Məhkəmə qərarları › İş №1(022)-147/2023

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-147/2023

27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-147/2023 27.09.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X2 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1993-cü il tarixdə Biləsuvar rayonu Bəydili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Biləsuvar rayonu, Nərimankən kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 04 avqust 2023-cü il tarixdə, saat 17 radələrində Biləsuvar rayonu, Nərimankənd kəndində yerləşən “Elxan” marketin qarşısında, insanların çoxluq təşkil etdiyi yerdə, Zərərçəkmiş şəxs Şahid2 ilə mübahisə etdiyini görüb onlara yaxınlaşmış, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs nalayiq sözlərlə söyüb təhqir edərək, bir neçə dəfə yumruqla sifət, baş və göz nahiyələrinə vurmaqla ona sonuncuya alının sol yarısında və sol göz yuvası ətrafında şişkinlik və qançır, sol gözün ağlı qişasına yayılmış qansızma, sol qaş nahiyəsində əzilmiş səthi yara ilə nəticələnmiş və zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş, qəsdən sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə 15-20 dəqiqə ərzində ətrafda olan vətəndaşların narahatlığına səbəb olan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək, göstərdi ki, o, ailəsi ilə birlikdə Biləsuvar rayonu, Nərimankənd kəndində yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs onun həmkəndlisidir və onlar arasında əvvəllər heç bir ədavət və ya düşmənçilik olmamışdır. O, 04 avqust 2023-cü il tarixdə, saat 17 radələrində Biləsuvar rayonu, Nərimankənd kəndində yerləşən kafedə spirtli içki qəbul etmiş və sərxoş olmuşdur. O, evinə qayıtdığı zaman yolda Zərərçəkmiş şəxs və Şahid2 mübahisə etdiyini görmüşvə sonuncuların arasını sakitləşdirmək məqsədi ilə onların yanına getmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs məsələnin ona aidiyyəti olmamasını və söhbətə qarışmamasını bildirmişdir. Bundan sonra onunla Zərərçəkmiş şəxs arasında mübahisə başlamış və o, əsəblərinə hakim olmayaraq,sonuncunun üzərinə anidən hücum çəkmişdir. O, Zərərçəkmiş şəxs 3-4 dəfə sifət və baş nahiyələrindən yumruqla vurmuş, habelə sonuncu da ona yumruqla bir neçə dəfə cəsarət yetirmişdir. Həmin dava zamanı o və Zərərçəkmiş şəxs bir-birilərini nalayiq ifadələrlə təhqir etmişlər. Bundan sonra isə ətrafda olan insanlar onları ayırmışlar. Bundan başqa, o bildirdi ki, onunla zərərçəkmiş şəxs arasında baş vermiş ümumi mübahisə 15-20 dəqiqə davam etmiş və hadisəni ətrafda olan çox sayda insanlar görmüşdür. Lakin sonradan o, əməlindən peşmançılıq hissi keçirdiyi üçün zərərçəkmiş şəxsdən üzr istəmiş, həmin şəxsə dəymiş zərəri ödəməklə barışıq əldə etmişdir. Sonda, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməklə, sonuncu ilə barışıq əldə etdiyini, himayəsində 2 uşağının olduğunu və ailəsini dolandıran yeganə şəxs olduğunu nəzərə alaraq, barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, barəsində ittiham irəli sürülmüş şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Belə ki, məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, o, Biləsuvar rayonu, Nərimankənd kəndində ailəsi ilə birgə yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs onun həmkəndlisidir və onlar arasında əvvəllər heç bir qərəzçilik və ya ədavət olmamışdır. Onun həmkəndlisi Şahid2 onun barəsində Biləsuvar rayon polis şöbəsinin Səmədabad polis bölməsinə şikayət etmişdir. 04 avqust 2023-cü il tarixdə o, həmin şikayət ilə bağlı Şahid2 ilə Biləsuvar rayonu, Nərimankənd kəndində yerləşən “Elxan” marketin qarşısında mübahisə etdiyi zaman Təqsirləndirilən şəxs heç bir səbəb olmadan ona hücum etmişdir. Təqsirləndirilən şəxs onun sifət və baş nahiyələrindən bir neçə dəfə yumruqla vurmuş və onu nalayiq ifadələrlə təhqir etmişdir. O da özünümüdafiə məqsədi ilə Təqsirləndirilən şəxs yumruqla bir neçə dəfə zərbə endirmişdir, lakin o, həmin yumruq zərbələrinin sonuncuya dəyib-dəymədiyin hazırda xatırlamır. Hadisə baş verən zaman ətrafda çoxlu insanlar toplaşmış və həmin şəxslər hadisəni görmüşlər və Təqsirləndirilən şəxs ondan ayıraraq, uzaqlaşdırmışlar. Sonradan Təqsirləndirilən şəxs ondan üzr istəmiş, ona dəymiş zərəri könüllü olaraq ödəmiş və onunla barışıq əldə etmişdir. Sonda, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, 04 avqust 2023-cü il tarixdə, saat 17 radələrində Biləsuvar rayonu, Nərimankənd kəndində yerləşən “Elxan” marketin qarşısından keçdiyi zaman həmkəndliləri Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs mübahisə etdiyini və sonuncunun Zərərçəkmiş şəxs bir neçə dəfə yumruqla vurduğunu görmüşdür. Bundan əlavə, o bildirdi ki, Zərərçəkmiş şəxs hadisə baş verdiyi vaxt özünümüdafiə məqsədi ilə Təqsirləndirilən şəxs vurub-vurmaması haqqında məlumatlı deyildir. Bundan sonra o və ətrafda olan digər kənd sakinləri mübahisə edən tərəfləri ayırmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, həmkəndlisi Zərərçəkmiş şəxs Biləsuvar rayonu, Nərimankənd kəndi ərazisində onun üzərinə maşın sürdüyü üçün Biləsuvar rayon polis şöbəsinin Səmədabad polis bölməsinə şikayət etmişdir. 04 avqust 2023-cü il tarixdə, saat 17 radələrində Biləsuvar rayonu, Nərimankənd kəndində yerləşən kafedə o, Zərərçəkmiş şəxs ilə həmin məsələ barədə söhbət etdiyi zaman sonuncu əsəbiləşərək, onu söyməyə başlamış və həmin vaxt ətrafda olan Təqsirləndirilən şəxs onlara yaxınlaşaraq, Zərərçəkmiş şəxs söyüş söyməməsini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs nalayiq ifadələrlə təhqir edərək, oradan uzaqlaşmasını bildirmişdir. Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs onu söyməsindən əsəbiləşərək, sonuncunun üzərinə hücum etmiş və onun sifət və baş nahiyələrindən bir neçə dəfə yumruqla vurmuşdur. Həmin hadisə vaxtı Zərərçəkmiş şəxs də Təqsirləndirilən şəxs yumruqla zərbələr endirmişdir. Tərəflər arasında baş vermiş davadalaş təxminən 15-20 dəqiqə davam etmiş və ətrafda olan çox sayda insan həmin münaqişəyə şahid olmuşdur. O və ətrafda olan digər şəxslər Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ayırmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, 04 avqust 2023-cü il tarixdə, saat 17 radələrində Biləsuvar rayonu, Nərimankənd kəndində yerləşən kafedə əyləşdiyi zaman kənd sakinlərinin yola doğru qaçdıqlarını görmüşdür. O da kafedən çıxaraq, Biləsuvar rayonu, Nərimankənd kəndində yerləşən “Elxan” marketin qarşısına getmiş və həmin yerdə həmkəndliləri Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs dava etdiklərini görmüşdür. O, hadisəni izlədiyi zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bir neçə dəfə yumruqla vurduğunun şahidi olmuşdur. Bundan sonra o da tərəfləri ayırmağa çalışmışdır. Bundan başqa, o bildirdi ki, o, Zərərçəkmiş şəxs hadisə baş verdiyi vaxt özünümüdafiə məqsədi ilə Təqsirləndirilən şəxs vurub-vurmamasını bilmir. İşdə olan hadisə yerinə baxış keçirilməsi barədə 05 avqust 2023-cü il tarixli protokoldan və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, hadisə Biləsuvar rayonu, Nərimankənd kəndində yerləşən “Elxan” marketin qarşısında baş vermişdir. Hadisə yeri Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmişdir. Baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən maddi sübut və ya predmet aşkar edilməmişdir. Baxış zamanı hadisə yerinin yaxınlığında olan marketlərdən birinin təhlükəsizlik kameralarına baxış keçirilmiş və əldə edilən videogörüntülər götürülmüşdür. Hadisə yeri kəndin mərkəzi hissəsində yerləşir və insanların çoxluq təşkil etdiyi ictimai yerdir. İş materiallarında olan canlı şəxsin ekspertizasının 05 avqust 2023-cü il tarixli, 776 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs alının sol yarısında və sol göz yuvası ətrafında şişkinlik və qançır, sol gözün ağlı qişasına yayılmış qansızma, sol qaş nahiyəsində əzilmiş səthi yara müəyyən edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 04 avqust 2023-cü il tarixə uyğun gəlir. Qeyd edilən xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlərdən olduğu üçün dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aiddir. İşdə olan canlı şəxsin ekspertizasının 08 avqust 2023-cü il tarixli, 773 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs sol göz yuvası ətrafında qançır və sağ dirsək oynağı nahiyəsində sıyrıq müəyyən edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 04 avqust 2023-cü il tarixə uyğun gəlir. Qeyd edilən xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işi materiallarında olan 04 avqust 2023-cü il tarixli, 414 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli sərxoş vəziyyətində olmuşdur. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddələri ilə təqsirli bilinərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli hökmü ilə 3 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 09 mart 2021-ci il tarixli qərarı ilə onun cəzasə 2 il 5 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair olan cinayət işinə Biləsuvar Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli qərarı ilə CPM-in 40.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. İş materiallarında olan Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin 27 sentyabr 2023-cü il tarixli arayışından görünür ki, Ə.A.X1 Cinayətlər Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli hökmü ilə, Şirvan Apellyasiya Məhkəməsinin 09 mart 2021-ci il tarixli qərarı ilə edilmiş dəyişikliklər nəzərə alınmaqla, ona təyin edilmiş 2 il 5 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını tam çəkmiş və 21 oktyabr 2022-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Belə ki, «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin qərarın 3-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, şəxsi münasibətlər zəminində başlanılmış hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə mənfi xarakterizə olunmayan, məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, himayəsində 2 azyaşlı uşağı olmasını və şəhid qardaşı olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs islah işləri növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla, 1 (bir) il müddətinə islah işləri növündə cəza təyin edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmalar aparılmağa başlandığı vaxtdan hesablansın. Hökm elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar