Məhkəmə qərarları › İş №1(022)-157/2024

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-157/2024

22.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-157/2024 22.10.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X1 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1992-ci il tarixdə İmişli rayonu, Sarıxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 uşağı olan, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, İmişli rayonu, Sarıxanlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 06 aprel 2024-cü il tarixdə, saat 23 radələrində nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən özünə məxsus olan, texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz” markalı, 240 minik modelli, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bəhrəmtəpə-Biləsuvar yolunun Biləsuvar rayonu ərazisindən keçən 17ci kilometrliyində, Biləsuvar rayonu istiqamətində hərəkətdə olduğu vaxt “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili təhlükəsizliyi təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin idarə olunması ilə əlaqədar bərəkətlərini (tormozlama, manevr etmə və sair) vaxtında yerinə yetirməli, həmin Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə əsasən hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqoldan istifadə etməklə avtomobili sərxoş vəziyyətdə idarə etməməli, həmin Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən qadağan nişanlarının tələblərinə riayət etməli, 3.24 yol nişanının tələblərinə əsasən maksimum hərəkət sürətin məhdudlaşdırılması qadağan nişanı ilə saatda 90 kilometrə qədər məhdudlaşdırılmış yol sahəsində sürət həddini aşmamalı, sürətini azaltmalı və hadisənin qarşısını almağa texniki imkanı halda bunlara əməl etməyib, nəqliyyat vasitəsini yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində saatda 100 kilometr sürətlə hərəkət etdirməklə eyni istiqamətdə - Biləsuvar rayonu istiqamətində hərəkətdə olan yük avtomobilini ötüb keçmək üçün avtomaşını əks istiqamətli hərəkət zolağına çıxarmaqla, idarə etməni itirdiyinə görə yolun hərəkət hissəsindən sağ tərəfə çıxarıb şor kollektoruna aşırmaqla, ehtiyatsızlıqdan idarə etdiyi avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs1 sağ körpücük sümüyünün sınığı və Zərərçəkmiş şəxs2 sağ bud sümüyünün 1\3 hissəsinin qapalı qəlpəli, yerdəyişmiş sınığı, sağ kürək sümüyünün sınığı ilə nəticələnən sağlamlığa az ağır zərər vurmaya aid sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə, sərxoş vəziyyətdə idarə etməklə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuş yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, ailə üvzləri ilə birlikdə İmişli rayonu, Sarıxanlı kəndində qeydiyyatda olmaqla yaşayır, evlidir və himayəsində 2 azyaşlı uşağı var. Onun “B1”, “B”, “Cl”, “C”, “CE” dərəcəli sürücülük vəsiqəsi vardır. O, əvvəllər yük avtomobili sürcüsü işləsə də, hazırda işləmir. 06 aprel 2024-cü il tarixdə, axşam saatlarında o, zərərçəkmiş şəxslərlə birgə yaşadıqları kənddə yerləşən kafedə yemək yeyərkən 1 bokal pivə içmişdir. Bundan sonra, saat 22 radələrində o, həmin şəxslərlə birgə, gəzmək məqsədilə, idarə etdiyi “Mercedes Benz” markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonuna yola düşmüşdür. Həmin vaxt onun avtomobilində sərnişin qismində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 da əyləşmişlər. Zərərçəkmiş şəxs1 nəqliyyat vasitəsinin sağ qabaq oturacaqda, Zərərçəkmiş şəxs2 isə arxa oturacağında əyləşmişdir. Həmin gün, saat 23 radələrində o, Bəhrəmtəpə-Biləsuvar yolunun 17-ci kilometrliyində Biləsuvar rayonu istiqamətində hərəkətdə olduğu vaxt onunla eyni istiqamətdə “TİR” markalı yük avtomobilin aşağı sürətlə hərəkət etdiyini görmüş, buna görə də həmin avtomobili ötüb keçmək üçün idarə etdiyi nəqliyyat vasitəsini yolun əks hərəkət zolağına çıxarmışdır. Həmin vaxt yük avtomaşının sürücüsü avtomobili yolun əks istiqamətli hərəkət zolağına doğru hərəkət etdirmiş, o da məcbur qalıb həmin yük avtomobilini çətinliklə ötüb keçdikdən sonra təkrarən öz hərəkət zolağına qayıtmışdır. Buna görə o, nəqliyyat vasitəsinin idarə etməsini itirmiş və idarə etdiyi avtomobil əvvəlcə özündən sağ tərəfdə yerləşən çınqıl örtüklü ehtiyat hissəsyə çıxmış, daha sonra isə yoldan təxminən 10-15 metr kənarda yerləşən şor kollektoruna aşmışdır. O, baş vermiş qəza nəticəsində xəsarət aldığına görə huşunu itirmişdir. Bundan başqa, onun idarə etdiyi avtomaşında olan sərnişinlər də müxtəlif bədən xəsarətləri almışlar. O, yalnız hadisədən 30-40 dəqiqə sonra Biləsuvar rayon mərkəzi xəstəxanasında özünə gələ bilmişdir. Onun hadisə nəticəsində qabırğası sınmışdır. Bundan başqa, o bildirdi ki, yol-nəqliyyat hadisəsi gecə saatlarında baş vermiş, hava qaranlıq olmuşdur və yol işıqlandırılmamışdır. Lakin idarə etdiyi nəqliyyat vasitəsinin ön fara işıqlarının yanması nəticəsində o, yolu normal şəkildə görmüşdür. O, cinayət işinin istintaqı vaxtı zərərçəkmiş şəxslərə hadisə nəticəsində vurulmuş maddi zərəri ödəyərək, həmin şəxslərlə barışığa nail olmuşdur. Sonda, Təqsirləndirilən şəxs əməlindən peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı tam şəkildə ödədiyini və həmin şəxslərlə barışıq əldə etdiyini, həmçinin himayəsində 2 azyaşlı uşağı olduğunu və ailəsini dolandıran yeganə şəxs olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri və təqsirləndirilən şəxsi dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəmədə göstərdi ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonu, Sarıxanlı kəndində qeydiyyatda olmaqla yaşayır. 06 aprel 2024-cü il tarixdə, saat 21 radələrində, o həmkəndiləri Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs ilə birlikdə yaşadıqları kənddə yemək yeyərək, spirtli içkilər qəbul etdikdən sonra onlar gəzmək üçün Biləsuvar rayonuna getmək qərarına gəlmişlər. Buna görə də o və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonu istiqamətində yola düşmüşlər. Həmin vaxt Zərərçəkmiş şəxs2 avtomaşının arxa oturacağında, o isə sağ qabaq oturacaqda əyləşmişdir. Həmin gün, saat 23 radələrində Bəhrəmtəpə-Biləsuvar yolunun 17-ci kilometrliyində Biləsuvar rayonu istiqamətində hərəkətdə olduqları vaxt onlarla eyni istiqamətdə “TİR” markalı yük avtomobilin aşağı sürətlə hərəkət etdiyini görmüşlər. Buna görə də Təqsirləndirilən şəxs həmin nəqliyyat vasitəsini ötüb keçmək üçün idarə etdiyi avtomobili yolun əks hərəkət zolağına çıxarmış, bu zaman yük avtomobilinin sürücüsü də avtomaşını yolun əks istiqamətli hərəkət zolağına doğru hərəkət etdirmişdir. Təqsirləndirilən şəxs isə həmin yük avtomobilini çətinliklə ötüb keçdikdən sonra isə yenidən öz hərəkət zolağına qayıtmaq məcburburiyyətində qalmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsinin idarə etməsini itirmiş, buna görə də avtomobil əvvəlcə sağ tərəfdə yerləşən çınqıl örtüklü ehtiyat hissəyə çıxmış, daha sonra isə yoldan təxminən 10-15 metr kənarda yerləşən şor kollektoruna aşmışdır. Həmin vaxt o, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 müxəlif dərəcəli bədən xəsarətləri almışdır. O, qəzadan sonra nəqliyyat vasitəsindən çölə çıxmış, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 isə hadisə yerinə toplanmış tanımadığı şəxslər avtomaşından çıxarmışlar. Daha sonra isə hadisə yerində olan digər şəxslər onları Biləsuvar rayon mərkəzi xəstəxanasına aparmışlar. O, xəstəxanada 3 gün müalicə olunduqdan sonra evə buraxılmışdır. Sonradan Təqsirləndirilən şəxs onun səhhəti ilə maraqlanmış və müalicə xərclərini qarşılamışdır. Buna görə də hazırda onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və ya tələbi yoxdur. Sonda, Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxsin ona dəyən maddi ziyanı tam şəkildə qarşıladığını və onunla barışıq əldə etdiyini bildirərək, Təqsirləndirilən şəxs barəsində heç bir cəza təyin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərdi ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonu, Sarıxanlı kəndində qeydiyyatda olmaqla yaşayır. 06 aprel 2024-cü il tarixdə, saat 21 radələrində, həmkəndiləri Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 ilə birlikdə yaşadıqları kənddə yemək yeyərək, spirtli içkilər qəbul etdikdən sonra onlar gəzmək üçün Biləsuvar rayonuna getmək qərarına gəlmişlər. Buna görə də o və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonu istiqamətində yola düşmüşlər. Həmin vaxt o, avtomaşının arxa oturacağında, Zərərçəkmiş şəxs1 isə sağ qabaq oturacaqda əyləşmişdir. Həmin gün, saat 23 radələrində, onun sərnişini olduğu avtomaşın Bəhrəmtəpə-Biləsuvar yolunun 17-ci kilometrliyində Biləsuvar rayonu istiqamətində hərəkətdə olduğu vaxt onlarla eyni istiqamətdə “TİR” markalı yük avtomobilin aşağı sürətlə hərəkət etdiyini görmüşdür. O, arxa oturacaqda əyləşərək, mobil telefonu ilə oynadığına görə yola baxmamışdır. Qəflətən Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsinin idarə etməsini itirmiş, buna görə də avtomobil əvvəlcə sağ tərəfdə yerləşən çınqıl örtüklü ehtiyat hissəyə çıxmış, daha sonra isə yoldan təxminən 10-15 metr kənarda yerləşən şor kollektoruna aşmışdır. Həmin vaxt onlar müxəlif dərəcəli bədən xəsarətləri almışdır. Qəzadan dərhal sonra hadisə yerinə toplanmış tanımadığı şəxslər onu avtomaşından çıxarmış və Biləsuvar rayon mərkəzi xəstəxanasına aparmışlar. O, xəstəxanada olduğu vaxt sağ bud sümüyünün və sağ kürək sümüyünün sındığını öyrənmişdir. 07 aprel 2024-cü il tarixdə, saat 07 radələrində ailə üzvləri onu Bakı səhərində yerləşən Travmatologiya İnstitutuna aparmışlar, o, həmin xəstəxanada sağ ayağından əməliyyat edilmişdir. O, əməliyyatdan təxminən 10-15 gün sonra müalicəsi bitdiyi üçün evə buraxılmışdır. Sonradan Təqsirləndirilən şəxs onun səhhəti ilə maraqlanmış və müalicə xərclərini qarşılamışdır. Buna görə də hazırda onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və ya tələbi yoxdur. Sonda, Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsin ona dəyən maddi ziyanı tam şəkildə qarşıladığını və onunla barışıq əldə etdiyini bildirərək, Təqsirləndirilən şəxs barəsində heç bir cəza təyin edilməməsini məhkəmədən xahiş etdi. Cinayət işi materiallarında olan 06 aprel 2024-cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə protokoldan və yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, hadisə Bəhrəmtəpə-Biləsuvar yolunun 17-ci kilometrliyində baş vermişdir. Hadisə yerinə baxış sürücü Təqsirləndirilən şəxs, habelə sərnişinlər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 xəsarət alaraq Biləsuvar rayon mərkəzi xəstəxanasına aparıldıqları üçün həmn şəxslərin iştirakı olmadan keçirilmişdir. Yol-nəqliyyat hadisəsi yerinə baxış Bəhrəmtəpə qəsəbəsi istiqamətində keçirilmişdir. Həmin hissədə yolda hərəkət iki tərəflidir. Hadisə baş verən yerdə yol asfalt örtüklüdür, düzdür və qurudur, yol işıqlandırılmır, hadisə gecə saatlarında baş vermişdir. Həmin yolda sürət həddi saatda 90 kilometr müəyyən edilmişdir. Hərəkət zolaqlarının sayı ikidir. Hidisə baş verən yerdə yol örtüyünün eni 9 metr, hərəkət hissəsinin eni 7,2 metr, hərəkət zolaqlarının hər birinin eni 3,60 metrdir. Yolun sağ tərəfində 2,20 metr enində çınqıl örtüklü ehtiyat hissə, sol tərəfində isə 2,70 enində çınqıl örtüklü ehtiyat hissə vardır, daha sonra yolun sağ və sol kənarlarında təxminən 3 metr dərinliyinə çökəklik vardır. Biləsuvar rayonundan Bəhrəmtəpə qəsəbəsi istiqamətində baxdıqda yolun sol tərəfində, asfalt yoldan 10 metr uzaqlıqda 4,3 metr dərinliyində şor kollektoru yerləşir. Hadisə nəticəsində şor kollektorunun kənarında Mercedes Benz” markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair hissəciklər aşkar edilmişdir. Cinayət işində olan 06 aprel 2024-cü il tarixli, 3027 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verdiyi vaxt yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətdə olmuşdur. İşdə olan BD 800576 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs avtomobil idarə etmək üçün “B1”, “B”, “Cl”, “C”, “CE” dərəcəli sürücülük vəsiqəsi vardır. Cinayət işində olan canlı şəxsin ekspertizasının 03 may 2024-cü il tarixli, 192 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 sağ körpücük sümüyünün sınığı xəsarəti müəyyən olunmuşdur. Həmin xəsarət bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti 06 aprel 2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aiddir. İş materiallarında olan canlı şəxsin ekspertizasının 03 may 2024-cü il tarixli, 193 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs sağ tərəfli Vİİ qabırğanın sınığı xəsarəti müəyyən olunmuşdur. Həmin xəsarət bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti 06 aprel 2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aiddir. İşdə olan 03 may 2024-cü il tarixli, 194 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 sağ bud sümüyünün 1/3-nin qapalı qəlpəli sınığı, yerdəyişmiş sınığı, sağ kürək sümüyünün sınığı xəsarətləri müəyyən olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti 06 aprel 2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aiddir. Cinayət işi materiallarına əlavə olunmuş 12 may 2024-cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə əlavə baxış keçirilməsi barədə protokoldan və yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, hadisə yeri Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs 06 aprel 2024-cü il tarixdə, saat 22-23 radələrində idarə etdiyi “Mercedes Benz” markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bəmrəmtəpə qəbəsindən Biləsuvar rayonu istiqamətində hərəkətdə olduğu zaman onunla eyni istiqamətdə hərəkətdə olan yük avtomobilini ötüb keçmək üçün idarə etdiyi nəqliyyat vasitəsini yolun əks istiqamətinə doğru hərəkət etdirməsini bildirmiş və ötməyə başladığı yeri təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs yük avtomobilini ötüb-keçdikdən sonra öz hərəkət zolağına qayıdarkən nəqliyyat vasitəsininn idarə etməsini itirdiyini və buna görə də yolun sağ tərəfində yerləşən ehtiyat hissəsinə çıxdığını, daha sonra isə sağ tərəfdə yerləşən şor kollektoruna aşırdığını bildirmişdir. Baxış nəticəsində Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobillə digər yük avtomaşını ötüb keçməyə başladığı yerdən həmin nəqliyyat vasitəsinin aşdığı yerə qədər məsafənin 150 metr məsafənin olması müəyyən edildi. Yol-nəqliyyat hadisəsi yerində nəzarət-müşahidə kameralarının olmaması müəyyən edilmişdir. Mercedes Benz” markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükə anı onun eyni istiqamətli hərəkət zolağında hərəkətdə olan yük avtomobilini ötüb-keçməyə başladığı an yaranmış, həmin andan avtomobilin şor kollektoruna aşdığı yerə qədər 180 metr məsafə qət etmişdir. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 22 iyul 2024cü il tarixli, 8/1744 saylı rəyindən görünür ki, “Mercedes Benz” markalı, 240 minik modelli, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs “Mercedes Benz” markalı, 240 minik modelli, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etdiyinə görə onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə, həmçinin maksimum sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan yol nişanı ilə saatda 90 kilometrə qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili saatda 100 kilometr sürətlə idarə etdiyinə görə onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan Biləsuvar rayon polis şöbəsinin X2 bölməsinin inzibati təcrübə üzrə baş inspektoru Rauf Əzimovun 09 avqust 2024-cü il tarixli, 3-13-69\24559\24 nömrəli raportundan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin Mərkəzi informasiya sistemi vasitəsilə yoxlama zamanı Təqsirləndirilən şəxs sürücülük vəsiqəsində hər hansı bir məhdudlaşmanın olmadığı müəyyən edilmişdir. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263-1.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunan şəxsiyyətini, məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə vurulmuş maddi zərəri ödəyərək, həmin şəxslərlə barışıq əldə etməsini və himayəsində 2 azyaşlı uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 60.1-cı maddəsinə uyğun olaraq, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinin sanksiyasında həmin cinayət üçün üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmağa görə Bakı şəhəri Xətai rayon Məhkəməsinin hökmü ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, islah olunmayaraq, sərxoş vəziyyətdə yenidən yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla, ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin sağlamlığına ağır zərər vurmasını, buna görə də cərimə cəzasının cəzanın məqsədlərinə nail olmayacağını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunacağı təqdirdə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 60.1-cı maddəsinin tələbi nəzərə alınmaqla ədalətli cəza təyin edilməli və cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 85 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbirinin məqsədlərini təmin etdiyini nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 1 (bir) il 03 (üç) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, 1 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar