun 2023-cü il tarixdə saat 12:15-də saxlanılmaqdan azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs İİ qrup əlil olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs faktiki tutulduğu müddət təyin ediləcək azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-in 18-ci maddəsinin tələbinə görə qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Ona görə də, CM-in 61.1.1-ci maddəsində nəzərdə tutulan cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. CM-in 65.2-ci maddəsində göstərilir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzasınını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün müddət CM-in 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə nəzərə alınmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində residivə görə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasının ambulator məcburi narkoloji tibbi yoxlamanın 12 iyul 2023-cü il tarixli 729 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi Narkoloji xəstəxanasında 2022-ci ildən «Həşiş narkomanlığı» diaqnozi ilə qeydiyyatida olması nəzərə alınmalıdır. Habelə məhkəmə hesab edir ki, CPM-in 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 0,498 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 iyun 2023-cü il tarixindən 15 iyun 2023-cü il tarixinədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində saxlanılma müddəti, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına 1 (bir) günə 1 (bir) gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 16 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilən cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi Narkoloji xəstəxanasında 2022-ci ildən «Həşiş narkomanlığı» diaqnozi ilə qeydiyyatida olması nəzərə alınsın. İş üzrə ekspertiza xərci qismində 60 (altımış) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon Polis Şöbəsinin saxlancında saxlanılan və tədqiqatdan sonra qalan 0,498 qram narkotik vasitə heroin məhv edilsin. Hökm elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar