Məhkəmə qərarları › İş №1(022)-15/2023

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-15/2023

05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-15/2023 05.04.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində 20 sentyabr 2022-ci il tarixli qərarla «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 0,911 qram çəkidə narkotik vasitə heroin əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının alınmış məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 13:55 dəqiqədə Biləsuvar şəhəri, Vaqif küçəsində yerləşən MKTİK MMC-nin yaxınlığında şübhəli şəxs kimi saxlanılaraq Biləsuvar RPŞ-nə gətirilmiş və şöbənin inzibati binasında üzərinə şəxsi axtarış keçirilərkən həmin narkotik vasitə heroin bir ədəd bükümdə 0,911 qram çəkidə olmaqla əynindəki şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Biləsuvar şəhəri, Vaqif küçəsi ev 32-də ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Narkotik vasitə istifadəçisidir. xx.xx.2022-ci il tarixdə Biləsuvar şəhəri, Vaqif küçəsində yerləşən yaşadığı evin yaxınlığından narkotik vasitə heroin tapmışdır. O, həmin narkotik vasitəni daha sonra istifadə etmək məqsədi ilə cibinə qoymuşdur. 18 sentyabr 2022-ci il tarixdə saat 13:55 radələrində Biləsuvar şəhəri, Vaqif küçəsində yerləşən Pambıq zavodun yaxınlığından olan zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib onu Biləsuvar RPŞ-nə gətirmişdirlər. Həmin vaxtı tapdığı narkotik vasitə də üzərində olmuşdur. O da polis əməkdaşlarına heç bir etiraz etmədən onlarla polis şöbəsinə gəlmişdir. Polis Şöbəsində xidməti otaqların birində hüquqları ona izah olunmuşdur. Sonra da öz istəyi ilə hüquqlarını müdafiə etmək üçün X3 vəkil kimi dəvət olunmuşdur. Bundan sonra videoçəkiliş aparılmaqla polis əməkdaşı ona təklif etmişdir ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya varsa çıxarıb təqdim etsin. O da əynindəki şalvarın sol yan cibində gizlətdiyi və içərisində narkotik vasitə olan bir ədəd bükülünü çıxarıb polis əməkdaşlarına təqdim etmiş və sorğu zamanı bildirmişdir ki, həmin bir ədəd bükülünün içərsində özünün istifadə etməyi üçün narkotik vasitə vardır, ona məxsusdur və həmin narkotik vasitəni Biləsuvar rayonu ərazisindən tapmışdır. Bundan sonra üzərində şəxsi axtarış keçirilsə də, qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Onun təqdim etdiyi bir ədəd bükülü elektron tərəzidə çəkildikdən sonra açılıb baxılmışdır. Polis əməkdaşları həmin bükülünün içərisində narkotik vasitə heroinə bənzər maddə olduğunu bildirmişdirlər. Sonra həmin bükülü zərfə qoyulmuş və zərfin üzəri möhürlənilmişdir. Zərfin üzərinə bütün iştirakçılar, o cümlədən o da imza etmişdir. Şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Hazırda səhvini başa düşür, əməlindən səmimi peşmandır. Barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisi və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Biləsuvar rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantı rütbəsindədir. Biləsuvar rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə 18 sentyabr 2022-ci il tarixdə ona daxil olmuş əməliyyat məlumatı əsasında sonuncunun cinayət əməlinin ifşa edilməsi məqsədi ilə həmin tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən Biləsuvar RPŞ-nin CABnin baş əməliyyat müvəkili polis baş leytenantı Şahid1, CAB-nin əməliyyat müvəkili polis leytenantı X1, NMQ-nun əməliyyat müvəkili polis leytenantı X4 və onun da tərkibində olduğu əməliyyat qrupu yaradılaraq bu barədə protokol tərtib edilmişdir. Həmin qərara uyğun olaraq həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 18 sentyabr 2022-ci il tarixdə saat 13:50 radələrində Biləsuvar şəhəri, Vaqif küçəsi ilə piyada hərəkətdə olan zaman əməliyyat müşahidəsinə götürülmüşdür. Təqsirləndirilən şəxs təxminən 5 dəqiqə sonra Biləsuvar şəhəri, Vaqif küçəsində yerləşən MKTİK MMC-nin yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb RPŞnə gətirilmişdir. Toplanmış materialın icrası RPŞ-nin TB-nin təhqiqatçısı Nicat İbayevə həvalə edilmişdir. Həmin andan RPŞ-nin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs müvafiq qaydada hüquq və vəzifələri izah edilmiş, o cümlədən, ona vəkil dəvət etmək hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs da vəkil siyahısı ilə tanış olduqdan sonra hüquqlarının vəkil X3 tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra şəxsi axtarış keçirilməzdən əvvəl üzərində narkotik vasitə olması şübhəsi olduğundan Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış keçirilməzədən əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və yaxud qanunla qadağan olunmuş hər hansı əşya və yaxud predmet varsa könüllü olaraq təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da əynində olan şalvarın sol yan cibində bir ədəd büküm çıxardıb təqdim etmişdir. Təqdim etdiyi həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni Biləsuvar rayonu ərazisində, yerdən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş büküm açılıb baxıldqa içərisində narkotik vasitə olan heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Təqdim olunmuş büküm eloktron tərəzidə çəkilmiş və çəkisinin 1,25 qram olduğu görünmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm içərisində olan narkotik vasitə heroinə bənzər maddə zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və üzəri möhürlənilmişdir. Zərfin üzərinə bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs da imza etmişdir. Baxış keçirilməsinə dair protokol tərtib olunaraq iştirakçılara oxunmuş, protokol Təqsirləndirilən şəxs da tərkibində olduğu bütün iştirakçılar tərəfindən imzalanmışdır. O, həmçinin ifadəsində göstərmişdir ki, həmin vaxt narkotik vasitə heroin qablaşdırması ilə birlikdə çəkdikləri üçün o qədər çəkidə olubdur. Ekspert rəyində göstərilən çəki düzdür, ekspert rəyi ilə razıdır. Məhkəmədə şahid qismində dindirilən Şahid1 Şahid2 ilə eyni məzmunda ifadə verdilər. İşdə olan “Şəxsi axtarış keçirilməsi haqqında” 18 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, araşdırma zərurəti ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması şübhəsi yarandığından, üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əyindəki şalvarın sol yan cibindən bir ədəd bükümdə olmaqla 1,25 qram çəkidə narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Biləsuvar şəhəri, Vaqif küçəsində yerləşən yaşadığı evin yaxınlığından tapdığını və özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin X2 xx.xx.2022-ci il tarixli 19/984 №-li ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində "...Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş büküm...” sözlər və imzalar olan bir ədəd zərfədki, 1 ədəd bükümdə təmiz çəkisi 0,911 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,911 qram, tədqiqata sərf edildi 0,05, qalıq 0,861 qram. Narkotik vasitə heroinin tədqiqatdan sonrakı 0,861 qram qalığı 20 sentyabr 2022-ci il tarixli qərarla cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. İşdə olan Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1050 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi və fiziki aslılıq olmadan narkotik maddələrdən istifadə etmə halları istisna olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nın İ siyahısının 5-ci bəndinə görə heroinin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2,0 qramdır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı yüngülləşdirən hallar əməlindən səmimi peşman olması, yaşayış yeri üzrə müsbət xarekteriza olunmasıdır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. İş materiallarında olan 18 sentyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 sentyabr 2022-ci il tarixdə saat 15:00-da übhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 20 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 20 sentyabr 2022-ci il saat 12:40-da polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, azad edilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs faktiki tutulduğu müddət təyin ediləcək azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzasınını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün müddət CM-in 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə nəzərə alınmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Habelə məhkəmə hesab edir ki, CPM-in 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa, məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, CPM-in 132-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan tədqiqatdan sonra qalan 0,861 qram narkotik vasitə heroin məhv edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 8 (ay) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 sentyabr 2022-ci il tarixindən 20 sentyabr 2022-ci il tarixinədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində saxlanılma müddəti, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına 1 (bir) günə 1 (bir) gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 7( yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 05 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 60 (altımış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 0,861 qram olan narkotik vasitə heroin məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar