Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-151/2024 05.11.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X1 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1994-cü il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Biləsuvar şəhəri, Ş.Qurbanov küçəsində yerləşən 14 nömrəli evdə qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, tamah niyyəti ilə, özgənin əmlakını ələ keçirmək məqsədilə 13 aprel 2024-cü il tarixdə, saat 02 radələrində Biləsuvar şəhəri, S.Vurğun küçəsində yerləşən 1 nömrəli fərdi yaşayış evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq, həmin evin həyətində olan Zərərçəkmiş şəxs2 məxsus yerli cinsdən olan, hər birinin qiyməti 10 manat, çəkisi 1,5 kiloqram olan, cəmi 80 manat dəyərində 8 ədəd toyuğu, hər birinin qiyməti 20 manat, çəkisi 1,5 kiloqram olmaqla, cəmi 80 manat dəyərində 4 ədəd hindquşunu və evin həyətində yerləşən saxlanc yeri hesab olunan tövlənin qapısının üzərindəki kilidi açmaqla içəri qanunsuz daxil olaraq, tövlənin içərisindən hər birinin qiyməti 8 manat olmaqla, cəmi 128 dəyərində 16 ədəd yerli cinsdən olan göyərçin quşlarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 288 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə, özgənin əmlakını ələ keçirmək məqsədilə 23 may 2024-cü il tarixdə, saat 21 radələrində Biləsuvar şəhəri, Ş.Qurbanov küçəsində yerləşən 13 nömrəli fərdi yaşayış evinin həyətinə hasardan aşmaqla, qanunsuz daxil olaraq, həmin evin həyətində yerləşən tövlənin qarşısından Zərərçəkmiş şəxs1 məxsus 1 baş, 1 yaşında, erkək cinsli, diri çəkisi 35 kiloqram olan 280 manat dəyərində bir baş qoyunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, Biləsuvar şəhəri, Ş.Qurbanov küçəsində yerləşən 14 nömrəli evdə ailə üzvləri ilə birlikdə yaşayır, subaydır və rəsmi olaraq heç bir yerdə işləmir. Belə ki, onun ağ ciyərində ləkə var və bu onun ürəyinin normal fəaliyyətinə mənfi təsir göstərir, həmçinin o, ağır yük daşıya bilmir. O, əvvəllər səyyar şəkildə, yük avtomobili vasitəsilə rayonlarda meyvə-tərəvəz satışı ilə məşğul olsa da, hazırda səhhəti ilə əlaqədar olaraq heç yerdə işləyə bilmir. Buna görə də o, maddi vəziyyəti aşağı olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. Zərərçəkmiş şəxs1 unun qonşusudur və həmin şəxsin evi onun evinin qarşısında yerləşir. Zərərçəkmiş şəxs1 ilə onun qonşuluq münasibətləri normal olmuşdur və aralarında heç bir qərəzçilik və ya narazılıq yaranmamışdır. Zərərçəkmiş şəxs1 ailəsindən ayarılmışdır və özünəməxsus evdə tək yaşayır, həmçinin həmin şəxs həyətində xırdabuynuzlu heyvanlar saxlayır. Buna görə də o, Zərərçəkmiş şəxs1 həyətindən oğurluq etmək qərarına gəlmişdir. 23 may 2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 evdən getdikdən sonra, həmin gün, saat 21 radələrində o, həmin şəxsin həyətyanı sahəsində saxladığı xırdabuynuzlu heyvanlardan birini oğurlamaq üçün sonuncunun həyətinə daxil olmuşdur. O, Zərərçəkmiş şəxs1 həyətinə darvazanın üzərindən aşmaqla daxil olmuşdur. O, həyətə daxil olduqdan sonra həyətin evin arxa hissəsində yerləşən, üzəri üzüm ağacının tağları ilə örtülmüş açıq sahəyə getmişdir. O, həmin vaxt Zərərçəkmiş şəxs1 məxsus xırdabuynuzlu heyvanlar həyətdə yerləşən tövlənin qarşısında yatdığını görüb, asta addımlarla heyvanlara yaxınlaşmış və bir baş quzunu ayağından tutaraq, digər heyvanlardan uzaqlaşdırmışdır. Həmin vaxt quzu səs çıxarmamışdır. Daha sonra o, həmin quzunu götürərək dəmir tor çəpərdən digər qonşu Zahid Hüseynlinin həyətinə keçirmiş və hadisə yerindən uzaqlaşmışdır. O, həmin quzunu Zahid Hüseynlinin həyətinin arxa hissəsində yerləşən tövlənin arxasında atmışdır və heyvanın ağzını və ya ayarqlarını bağlamamışdır. Zahid Hüseynli taksi fəaliyyəti ilə məşğul olduğu üçün evini səhər erkən saatlarında tərk edib, axşam saatlarında geri qayıtdığı üçün o əmin olmuşdur ki, həmin şəxs quzudan xəbər tutmayacaqdır. O, bundan sonra evinə getmiş və daha sonra Biləsuvar şəhərinə yollanmışdır. O, evinə qayıtdığı vaxt əmisi oğlu Adil Hüseynov ona evinə polis əməkdaşlarının gəldiyini və qonşuları Zərərçəkmiş şəxs1 həyətindən kiminsə bir baş quzu oğurladığını ona bildirmişdir. O, bundan sonra qorxmuş və əməlindən peşman olaraq, oğurladığı quzunu sahibinə geri gətirmək qərarına gəlmişdir. O, həmin gün axşam saatlarında quzunun ayaqlarını bağlayaraq, Zərərçəkmiş şəxs1 həyətinə gətirmiş və sonuncuya təhvil verərək, ondan üzr istəmişdir. Zərərçəkmiş şəxs1 isə ona heç bir söz deməmişdir. 25 may 2024-cü il tarixdə, saat 09 radələrində Biləsuvar rayon polis şöbəsinin əməkdaşı Talıb Hüseynov ona zəng edərək, onu şöbəyə çağırmışdır. O, həmin gün saat 11 radələrində Biləsuvar rayon polis şöbəsinə getmiş və Talıb Hüseynov ilə görüşmüşdür. O, Zərərçəkmiş şəxs1 həyətindən bir baş quzu oğurladığını, lakin sonradan həmin heyvanı sahibinə geri qaytardığını Talıb Hüseynova etiraf etmişdir. Bundan sonra polis əməkdaşları ona təzyiqlər göstərək, onu Zərərçəkmiş şəxs2 adlı şəxsin həyətindən quşlarını oğurlamaqda ittiham etmişlər. Halbuki o, Zərərçəkmiş şəxs2 adlı şəxsi tanımamışdır. O, əvvəlcə həmin şəxsin evindən oğruluq etdiyini qəbul etməsə də, polis əməkdaşlarının ona hədə-qorxu gəlməsindən sonra o, məcbur qalıb Zərərçəkmiş şəxs2 adlı şəxsin həyətindən oğurluq etməsi barədə də etirafedici ifadə vermişdir. Yalnız bundan sonra onu polis əməkdaşları buraxmışlar. O, işin məhkəməyə göndəriləcəyindən xəbərsiz olduğuna görə heç bir orqana polis əməkdaşlarının onu döyərək və işgəncə verərək, ondan etirafedici ifadə almaları barədə şikayət etməmişdir. Həmçinin o, Zərərçəkmiş şəxs2 həyətində baxış zamanı oğurluq etdiyi yeri və həyətə daxil olduğu istiqaməti göstərsə də, o, polis əməkdaşlarının ona göstərdiyi istiqaməti öz əli ilə təkrarlamış və polis əməldaşları onun şəklini çəkmişlər. O, Zərərçəkmiş şəxs2 evini belə tanımamışdır. Həmçinin o bildirdi ki, Zərərçəkmiş şəxs1 həyətindən oğurluq etdiyinə görə çox peşmandır və həmin şəxsə məxsus quzunu geri qaytarmaqla, sonuncu ilə barışıq əldə etmişdir. Cinayət işi üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs2 zərərin əvəzi qismində 280 manat məbləğində pul vəsaitinin kim tərəfindən ödənilməsindən isə o, xəbərsizdir. Sonda, Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, Zərərçəkmiş şəxs1 vurduğu zərəri könüllü olaraq ödəməklə həmin şəxslərlə barışıq əldə etdiyini bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsləri və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri, özünün qismən etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 bildirdi ki, o, Biləsuvar şəhəri, S.Vurğun küçəsində yerləşən 1 nömrəli evdə ailə üzvləri ilə birlikdə yaşayır. O, İİ dərəcə əlil olsa da, yaşadığı evin həyətində həm satış, həm də ailəsinin istifadəsi üçün ev quşları - hindquşu, toyuq, ördək və göyərçin saxlayır. O, həmin quşlardan hindquşularını və toyuqları yaşadığı fərdi yaşayış evinin arxa hissəsində olan ətrafı dəmir çəpərlə hasarlanmış sahədə, göyərçinləri isə həmin yerdə yerləşən 2 otaqdan ibarət olan tövlədə saxlayır. O, həmin göyrəçinləri həvəskar şəkildə saxlayır, onun saxladığı göyərçinlərin bəzilərinin bazar dəyəri təxminən 200 manat təşkil edir. Ev quşlarını saxladığı tövlənin otaqlarından birinin dəmir qapısı olsa da, digər otağın qapısı yoxdur. O, 12 aprel 2024-cü il tarixdə, axşam saatlarında göyərçinlərini tövlənin qapısı olan otağına saldıqdan sonra həmin qapını bağlamışdır. Hindquşları və toyuqlar isə evin həyətində, açıq sahədə qalmışlar. 13 aprel 2024-cü il tarixdə, səhər saatlarında o, evin arxa hissəsinə keçdiyi vaxt həyətdə olan hindquşların və toyuqların sayının əskik olduğunu yəqin etmişdir. Buna görə də o, quşları saymağa başlamışdır və nəticədə 4 ədəd bala, Amerika cinsli hindquşunun və 8 ədəd toyuğun əskik olduğunu müəyyən etmişdir. Bundan sonra o, tövlədə saxladığı göyərçinləri də saymış və həmin quşlardan da 17 ədədinin tövlədə olmadığını öyrənmişdir. Ona məlum olmuşdur ki, tövlədə olmayan 17 ədəd göyərçin yaşıl rəngdə olan və bahalı cinsli göyərçinləridir. O, həmin göyərçinləri bir ilə yetişdirmişdir və hazırda həmin göyərçinin bir ədədinin qiyməti 100 manatdır. O, dərhal hadisə barədə Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng edərək, hüquq-mühafizə orqanlarına məlumat vermişdir. Bundan sonra onun həyətinə 2 nəfər polis əməkdaşı gəlmiş və həyətdə çəkiliş aparsalar da, həmin şəxslər heç bir əl və ya ayaq izi götürməmişlər. Həmin vaxtdan 3-4 gün keçsə də, onun həyətində baş vermiş oğurluq hadisəsinin araşdırılmasının gedişatı barədə ona heç bir məlumat verilməmişdir. Bundan bir müddət sonra o, təkrarən “102” qaynar xəttinə zəng edərək, hadisədən bir gün əvvəl evinin ətrafında bir şəxsin olduğunu və həmin şəxsdən şübhələndiyini bildirmişdir. Bundan sonra təkrarən polis əməkdaşıları onun həyətinə gəlmişlər. O, həmin şəxslərə onun həyətinin böyük olduğunu və hər tərəfdən də kamera ilə əhatə olunduğunu bildirmişdir. Onun evi pambıq zavodunun yanında yerləşir və həmin zavodun müşahidə kameraları, həmçinin Əfsun adlı qonşusunun kameraları da onun həyətinin girişini və ətrafını əhatə edir. O, həmin polis əməkdaşlarında zavoddan və qonşusundan videogörüntüləri almalarını xahiş etmişdir. Onun özünün həyətində təhlükəsizlik kameraları olsa da, qonşusunun kamerasının çəkiliş diametri 6 metr hündürlükdən onun bütün həyətini əhatə edir. Buna baxmayaraq, polis əməkdaşları nə pambıq zavodundan, nə də qonşusu Əfsundan videogörüntüləri tələb etməmişlər. Həmçinin hadisə yerinə baxış keçirmək məqəsdi ilə gəlmiş əməliyyatçılar ona həyətin arxa hissəsinə quş tüklərinin töküldüyünü də görmüşlər. Buna görə də o hesab edir ki, oğru oğurluq etmək məqsədi ilə onun həyətinə ön hissədən yox, arxa hissədən daxil olmuşdur. O, özü də qonşusu Əfsundan 12 aprel 2024-cü il tarixə dair görüntüləri ona verməsini istəmiş və Əfsun həmin kameraların qeyd etdiyi görüntülərin birbaşa oğlunun telefonuna ötürüldüyünü və ona verəcəyini ona bildirsə də, sonradan həmin şəxs və oğlu ondan qaçmağa başlamış və ona heç bir görüntü təqdim etməmişlər. Onun evinin arxa hissəsində yaşayan Zamiq və Atakişi adlı qonşularının da həyətində kamera olsa da, onun sonuncu ilə münasibətləri olmadığı üçün həmin şəxslərdən hər hansı görüntü tələb etməmişdir. Hadisədən bir müddət sonra o, çayxanada olduğu vaxt ailə üzvlərindən biri ona zəng edərək, polis əməkdaşlarının evlərinə gəldiyini və oğurluq edən şəxsi də özləri ilə birlikdə gətirdiklərini bildirmişdir. O, dərhal evinə getmiş və həyətə çatdığı vaxt artıq polis əməkdaşlarının onun evini tərk etmək üzrə olduqlarını, əvvəllər tanımadığı Təqsirləndirilən şəxs adlı şəxsin əli ilə həyətinin girişini göstərdiyini görmüşdür. O, əvvəlcə Təqsirləndirilən şəxs onun həyətindən oğurluq etdiyinə inansa da, məhkəmə iclasında təqsirləndirilən şəxsin ifadəsini dinlədikdən sonra fikrini dəyişmişdir. Çünki, o hesab edir ki, oğurluq hadisəsini törədən şəxs giriş hissədən onun həyətinə daxil olmamışdır. Həmçinin o, Təqsirləndirilən şəxs göyərçinlərinin harada olduğunu soruşsa da, sonuncu quşların yerini bilmədiyini ona demişdir. Bundan sonra onu Biləsuvar rayon polis şöbəsinin müstəntiqi Şahid1 şöbəyə çağırmışdır. O, həmin şəxsə həyətindən oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olmasına əmin olmadığını bildirsə də, sonuncu Təqsirləndirilən şəxs onun həyətinə girib, oğurluq etdiyini özü könüllü etiraf etdiyini ona demişdir. Həmçinin həmin müstəntiq xidməti otağında cinayət işi üzrə vurulmuş zərərin əvəzi qismində ona 280 manat pul vəsaiti vermişdir. Həmin vaxt onların yanında Təqsirləndirilən şəxs olmamışdır. Halbuki ona törədilmiş oğurluq nəticəsində 280 yox, ondan dəfələrlə çox məbləğdə ziyan dəymişdir. Onun həyətindən oğurluq etmiş şəxsin Təqsirləndirilən şəxs olması barədə polis əməkdaşları ona məlumat verdikdən sonra təqsirləndirilən şəxsin ailə üzvləri və qohumları onun yanına gələrək, üzrxahlıq əldə etmiş və barışıq əldə etmişlər. Bundan sonra o, Təqsirləndirilən şəxs ilə barışıq əldə etdiyi barədə ərizəni polis orqanına təqdim etmişdir. Həmçinin o bildirdi ki, hadisə barədə məlumat verdikdən sonra onun həyətinə baxış keçirmək məqsədi ilə gəlmiş polis əməkdaşları sırasında Şahid1 olmamışdır. Həmin şəxs sonradan, yəni onun həyətindən oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olduğu aşkar edildikdən sonra onun həyətinə təqsirləndirilən şəxs və digər polis əməkdaşları ilə birlikdə gəlmişdir. Onun əsas məqsədi oğrunun və ya hər hansı şəxsin həbs edilməsi deyil, sadəcə ona dəymiş ziyanın ödənilməsinə nail olmaq olmuşdur. Həmçinin o bildirdi ki, Təqsirləndirilən şəxs onun qonşusunun nəvəsidir və buna görə də o, həmin şəxsi bağışlayır və sonuncuya qarşı hər hansı tələbi yoxdur. Sonradan Zərərçəkmiş şəxs2 məhkəmə iclasında ifadəsinə əlavə olaraq bildirdi ki, onun həyətində oğurlannmış quşların ekspert rəyində və ittiham aktında yazılmış qiymətləri ilə razı deyil. Çünki onun həyətindən oğurlanmış quşalrın qiyməti əslində ekspert rəyində göstərilənlərdən qat-qat bahadır, həmçinin göyərçinləri də başqa növ olduqları üçün hazırda bazarda çox baha qiymətə satılır. Lakin o, artıq təqsirləndirilən şəxsi bağışladığına görə işin istintaq orqanına göndərilməsini tələb etmir. Həmçinin o, ibtidai istintaqın gedişində onun həyətindən oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olmasından şübhə etməsə də, işin məhkəmə istintaqı vaxtı təqsirləndirilən şəxs onun həyətindən oğurluq etmədiyi barədə ifadə verdiyinə görə onun fikri qarışmış və buna görə də məhkəmədə əvvəlcə onun həyətindən oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olmadığını bildirmişdir. Hazırda o güman edir ki, məhz Təqsirləndirilən şəxs onun həyətindən oğurluq etmişdir, lakin həmin şəxs bir həmyerli kimi onunla münasibətlərinin pozulmaması və ya real zərərin əvəzinin ödənilməsindən yayınmaq məqsədi ilə onun həyətindən oğurluq etdiyini məhkəmədə inkar etmişdir. Sonda, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs onunla barışıq əldə etdiyini, onun sonuncuya qarşı iddiası, tələbi və ya şikayəti olmadığını bildirərək, Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs1 bildirdi ki, o, Biləsuvar şəhəri, S.Vurğun küçəsində yerləşən 14 nömrəli evdə qeydiyyatda olsa da, faktiki olaraq Biləsuvar şəhəri, Ş.Qurbanov küçəsində yerləşən 13 nömrəli evdə tək yaşayır, arvadından borşanmışdır. Təqsirləndirilən şəxs onun qonşusudur və sonuncu ilə oun arasında əvvəllər qərəzçilik və ya düşmənçilik olmamışdır. O, evinin həyətində xırdabuynuzlu heyvanlar saxlayır və həmin heyyvanlar satışı ilə məşğuldur. 23 may 2024-cü il tarixdə günorta saatlarında o, atası xəstə olduğu üçün evini tərk edərək, atasının yanına getmişdir. O, evinə qayıtdıqdan sonra həmin gün, saat 23 radələrində o, xırdabuynuzlu heyvanları yemləmək üçün həyətin bağ hissəsinə keçmiş və həmin vaxt orada saxladığı 16 baş heyvandan bir baş quzunun olmadığını müəyyən etmişdir. O, həmin quzunu bütün həyətdə axtardıqdan sonra həmin heyanın oğurlandığını yəqin etmişdir. Buna görə də o, 24 may 2024-cü il tarixdə Biləsuvar rayon polis şöbəsinə baş vermiş oğurluq hadisəsi barədə ərizə ilə müraciət etmişdir. Həmin gün polsi əməkdaşları onun evinə gəlmişlər və onlar qonşularının həyətinə baxış keçirmişlər. O, Zahid Hüseynli adlı qonşusu həyətində mal-qara saxlamadığı üçün həmin şəxsin həyətinə baxmamışdır. Həmin gün axşam saatlarında qonşusu Təqsirləndirilən şəxsonun həyətinə gələrək, onun quzusunu oğurladıığını etiraf etmiş, quzunu ayaqları bağlanmış şəkildə ona təhvil verərək, ondan üzr istəmişdir. Buna görə də hazırda onun təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və ya tələbi yoxdur. Sonda, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ona dəymiş maddi zərəri könüllü olaraq tam ödəməklə onunla barışıq əldə etdiyini, onun sonuncuya qarşı iddiası, tələbi və ya şikayəti olmadığını bildirərək, Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə şahid kimi dindirilmiş Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi vəzifəsində xidmət edir. 2024-cü ilin may ayında Zərərçəkmiş şəxs1 həyətindən bir baş quzunun oğurlanması barədə Biləsuvar rayon polis şöbəsinə müraciəti əsasında ********* nömrəli cinayət işi başlanmış və həmin cinayət işi onun icraatında olmuşdur. O, həmin iş üzrə digər polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirmişdir. Sonradan isə Təqsirləndirilən şəxs özü həm Zərərçəkmiş şəxs1, həm də ona zərərçəkmiş şəxsin həyətindən bir baş quzu oğurladığını etiraf etmişdir. Həmçinin Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs1 həyətinə çəpərdən aşmaqla, daxil olduğunu və bir baş quzunu oğurlayaraq, çəpərdən təkrarən aşıb, onun həyəti ilə yanbayan yerləşən və yaşayış olmayan qonşusunun həyətinə apardığını və dəmir tordan keçirdərək, öz evinə apardığını göstərmişdir. Təqsirləndirilən şəxs ona oğurladığı heyvanı qonşusu Zahid Hüseynlinin həyətində saxlaması barədə heç bir məlumat verməmişdir. Buna görə də o, hadisə ilə bağlı Zahid Hüseynli adlı şəxsdən heç bir izahat almamışdır. Zərərçəkmiş şəxs2 həyətindən oğurluq edilməsi ilə bağlı ********* nömrəli cinayət işi isə Biləsuvar rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi Şahid2 icraatında olmuşdur. Şahid2 Zərərçəkmiş şəxs2 həyətinə baxış keçirmiş və həmin baxışda o iştirak etməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 həyətindən oğurluq etdiyinə görə şübhəli şəxs qismində tutulmuş və Şahid2 tərəfindən təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. O, 27 may 2024-cü il tarixdə isə ********* və ********* nömrəli cinayət işləri onun qərarı ilə bir icraatda birləşdirilmişdir. Zərərçəkmiş şəxs2 həyətinin böyük olmasına baxmayaraq, həmin şəxsin həyətində və ya evində hər hansı təhlükəsizlik kamerası olmamışdır. O, Zərərçəkmiş şəxs2 tələbi ilə həmin şəxsin evinin ətrafında olan kameralardan videogörüntülərin əldə edilməsi barədə əməliyyat tapşırığı versə də, baş vermiş oğurluq hadisəsi ilə bağlı hər hansı görüntü əldə edilməmişdir. Sonradan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 həyətindən oğurluq etməsi əməliyyat qrupu tərəfindən aşkar edilmiş və həmin şəxs iş üzrə şübhəli şəxs qismində cəlb edilmişdir. Təqsirləndirilən şəxs də Zərərçəkmiş şəxs2 həyətindən oğurluq etdiyini etiraf etmişdir. O və Şahid2la təqsirləndirilən şəxslə birlikdə sonuncunun ifadəsinin yoxlanması məqsədi ilə Zərərçəkmiş şəxs2 evinə getmişlər. Həmin istintaq hərəkətində zərərçəkmiş Zərərçəkmiş şəxs2 da iştirak etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyətinə ön hissədən necə daxil olduğunu və həyətdə olan quşları oğurladığı yerləri təqdim etmişdir. Zərərçəkmiş şəxs2 həmin vaxt əvvəlcə hadisə yerinə təqsirləndirilən şəxsin həyətin qabaq hissəsindən girmədiyini bildirsə də, işin halları ilə tanış olduqdan sonra heç bir etiraz etməmişdir. Həmçinin hüquqmühafizə orqanı əməkdaşı olaraq əsas vəzifələrindən biri də mülkiyyət əleyhinə olan cinayətlər üzrə zərəri ödətdirmək olduğuna görə o, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri ödətdirməyə cəhd göstərmişdir. Zərərçəkmiş şəxs2 da istintaqın gedişində ona Təqsirləndirilən şəxs qohumlarının onun evinə gəldiyini və onunla barışıq əldə etdiklərini bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs2 istintaq vaxdı hər zaman məqsədinin təqsirləndirilən şəxsin tutulması olmadığını, yalnız ona vurulmuş ziyanın ödənilməsini tələb etdiyini demişdir. Təqsirləndirilən şəxs və onun əmisi oğlu da Zərərçəkmiş şəxs2 ilə barışmağa səy göstərmişlər. Buna görə də Təqsirləndirilən şəxs Biləsuvar rayon polis şöbəsində vurulmuş zərərin əvəzi qismində Zərərçəkmiş şəxs2 280 manat pul vermiş və sonuncu ilə barışığa nail olmuşdur. Həmin vaxt o və təqsirləndirilən şəxsin əmisi oğlu da Zərərçəkmiş şəxs2la Təqsirləndirilən şəxs yanında olmuşlar. Buna görə də o, hazırda Zərərçəkmiş şəxs2 məhkəmədə nümayiş etdirdiyi mövqeyi anlaya bilmir. Həmçinin Şahid1 bildirdi ki, onun tərəfindən və ya onun iştirakı ilə digər polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxsə qarşı hər hansı fiziki və ya psixi zor tətbiq olunmamış, həmin şəxsə qarşı hər hansı qanunsuzluğa yol verilməmişdir. İş üzrə şahid kimi dindirilmiş Biləsuvar rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi Şahid2 məhkəmədə göstərdi ki, 13 aprel 2024-cü il tarixdə Biləsuvar şəhər sakini Zərərçəkmiş şəxs2 həyətindən oğurluq edilməsi barədə Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng edərək, məlumat verdikdən sonra o, əməliyyat qrupunun tərkibində həmin şəxsin həyətinə baxış keçirməyə getmişdir. Hadisə yerinə baxış keçirildiyi zaman Zərərçəkmiş şəxs2 hadisənin olduğu yeri, oğrunun onun həyətinə hardan və necə girdiyini ona və digər polis əməkdaşlarına göstərmişdir. Həmin vaxt hadisə yerinin fotoşəkilləri də çəkilərək hadisə yerinə baxış keçirilməsinə dair protokola əlavə edilmişdir. O, həmin vaxt Zərərçəkmiş şəxs2 kimlərdən şübhə etdiyi barədə sorğu da aparmış və həmin şəxs ona oğurluq hadisəsi törədilməzdən əvvəl onun həyətinə gəlmiş və ya ondan hindquşu və ya göyərçin almaq üçün gəlib, lakin almayan 2 nəfərin adını onlara söyləmişdir. Həmin şəxslər barəsində araşdırılma aparılsa da, Zərərçəkmiş şəxs2 evindən oğurluq edən şəxslərin onlar olmadığı müəyyən edilmişdir. O, Zərərçəkmiş şəxs2 tələbi ilə həmin şəxsin həyətinin ətrafında olan müşahidə və təhlükəsizlik kameralarından 13 aprel 2024-cü il tarixə, yəni oğurluq edildiyi günə dair görüntülərin əldə edilməsi barədə əməliyyat orqanına müvafiq qaydada əməliyyat tapşırığı vermişdir. Lakin əməliyyat orqanı zərərçəkmiş şəxsin evinin ətrafında olan obyektlərdə quraşdırılmış kameraların Zərərçəkmiş şəxs2 həyətini qeydə almadığını barədə ona məlumat vermişlər. O, həmin videogörüntülərin əldə edilməsi üçün bütün təxirəsalınmaz tədbirlər görmüşdür. Hadisənin baş verməsindən təxminən 40 gün sonra əməliyyat orqanı ona Təqsirləndirilən şəxs adlı şəxsin Biləsuvar şəhər sakini Zərərçəkmiş şəxs1 həyətindən oğurluq etdiyini və istintaq orqanına ifadə verdiyi vaxt Zərərçəkmiş şəxs2 həyətindən də oğurluq etdiyini etiraf etməsi barədə ona məlumat vermişdir. O, icraatında olan cinayət işi ilə bağlı Təqsirləndirilən şəxs izahat aldığı vaxt həmin şəxs Zərərçəkmiş şəxs2 həyətindən oğurluq etdiyini ona da bildirmişdir. Həmin şəxsdən izahat alındığı vaxt onun tərəfindən və ya onun iştirakı ilə digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi zor tətbiq olunmamış, bütün istintaq hərəkərləri cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun şəkildə, vəkilin iştirakı ilə, videoçəkiliş aparılmaqla keçirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanıldığı vaxt sonuncu Zərərçəkmiş şəxs2 həyətinə haradan daxil olduğunu və necə oğurluq etdiyini əyani qaydada onlara göstərmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 adlı vətəndaşın həyətindən oğurluq etməsinə dair cinayət işi müstəntiq Şahid1 icraatında olduğu üçün, Zərərçəkmiş şəxs2 həyətindən oğurluq edilməsinə görə başlanılmış cinayət işi də digər işlə bir icraatda birləşdirilərək, Şahid1 icraatına verilmişdir. O, həmçinin bildirdi ki, Biləsuvar rayonunda oğurluq hadisələri çox baş verir və həmin cinayətlərin üstü də bir çox hallarda bütün səylər göstərilməsinə baxmayaraq istintaq orqanı tərəfindən açıla bilmir. Zərərçəkmiş şəxs2 həyətindən oğurluq edilməsi halı da həmin dövrdə Biləsuvar rayonunda törədilmiş, lakin hələ də açılmayan yeganə oğurluq hadisəsi olmadığına görə həmin cinayəti öz boynuna alması üçün Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiq göstərilməsinə heç bir zərurət olmamışdır. Bundan başqa, Zərərçəkmiş şəxs2 həyətindən oğurluq etmiş şəxslərin gec tapılmasına görə yuxarı dövlət orqanlarına təkrar şikayətlər etmədiyinə görə həmin oğurluq haqisəsinin tez açılması məqsədilə əməliyyat orqanının həmin cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini iddia etməklə işini bitmiş hesab etməsini güman etməyə də ehtiyac olmamışdır. Təqsirləndirilən şəxs digər şəxsin evindən oğurluq etdikdən sonra başqa cinayətlərdə iştirakı ilə bağlı ona suallar verilmiş, həmin şəxs hər hansı təzyiq və təsir olmadan N.M.Abbasovun evindən də oğurluq etdiyini etiraf etmişdir. Hazırda isə həmin cinayəti etiraf etməməsi özünümüdafiə və məsuliyyətdən yayınmaq məqsədilə ilə edilmiş hərəkətdir. İşdə olan 13 aprel 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs2 məxsus Biləsuvar şəhəri, S.Vurğun küçəsində yerləşən 1 nömrəli evin həyətidir. Baxış nəticəsində yaşayış evinin həyətinin arxa hissəsində ev quşlarının saxlanılması üçün tövlə olması müəyyən edilmişdir. Həmin tövlə iki otaqdan ibarətdir və həmin otaqlardan birində qapı vardır. Hadisə yerinə baxış gündüz vaxtı, açıq hava şəraitində həyata keçirilmişdir. Hadisə yerini Zərərçəkmiş şəxs2 təqdim etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 24 may 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Biləsuvar şəhəri, Ş.Qurbanov küçəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evidir. Hadisə yerinə baxış gündüz vaxtı, açıq hava şəraitində həyata keçirilmişdir. Yaşayış evinin həyətini küçədən mişar daşları ilə hörülmüş hasar və dəmir darvaza ayırır. Həmin evin həyətinin girişində, sağ tərəfdə 1 ədəd yardımçı tikili, solda isə fərdi yaşayış evi vardır. Həyətin bağ hissəsində xırdabuynuzlu heyvanları saxlamaq üçün birmərtəbəli tikili vardır. Hadisə yeri Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən maddi sübut və ya əl-barmaq izləri aşkar edilməmişdir. İşdə olan 27 amy 2024-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs hadisə yerində - Zərərçəkmiş şəxs2 məxsus Biləsuvar şəhəri, S.Vurğun küçəsində yerləşən 1 nömrəli evin həyətində bildirmişdir ki, o, 13 aprel 2024-cü il tarixdə, saat 02 radələrində həmin fərdi yaşayış evinin həyətinə darvazanın yanında olan daş hasarın üzərindən aşaraq daxil olmuş, həyətin çardaqlı hissəsini keçmiş, dəmir qapı vasitəsilə həyətin digər hissəsinə daxil olmuşdur. Həmin yerdə kərpicdən tikilmiş bir ədəd tövlə və çox sayda hindquşu, hinquşu balaları və toyuq olmuşdur. Həmin şəxs ağacın altından bir ədəd kisə götürərək, həmin kisəyə əvvəlcə 8 ədəd toyuq və 4 ədəd hinquşu balasını qoymuş, dahas onra isə həyətdə olan tövlənin dəmir qapısını açaraq, oradan 16 ədəd göyərçini də kisəyə qoymuşdur. Bundan sonra isə Təqsirləndirilən şəxs dəmir darvazaya yaxınlaşmış və darvazanı açaraq həyətdən çıxmışdır. İş materiallarında olan 27 may 2024-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 1 baş qoyunu 27 may 2024-cü il tarixdə Biləsuvar rayon polis şöbəsindən təhvil almışdır. Cinayət işində olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 04 iyul 2024-cü il tarixli, 19\515 saylı rəyindən görünür ki, ekseprtizaya təqdim edilmiş heyvanların 2024-cü ilin aprel-may aylarına olan orta bazar qiyməti 1 baş, 1 yaşında, erkək cinsli, diri çəkisi təxminən 35 (otuz beş) kiloqram olan qoyun üçün 280 manat, 8 ədəd yerli cinsdən olan hər birinin təmiz çəkisi 1,5 kiloqram olan toyuq üçün cəmi 80 manat, 4 ədəd hər birinin təmiz çəkisi 1,5 kiloqram olan hindquşu üçün cəmi 80 manat və 16 ədəd yerli cinsdən olan göyərçin üçün cəmi 128 manat, ümumilikdə təxminən 568 manat məbləğində müəyyən edilir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayın evinin həyətindən oğurluq etməməsi və Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən fiziki və ya psixi zora məruz qaldıqdan sonra həmin cinayəti törətməsi barədə ifadə verməsi barədə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunduğuna görə özünümüdafiə və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş hesab olunmalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunmayan şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cavanlığını, törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə cinayət nəticəsində vurulmuş maddi ziyanı tamamilə aradan qaldırmasını və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs azadlığın məhdudulaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər. Bundan başqa, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 25 may 2024-cü il tarixdə, saat 21:20-də tutularaq, Biləsuvar rayon polis şöbəsinin müvəqqəti saxlama yerinə təhvil verilmiş və həmin şəxs 27 may 2023-cü il tarixdə, saat 19:30-da müvəqqəti saxlama yerindən azad edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azdlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı faktiki tutulduğu 2 gün müddət təyin edilən müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə ə hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə qətimkan tədbirinin şərtlərini pozmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 50 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və onun barəsində 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 2 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya qurumuna həvalə edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci qismində 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökm elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №1(022)-151/2024
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-151/2024
05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver