Məhkəmə qərarları › İş №1(022)-136/2024

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-136/2024

28.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-136/2024 28.08.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullayev Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Biləsuvar rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-in 177.2.2, 177.2.3, 66.5-ci maddələri ilə təqsirli bilinərək 02 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmış, Salyan rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə AR CM-nin 76-cı maddəsinə əsasən 12 gün vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilməmiş, Ağdam rayonu Evoğlu kəndində qeydiyyatda olmaqla Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən X7 Liseyin yataqxanasında yaşayan, barəsində 22 may 2024-cü il tarixli qərarla polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 1,285 qram çəkidə narkotik vasitə heroini əldə edib, daşıyaraq özündə saxlamış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 20 may 2024-cü il tarixdə saat 19:00 dəqiqədə Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən mərkəzi bazarın yaxınlığında piyada hərəkətdə olan zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Biləsuvar RPŞ-nə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki gödəkçənin sol yan cibindən kibrit qutusunun içərisində şəffaf rəngli sellofana bükülmüş xeyli miqdarda, təmiz çəkisi 1,285 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən X7 Liseyin yataqxanasında ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi iş yeri yoxdur, günəmuzd işlərdə işləyərək ailəsini dolandırır. Evlidir, iki övladı var və əvvəllər məhkum olunmuşdur. O, narkotik vasitədən istifadə etmir. 20 may 2024-cü il tarixdə səhər saatlarında mərkəzi bazarda bir neçə dükana getmişdir. Belə ki, o mərkəzi bazarda da fəhləlik edir. Daha sonra o, yaşadığı evə getmişdir. Bundan bir qədər sonra yenidən evdən çıxaraq mərkəzi bazara tərəf piyada hərəkət etməyə başlamışdır. 20 may 2024-cü il tarixdə saat 19 radələrində Biləsuvar şəhəri M.İbrahimov küçəsində yerləşən Mərkəzi bazarın yaxınlığında yolun kənarı ilə piyada hərəkətdə olan zaman polis əməkdaşları ona yaxınlaşmışlar və narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlayıb Biləsuvar RPŞ-nə gətirmişlər. Orada Aqşin adlı polis işçisi ona bir kibrit qutusu verərək baxış zamanı çıxarıb təhvil verməsini bildirmişdir. O da qorxduğu üçün razılaşmışdır. Polis Şöbəsində xidməti otaqların birində hüquqları ona izah olunmuşdur. Sonra da ona öz istəyi ilə hüquqlarını müdafiə etmək ücün X2 vəkil kimi dəvət olunmuşdur. Bundan sonra videoçəkiliş aparılmaqla polis əməkdaşı ona təklif etmişdir ki, üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan olunmuş hər hansı əşya varsa hamısını çıxarıb stolun üstünə qoysun. O da əynindəki qara rəngli qısaqol gödəkçəsinin sol yan cibindən kibrik qutusunun içərisində olan şəffaf rəngli sellofana bükülmüş bükülünü çıxarıb təqdim etmiş və sorğu zamanı bildirmişdir ki, həmin bir ədəd bükülünün içərisində özünün istifadə etməsi üçün narkotik vasitə heroin vardır, ona məxsusdur və həmin narkotik vasitəni 20 may 2024-cü il tarixdə səhər saatlarında Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən mərkəzi bazarın qarşısında yerdən tapmışdır. Bundan sonra üzərinə şəxsi axtarış keçirilsə də üzərindən qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Həmin bükülüyə baxış zamanı içərisində narkotik vasitə heroin olmasını və elekron tərəzidə çəkilən zaman 1,42 qram olması müəyyən edilmişdir. Üzərinə şəxsi axtarış keçirilməsinə dair tərtib edilmiş protokolla müdafiəçisi Səfərəli Baxşiyevlə birlikdə tanış olub imzalamışdır. Hazırda bildirir ki, həmin vaxt onun üzərində hər hansı narkotik vasitə olmamışdır. Hadisədən sonra bu barədə heç bir hüquq mühafizə orqanına şikayət etməmişdir. Fikirləşmişdir ki, məhkəmədə bildirər. Ona görə də ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisi və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Biləsuvar rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis leytenantı rütbəsindədir. Biləsuvar şəhərində yaşayan Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün tərəfindən 20 may 2024-cü il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə rayon polis şöbəsinin CAB-nın əməliyyat müvəkkili, polis kapitanı Şahid2 Müşviq oğlu daxil edilmişdir. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq 20 may 2024-cü il tarixdə saat 19:00 radələrində Təqsirləndirilən şəxs Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən mərkəzi bazarın yaxınlığında piyada hərəkətdə olarkən əməliyyat qrupunun üzvü Şahid2 ilə birlikdə yaxınlaşaraq özlərini təqdim edib gəlişlərinin səbəbini izah etdikdən sonra Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gətirmişlər. O bu barədə raportla şöbənin rəhbərliyinə məruzə etmişdir. Raportun icrası rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Rövşən Musayevə həvalə edilmişdir. Təqsirləndirilən şəxs müvafiq qaydada hüquq və vəzifələri, o cümlədən, vəkil dəvət etmək hüququ izah olunmuşdur. Sonuncu vəkil siyahısı ilə tanış olduqdan sonra bildirmişdir ki, hüquqlarının vəkil X2 tərəfindən müdafiə olunmasını istəyir. Vəkil Səfərəli Baxşiyev dəvət edilmişdir. Şəxsi axtarış keçirilməsi üçün videoçəkilişdən istifadə olunmuş və həmin videoçəkilişi rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektor kriminalisti, polis kapitanı Anar Abduhəlimov kamera ilə qeydə almağa başlamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan edilmiş digər əşya vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən içərisində bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülü olan kibrit qutusunu təqdim edərək bildirmişdir ki, həmin qutunun içərisində olan sellofana bükülmüş bükülüdə narkotik vasitə heroin vardır. Həmin narkotik vasitəni 20 may 2024-cü il tarixdə səhər saatlarında Biləsuvar şəhəri M.İbrahimov küçəsində yerləşən mərkəzi bazarın qarşısında yerdən tapmış və şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşımışdır. Bundan başqa bildirmişdir ki, narkotik vasitə istifadəçisidir, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuşdur. Daha sonra həmin bükülüyə Təqsirləndirilən şəxs iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülü açılıb baxıldıqda, içərisində qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər kütlə olduğu, həmin kütlə şöbənin elektron tərəzisində çəkildikdə, çəkisinin bükülü ilə birlikdə 1,42 qram olması müəyyən edilmişdir. Həmin bükülü ekspertizaya göndərilməsi üçün müvafiq qaydada zərfə qoyularaq qablaşdırılmışdır. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar tərtib edilmiş protokolla bütün iştirakçılar kimi o da tanış olaraq imzalamışdır. Bildirmişdir ki, şəxsi axtarış zamanı narkotik vasitə heroini bükülü ilə birlikdə çəkdikləri üçün 1,42 qram çəkidə olmuşdur. Ekspert rəyində göstərilən çəki düzdür, ekspert rəyi ilə razıdır. Nə şəxsi axtarış keçirilən zaman, nə də saxlanılan zaman Təqsirləndirilən şəxs hər hansı bir zor tətbiq edilməmiş, hər bir hərəkət sonuncunun öz razılığı ilə olmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuzluğa yol verilməmişdir. Məhkəmədə şahid qismində dindirilən Şahid2 Şahid1 ilə eyni məzmunda ifadə verdi. Məhkəmədə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Biləsuvar rayon polis şöbəsinin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Biləsuvar şəhər sakini kimi tanıyır. Hadisə olana qədər onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. O, Təqsirləndirilən şəxs barəsində narkotik vasitənin qanunsuz dövrüyyəsi ilə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirində iştirak etməmiş, nə də Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilərkən onunla heç bir əlaqəsi və ya münasibəti olmamış, onun üzərinə baxış keçirilməsində də iştirak etməmişdir. İşdə olan Şəxsi axtarış və maddi sübutun götürülməsi barədə 20 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla keçirilmiş şəxsi axtarış zamanı o, əynindəki qara rəngli gödəkçənin sol yan cibindən içərisində 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülü olan kibrit qutusunu təqdim edərək bildirmişdir ki, həmin qutunun içərisində olan sellofana bükülmüş bükülüdə narkotik vasitə heroin vardır. Həmin narkotik vasitəni 20 may 2024-cü il tarixdə səhər saatlarında Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən mərkəzi bazarın qarşısında yerdən tapmış və şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşımışdır. Daha sonra həmin bükülüyə onun iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində narkotik vasitə heroinə bənzər maddə olması aşkar olunmuşdur. Həmin bükülü elektron tərəzisində çəkilmiş və bükülü ilə birlikdə 1,42 qram olması məlum olmuşdur. Həmin bükülü ekspertizaya göndərilməsi üçün müvafiq qaydada zərfə qoyularaq qablaşdırılmışdır. Şəxsi axtarış zamanı «Samsung» markalı videokamera ilə çəkilmiş videogörüntülər olan diskə baxış keçirilmiş və toplanmış istintaq materiallarına əlavə edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin X1 21 may 2024-cü il tarixli 19/439 №-li ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükülü .....» sözlər və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -1,285 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 1,285 qram, tədqiqata sərf edildi 0,1, qalıq 1,185 qram. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1,285 qram çəkidə narkotik vasitə heroinin tədqiqatdan sonrakı 1,185 qram qalığı cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. İşdə olan ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 473 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkamaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmiş, iş materialları ilə tanış olduğu zaman da hər hansı vəsatəti olmamışdır. Onun cinayət əməli şahidlərin ifadəsi, ekspertiza rəyləri, şəxsi axtarış və götürmə protokolu, vidio çəkliş və digər sənədlərlə tam subuta yetirilir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs ifadəsini özünü müdafiə xarakterli hesab etməklə cinayət məsuliyyətindən boyun qaçırmaq kimi qiymətləndirir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Əsgərov X5 rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-in 234.1, 69.3-cü maddələri ilə təqsirli bilinərək 11 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Biləsuvar rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-in 177.2.2, 177.2.3, 66.5-ci maddələri ilə təqsirli bilinərək 02 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmış, Salyan rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə AR CM-nin 76-cı maddəsinə əsasən 12 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Məhkumluğu ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nın İ siyahısının 5-ci bəndinə görə heroinin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2,0 qramdır Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, hərəkətlərində cinayətin residivinin olmasını, habelə təyin olunacaq cəzanın onun məqsədlərinə nail olunmasında əhəmiyyətini, ailəsinin həyat şəraitinə, habelə onun islah olunması imkanlarına təsirini nəzərə alaraq ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuna uyğun və məqsədə müvafiq hesab edir. İş materiallarında olan 20 may 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 may 2024-cü il tarixdə saat 19:40-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Biləsuvar rayon məhkəməsinin 22 may 2024-cü il tarixli 4(022)-42/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş, Təqsirləndirilən şəxs məhkəmə iclas zalında azad edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə 22 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs faktiki tutulduğu müddət təyin ediləcək azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. X3 himayəsində 2 nəfər yetkinlik yaşlarına çatmayan övladının (2007-ci il təvəllüdlü X8 və 2009-cu il təvəllüdlü X4 olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. CM-in 18-ci maddəsinin tələbinə görə qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Ona görə də CM-in 61.1.1-ci maddəsində nəzərdə tutulan cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. CM-in 65.2-ci maddəsində göstərilir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində CM-nin 65.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün müddət CM-in 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə nəzərə alınmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində residivə görə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və Təqsirləndirilən şəxs cəzasının çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər Narkoloji Xəstəxanasının ambulator məcburi narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli 473 nömrəli rəyinə və CM-in 93-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Habelə məhkəmə hesab edir ki, CPM-in 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 1,185 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 may 2024-cü il tarixindən 22 may 2024-cü il tarixinədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində saxlanılma müddəti, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına 1 (bir) günə 1 (bir) gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə» qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 28 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilən cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 60 (altımış) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon Polis Şöbəsinin saxlancında saxlanılan və tədqiqatdan sonra qalan 1,185 qram narkotik vasitə heroin məhv edilsin. Hökm elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar