Məhkəmə qərarları › İş №1(022)-128/2024

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-128/2024

07.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-128/2024 07.08.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1992-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, evli, orta təhsilli, Biləsuvar rayonu Bağbanlar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində 27 mart 2024-cü il tarixli qərarla polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə 16 mart 2024- cü il tarixdə saat 03 radələrində Biləsuvar rayonu Bağbanlar kəndində yerləşən qonşusu Zərərçəkmiş şəxs yaşayış evinin həyətinə çəpərin üzərindən aşmaq yolu ilə qanunsuz daxil olduqdan sonra evin həyətində yerləşən saxlanc yeri hesab olunan tövlənin qapısının üzərində olan taxta parçasını çıxardıb içəri qanunsuz daxil olaraq oradan sonuncuya məxsus yerli cinsdən olan, üç aylıq, diri çəkisi təxminən 25 kiloqram olan, hər birinin dəyəri 200 (iki yüz) manat olmaqla iki baş erkək quzunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 400 (dörd yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, Biləsuvar rayonu Bağbanlar kəndində ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, rəsmi olaraq heç bir yerdə işləmir. Ailəsini dolandırmaq üçün yaşadığı kənddə avtomobil təmiri ilə məşğul olur. 15 mart 2024-cü il tarixdə axşam saat 22 radələrində rayon mərkəzində yemək yeyib bir qədər spirtli içki qəbul etmişdir. Həmin gün saat 02 radələrində yaşadığı kəndə getmiş, spirtli içki qəbul etdiyi üçün yata bilməmişdir. O, həyətə düşmüş bir qədər gəzdikdən sonra pula ehtiyacı olduğu üçün qonşuluqda olan qohumu Zərərçəkmiş şəxs quzularını oğurlmaq qərarına gəlmişdir. Buna görə də o, 16 mart 2024cü il tarixdə saat 03 radələrində yaşadığı evin bağından onların həyətinə keçmişdir. Həyətdə heç kimin olmadığından əmin olduqdan sonra tövləyə daxil olub oradan iki baş quzu tutmuş, sonra çəpərdən öz həyətlərinə keçmiş və oradan da quzuları birbaşa işlədiyi avtomobil təmiri sexinə aparmışdır. Quzuları sexin arxasında olan tikiliyə salmış və saat 04 radələrində heyvan alveri ilə məşğul olan Bəydili kənd sakini Əşrəfə zəng edib demişdir ki, “bazara gedirsənsə, mənim də iki baş quzum var, onları da apar”. O da demişdir ki, “apararam”. Sonra da Əşrəf idarə etdiyi Niva markalı avtomobillə onun yaşadığı kəndə gəlmişdir. Ona zəng vurub harada olduğunu soruşmuşdur. O da ona demişdir ki, “gəl mənim işlədiyim sexin qarşısına”. Əşrəf avtomobillə sexin qarşısına gəlmiş, o sexin arxasından quzuları gətirib Əşrəfin avtomobilinin qoşqusuna qoymuşdur. Qoşquda onun bir baş inəyi var imiş. Oradan da heyvan bazarına getmişlər. Əşrəf apardığı inəyi satmaq üçün iribunuzlu heyvan bazarına aparmış, o isə quzuları xırdabuynuzlu heyvan bazarına aparmışdır. Bir qədər gözlədikdən sonra fikirləşmişdir ki, quzuları burada satsa, etdiyi oğurluğun üstü açılar. Ona görə də İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yaşayan qəssablıqla məşğul tanışı Seymura satmaq qərarına gəlmişdir. Zəng edib Seymura demişdir ki, “iki baş satlıq quzum var, pula ehtiyacım vardır. Analarını satmışam, bunları alan olmadı. Gətirim bunları orada sat.” O da etiraz etməmişdir. Təxminən bir saat sonra Əşrəf ona apardığı inəyi satdığını demişdir və ondan “sən neynədin” soruşmuşdur. O, demişdir ki, “mən sata bilmədim, İmişlidə dostum var, aparıram ona verməyə”. Sonra da o quzuları yenidən Əşrəfin avtomobilinin qoşqusuna qoymuş və rayon mərkəzində Bəhrəmtəpəyə gedən taksilərin dayandığı yerə gəlmişlər. Orada Rəsul adlı taksi sürücüsü ilə danışıb 20 manata Bəhrəmtəpəyə aparmağa razılaşmışlar. Sonra da quzuları onun Mercedes markalı avtomobilinin yük yerinə qoymuşdur. Onun pulu olmadığı üçün Əşrəfdən 10 manat borc pul almış və demişdir ki, “quzuları satıb sənin pulunu və yol xərcini verəcəm”. Həmin gün saat 10 radələrində o, Bəhrəmtəpəyə çatmış və Seymurun qəssab dükanının qarşısında iki baş quzunu 250 manata razılaşıb ona satmışdır. Qayıtdıqdan sonra Əşrəfə zəng vurub quzuları satdığını və ondan aldığı borcla birlikdə 25 manat pulu ona vermişdir. Qalan pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Qonşusu Zərərçəkmiş şəxs quzularını təkbaşına oğurlamış, bu oğurluqda ona heç kim köməklik etməmiş, heç kimin məlumatı olmamış və bu barədə heç kimə heç bir söz deməmişdir. O, Əşrəf və Seymura quzuların ona məxsus olduğunu bildirməklə onlara həmin quzuların oğurluq olması barədə heç bir söz deməmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə vurulan zərəri tam olaraq ödədiyini və onunla barışıq əldə edilməsini bildirərək, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun və ailə üzvlərinin heç kimlə heç bir şəxsi-qərəzçiliyi və ədavəti yoxdur. O, yaşadığı evin həyətində 14 baş qoyun və 9 baş quzu saxlayır. Qoyunları gündüz vaxtı kənd ərazisində yerləşən örüş sahəsində olur. Quzular isə evin həyətində olan tövlədə qalırlar. Qoyunlar örüşdən qayıdandan sonra quzuları qoyunların yanına buraxır, bir qədər yemləndikdən sonra yenidən quzuları analarından ayırmışdır. 15 mart 2024-cü il tarixdə saat 17 radələrində 14 baş qoyunu örüşdən qayıtdıqdan sonra quzuları qoyunların yanına buraxmışlar. Quzuları bir qədər sonra qoyunlardan ayırmış və yaxınlıqdakı digər tövləyə salmışdır. Belə ki, o quzuları və qoyunları ayrı-ayrı tövlədə saxlayır. Həmin tövlələr kərpiçdən tikilmiş tövlələrdir, qapıları taxtadandır, qoyunları və quzuları tövlələrə saldıqdan sonra qapıların kilid yerinə taxta parçası salaraq bağlamışdır. Evin həyətindəki darvazanı isə həyət tərəfdən kilidlə bağlamışdır. 16 mart saat 06 radələrində yuxudan oyanmış, quzuları qidalanması üçün qoyunların yanına buraxmağa getmişdir. Quzuları saxladığı tövlənin qapısını açaraq çıxarmışdır. O, tövlənin qapısını açarkən axşam qapını bağladığı taxta parçası yerində olmuşdur. Qapını açdıqdan sonra 9 baş quzudan 2 baş quzunun əskik olmasını görmüşdür. O, bundan sonra oğlu Elşən Axundovu yuxudan oyadaraq 2 baş quzunun tövlədə olmamasını bildirmişdir. Bundan sonra onlar digər quzuları qoyunlardan ayırmışlar və qoyunları örüşə ötürmüşlər. Daha sonra o, oğlu ilə birlikdə quzuların oğurlanıb satılması ehtimalı ilə Biləsuvar rayonu ərazisində yerləşən “heyvan bazarı”-na getmişlər. Lakin 2 baş quzunu tapa bilməmişdir. Bundan sonra DİN- nin “102” Xidməti-zəng mərkəzinə zəng edərək 2 baş quzunun oğurlanması barədə məlumat vermişdir. Onun quzuları xx.xx.2023cü il tarixə keçən gecə yaşadığı evin həyətində olan tövlədən qapını açmaq yolu ilə içəri daxil olub heç bir ziyan vurmadan oradan oğurlanmışdır. Bu oğurluq zamanı yerli cinsdən olan, 2 baş təxminən üç aylıq, erkək quzuları oğurlanmışdır. Həmin quzuların diri çəkisi təxminən 25 kiloqram, hər birinin qiyməti 200 manat olmaqla ümumilikdə ona 400 (dörd yüz) manat maddi ziyan dəymişdir. Onun heç kimlə düşmənçiliyi və ədavəti olmamışdır. Ona görə də hadisə vaxtı quzularının oğurlanmasında konkret olaraq şübhələndiyi hər hansı bir şəxs olmamışdır. Polis tərəfindən müəyyən ediləndə sonra ona məlum olmuşdur ki, quzularını qonşusu Təqsirləndirilən şəxs oğurlamışdır. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödədiyi üçün aralarında barışıq əldə edildiyini və ondan şikayət və tələbinin olmaması səbəbindən ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir. Onun təqsiri özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı digər sübutlarla da təsdiq edilir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki. Biləsuvar rayonu Bəydili kəndində ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, rəsmi olaraq heç bir yerdə işləmir, ailəsini dolnadırmaq üçün təxminən 4-5 ildir heyvan alveri ilə məşğul olur. Onun şəxsi Niva VAZ-2121 markalı **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobili var, avtomobilin qoşqusu da vardır. O, həmin avtomobillə bazardan və fərdi olaraq vətəndaşlardan heyvan alıb-satır. Təqsirləndirilən şəxs təxminən 5 il olar Bağbanlar kənd sakini kimi tanımışdır. 16 mart 2024-cü il tarixdə saat 04 radələrində Aləddin ona zəng edib demişdir ki, “bazara gedirsənsə, mənim də iki baş quzum var, onları da apar”. O da aparacağını demişdir. Daha sonra da idarə etdiyi avtomobillə onun yaşadığı kəndə getmişdir. Oradan Aləddinə zəng vurub harada olduğunu soruşmuşdur. Aləddin də demişdir ki, “gəl mənim işlədiyim sexin qarşısına”. O da onun işlədiyi avtomobil təmiri sexinin qarşısına getmişdir. Aləddin sexin qarşısına çıxaraq demişdir ki, “gözlə burada quzuları gətirim”. Sonrada sexin arxasından iki baş ayaqları bağlı quzu gətirib onun avtomobilinin qoşqusuna qoymuşdur. Oradan da heyvan bazarına getmişlər. O, apardığı inəyi satmaq üçün iribunuzlu heyvan bazarına salmış, Aləddin də quzuları xırda buynuzlu heyvan bazarına aparmışdır. Təxminən bir saat sonra o, apardığı inəyi satmış və Aləddinə zəng vurub “mən inəyi satdım, sən neynədin” deyə soruşmuşdur. O da demişdir ki, “mən sata bilmədim, İmişlidə dostum var, aparıram ona verməyə”. Sonra da Aləddin quzuları yenidən onun avtomobilinin qoşqusuna qoymuş və rayon mərkəzində Bəhərtəpəyə gedən taksilərin dayandığı yerə gətirmişlər. Orada quzuları Rəsul adlı taksi sürücüsünün Mercedes markalı avtomobilinin yük yerinə qoymuşdur. Həmin vaxt Aləddin ondan 10 manat borc pul almış və demişdir ki, “quzuları satıb sənin pulunu verəcəm”. Həmin gün saat 11 radələrində Aləddin zəng vurub onunla görüşmüş, quzuları satdığını və ona aldığı borcla birlikdə 25 manat pul vermişdir. O, sonradan polisə çağrıldıqda bilmişdir ki, həmin iki baş quzunu Aləddin oğurlamışdır. O əvvəllər Aləddindən heyvan almamış və ilk dəfə idi ki, onun heyvanını bazara aparmış, o əvvəllər onun heyvanını heç vaxt heç yerə aparmamışdır. O, Aləddindən quzuların oğurluq olub-olmadığını soruşmamış, Aləddin ona zəng edib həyətinin quzularını bazara satmağa apardığını demişdir. Ona görə də ondan quzuların oğurluq olub-olmadığını və quzuları işlədiyi sexdə niyə saxladığını soruşmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Biləsuvar şəhəri, B.Mahmudov küçəsində ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, rəsmi olaraq heç bir yerdə işləmir, ailəsini dolnadırmaq üçün özünə məxsus Mercedes markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi kimi fəaliyyət göstərir. O, əsasən Biləsuvardan Bəhrəmtəpəyə sərnişin daşıyır. Təqsirləndirilən şəxs rayon sakini kimi tanımışdır. 16 mart 2024-cü il tarixdə saat 09 radələrində o, rayon mərkəzində dayanıb müştəri gözləmişdir. Bu zaman Aləddin “Niva VAZ-2121" markalı **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobillə ora gəlmişdir. Aləddin ona yaxınlaşıb demişdir ki, “Bəhrəmtəpəyə getmək lazımdır”. O da “apara bilərəm” demişdir. Aləddin Nivanın qoşqusunda iki baş quzunu göstərib demişdir ki, “bunları da aparmalıyam”. O, Aləddinlə danışıb 20 manata razılaşmışdır. Aləddin söhbət zamanı demişdir ki, “Bəhrəmtəpə qəsəbəsində dostumgilə gedirəm. Bu quzuları işləmişəm, zəhmət haqqıma veriblər”. O, onu İmişli rayonu Bəhrəmtəpə qəsəbəsinə aparmışdır. Orada qəssab dükanının qarşısında dayanmışlar, dükandan bir nəfər çıxmış, Aləddinlə görüşüb quzulara baxmış və öz aralarında danışdıqdan sonra həmin şəxs onun avtomobilinə əyləşmiş və quzuları aparıb həmin şəxsin həyətində qoymuşlar. Onlar həyətdə bir qədər söhbət etdikdən sonra yenidən qayıdıb Biləsuvara gəlmişlər. O, Aləddinlə ilk dəfə heyvan aparmış, əvvəllər heç vaxt onun heyvanını aparmamışdır. O, Aləddindən quzuların oğurluq olub olmadığını soruşmamışdır. Belə ki, Aləddin ona quzuları avtomobil təmir etdiyi üçün ona zəhmət haqqı olaraq verildiyini, Bəhrəmtəpəyə dostugilə getdiyini ona demişdir. Ona görə də ondan quzuların oğurluq olub-olmadığını soruşmamışdır. O, sonradan polis şöbəsinə çağırılan zaman bilmişdir ki. Aləddin həmin quzuları oğurlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o Füzuli rayonu Qaraxanbəyli kəndində qeydiyyatda olsa da, 1993-cü ildə Qarabağ müharibəsi zamanı doğulduğu Füzuli rayonu Qaraxanbəyli kəndindən məcburi köçkün kimi İmişli rayonu Bəhrəmtəpə kəndində yerləşmişlər və hazırda da orada ailəsi ilə birlikdə yaşayır, evlidir, üç övladı vardır, rəsmi olaraq heç bir yerdə işləmir. Ailəsini dolnadırmaq üçün təxminən 15 ildir ki, yaşadığı Bəhrəmtəpə kəndində qəssablıq edir. Biləsuvar rayonu Bağbanlar kənd sakini Təqsirləndirilən şəxs təxminən 10 il olar ki, tanıyır. Belə ki, onunla yaşadığı kənddə hüzür mərasimində olan zaman tanış olmuşdur. Həmin vaxtdan onunla münasibəti yaranmışdır. 16 mart 2024-cü il tarixdə Aləddin ona zəng edib qoyunları olduğunu, onları satdığını, iki baş quzusunun qaldığını, anasız qaldıqları üçün arıqlayacaqlarını demişdir. Həmin quzuları gətirib ona verməsini təklif etmişdir. O da etiraz etməmişdir. Həmin gün saat 14 radələrində Aləddin quzuları tanımadığı şəxsin idarə etdiyi Mercedes markalı avtomobillə onun qəssabxanasına gətirmişdir. O. quzulara baxanda görmüşdür ki, çox balacadırlar. Aləddin ikisinə 300 (üç yüz) manat qiymət demişdir. O. razılaşmamış, körpə və balaca olduqları üçün 250 (iki yüz əlli) manat verə biləcəyini demişdir. Aləddin də razılaşmışdır. Söhbət zamanı Aləddin quzuların öz qoyunlarının balası olduğunu, analarını satdığını, quzuların anasız qalıb arıqlayacaqları üçün satdığını ona demişdir. O, həmin quzular kəsiləsi olmadıqları üçün 19 mart 2024-cü il tarixdə İmişli rayon heyvan bazarında tanımadığı şəxsə ikisini birlikdə 270 (iki yüz yetmiş) manata satmışdır. Sonradan polis şöbəsinə onu çağırıb dindiriləndə başa düşmüşdür ki, Aləddinin ona satdığı iki baş quzu oğurluq olmuşdur. İfadəsinə əlavə olaraq bildirmişdir ki, o ilk dəfə idi ki, Aləddindən heyvan almış, əvvəllər Aləddin ona heç vaxt heyvan satmamışdır. O, konkret olaraq quzuların oğurluq olub-olmaması barədə Aləddindən soruşmamışdır. Amma Aləddin ona özü demişdir ki, “öz qoyunlarımın balasıdır, analarını satmışam, balasını alan olmadığı üçün sənə kəsmək üçün verirəm”. O da ona inanıb birini 125 (yüz iyirmi beş) manatdan olmaqla ikisinə birlikdə 250 (iki yüz əlli) manat pul verib almışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 10 iyun 2024-cü il tarixli 19/455 nömrəli rəyinə əsasən ekspertiza təyini haqqında qərarda göstərilən xırda buynuzlu heyvanların 2024-cü ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 400,00 manat (2x200 m) müəyyən edilir. İş materiallarında olan Biləsuvar RMX-nın 19 aprel 2024-cü il tarixli 1002 saylı məktubundan görünür ki. Axundzadə X1 Rayon Mərkəzi Xəstəxanasının ruhi-əsəb üzrə nevroloji qeydiyyatda yoxdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətində CM-in 177.2.3-cü maddəsinin tərkibi vardır. Odur ki, o, qeyd edilən maddə üzrə təqsirli bilinib cəzalanmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki. Təqsirləndirilən şəxs məhkum olunmamışdır. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş zərəri tam ödəməklə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, onun yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, himayəsində iki nəfər (xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3) yetkinlik yaşlarına çatmamış uşaqlarının olmasını cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs hərəkətlərində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs əməlindən peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə vurulmuş zərəri ödəməklə onunla başığa nail olmasını, habelə təyin olunacaq cəzanın onun məqsədlərinə nail olunmasında əhəmiyyətini, ailəsinin həyat şəraitini, habelə onun islah olunması imkanlarını nəzərə alaraq ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuna uyğun və məqsədəmüvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 25 mart 2024-cü il tarixdə saat 14:30-da tutma tətbiq olunmuş və Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə 27 mart 2024-cü il tarixdə saat 13:00-da Biləsuvar rayon Polis şöbəsinin Müvəqqəti saxlama yerindən azad olunmuşdur. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət təyin ediləcək azadlığın məhdudlaşdırılmasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Habelə, məhkəmə hesab edir ki, CPM-in 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 50 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 mart 2024-cü il tarixdən 27 mart 2024-cü il tarixədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində saxlanılma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci qismində 50 (əlli) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar