Məhkəmə qərarları › İş №1(022)-13/2024

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-13/2024

23.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-13/2024 23.01.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X1 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxx 1988-ci il tarixdə Biləsuvar rayonu, Yuxarı Cürəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olummamış, Biləsuvar rayonu, Yuxarı Cürəli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq - 0,823 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 16 avqust 2023-cü il tarixdə, saat 19:00-da idarə etdiyi «Hyundai Santafe» markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Kənan” kafesinin yaxınlığında hərəkətdə olarkən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Biləsuvar rayon polis şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman həmin psixotrop maddə metamfetamin bir ədəd gümüşü rəngli siqaret kağızı bükümündə olmaqla əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda əvvəlcə özünü təqsirli bilməyərək göstərdi ki, o, ailəsi ilə birlikdə Biləsuvar rayonu, Yuxarı Cürəli kəndində yaşayır, evlidir və iki uşağı var. O, ailəsinin dolanışığını təmin etmək üçün müğənnilik fəaliyyəti ilə məşğul olur. O, 16 avqust 2023-cü il tarixdə, günorta saatlarında, evində istifadə etmək üçün bulaqdan içməli su gətirmək məqsədi ilə, idarə etdiyi «Hyundai Santafe» markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cəlilabad rayonunun Alar kəndinə getmişdir. O, qablara su doldurduqdan sonra onları idarə etdiyi avtomaşına yükləmişdir. O, əməliyyat olunduğuna görə ağır əşyaları qaldıra bilmir və buna görə də su gətirmək üçün dostları Şahid5 və Şahid4 da onunla gəlmişlər. O, həmin gün saat 17 radələrində Biləsuvar şəhərinə gəlmişdir. O, Biləsuvar şəhərində olduğu vaxt əvvəlcə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Kənan” adlı kafenin yaxınlığında yerləşən avtomobil yuma müəssisəsinə getmiş və orada çalışan işçiyə avtomaşınıı yuduzduqmaq üçün gün ərzində onun yanına gələcəyini bildirmiş, daha sonra isə bazarlıq etmək üçün “Bol market” mağazasına getmişdir. O, həmin mağazadan çıxdıqdan sonra Biləsuvar şəhəri, H.Əliyev prospektində yaşayan həmkarı Təhminə adlı şəxsin evinə getmiş və onlar yeni mahnı qeydiyyata almaq məsələləri barədə söhbətləşmişlər. Həmin söhbətləri təxminən 10-15 dəqiqə çəkmişdir. Bundan sonra o, idarə etdiyi nəqliyyat vasitəsi ilə əvvəlcə mağazaya, daha sonra isə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Kənan” adlı kafenin yaxınlığında yerləşən avtomobil yuma müəssisəsinin yanına getmiş və orada avtomaşını saxlamışdır. O və dostları nəqliyyat vasitəsindən yerə enmişlər. Həmin vaxt ona mülki geyimdə bir neçə polis əməkdaşı, o cümlədən əməliyyat müvəkkili Şahid1 yaxınlaşmışdır. Həmin polis nəfərləri ona həmin şəxslərlə Biləsuvar rayon polis şöbəsinə getməli olduğunu bildirmişlər. O, həmin şəxslərdən Biləsuvar rayon polis şöbəsinə aparılması səbəbini soruşduqda polis əməkdaşları ona heç bir söz deməmişlər. Bundan sonra o, öz avtomobilində, polis əməkdaşları isə öz nəqliyyat avsitələrində Biləsuvar rayon polis şöbəsinə getmişlər. Şahid1 Biləsuvar rayon polis şöbəsinin inibati binasının birinci mərtəbəsində olan otaqların birində onunla təxminən 3-4 saat söhbət etmişdir. Belə ki, həmin şəxs ona ya idarə etdiyi nəqliyyat vasitəsinə 1 kiloqram narkotik vasitə qoyacaqlarını, ya da ona verdiyi kiçik bükülünü götürməli olduğunu bildirmişdir. O, polis şöbəsində olduğu vaxt onun yanına bir neçə dəfə polis rəisinin əməliyyat işləri üzvə müavini də gəlmiş və ona hədə-qorxu gələrərək, onun avtomobilinə odlu silah da qoyacaqlarını bildirmişdir. Buna səbəb isə onun bir il əvvəl həmin şəxslər barədə şikayət etməsi olmuşdur. Belə ki, əvvəl də ona belə bir büküm təklif etmişlər və ondan bir neçə dəfə rüşvət almışlar. Lakin o, həmin şəxslərdən yuxarı dövlət orqanlarına şikayət etmiş və həmin şikayətlər üzrə sonuncular barədə qanunamüvafiq tədbirlər görülmüşdür. O, həmin hədə-qorxulardan sonra məcbur qalıb həmin bükülünü götürmüş, formal olaraq guya həmin psixotrop maddə metamfetamini özünə məxsus olduğunu və istehlak məqsədilə üzərində daşıdığını etiraf etmişdir. Lakin həmin etiraf ona edilmiş psixi və fiziki zorakılıq üsulu ilə əldə edilmişdir. O, psixotrop maddə istehlakçısı deyil və onun üzərinə böhtan atırlar. O, tutulduğu zaman onun üzərində narkotik vasitə və ya psixotrop maddə olmamışdır. İbtidai istintaq zamanı onun etirafedici ifadələr verməsinə səbəb polis əməkdaşları tərəfindən ona tətbiq edilən təzyiqlər olmuşdur. Sonradan Təqsirləndirilən şəxs məhkəməyə yazılı ərizə təqdim edərək, ona elan olunmuş ittihamda və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə özünü tam təqsirli bilərək göstərdi ki, məhkəmədəki əvvəlki ifadəsini özünümüdafiə və cinayət məsuliyyətindən yayınmaq məqsədilə vermişdir. Biləsuvar rayon polis şöbəsində polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuzluğa yol verilməmiş, onun 16 avqust 2023-cü il tarixdə Cəlilabad rayonu ərazisində tapdığı və cibinə qoyduğu, içərisində psixatrop maddə metamfetamin olan bükülü qanuna müvafiq qaydada aşkar edilərək götürülmüşdür. Sonda, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu və himayəsində 2 övladı olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Biləsuvar rayonu, Yuxarı Cürəli kəndində ailəsi ilə birgə yaşayır və ofisiant kimi çalışır. Təqsirləndirilən şəxs onun həmkəndlisidir və onlar arasında narazılıq və ya ədavət olmamış, münasibətləri normal olmuşdur. O, tanışı Şahid5 ilə birlikdə 16 avqust 2023-cü il tarixdə, günorta saatlarında Təqsirləndirilən şəxs idarə etdiyi «Hyundai Santafe» markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Cəlilabad rayonunun Alar kəndinə içməli su gətirmək üçün Təqsirləndirilən şəxs kömək etmək məqsədi ilə getmişdir. Həmin vaxt avtomobildə o, Şahid5 və Təqsirləndirilən şəxs olmuşdur. Onlar həmin gün, axşamüstü vaxtı, Biləsuvar şəhərinə qayıtmışlar. Təqsirləndirilən şəxs bir neçə mağazaya getmiş və bundan sonra həmkarı Təhminə adlı qadının evinə getmişdir. Həmin vaxt o və Şahid5 nəqliyyat vasitəsində gözləmişlər. Daha sonra, həmin gün saat 19 radələrində, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili yuduzdurmaq məqsədi ilə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən „Kənan” adlı kafenin yaxınlığında yerləşən avtomobil yuma müəssisəsinə getmişdir. Onlar Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili həmin müəssisədə yuyulmasını gözləyərkən, Biləsuvar rayon polis şöbəsinin əməkdaşları 3 ədəd avtomobillə onların yanına gəlmişlər. Təqsirləndirilən şəxs, onu və Şahid5 də heç bir səbəb göstərmədən Biləsuvar rayon polis şöbəsinə aparmışlar. O və dostları 48 saat müvəqqəti saxlama yerində saxlandıqdan sonra onu buraxmışlar. Polis əməkdaşları onun yanında Təqsirləndirilən şəxs onlardan şikayət etdiyini və buna görə həmin şəxsi şərlədiklərini bildirmişlər. Onun üzərinə şəxsi axtarış keçirmişlər, o, tərtib olunmuş sənədləri imzaladıqdan onu buraxmışlar. Polis şöbəsinin inzibati binasında Şahid1 ona ehtiyacı olmadığını və əslində onun Təqsirləndirilən şəxs ilə işi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Biləsuvar rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Biləsuvar rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında 16 avqust 2023-cü il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq, həmin gün saat 18:50-də əməliyyat tədbiri keçirilməyə başlanılmış və Təqsirləndirilən şəxs idarə etdiyi «Hyundai Santafe» markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobil Biləsuvar şəhəri, H.Əliyev küçəsində hərəkətdə olduğu zaman əməliyyat müşahidəsinə götürülmüşdür. Bundan təxminən 10 dəqiqə sonra həmin nəqliyyat vasitəsi yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlatdırılmış və Təqsirləndirilən şəxs, Şahid5 və Şahid4 polis əməkdaşları tərəfindən Biləsuvar rayon polis şöbəsinə gətirilmişdir. Biləsuvar rayon polis şöbəsinin inzibati binasında, vəkilin iştirakı ilə, videoçəkilişlə, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl hüquq və vəzifələri ona izah edilmiş, üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların, eləcə də narkotik vasitələrin və ya psixotrop maddələrin olub-olmaması soruşulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızı bükümünü çıxarıb təqdim etmiş və həmin bükülünü 16 avqust 2023-cü il tarixdə, günorta saatlarında Cəlilabad rayonunun Alar kəndində yerdən tapdığını bildirmişdir. Həmin bükülünün içərisinə baxılarkən, orada rəngindən və digər əlamətlərindən psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş və üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış başqa əşya aşkar edilməmişdir. Şübhəli şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və həmin protokol o və digər baxış iştirakçıları tərəfindən imzalanmışdır. Bundan sonra Şahid5 və Şahid4 üzərlərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş və onların üzərlərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşya aşkar edilməmişdir. Şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və həmin protokol o və digər baxış iştirakçıları tərəfindən imzalanmışdır. Daha sonra «Hyundai Santafe» markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş aparılmaqla baxış keçirilmiş və nəqliyyat vasitəsində qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin bükülü elektron tərəzidə çəkilmiş və qablaşdırması ilə birlikdə çəkisi 1,31 qram olmuş və sonuncudan götürülmüş psixotrop maddə metamfetaminə bənzər maddə zərfə qoyularaq qablaşdırılmış, Daxili İşlər Nazirliyinin zərflər üçün 61 nömrəli möhürü ilə möhürlənmişdir. Sonda baxış keçirilməsinə dair protokol tərtib olunaraq iştirakçılara oxunmuş, protokol baxış iştirakçıları tərəfindən imzalanmışdır. Həmçinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs fiziki və ya psixi təzyiq göstərilməmiş və onunla həmin şəxs arasında heç bir şəxsi söhbət aparılmamışdır. İş üzrə şahid kimi dindirilmiş Biləsuvar rayon polis şöbəsinin əməkdaşları Şahid2 və Şahid3 məhkəmədə Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadələr verərək, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq -0,823 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, özündə saxlayaraq daşıdığını, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 16 avqust 2023-cü il tarixdə, saat 19:00-da idarə etdiyi «Hyundai Santafe» markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Kənan” kafesinin yaxınlığında hərəkətdə olarkən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq, Biləsuvar rayon polis şöbəsinə gətirildiyini və üzərində şəxsi axtarış keçirilən zaman həmin psixotrop maddə metamfetamin bir ədəd gümüşü rəngli siqaret kağızı bükümündə olmaqla əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürüldüyünü təsdiq etdilər. İş materiallarında olan şəxsi axtarış və maddi sübutun götürülməsi barədə 16 avqust 2023-cü il tarixli protokoldan, habelə həmin protokola əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində döviyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyalar, eləcə də narkotik vasitə və ya psixotrop maddə vardırsa, könüllü təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızı bükümünü çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükümün içərisində psixotrop maddə metamfetamin vardır və həmin bükülünü 16 avqust 2023-cü il tarixdə, günorta saatlarında Cəlilabad rayonu, Alar kəndində yerdən tapmış və maraqlı gəldiyi üçün üzərində saxlamışdır. Bundan sonra həmin bükülüyə onun iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olması aşkar olunmuşdur. Həmin bükülü elektron tərəzidə çəkilmiş və qablaşdırması ilə birlikdə bükümün çəkisinin 1,31 qram olması məlum olmuşdur. Həmin psixotrop maddə metamfetaminə bənzər maddə olan büküm zərfə qoyulub qablaşdırılaraq 61 nömrəli möhürü ilə möhürlənmişdir. İş materiallarına əlavə edilmiş avtomobilə baxış keçirilməsi və götürülməsi barədə 16 avqust 2023-cü il tarixli protokoldan, habelə həmin protokola əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi «Hyundai Santafe» markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin həmin nəqliyyat vasitəsində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşya aşkar edilməmişdir. İşdə olan məhkəmə-fiziki-kimyəvi ekspertizasının 17 avqust 2023-cü il tarixli, 19/805 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «...Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bükülü...» sözlər və imzalar olan bir ədəd zərfin içərisindəki, 01 ədəd bükümdə təmiz çəkisi -0,823 qram olan ağ rəngli, kristallardan ibarət maddə psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi -0,823 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, qalıq 0,773 qram qalmışdır. İş materiallarında olan ambulator narkoloji tibbi yoxlamanın 21 avqust 2023-cü il tarixli, 815 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrdən özünə istifadə halları istisna olunmur. Müayinə zamanı Təqsirləndirilən şəxs asılılıq sidromu (narkomaniya xəstəliyi) aşkar edilmir. Məcburi müalicəyə ehtiyacı yoxdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən ona qarşı qanunsuzluğa yol verilməsi və həmin şəxsin üzərindən aşkar edilmiş psixotrop maddənin baxış keçirilməsindən əvvəl polis əməkdaşları tərəfindən onun cibinə qoyulması, habelə polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixoloji təzyiq göstərilməsi barədə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ilkin ifadəsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, o cümlədən özünün məhkəmə islasında sonradan verdiyi ifadə ilə təkzib olunduğuna görə özünümüdafiə və cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının» İİ siyahısının 67-ci bəndinin tələbinə görə metamfetaminin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qramdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunan şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, himayəsində 2 azyaşlı uşağının olmasını və ailəni dolandıran yeganə şəxs olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs azadlığın məhdudulaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 16 avqust 2023-cü il tarixdə saat 19:00-da şübhəli şəxs kimi tutma tətbiq olunmuş və Təqsirləndirilən şəxs 18 avqust 2023-cü il tarixdə saat 11:40-da Biləsuvar rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs faktiki tutulduğu 2 gün müddət təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesabı ilə hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, tədqiqatdan sonra xalis çəkisi 0,773 qram olan psixotrop maddə metamfetamin məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyləndirən halları və Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 2 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya qurumuna həvalə edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci qismində 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 0,773 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar