Məhkəmə qərarları › İş №1(022)-158/2024

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-158/2024

05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-158/2024 05.11.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X1 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 uşağı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 2024-cü ilin may ayında istintaqa məlum olmayan mənbədən əldə etdiyi çətənə (kannabis) bitki kollarının toxumlarını Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində yerləşən torpaq sahəsində, satış məqsədi olmadan əkib-becərərək, onlara aqrotexniki qaydada qulluq etmiş, dibini yumşaltmış, gübrələmiş, suvarma işləri aparmaqla qanunsuz olaraq tərkibində narkotik maddələr olan 7 ədəd çətənə (kannabis) bitkisini xeyli miqdarda kultivasiya etmiş, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 12 iyul 2024-cü tarixdə, saat 23:00 radələrində Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində hərəkətdə olarkən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanıldıqdan sonra özünün könüllü razılığı ilə, 13 iyul 2024-cü tarixdə, saat 00:20 radələrində Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində yerləşən torpaq sahəsinə baxış keçirildiyi zaman 7 ədəd, ümumilikdə təmiz çəkisi 560 qram təşkil edən, xeyli miqdarda yaş vəziyyətdə olan, əkilib-becərilməsi qadağan edilmiş, aqrotexniki qayadada qulluq edilmiş narkotik təbiətli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə daimi olaraq ünvan 1 ünvanında yaşasa da, işləri əlaqədar arabir Biləsuvar rayonunda yaşayır. Belə ki, o, 2009-cu ildən hazırki tarixədək valideynləri ilə birlikdə Biləsuvar rayonu, Xırmandalı kəndində torpaq sahəsi icarəyə götürərək, təsərrüfatla məşğul olur. O, həmin torpaq sahəsində balıq vətəgəsi yaradaraq, balıqçılıqla məşğul olmaqla dolanışğını təmin edir. O, təxminən 2 ildir ki, narkotik vasitə qurudulmuş marixuana istehlak edir. Belə ki, o, təxminən iki il əvvəl Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsində adını hazırda xatırlamadığı şəxsdən şəxsi istifadəsi üçün narkotik vasitə qurudulmuş marixuana almışdır. O, həmin narkotik vasitəni istifadə etdikdən sonra toxumlarını atmamış və özündə saxlamışdır. 2024-cü ilin may ayında o, həmin toxumları icarəyə götürdüyü Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində yerləşən torpaq sahəsində tikilmiş, lakin istifadəsiz qalmış tövlənin arxa hissəsində, atasının əkdiyi pomidor və xiyar sahəsinin yanında əkmişdir. Onun həmin toxumları əkməkdə məqsədi gələcəkdə çətənə kollarından narkotik vasitə qurudulmuş marixuananı yığıb istehlak etmək olmuşdur. Həmin balıq vətəgəsində o, tək yaşadığı üçün heç kim orada çətənə (kannabis) bitki kollarını əkib-becərdiyini görməmişdir. Həmçinin o, həmin bitkini icarə götürdüyü torpaq sahəsində yerləşən tikilinin arxa hissəsində əkdiyi üçün balıq almağa gələn müştəriləri də həmin narkotik tərkibli bitkidən xəbər tutmamışlar. O, həmin toxumlara mütəmadi olaraq aqrotexniki qulluq göstərmiş, kolların diblərini yumşaltmış və suvarmışdır. 12 iyul 2024-cü tarixdə, saat 23 radələrində o, siqaret almaq məqsədi ilə Biləsuvar rayonu, Xırmandalı kəndinin mərkəzində yerləşən mağazaya getdiyi vaxt mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş, gəlişlərinin səbəbini izah etdikdən sonra onu Biləsuvar rayon polis şöbəsinə dəvət etmişlər. Biləsuvar rayon polis şöbəsinin inzibati binasında videoçəkiliş aparılmaqla, vəkilin iştirakı ilə, onun üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl hüquq və vəzifələri ona izah edilmiş, üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların, eləcə də narkotik vasitələrin və ya psixotrop maddələrin olub-olmaması soruşulmuşdur. O isə üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı predmetin olmadığını polis əməkdaşlarına bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşya aşkar edilməmişdir. O, üzərinə şəxsi axtarış keçirildiyi vaxt polis əməkdaşlarına Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində icarəyə götürdüyü torpaq sahəsində çətənə (kannabis) bitki kollarını əkibbecərdiyini bildirmişdir. Bundan sonra vəkilin iştirakı ilə, videoçəkiliş aparılmaqla, həmin torpaq sahəsinə polis əməkdaşları tərəfindən baxış keçirilmişdir. O, baxış vaxtı çətənə (kannabis) bitki kollarını əkib-becərdiyi yeri polis əməkdaşlarına göstərmiş və həmin şəxslər kolları kökündən çıxararaq, götürmüşlər. Şəxsi axtarış və baxış keçirilməsi ilə əlaqədar protokollar tərtib edilmişdir. Tərtib olunmuş protokollar ona ucadan oxunmuş, protokollar və üzərindən götürülmüş əşyaların qablaşdırıldığı zərfin üzəri o və digər baxış iştirakçıları tərəfindən imzalanmışdır. Bundan əlavə, o bildirdi ki, onun Biləsuvar rayonu, Xırmandalı kəndində icarəyə götürdüyü topaq sahəsində çətənə (kannabis) bitki kollarını əkib-becərməsində ailə üzvlərinin xəbəri olmamışdır. Onun həmin kolları əkib-becərib, yetişdikdən sonra isə satmaq məqsədi olmamışdır. Sonda, Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və himayəsində 2 uşağının olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Əvvəllər tanımadığı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Biləsuvar rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında onun tərəfindən 12 iyul 2024-cü il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq, 12 iyul 2024-cü il tarixdə, saat 23 radələrində Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində piyada hərəkətdə olduğu vaxt Təqsirləndirilən şəxs polis əməkdaşları saxlanılmış və Biləsuvar rayon polis şöbəsinə gətirilmişdir. Biləsuvar rayon polis şöbəsinin inzibati binasında, vəkilin iştirakı ilə, videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl hüquq və vəzifələri ona izah edilmiş, üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların, eləcə də narkotik vasitələrin və ya psixotrop maddələrin olub-olmaması soruşulmuşdur. Lakin Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı predmetin olmadığını polis əməkdaşlarına bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş və üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış başqa əşya aşkar edilməmişdir. Şəxsi axtarış keçirildiyi vaxt Təqsirləndirilən şəxs polis əməkdaşlarına Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində icarəyə götürdüyü torpaq sahəsində yerləşən tövlənin arxasında çətənə (kannabis) bitki kollarını əkib-becərdiyini bildirmişdir. Bundan sonra vəkilin iştirakı ilə, videoçəkiliş aparılmaqla, həmin torpaq sahəsinə polis əməkdaşları tərəfindən baxış keçirilmişdir. Təqsirləndirilən şəxs baxış vaxtı çətənə (kannabis) bitki kollarını əkibbecərdiyi yeri polis əməkdaşlarına göstərmişdir. Həmin kolların sayı 7 ədəd olmuş və təqsirləndirilən şəxs kolları təxminən 2-3 ay əvvəl əkdiyini və mütəmadi olaraq həmin bitkilərə aqrotexniki qulluq etdiyini bildirmişdir. Polis əməkdaşları tərəfindən həmin bitkilər kökündən çıxarılaraq, iki ədəd sintetik kisədə götürülmüş və bir ədəd bağlamada qablaşdırılaraq, Daxili İşlər Nazirliyinin zərflər üçün 61 nömrəli möhürü ilə möhürlənmişdir. Sonda baxış keçirilməsinə dair protokollar tərtib olunaraq iştirakçılara oxunmuş, protokollar baxış iştirakçıları tərəfindən imzalanmışdır. İş üzrə şahid kimi dindirilmiş Biləsuvar rayon polis şöbəsinin əməkdaşı Şahid2 Fizuli oğlu məhkəmədə Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, Təqsirləndirilən şəxs 2024-cü ilin may ayında istintaqa məlum olmayan mənbədən əldə etdiyi çətənə (kannabis) bitki kollarının toxumlarını Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində yerləşən torpaq sahəsində, satış məqsədi olmadan əkib-becərərək, onlara aqrotexniki qaydada qulluq etməklə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan 7 ədəd çətənə (kannabis) bitkisini xeyli miqdarda kultivasiya etdiyini, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 12 iyul 2024-cü tarixdə, saat 23:00 radələrində Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində hərəkətdə olarkən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq, Biləsuvar rayon polis şöbəsinə gətirildiyini və 13 iyul 2024-cü tarixdə, saat 00:20 radələrində Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində yerləşən torpaq sahəsinə baxış keçirildiyi zaman 7 ədəd, ümumilikdə təmiz çəkisi 560 qram təşkil edən, xeyli miqdarda yaş vəziyyətdə olan, əkilib-becərilməsi qadağan edilmiş, aqrotexniki qayadada qulluq edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin aşkar edilərək götürüldüyünü təsdiq etdi. İş materiallarında olan şəxsi axtarış və götürmə barədə 12 iyul 2024-cü il tarixli protokoldan, habelə həmin protokola əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində döviyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyalar, eləcə də narkotik vasitə və ya psixotrop maddə vardırsa, könüllü təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərində döviyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyalar, eləcə də narkotik vasitə və ya psixotrop maddə olmadığını bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuana istifadə etdiyini və özünəməxsus Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən torpaq sahəsində 7 ədəd tərkibində narkotik maddə olan çəyənə bitkisi əkdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş və üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış başqa əşya aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş baxış keçirilməsi və əşyanın götürülməsi haqqında 13 iyul 2024-cü il tarixli protokoldan, habelə həmin protokola əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən torpaq sahəsinə vəkilin iştirakı ilə, videoçəkiliş aparılmaqla polis əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs torpaq sahəsində yerləşən tövlənin arxa hissəsini, tövlə ilə su kanalı arasında olan hissəni təqdim edərək, orada istifadə etmək məqsədi ilə 7 ədəd çətənə kolu əkdiyini bildirmişdir. Baxış nəticəsində torpaqda əkilmiş çətənə kollarının hündürlüyünün 45 santimetrdən 130 santimetrədək olduğu müəyyən edilmişdir. Aşkar edilmiş çətənə kolları torpaqdan çıxarılmış, ekspertizaya təqdim edilmək üçün 2 ədəd sintetik kisədə bir ədəd bağlama şəklində götürülmüş və qablaşdırılaraq 61 nömrəli möhürü ilə möhürlənmişdir. Cinayət işi materiallarında olan məhkəmə-bioloji ekspertizasının 13 iyul 2024-cü il tarixli, 19/547 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «...Təqsirləndirilən şəxs təqdim etdiyi 07 ədəd bitki kollarının qablaşdırıldığı kisə...» sözlər və imzalar olan kisədəki, ümumi sayı 07 ədəd, ümumi təmi çəkisi - 560 qram olan yaş vəziyyətdə bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Mütəxəssisin (aqronomun) rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq olunmuşdur. Çətənə bitkisinin ümumi təmiz çəkisi - 560 qram olmuş, tədqiqata 0,7 qram sərf edilmiş, qalıq 559,3 qram qalmışdır. İş materiallarında olan ambulator narkoloji tibbi yoxlamanın 05 iyul 2024-cü il tarixli, 637 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitə kannabinoidlərdən istifadə halları olmuşdur. Asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdu. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»nın İİİ siyahısının 1.2-ci bəndinin tələbinə görə çətənə növlü bitkilərin xeyli miqdarı 3-15 ədəd, xüsusilə külli miqdar (daxil olmaqla, aşağı hədləri) 801 ədəddir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumluğunun olmamasını, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmayan şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, himayəsində 2 uşağının olmasını, ailəni dolandıran yeganə şəxs olmasını, cinayətin açılmasına fəal kömək göstərməsini və cinayətin faktiki olaraq özünün könüllü ifadəsi əsasında açılmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinə görə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) həmin maddə ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının 21-ci bəndinə görə CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.6-cı maddəsinə görə tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi və ya yetişdirilməsidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs azadlığın məhdudulaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 12 iyul 2024-cü il tarixdə, saat 23:00-da şübhəli şəxs kimi tutma tətbiq olunmuş və Təqsirləndirilən şəxs 14 iyul 2024-cü il tarixdə, saat 14:30-da Biləsuvar rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs faktiki tutulduğu 2 gün müddət təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesabı ilə hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Bundan başqa, məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın 05 iyul 2024-cü il tarixli, 637 saylı rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, tədqiqatdan sonra xalis çəkisi 559,3 qram olan narkotik vasitə - narkotik tərkibli çətənə bitkisi məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 65 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyləndirən halları və həmin şəxsin məhkəməyədək icraat dövründə barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 2 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya qurumuna həvalə edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 559,3 qram olan narkotik maddə tərkibli çətənə bitkisi məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar