Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-154/2024 03.10.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X2 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1982-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 uşağı olan, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Babək qəsəbəsi, Azadlıq küçəsində yerləşən 2 nömrəli qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 05 iyul 2024-cü il tarixədək olan müddət ərzində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 1 bükümdə xeyli miqdarda, 17,046 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və digər bükümdə xeyli miqdarda 0,483 qram çəkidə psixotrop maddə metamfetamini eldə edib, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə düz bağırsağına yerləşdirərək saxlamış, 05 iyul 2024-cü il tarixdə İran İslam Respublikasından tranzit keçməklə, “Naxçıvan Muxtar Respublikası-Bakı şəhəri” sərnişin avtobusu ilə sərnişin qismində gələrək daşımış, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin Biləsuvar rayonunun inzibati ərazisində yerləşən Rəsmiləşdirmə Mərkəzinin 1ci bölməsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və həmin gün, saat 06 radələrində keçirilmiş yoxlama zamanı həmin narkotik vasitə və psixotrop maddə aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək, ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Babək qəsəbəsi, Azadlıq küçəsində yerləşən 2 nömrəli evdə qeydiyyatda olsa da, Bakı şəhərində tikintilərdə usta kimi işlədiyi üçün Xəzər rayonu Qala qəsəbəsində, bacısının evində yaşayır. O, bir müddətdir ki, narkotik vasitə marixuana istehlak edir, lakin indiyədək psixotrop maddə metamfetamindən bir dəfə istifadə etmişdir. O, təxminən bir il əvvəl İran İslam Respublikası ərazisində olduğu vaxt Rza adlı İran İslam Respublikası vətəndaşı ilə souncunun qardaşının mağazasından ərzaq və qeyri-ərzaq məhsulları aldığı vaxt tanış olmuşdur. O, 04 iyul 2024-cü il tarixdə Bakı şəhərinə getməyə qərar vermiş və bu məqəsdlə “Naxçıvan-Bakı” marşrut xətti üzrə hərəkət edən avtobusla yola düşmüşdür. Həmin gün, saat 21 radələrində o, Culfa nəzarət-buraxılış məntəqəsindən keçərək, İran İslam Respublikası ərazisinə daxil olmuşdur. O, İran İslam Respublikasının Culfa şəhərində olduğu vaxt narkotik vasitə almaq məqsədilə Rza adlı şəxsin yanına getmiş və həmin şəxsdən 200 manat məbləğində 2 ədəd rezin şara bükülmüş narkotik vasitə marixuana və psixotrop maddə metafetamin almışdır. O, həmin narkotik vasitəni və psixotrop maddəni bədəninin daxilində keçirəcəyi təqdirdə gömrük yoxlanışı zamanı ifşa olunmayacağına qərar vermiş və bu məqsədlə İran İslam Respublikasının Culfa gömrüyünün qarşısında yerləşən avtomobil parkında quraşdırılmış sanitar qovşaqda içərisində narkotik vasitə marixuananın və psixotrop maddə metafetaminin olduğu 2 ədəd rezin şarı daxili orqanı - düz bağırsaq dəliyinə yerləşdirmişdir. O, bundan sonra Azərbaycan Respublikasına getmək üçün avtobusa minərək, yola düşmüşdür. 05 iyul 2024-cü il tarixdə, səhər saatlarında onun sərnişin qismində əyləşdiyi avtobus İran İslam Respublikasının Biləsuvar sərhəd buraxılış məntəqəsindən keçərək, İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə daxil olmuş və pasport nəzarətindən keçdikdən sonra növbəyə durmuşdur. Gömrük nəzarətindən keçdiyi zaman gömrük əməkdaşları onunla şifahi sorğu-sual aparmış, üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış predmetlərin, yəni narkotik vasitələrin, psixotrop maddələrin, dərman preparatları və digər əşyaların olub-olmamasını soruşmuşlar. O isə üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı predmetin olmadığını gömrük xidməti əməkdaşlarına bildirmişdir. Bundan sonra dəvət edilmiş hal şahidlərinin iştirakı ilə gömrük əməkdaşları yoxlama otağına onun üzərində şəxsi yoxlama aparmışlar. Şəxsi yoxlama zamanı onun üzərindən, əynində olan üst və alt paltarlarından qanunla qadağan edilmiş heç bir predmet aşkar edilməmişdir. Daha sonra isə xüsusi aparatla aparılmış yoxlama nəticəsində gömrük xidməti əməkdaşları daxili orqanlarında narkotik vasitə gizlətdiyindən şübhə edərək, onun orqanlarını həkim köməkliyi ilə yoxlamaq qərarına gəlmişlər. Bu məqsədlə O, Biləsuvar rayon mərkəzi xəstəxanasına aparılmışdır. Həmin xəstəxanada onun daxili orqanları rentgen müayinəsindən keçirilmiş və müayinə nəticəsində düz bağırsağında yad predmetlərin olduğu müəyyən edilmişdir. Bundan sonra düz bağırsağı həkim tərəfindən müayinə edilmiş və gömrük nəzarətindən gizlətdiyi 2 ədəd rezin şar bükümündə narkotik vasitə və psixotrop maddə aşkar edilmişdir. Bundan sonra həmin şarların içərisində olan narkotik vasitə marixuana və psixotrop maddə metamfetamin götürülərək, qablaşdırılmış və həmin fakt barədə protokol tərtib olunmuş, həmin protokol o və digər baxış iştirakçıları tərəfindən imzalanmışdır. Həmçinin o bildirdi ki, üzərində narkotik vasitə və psixotrop maddə keçirməsindən heç kimin xəbəri olmamışdır. O, hazırda etdiyi əməldən peşmandır. Sonda, Təqsirləndirilən şəxs əməlindən peşmançılıq hissi keçirdiyini, himayəsində 2 uşağı olduğunu və ailəsini dolandıran yeganə şəxs olduğunu bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Biləsuvar Gömrük İdarəsinə təhkim edilmiş X1 İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin Hədəfləmə və Koordinasiya bölməsinin inspektoru vəzifəsində işləyir. 05 iyul 2024-cü il tarixdə daxili iş bölgüsünə əsasən Biləsuvar Gömrük İdarəsinin Rəsmiləşdirmə mərkəzinin 1-ci bölməsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn sərnişinlərə gömrük nəzarətini həyata keçirmişdir. Biləsuvar Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsindən Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs İran İslam Respublikasından narkotik maddə əldə edərək Azərbaycana Respublikasına gətirəcəyi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün, saat 06 radələrində Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs gömrük nəzarəti həyata keçirilən salona daxil olmuşdur. O, həmin şəxslə şifahi qaydada sorğu-sual aparmış və üzərində qadağan olunmuş predmetlərin, yəni narkotik vasitələrin, psixotrop maddələrin, dərman preparatları və digər əşyaların olub-olmamasını soruşmuş və varsa, təqdim etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs isə üzərində hər hansı qadağan olunmuş predmetlərin olmadığını ona bildirmişdir. Bundan sonra o, həmin şəxsin üzərində şəxsi yoxlama aparmaq qərarına gəlmişdir. O, Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama keçiriləcəyi barədə məlumat vermiş və onu şəxsi yoxlama otağına dəvət etmişdir. Bu məqsədlə o, iki nəfər hal şahidinin yoxlamada iştirakını təmin etmişdir. O, şəxsi yoxlama başlamazdan əvvəl təqsirləndirilən şəxslə təkrarən şifahi sorğu-sual edərək, sonuncudan üzərində və ya narkotik vasitələrin və ya psixotrop maddələrin, hər hansı dərman preparatlarının olubolmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs isə təkrarən üzərində hər hansı qadağan olunmuş predmetlərin olmadığını ona bildirmişdir. Bundan sonra o, təqsirləndirilən şəxs üzrində şəxsi yoxlama aparmağa başlamış və sonuncunun üzərindən qanunla qadağan edilmiş hər hansı predmet aşkar etməmişdir. O, Təqsirləndirilən şəxs daxili orqanlarında narkotik vasitə və ya psixotrop maddə gizlətdiyini ehtimal etdiyi üçün həmin şəxsi Rəsmiləşdirmə mərkəzi 1-ci bölməsində quraşdırılmış “B-Scan” aparatında yoxlamadan keçirilmişdir. “B-Scan” aparatında yoxlanıldığı vaxt Təqsirləndirilən şəxs düz bağırsağında yad predmetlərin olduğu ekranda qeyd edilmiş və bundan sonra o, sonuncunu həkim köməkliyi ilə yoxlamaq qərarına gəlmişdir. Buna görə də Təqsirləndirilən şəxs müşayiət altında Biləsuvar rayon mərkəzi xəstəxanasına aparılmışdır. Təqsirləndirilən şəxs daxili orqanları xəstəxanada rentgen müayinəsindən keçirilmiş, müayinə zamanı həmin şəxsin daxili orqanı düz bağırsağında yad predmetlərin olduğu görünmüşdür. Bundan sonra təqsirləndirilən şəxsin düz bağırsağı həkim tərəfindən müayinə edilmiş və gömrük nəzarətindən gizlədilmiş 2 ədəd rezin şar bükümü aşkar edilmişdir. Daha sonra həmin rezin şar bükümləri açılaraq baxış keçirilmiş, baxış zamanı bükülülərdən birində qablaşdırılması ilə birgə çəkisi 21 qram olan yaşıl rəngli, narkotik vasitə marixuanaya bənzər maddə, digər bükümün içərisində isə qablaşdırılması ilə birgə çəkisi 1 qram olan ağ rəngli, xırda kristallik halda psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Sonda Təqsirləndirilən şəxs aşkar edilərək, götürülmüş həmin maddələr qablaşdırılmış, protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid2 məhkəmədə göstərdi ki, 05 iyul 2024-cü il tarixdə, saat 06 radələrində həmyerlisi Şahid3 ilə birlikdə Biləsuvar gömrük postunun qarşısında olduğu vaxt bir nəfər gömrük xidməti əməkdaşı onlara yaxınlaşaraq özünü təqdim etmiş və İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə gəlmiş şəxsin yoxlanmasında hal şahidi qismində iştirak etmələrini onlardan xahiş etmişdir. Onlar keçiriləcək yoxlamada hal şahidi qismində iştirak etməyə razılıq vermişlər. Bundan sonra onlar yoxlama otağına dxail olmuşlar. Yoxlama başlanılmazdan əvvəl gömrük əməkdaşı hal şahidi kimi hüquq və vəzifələrini onlara izah etmişdir. Bundan sonra gömrük xidməti əməkdaşı Təqsirləndirilən şəxs üzərində qadağan olunmuş predmetlərin, yəni narkotik vasitələrin, psixotrop maddələrin, dərman preparatları və digər əşyaların olub-olmamasını soruşmuş və varsa təqdim eləməyi təklif etmişdir. Təqsirləndirilən şəxs isə üzərində qadağan edilmiş hər hansı predmetin olmadığını bildirmişdir. Daha sonra gömrük əməkdaşı Təqsirləndirilən şəxs üzərində yoxlama həyata keçirmiş, lakin həmin şəxsin üzərindən qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Həmin gömrük əməkdaşı daha sonra Təqsirləndirilən şəxs“B-Scan” aparatında yoxlamışdır. “B-Scan” aparatında yoxlanıldığı vaxt Təqsirləndirilən şəxs düz bağırsağında yad predmetlərin olduğu ekranda qeyd edilmişdir. Daha sonra gömrük xidməti əməkdaşı həkim köməkliyi ilə təqsirləndirilən şəxsi yoxlamaq qərarına gəlmişdir. Buna görə də Təqsirləndirilən şəxs müşayiət altında Biləsuvar rayon mərkəzi xəstəxanasına aparılmışdır. Təqsirləndirilən şəxs daxili orqanları xəstəxanada rentgen müayinəsindən keçirilmiş, müayinə zamanı həmin şəxsin daxili orqanı düz bağırsağında yad predmetlərin olduğu görünmüşdür. Bundan sonra təqsirləndirilən şəxsin düz bağırsağı həkim tərəfindən müayinə edilmiş və gömrük nəzarətindən gizlədilmiş, içərisində narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə mütamfetamin olan 2 ədəd rezin şar bükümü aşkar edilmişdir. Sonda Təqsirləndirilən şəxs aşkar edilərək, götürülmüş həmin maddələr qablaşdırılmış, protokol tərtib edilmiş və həmin protokol o və digər baxış iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verərək, 05 iyul 2024-cü il tarixdə Biləsuvar rayon mərkəzi xəstəxanasında həkim müşayiəti ilə həyata keçirilmiş daxili orqanların müayinəsi nəticəsində Təqsirləndirilən şəxs düz bağırsağından içərisində narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə mütamfetamin olan 2 ədəd rezin şar bükümünün aşkar edildiyini təsdiq etdi. İş materiallarında olan şəxsi yoxlama aparılması haqqında haqqında 05 iyul 2024cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs daxili orqanı - düz bağırsağından, gömrük nəzarətindən gizlədilmiş 2 ədəd rezin şara bükülü büküm aşkar edilmişdir. Daha sonra həmin 2 ədəd rezin şara bükülü bükümlər açılaraq baxış keçirilmiş, baxış zamanı bükümlərdən birində qablaşdırılması ilə birgə çəkisi 21 qram olan yaşıl rəngli, narkotik vasitə sayılan marixuanaya oxşar maddə, digər bükümün içərisində isə qablaşdırılması ilə birgə çəkisi 1 qram olan ağ rəngli, xırda kristallik halda psixotrop maddə metamfetaminə oxşar maddə olduğu müəyyən edilmişdir. Cinayət işi materiallarında olan məhkəmə-kimyəvi-bioloji ekspertizasının 05 iyul 2024-cü il tarixli, 19/538 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «yaşıl rəngli marixuanaya oxşar kütlə, ağ rəngli kristallik halda metamfetaminə oxşar maddə» sözlər və imzalar olan bir ədəd paketdəki, 1 ədəd bükümdə təmiz çəkisi 0,483 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir və 1 ədəd bükülüdə təmiz çəkisi 17,046 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Metamfetaminin təmiz çəkisi – 0,483 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, qalıq 0,433 qram qalmışdır. Qurudulmuş marixuananın təmiz çəkisi - 17,046 qram olmuş, tədqiqata 0,1 qram sərf edilmiş, qalıq 16,946 qram qalmışdır. İş materiallarına əlavə edilmiş sərhədkeçmə hesabatına baxış keçirilməsi haqqında 11 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs mütəmadi olaraq ölkənin müxtəlif gömrük postlarından keçməklə giriş-çıxış etmişdir. Sonuncu dəfə Təqsirləndirilən şəxs 05 iyul 2024-cü il tarixdə Biləsuvar gömrük postundan keçməklə, İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə daxil olmuşdur. Cinayət işində olan ambulator narkoloji tibbi yoxlamanın 30 iyul 2024-cü il tarixli, 5207 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannaboidlərdən və psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsiri tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»nın İ siyahısının 109.1-ci bəndinənin tələbinə görə qurudulmuş marixuananın xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 500 qramdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»nın İİ siyahısının 118-ci bəndinin tələbinə görə metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 2 qramdır. İşdə olan sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdar təşkil edən 17,046 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və 0,483 qram çəkidə psixotrop maddə metamfetamini İran İslam Respublikası ərazisində əldə etmiş, qanunsuz olaraq saxlamaqla daşımış və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilmə üsulunu, təqsirləndirilən şəxsin üzərində aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin növünü və çəklərini, təqsirləndirilən şəxsin yaşayış yeri üzrə mənfi xarakterizə olunmayan şəxsiyyətini, Təqsirləndirilən şəxs təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və himayəsində 2 uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə cəzası təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 05 iyul 2024-cü il tarixdə, saat 11:45-də şübhəli şəxs kimi tutma tətbiq olunsa da, həmin şəxs faktiki olaraq 05 iyul 2024-cü i l tarixdə saat 06 radələrindən gömrük orqanı əməkdaşları tərəfindən saxlanılmışdır. İbtidai istintaqı aparan müstəntiqin qərarı ilə Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad olunması barədə 06 iyul 2024-cü il tarixdə qərar qəbul edilsə də, həmin qərarın faktiki olaraq saat neçədə icra olunmasını iş materialları ilə müəyyən etmək mümkün deyil. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad olunması barədə qərarın 06 iyul 2024-cü il tarixdə, saat 09:00-da iş vaxtı başlandıqdan sonra verildiyini və icra edildiyinə kifayət qədər ehtimal olduğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı faktiki 24 saatdan artıq tutulduğu müddət 2 gün həddində müəyyən edilməklə, təyin edilən azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. Bundan başqa, məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın 30 iyul 2024-cü il tarixli, 5207 saylı rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin saxlanılan, tədqiqatdan sonra xalis çəkisi 0,433 qram olan psixotrop maddə - metamfetamin və xalis çəkisi 16,946 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyləndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona çəkilməsi üçün qəti olaraq 3 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 1 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3 (üç) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 03 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. İş üzrə ekspertiza xərci qismində 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində saxlanılan, xalis çəkisi 0,433 qram olan psixotrop maddə - metamfetamin və xalis çəkisi 16,946 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №1(022)-154/2024
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-154/2024
03.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver