Məhkəmə qərarları › İş №1(022)-134/2024

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-134/2024

08.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-134/2024 08.10.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızının sədrliyi, Abdullayev Vüsal Ramiz oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1983-cü ildə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, “Esmira” şadlıq sarayının yanında yerləşən fərdi evdə kirayədə yaşayan , məhkumluğu olmayan, 28 iyun 2024-cü il tarixli qərarla barəsində başqa yerə getməmək haqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs barəsində irəli sürülmüş ittihama əsasən o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, 09 dekabr 2015-ci il tarixdən hesablanmaqla 04 fevral 2011-ci il təvəllüdlü Babayev (Əliyev) Murad Elməddin oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 80 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsinə dair Biləsuvar Rayon Məhkəməsinin 21 yanvar 2016-cı il tarixli, 2(022)-97/2016 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Biləsuvar Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 3(022)-846/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 30 (otuz) gün müddətinə inzibati qaydada həbs olunmasına, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək 30 dekabr 2022-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 20 noyabr 2023-cü il tarixədək 7400 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2008-ci ilin yay aylarında qeyri-rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, faktiki nikahdan 04 fevral 2011- ci il tarixdə Murad adlı övladları dünyaya gəlmişdir. Zərərçəkmiş şəxs ilə evli olduğu ilk vaxtlar münasibətləri normal olsa da, lakin sonradan ailə daxili baş verən münaqişələr nəticəsində ailə münasibətləri kəskin şəkildə pisləşmiş və onların birlikdə yaşamaqları qeyri-mümkün olmuşdur. Bu səbəbdən də Zərərçəkmiş şəxs 2013-cü ilin payız aylarında birlikdə yaşadıqları Sumqayıt şəhəri, “Esmira” şadlıq sarayının yanında yerləşən kirayədə qaldıqları evi tərk edərək valideyinlərinin yaşadığı Biləsuvar rayonuna gedərək orada yaşamağa başlamışdır. Ayrı yaşadıqları gündən bir neçə il keçəndən sonra Zərərçəkmiş şəxs aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Biləsuvar Rayon Məhkəməsinin 21 yanvar 2016-cı il tarixli, 2(022)-97/2016 saylı qətnaməsinə əsasən ondan 09 dekabr 2015-ci il tarixdən hesablanmaqla, 04 fevral 2011-ci il təvəllüdlü Babayev (Əliyev) Murad Elməddin oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 80 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Biləsuvar Rayon Məhkəməsinin 21 yanvar 2016-cı il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra aidiyyəti üzrə icra olunması məqsədi ilə onun qeydiyyatda olduğu yer üzrə Biləsuvar rayon icra və probasiya şöbəsinə göndərilmiş və həmin qurumdan qeyd edilən məbləğdə alimentin Zərərçəkmiş şəxs ödənilməsi barədə ona rəsmi qaydada bildiriş təqdim edilmişdir. O, qanuni qüvvəyə minmiş qətnaməni icra etmədiyi üçün, Biləsuvar Rayon Məhkəməsinin 28 yanvar 2017-ci il tarixli qərarı ilə 10 (on) gün, 04 sentyabr 2018ci il tarixli qərarı ilə 25 (iyirmi beş) gün və 28 noyabr 2022-ci il tarixli qərarı ilə 30 (otuz) gün müddətinə inzibati qaydada həbs edilmiş, həmçinin icra məmurunun təqdimatına əsasən, Biləsuvar Rayon Məhkəməsinin 11 may 2017-ci il tarixli qərardadı ilə onun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bütün bunlara baxmayaraq, o, Zərərçəkmiş şəxs olan aliment borcunu ödəməmiş və icra məmuru tərəfindən ona yeni müddətlər verilərək, cinayət məsuliyyəti barədə xəbərdarlıqlar edilsə də, təqdimat verilən günə, yəni 20 noyabr 2023-cü il tarixədək Zərərçəkmiş şəxs yaranmış olan 7400 manat aliment borcundan heç bir ödəniş etməmişdir. Əlavə olaraq göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə evli olduğu müddətdə Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən Nazim Əliyevə məxsus polietelin paketlər sexində dəzgahlara texniki xidmət göstərilməsi və onların təmiri ilə məşğul olaraq 450 manat qazanc əldə etmiş, hal hazırda həmin işi görərək aylıq olaraq 700 manat qazanc əldə edir. Törətdiyi əməlin cinayət olmasını başa düşür və əməlindən peşmandır. Nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2008-ci ilin yay aylarında qeyri-rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, faktiki nikahdan 04 fevral 2011-ci il tarixdə Murad adlı övladları dünyaya gəlmişdir. Təqsirləndirilən şəxs ilə evli olduğu ilk vaxtlar münasibətləri normal olsa da, lakin sonradan ailə daxili baş verən münaqişələr nəticəsində ailə münasibətləri kəskin şəkildə pisləşmiş və onların birlikdə yaşamaqları qeyri-mümkün olmuşdur. Bu səbəbdən də o, 2013-cü ilin payız aylarında Təqsirləndirilən şəxs ilə birlikdə yaşadıqları Sumqayıt şəhəri, “Esmira” şadlıq sarayının yanında yerləşən kirayədə qaldıqları evi tərk edərək valideyinlərinin yaşadığı Biləsuvar rayonuna gedərək orada yaşamağa başlamışdır. Bir müddət övladına valideyinlərinin köməkliyi ilə baxsa da sonradan, yəni 2015-ci ildə atası Hacıağa Əliyev rəhmətə gedəndən sonra övladına tək baxmaqda çətinlik çəkdiyi üçün aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Biləsuvar Rayon Məhkəməsinin 21 yanvar 2016-cı il tarixli, 2(022)-97/2016 saylı qətnaməsi ilə Təqsirləndirilən şəxs 09 dekabr 2015-ci il tarixdən hesablanmaqla 04 fevral 2011- ci il təvəllüdlü Babayev (Əliyev) Murad Elməddin oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 80,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Biləsuvar Rayon Məhkəməsinin 21 yanvar 2016-cı il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra aidiyyəti üzrə icra olunması məqsədi ilə Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Biləsuvar rayon icra və probasiya şöbəsinə göndərilmiş və həmin qurumdan qeyd edilən məbləğdə alimentin ona ödənilməsi barədə Təqsirləndirilən şəxs rəsmi qaydada bildiriş təqdim edilmişdir. Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş qətnaməni icra etmədiyi üçün, Biləsuvar Rayon Məhkəməsinin 28 mart 2017-ci il tarixli qərarı ilə 10 (on) gün, 04 sentyabr 2018-ci il tarixli qərarı ilə 25 (iyirmi beş) gün və 28 noyabr 2022-ci il tarixli qərarı ilə 30 (otuz) gün müddətinə inzibati qaydada həbs edilmiş, həmçinin icra məmurunun təqdimatına əsasən, Biləsuvar Rayon Məhkəməsinin 11 may 2017-ci il tarixli qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Lakin bütün bu olanlara baxmayaraq, Təqsirləndirilən şəxs öz qərəzli hərəkətlərini davam etdirərək, ona olan aliment borcunu ödəməmişdir. Bundan sonra icra məmuru tərəfindən Təqsirləndirilən şəxs yeni müddətlər verilərək, cinayət məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar edilsə də, Təqsirləndirilən şəxs təqdimat verilən günə, yəni 20 noyabr 2023-cü il tarixədək ona yaranmış olan 7400 manat aliment borcunu ödəməmişdir. Əlavə olaraq göstərmişdir ki, onlar evli olduğu müddət ərzində Təqsirləndirilən şəxs fərdi əmək fəaliyyəti ilə məşğul olaraq kifayət qədər qazanc əldə etmiş, hal hazırda da Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərzizində yerləşən hansısa zavodun birində işlədiyini, Təqsirləndirilən şəxs dəfələrlə ona aliment borcunu ödəməyəcəyini bildirdiyini və sonda qeyd edilən ödənilməmiş aliment borcunun Təqsirləndirilən şəxs alınaraq tam şəkildə ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. Hazırda ona vaxt verilməsinə razı deyil. Borcun ödənilməsini tələb edir. Təqsirləndirilən şəxs qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Biləsuvar rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-97/2016 saylı, 21 yanvar 2016-cı il tarixli icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün 09 dekabr 2015-ci il tarixdən hesablanmaqla hər ay 80 manat aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Biləsuvar rayon icra və probasiya şöbəsində başlanılmış icraat zamanı tələbin icrasını təmin etmək məqsədi ilə borcluya bildiriş göndərilmiş, lakin tələb yerinə yetirilməmişdir. Borclu Təqsirləndirilən şəxs 04 may 2016-cı il tarixdə Biləsuvar rayon icra və probasiya şöbəsinə dəvət edilərək izahatı alınmış, daşıyacağı məsuliyyəti elan olunmuş və qanunvericiliyin tələbləri izah edilmişdir. Borclu Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra məmurunun çağırışlarına gəlməmiş və yaşadığı yeri müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də borclu barəsində 27 sentyabr 2016-cı il tarixdə “borclunun axtarılması haqqında” qərar qəbul olunaraq icra olunması üçün Biləsuvar rayon polis şöbəsinə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs rayon polis şöbəsinin əməkdaşları tərəfindən rayon icra və probasiya şöbəsinə gətirilmiş və şöbədə izahatı alınaraq icra sənədi üzrə tələbi tam şəkildə təmin etməsi tələb edilmişdir. Təqsirləndirilən şəxs aliment pulunu tələbkara ödəməmiş və Zərərçəkmiş şəxs aliment borcu yaranmışdır. Yaranmış aliment borcunun tam şəkildə tələbkara ödətdirilməsi üçün borclunun izahatı alınmış, icra sənədi üzrə tələbi tam təmin etməsi tələb edilmiş, lakin borclu yenə də aliment borcunu ödəməmişdir. Borclu tələbi təmin etmədiyi üçün barəsində 28 mart 2017-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib olunaraq məhkəməyə verilmiş və Biləsuvar Rayon Məhkəməsinin 28 mart 2017-ci il tarixli qərarı ilə borclu 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra 01 may 2017-ci il tarixdə Biləsuvar Rayon Məhkəməsinə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatla müraciət olunmuş və Biləsuvar Rayon Məhkəməsinin 11 may 2017-ci il tarixli, 8(022)-124/2017 saylı qərardadı ilə təqdimat təmin olunaraq borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İcra tədbirləri zamanı borclu tələbkara olan borcunu tam şəkildə ödəmədiyi üçün 04 sentyabr 2018-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib olunaraq məhkəməyə verilmiş və Biləsuvar Rayon Məhkəməsinin 04 sentyabr 2018-ci il tarixli qərarı ilə borclu yenidən 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Borclu icra məmurunun çağırışlarına gəlməmiş və tələbkara olan aliment borcunu ödəməmişdir. Bu səbəbdən də 14 mart 2019-cu il tarixdə borclunun məcburi gətirilməsi barədə məhkəməyə təqdimat verilmiş və 01 aprel 2019-cu il tarixli qərardadla həmin təqdimat təmin edilmişdir. Lakin Təqsirləndirilən şəxs rayon ərazisində olmadığına görə məcburi qaydada icra və probasiya şöbəsinə gətirilməsini təmin etmək mümkün olmamışdır. Borclu Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra məmurunun çağırışlarına gəlməmiş və onun yaşadığı yeri müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən dəborclu barəsində 19 oktyabr 2022-ci il tarixdə yenidən “borclunun axtarılması haqqında” qərar qəbul olunaraq icra olunması üçün Biləsuvar rayon polis şöbəsinə göndərilmişdir. İcra tədbirləri zamanı borclu Təqsirləndirilən şəxs aliment borcunu təkləbkara tam şəkildə ödəməməklə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün 28 noyabr 2022-ci il tarixdə barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə təkrarən inzibati protokol tərtib olunaraq məhkəməyə verilmiş və Biləsuvar Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli qərarı ilə 30 (otuz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Həmin tənbehdən sonra tələbi icra etməsi üçün borcluya məsuliyyəti elan olunmaqla yeni müddət verilmişdir. Ancaq borclu öz hərəkətlərini davam etdirmiş və icra sənədi üzrə müəyyən olunmuş tələbi təmin etməmişdir. Borclu Təqsirləndirilən şəxs öhdəliyini tam yerinə yetirməmiş və icra sənədi üzrə borcundan tələbkara heç bir ödəniş etməmişdir. İcraat zamanı Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıq edilməsinə, inzibati məsuliyyətə cəlb olunmasına, profilaktik söhbətlər aparılmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını təmin etməmişdir. Qeyd olunan icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs tələbkara cəmi 319 manat ödəniş etmişdir və hazırda borclunun tələbkarın 7400 manat aliment borcu vardır. Məhkəmə qərarının icrası üzrə tələbin yerinə yetirilməsi və icrasının məcburiliyi dəfələrlə Təqsirləndirilən şəxs nəzərinə çatdırılmış, lakin borclu öz hərəkət və hərəkətsizliyi ilə icra sənədi üzrə tələbi qanunla müəyyən edilmiş qaydada və müddətdə təmin etməmiş, inzibati məsuliyyətə cəlb edilməsindən nəticə çıxarmamış, tələbkarların qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan şərait yaratmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Biləsuvar rayon icra və probasiya şöbəsinin rəisi Şahid2 ifadəsində Şahid1 göstərdikləri xüsusatları tam təsdiq edərək Təqsirləndirilən şəxs tərəfindən məhkəmə qətnaməsini qərəzli icra etməməsini bir daha göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 05 fevral 2024-cü il tarixli “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” qərara əsasən Biləsuvar rayon icra və probasiya şöbəsində toplanmış material əsasında Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət məcəlləsinin 306.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (i.v.1) Biləsuvar Rayon Məhkəməsinin 2(022)-97/2016 saylı, 21 yanvar 2016-cı il tarixli icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün 09 dekabr 2015-ci il tarixdən hesablanmaqla hər ay 80 manat aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. (i.v. 4) 01 may 2016-cı il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki Biləsuvar Rayon Məhkəməsinin 2(022)-97/2016 saylı, 21 yanvar 2016-cı il tarixli icra sənədinə üzrə icraata başlanılmışdır. (i.v. 15) 27 sentyabr 2016-cı il tarixdə “borclunun axtarılması haqqında” qərardan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan qəbul olunaraq icra olunması üçün Biləsuvar rayon polis şöbəsinə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası daxilində axtarış elan olunmuşdur. (i.v. 36) 28 mart 2017-ci il tarixli **********7 nömrəli məktubdan görünür ki, Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətirilmiş və onun barəsində açılmış axtarış işinə xitam verilməsi üşün Təqsirləndirilən şəxs Biləsuvar rayon icra və probasiya şöbəsinə təhvil verilmişdir. (i.v. 45) Biləsuvar Rayon Məhkəməsinin 3(022)-102/2017 saylı, 28 mart 2017-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə qərarı”ndan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. (i.v. 47-48) Biləsuvar Rayon Məhkəməsinin 8(022)-124/2017 saylı, 11 may 2017-ci il tarixli qərardadından görünür ki, Biləsuvar rayon icra və probasiya şöbəsinin təqdimatına əsasən Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. (i.v. 54-55) Biləsuvar Rayon Məhkəməsinin 8(022)-124/2017 saylı, 11 may 2017-ci il tarixli qərardadından görünür ki, Biləsuvar rayon icra və probasiya şöbəsinin təqdimatına əsasən Təqsirləndirilən şəxs məcburi qaydada Biləsuvar rayon icra və probasiya şöbəsinə gətirilməsi qərara alınmışdır. (i.v. 68-69) Biləsuvar Rayon Məhkəməsinin 3(022)-204/2018 saylı, 04 sentyabr 2018-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə qərarı”ndan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 25 gün müddətinə inzibati qaydada həbs edilmişdir. (i.v. 70-71) X6 X3 filialının arayışından görünür ki, Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində 01 dekabr 2020-ci il tarixdən işaxtaran şəxs kimi qeydiyyatı aşkar olunmuş və Təqsirləndirilən şəxs adına avtomobillərə texniki xidmət göstərilməsi və onların təmiri sahəsində aktiv vergi ödəyicisinin eyniləşdirmə nömrəsi aşkarlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8 nömrəli qərarının 8.2 bəndində qeyd edilmişdir ki, aliment ödəyən əmək qabiliyyətli valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağın saxlamaq, qanunvericilikdə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. (i.v 106) Biləsuvar Rayon Məhkəməsinin 3(022)-846/2022 saylı, 28 noyabr 2022-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə qərarı”ndan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 30 gün müddətinə inzibati qaydada həbs edilmişdir. (i.v. 96-97) Biləsuvar şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin 16 dekabr 2022-ci il tarixli 5054 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs heç bir yerdə işləmir, mal-qarası X11 Kitabında qeydiyyata alınmamışdır. (i.v. 103) 01 aprel 2023-cü il tarixli xəbərdarlıq məktubundan, Biləsuvar Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 3(022)-846/2022 saylı qərarından və digər sənədlərdən görünür ki, Babayev X5 Rayon Məhkəməsinin 21 yanvar 2016-cı il tarixli, 2(022)-97/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. (i.v 6-120) “Məcburi gətirmə haqqında” 04 mart 2024-cü il tarixli qərara əsasən ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar Təqsirləndirilən şəxs 15 mart 2024-cü il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə gətirilməsi ilə bağlı qərar qəbul edilmişdir. (i.v. 143) “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 19 mart 2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. (i.v. 145) “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 19 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs gizləndiyi üçün barəsində axtarış elan edilmiş və cinayət işinin icraatı dayandırılmışdır. (i.v. 151-152) “Axtarışda olan şəxsin tutulması barədə” Biləsuvar rayon polis şöbəsinin 26 iyun 2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:30da Sumqayıt şəhər ərazisində tutularaq Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir. (i.v. 155) “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” 28 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. (i.v. 156) “Qətimkan tədbiri seçilməsi haqqında”28 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, “Müvəqqəti saxlama yerindən azad edilmə haqqında” qərara əsasən həmin tarixdə dərhal Yasamal RPİ-nin MSY-dən azad edilmişdir. (i.v. 177) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən alınmış 14 fevral 2024-cü il tarixli, 3/312/2-20990/2024 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məkumluğu olmamışdır. (i.v 123-124) İş materiallarında olan ödəniş qəbzlərinin surətindən görünür ki, X2 Xəyalə Hacıbala qızının hesabına ümumilikdə 398 manat pul köçürmüş, icra sənədi üzrə 7400 manat borcu qalmışdır. nıraltubüS“ qiymətləndirilməsi haqqında” 01 iyul 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, 04 fevral 2011-ci il təvəllüdlü X1 Murad Elməddin oğlu ilə eyni şəxs olduğundan Babayev (Əliyev) Murad Elməddin oğlu kimi qəbul edilərək yazılıb oxunması qərara alınmış, Təqsirləndirilən şəxs etirafedici ifadələri, zərərçəkmiş şəxsin, şahid ifadələri, istintaq hərəkəti protokolları, eləcə də, işdə olan digər sənədlər sübut növü kimi qiymətləndirilmişdir. (i.v.182-187) Biləsuvar Rayon Məhkəməsinin 1(022)-134/2024 saylı, 13 avqust 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmuş, həbs etmənin əvvəli Təqsirləndirilən şəxs həbs edildiyi gündən hesablanması qərara alınmışdır. “Axtarışda olan şəxsin tutulması barədə” Biləsuvar rayon polis şöbəsinin 18 avqust 2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:30da Biləsuvar şəhərində tutularaq Biləsuvar RPŞ-nin MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır; 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur; 52-1.4-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, şahid ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmə iclasında verilən ifadələrdən, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsi ilə üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirmir, aliment ödənilməsindən yayınır. Yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Məhkəmə cinayət işinin hallarini, əməlin ictimai təhlükəliliyini və cinayətin törədilmə üsulunu nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini nəzərə alaraq təqsirləndirilən şəxsin törətdiyi əməldən səmimi peşman olmasını, cinayəti ağır maddi həyat şəraiti nəticəsində törətməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Bu qənaətə gələrkən məhkəmə təqsirləndirilən şəxsin maddi, ailə vəziyyətini, yeni azadlıqda qalaraq işləyərsə aliment borcunu ödəyəcəyinə dair məhkəmədə üzərinə götürdüyü öhdəliyi nəzərə alır. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ağır cəzanın təyin edilməsi uşaqların mənafeyinə də xidmət etmir və gələcəkdə icra sənədlərinin icrasız qalması ilə nəticələnə bilər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzanın təyin edilməsi məhkəmə tərəfindən ona görə məqsədəmüvafiq hesab edilmir ki, onun iş materiallarına və məhkəmə istintaqında müəyyən edilmiş hallara əsasən iş yerinin olmadığı müəyyən edilmişdir. Belə olan halda isə tətbiq ediləcək olan islah işi növündə cəzanın icrası çətin olacaq, eləcə də şəxsin islah olunması və cəzanın məqsədlərinə nail olunması istisna hal təşkil edəcəkdir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cərimə cəzasının seçilməsi, onsuzda pul öhdəliyi olan maddi imkansız şəxsin əlavə məbləğ ilə öhdəliyini artıraraq vəziyyətinin çətinləşdirilməsinə səbəb olacaq bu isə icra sənədi üzrə öhdəliyin yerinə yetirilməsini daha da çətinləşdirəcəkdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Göstərilən məsələlər məhkəmə istintaqı zamanı araşdırılmış və bu səbəbdən məhkəmə qeyd etməyi zəruri hesab edir ki şəxsin ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş əmələ görə maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi iş üzrə müəyyən edilmiş hallara, eləcə də Cinayət Məcəlləsinin ədalətlilik və humanizm prinsiplərinə ziddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə, Təqsirləndirilən şəxs müəyyən ərazi hüdudlarından kənara çıxmaması məsələsi ilə bağlı bildirir ki, təqsirləndirilən şəxsin işlə təmin edilməsinə daha əlverişli şərait yaradılması məqsədi ilə, onun ərazi məhdudiyyəti kirayədə yaşadığı Sumqayıt şəhərinin hüdudları kimi müəyyən olunmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün, məhkəmə istintaqı dövründə axtarış nəticəsində tutularaq 18 avqust 2024-cü il tarixdən 08 oktyabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı 1 (bir) ay 21 (iyirmi bir) gün, cəmi 1 (bir) ay 23 (iyirmi üç) gün müddət ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanmaqla çıxılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyləndirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün, məhkəmə istintaqı dövründə axtarış nəticəsində tutularaq 18 avqust 2024-cü il tarixdən 08 oktyabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı 1 (bir) ay 21 (iyirmi bir) gün, cəmi 1 (bir) ay 23 (iyirmi üç) gün müddət ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində 1 (bir) il 8 (səkkiz) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, “Esmira” şadlıq sarayının yanında yerləşən fərdi yaşayış evinə aid ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar