Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-130/2023 09.08.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Biləsuvar rayonu Ağayrı kəndində anadan olmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Biləsuvar rayonu Ağayrı kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 24 iyul 2023-cü il tarixdə saat 16 radələrində Biləsuvar rayonu Ağayrı kəndində həmkəndlisi Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinin yaxınlığında yerləşən torpaq sahəsində onunla şəxsi münasibətlər zəminində, yəni sonuncunun Təqsirləndirilən şəxs məxsus heyvanları otladığı torpaq sahəsindən çıxarmasına görə aralarında baş vermiş mübahisə zamanı əli ilə vuraraq ona “burun nahiyəsində şişkinlik və burun sümüyü cismində natamam sınıq” ilə nəticələnən xəsarətlər yetirərək zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs izahatında göstərmişdir ki, 24 iyul 2023- cü il tarixdə saat 17 radələrində yaşadıqları kənddə Zərərçəkmiş şəxs evinin yaxınlığında boş olan torpaq sahəsində ona məxsus iri buynuzlu heyvanlarını otaran zaman həmkəndlisi Qulam onun heyvanlarını otladığı yerdən qovaraq uzaqlaşdırmışdır, həmin vaxt Qulam ona həmin torpaq sahəsində heç kimin heyvan otara bilməməsini deyərək onun üzərinə gəlmişdir və onun köynəyindən tutaraq onu itələmişdir. Hadisə vaxtı o, Qulama həmin torpaq sahəsinin dövlətə məxsus olmasını, hamının bu ərazidə heyvan otara bilməsini deyərək Qulamla mübahisə etmişdir. Yaranmış mübahisə vaxtı Qulam onu bir dəfə yumruq zərbəsi ilə agız nahiyəsindən vuraraq onu döymüşdür. Həmin vaxt Qulamın azyaşlı oğlu Vüsal onu baş nahiyəsindən daş zərbəsi ilə vurmuşdur. Hadisə Biləsuvar rayon Ağayrı kəndində Zərərçəkmiş şəxs evinin bağ plan sahəsinin baş hissəsində boş torpaq sahəsində baş vermişdir, hadisə ümumilikdə təxminən 5-10 dəqiqə davam etmişdir və həmin vaxt hadisəni orada kanalda balıq tutan həmkəndlisi Mehman adlı şəxs görmüşdür.Hadisə vaxtı onu Qulam adlı şəxs bir dəfə yumruq zərbəsi ilə ağız nahiyəsindən vuraraq onu döymüşdür, daha sonra orada Qulamın oğlu Vüsal da daş zərbəsi ilə onun baş nahiyəsindən vurmuşdur. Hadisə vaxtı o, Zərərçəkmiş şəxs vurmamışdır, sadəcə o, Qulamı hər iki əlinin içi ilə möhkəm şəkildə itələyərək özündən uzaqlaşdırmışdır, həmin vaxt zərbənin təsirindən Qulamın burun nahiyəsi qanamışdır. Lakin hazırda o, əməlindən peşmançılıq hissi keçirir, ona görə də barəsində cinayət qanunu ilə nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir, münasibətləri normal olmuşdur, aralarında hansısa bir ədavət və problemləri olmamışdır. Onun evinin bağ plan sahəsində boş bələdiyyə torpaq sahəsi vardır, həmin torpaq sahəsinə o, nəzarət etmişdir. 24 iyul 2023-cü il tarixdə saat 16 radələrində həyətdə oturan zaman oğlu Vüsal onlara məxsus olan 1 baş iribuynuzlu heyvanı həmin torpaq sahəsinə bağlamaq üçün aparmışdır, təxminən 5 dəqiqə sonra Vüsal həyətə geri gələrək həmkəndlisi Habilin həmin torpaq sahəsinə öz heyvanlarını otlaması üçün buraxmasını və Habilə heyvanları oradan çıxarmasını deməsinə baxmayaraq Habilin heyvanları oradan çıxarmamasını və oğlu Vüsalı söyüb təhqir etməsini bildirmişdir. Daha sonra o, oğlu Vüsal ilə birlikdə həmin torpaq sahəsinə getmişdir, orada o, Habilin heyvanlarını qovlayaraq oradan uzaqlaşdırmışdır. Bu zaman Habil heyvanların otladığı torpaq sahəsinin baş tərəfində olan kanalın yanında dayanaraq başqa bir şəxslə dayandığı yerdən aşağıya gələrək onun üzərinə yerimiş, həmin vaxt Habil ilə onun arasında heyvanları həmin torpaq sahəsindən çıxarmasına görə mübahisə yaranmışdır, mübahisə vaxtı Habil onun sifət, baş, sinə və bədəninin müxtəlif nahiyələrindən çoxlu sayda yumruq zərbələri ilə vuraraq onu döymüşdür.Mübahisə vaxtı oğlu Vüsal onların yanında olmuşdur, onları ayırmağa çalışsa da Habil Vüsala da məhəl qoymaraq onu nalayiq sözlərlə söyüb təhqir etməyə və ona qarşı zor tətbiq etməyə davam etmişdir. Daha sonra o, hadisə ilə bağlı DİN-in 102 xidmətinə həmkəndlisi Təqsirləndirilən şəxs tərəfindən döyülməsi ilə bağlı müraciət etmişdir.Hadisə 24 iyul 2023-cü il tarixdə Biləsuvar rayon Ağayrı kəndində Zərərçəkmiş şəxs evinin baş hissəsində olan boş torpaq sahəsində baş vermişdir. Hadisə ümumlikdə 4-5 dəqiqə davam etmişdir və həmin vaxt hadisəni orada o, oğlu Vüsal, arvadı Gülər və həmin vaxt orada kanalda balıq tutan Mehman adlı şəxs görmüşdür. Hadisə vaxtı onu həmkəndlisi Təqsirləndirilən şəxs çoxlu sayda yumruq zərəbləri ilə sifət, baş, sinə və bədəninin müxtəlif nahiyələrindən vuraraq döymüşdür. Hadisə vaxtı oğlu Vüsal Təqsirləndirilən şəxs döyməmişdir. Habilə qarşı heç bir pozuntuya yol verməmişdir, mübahisə vaxtı o, özünü qorumaq üçün Habilə bir dəfə yumruq zərbəsi atmışdır, lakin həmin zərbənin Habilə dəyib- dəyməməsini bilmir. Daha sonra zərərçəkmiş Zərərçəkmiş şəxs ona dəymiş zərərin Təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyini, ona görə də onun barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, işdə olan digər sübutlarla da təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Biləsuvar rayon Ağayrı kəndində yaşayır, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun həmkəndliləridir. 24 iyul 2023-cü il tarixdə saat 16 radələrində kənd ərazisində su kanalında balıq tutan zaman Təqsirləndirilən şəxs da onun yanında olmuşdur. Sonradan Zərərçəkmiş şəxs həmin torpaq sahəsinə gəlməsinə görə Təqsirləndirilən şəxs onun yanından uzaqlaşaraq Zərərçəkmiş şəxs yanına getmişdir. Həmin vaxt o, hər iki şəxsə məhəl qoymayaraq öz işi ilə məşğul olmuşdur. Təxminən 5-10 dəqiqə sonra ətrafda səsküy gəlməsinə görə o, ətrafa baxmışdır, orada su kanalının baş hissəsində Habil ilə Qulamın mübahisə edərək bir-birini vurmasını görmüşdür. Həmin vaxt o, uzaqdan səsləyərək hər iki şəxsə dava-dalaş etməmələrini demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, Biləsuvar rayon Ağayrı kəndində ailə üzvləri ilə birlikdə yaşayır, Zərərçəkmiş şəxs onun əridir. 24 iyul 2023cü il tarixdə saat 16 radələrində yaşadıqları evin həyətində olan zaman oğlu Vüsal həyətə gələrək həmkəndliləri Habilin heyvanlarını onlara məxsus torpaq sahəsinə salaraq otarmasını və Vüsalı təqhir etməsini bildirmişdir. Bundan sonra onun əri Qulam ilə oğlu Vüsal həmin yerə getmişdir, bir qədər sonra o da həmin yerə getmiş, lakin Habilin nalayiq söyüşlər söyməsinə görə qeyd olunan şəxslərə yaxınlaşmamışdır. Hadisə vaxtı Təqsirləndirilən şəxs onun əri Zərərçəkmiş şəxs yumruq zərbələri ilə döyməsini görmüşdür. İş materiallarına əlavə edilmiş Cəlilabad rayon MTE və PA ETT-in Şöbəsinin xx.xx.2023-cü il tarixli 726 nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs “burun nahiyəsində şişkinlik və burun sümüyü cismində natamam sınıq” müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş DİN-nin BƏSİİ-də yoxlanılaraq göndərilmiş tələbnamədən görünür ki, Qafarov X1 rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə AR CM-in 128-ci maddəsi ilə təqsirli bilinmiş, AR CPM-in 40.2.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Biləsuvar rayon Ağayrı İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən təqdim edilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunduğu göstərilmişdir. Biləsuvar MRX-nın xx.xx.2023-cü il tarixli 1514 nömrəli məktubunda Biləsuvar rayonu Ağayrı kəndində yaşayan Təqsirləndirilən şəxs Biləsuvar RMX-nın Poliklinika şöbəsinin Nevroloji və Narkoloji kabinetində dispanser qeydiyyatında olmadığı göstərilmişdir. Məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, yaşadığı yerdən müsbət xarakterizə olunmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Adçəkilən qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 nömrəli qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, eləcə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, məhkumluğunun olmamasını, iş üzrə cəzanı ağırlaşdıran halların olmamasını, habelə cinayətin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması, yaxud onun islah olunması ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı çəkmədən də mümkündür. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halları nəzərə alaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli yaşayış yeri üzrə İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X2
Məhkəmə qərarları › İş №1(022)-130/2023
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-130/2023
09.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver