Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-16/2025 07.01.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X2 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1983-cü il tarixdə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Qahab kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Naxışnərgiz kəndində qeydiyyatda olan, Bakı şəhəri, Səbayil rayonu, “İçərişəhər” tarix-memarlıq kompleksi, M.Maqomayev küçəsində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 19 sentyabr 2024-cü il tarixədək olan müddət ərzində İran İslam Respublikasının Culfa şəhərində istintaqa məlum olmayan mənbədən şəxsi istifadə məqsədi ilə qanunsuz olaraq əldə etdiyi təsiredici maddəsinin ümumi miqdarı 0,022 qram təşkil edən 11 həb lorazepam psixotrop maddəsini malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə, İran İslam Respublikası ərazisindən tranzit keçməklə Naxçıvan Muxtar Respublikasından Bakı şəhərinə gəldiyi vaxt sərnişini olduğu “Mercedes” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtobusda əyləşdiyi 41 nömrəli oturacağın söykənəcəyinin arxa hissəsindəki qatlanan masanın arxasında gizlədərək, 19 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin Biləsuvar rayonu ərazisində yerləşən Rəsmiləşdirmə mərkəzinin 1-ci bölməsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və gömrük nəzarəti zamanı həmin psixotrop maddə gizlədildiyi yerdən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Naxışnərgiz kəndində qeydiyyatda olsa da, son 4 il ərzində Bakı şəhərində müxtəlif ünvanlarda kirayəçi qismində yaşamışdır. O, Biləsuvar rayon Məhkəməsinin 02 sentyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, 5 il müddətinə azadlıqdan məhrum edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 26 mart 2020-ci il tarixli qərarı ilə ona təyin edilmiş cəzanın 1 ay 5 gün hissəsindən şərti olaraq vaxtından azad edilmişdir. Cəzaçəkmə yerindən azad edildikdən sonra o, təxminən 6-7 ay Naxçıvan şəhərində işləsə də, daha sonra Bakı şəhərinə köçmüşdür və təxminən 4 ildir ki, Bakı şəhərində bəzən ustaların yanında fəhlə işləyərək, bəzən isə ev təmiri ilə bağlı boya vurulması ilə məşğul olaraq özünün dolanışığını təmin edir. Son bir neçə ay ərzində işi ilə əlaqədar onun bədənində soyuq havanın təsirindən kəskin ağrılar yaranmışdır. 13 sentyabr 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasında yaşayan dayısı oğlunun toy məclisində iştirak etdikdən sonra o, 18 sentyabr 2024-cü il tarixdə, saat 19:30-da “Naxçıvan-Bakı” marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusuna minərək, Bakı şəhəri istiqamətində yola düşmüşdür. Həmin avtobus yola düşdükdən təxminən 1 saat sonra Azərbaycan Respublikasının “Culfa” gömrük postundan keçərək İran İslam Respublikasının Culfa şəhərinə daxil olmuşdur. O, İran İslam Respublikasının Culfa şəhərində qarnında və belində şiddətli ağrılar olduğu üçün orada yerləşən apteklərin birinə ağrıkəsici dərman almaq məqsədi ilə getmişdir. Əczaçı ona ağrıya qarşı iki konvolyut dərman preparatı vermiş və ona həmin preparatlardan birinin içərisindəki həblərin qırmızı, digərininkində isə ağ rəngli olduğunu və tabletlərin birlikdə atılmalı olduğunu bildirmişdir. O, həmin şəxsdən bel nahiyəsində olan ağrılar üçün daha güclü dərman verməsini xahiş etmişdir. Əczaçı isə ona ağrıkəsici kimi bir konvalyut üzərində “Lorazepam 2” yazısı olan dərman preparatı vermişdir. O, həmin dərman preperatlarına görə 2 manat ödəmişdir. Bundan sonra o, avtobusa qayıtmış və 3 ədəd həmin həblərdən istifadə etmiş, qalan dərmanları isə əyləşdiyi oturacağın qarşısındakı oturacağın arxa tərəfində olan qatlanan masanın arxasına qoymuş və yatmışdır. 19 sentyabr 2024-cü il tarixdə, səhər saatlarında həmin avtobus İran İslam Respublikasının “Biləsuvar” gömrük postundan keçərək, Azərbaycan Respublikasının “Biləsuvar” gömrük postuna daxil olmuşdur. Gömrük postunda o, digər sərnişinlərlə birlikdə, piyada keçid xəttindən keçmək məqsədilə, avtobusdan enmişdir. Qəbul etdiyi dərmanların təsirindən onun şuuru özündə olmamış və o, çox çətinlikə avtobusdan enərkən, digər dərmanları özü ilə götürsə də, içərisində psixotrop həblər olan konvolyutu özü ilə götürməyi unutmuşdur. Bundan az sonra sərnişini olduğu avtobusun sürücüsü onu çağıraraq, onun əyləşdiyi oturacağın qarşısındakı masanın arxasındakı dərmanın ona məxsus olub-olmamasını soruşmuş, o isə etiraf etmişdir ki,həmin dərman ona məxsusdur. Bundan sonra gömrük əməkdaşları onun üzərinə baxış keçirsələr də, o, həmin vaxtdakı vəziyyətinə görə, baxışın neçə keçirildiyini tam xatırlamır. Bundan sonra o, saxlanılaraq əvvəlcə Biləsuvar gömrük idarəsinə, oradan isə Bakı şəhərinə aparılmışdır. Bakı şəhərində gömrük idarəsinin əməkdaşları onun halının özündə olmadığını görüb, ona evə getməyi və növbəti gün həmin gömrük idarəsinə gəlməsini tövsiyə etmişlər. Buna görə də o, növbəti gün təkrarən Bakı şəhərində gömrük idarəsinin müstəntiqlərinin əyləşdiyi binaya gəlmiş və həmin gün o, tutulmuşdur. O, həm gömrük postunda saxlanılan zaman, həm də gömrük orqanının müstəntiqi tərəfindən dindirilərkən, gömrük əməkdaşlarının sərnişin avtobusunda onun əyləşdiyi 48-ci oturacağın qarşısında yerləşən oturacağın arxa tərəfində olan qatlanan masanın arxasından bir konvalyutda üzərində “Lorazepam 2” yazısı olan 11 həb dərman preperatının ona məxsus olub-olmaması barədə suallarına o, etirafedici cavablar vermiş, həmin dərmanı İran İslam Respublikasının Culfa şəhərində yerləşən apteklərin birindən bədənində olan ağrıları sakitləşdirmək üçün aldığını bildirmişdir. O, həmin dərmanı tərkibini bilmədiyinə görə almışdır və həmin dərman vasitəsini gömrük əməkdaşlarından gizlətmək niyyəti olmamışdır. Lakin qeyd edilən dərmandan bir neçə həb qəbul etdiyi üçün beyni dumanlandığına və halı dəyişdiyinə görə o, avtobusdan enərkən həmin dərman vasitəsini avtobusdan götürməyi unutmuşdur. Sonda, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş dərmanları qanuni üsulla aptekdən bədənində olan ağrıları kəsmək üçün aldığını və qanunla dövriyyəsi qadağan edilmiş maddə olduğundan xəbərdar olmadığını nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün qismən etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin Biləsuvar rayonu ərazisində yerləşən Rəsmiləşdirmə mərkəzinin 1-ci bölməsinin inspektoru vəzifəsində işləyir. O, 19 sentyabr 2024-cü il tarixdə iş bölgüsünə əsasən Biləsuvar Gömrük İdarəsinin Biləsuvar keçid məntəqəsində “Naxçıvan-Bakı” marşrut xətti üzrə hərəkət edən sərnişin avtobuslarına gömrük nəzarətini həyata keçirmişdir. Həmin gün o, Azərbaycan Respublikası vətəndaşı Şahid2 idarə etdiyi “Naxçıvan-Bakı” marşrut xətti üzrə hərəkət edən “Mersedes-Benz” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunu dəvət edilmiş hal şahidlərinin iştirakı ilə yoxlamışdır. Yoxlama başlamazdan əvvəl o, Şahid2 gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə bəyan edilməyən hər hansı predmetin olub-olmamasını soruşmuş, həmin şəxs isə nəqliyyat vasitəsində gizlədilmiş və bəyan edilməli heç bir predmetin olmadığını bildirmişdir. Bundan sonra o, həmin avtobusa onun tərəfindən gömrük baxışı həyata keçirilmiş və baxış nəticəsində avtobusun 41 nömrəli oturacağının arxa tərəfində yerləşən qatlanan masanın arxasından gömrük nəzarətindən gizlədilmiş bir konvalyutda, üzərində “Lorazepam 2” yazısı olan, cəmi 11 həb dərman preparatı aşkar etmişdir. Sürücü Şahid2 idarə etdiyi avtobusdan aşkar edilən dərman vasitəsinin ona aid olmadığını və avtobusda olan sərnişinlərdən 41 nömrəli sərnişin oturacağının arxasında yerləşən 48 nömrəli sərnişin oturacağında əyləşmiş şəxsə aid ola biləcəyini bildirmişdir. Bundan sonra Şahid2 köməyi ilə 48 nömrəli sərnişin oturacağında əyləşmiş şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. O, Təqsirləndirilən şəxs ilə sifahi sorğu-sual aparmış və həmin şəxs üzərində “Lorazepam 2” yazısı olan 11 ədəd həbin ona məxsus olduğunu və İran İslam Respublikasının Culfa şəhərində yerləşən aptekdən aldığını bildirmişdir. Yaranmış zərurətlə əlaqədar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 64-cü maddəsinə əsasən o, Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparılmış, lakin yoxlama zamanı həmin şəxsin üzərindən gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan edilməyən hər hansı bir predmet aşkar etməmişdir. Daha sonra Təqsirləndirilən şəxs aşkar edilmiş ümumilikdə 11 ədəd dərman kapsulları gömrük əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüş və protokollar tərtib edilmişdir. Sonda protokol tərtib edilmiş və bütün baxış iştirakçıları tərəfindən həmin protokol imzalanmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, o və tanışı Şahid3 19 sentyabr 2024-cü il tarixdə, səhər saatlarında Biləsuvar gömrük postunun qarşısında dayandıqları vaxt bir nəfər gömrük xidməti əməkdaşı onlara yaxınlaşaraq, özünü təqdim etmiş və “Naxçıvan-Bakı” marşrut xətti üzrə hərəkət edən “Mersedes-Benz” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun yoxlanacağını bildirərək, həmin yoxlanışda hal şahidi kimi iştirak etmələrini onlardan xahiş etmişdir. Onlar həmin yoxlamada iştirak etməyə razılıq verdikdən sonra həmin gömrük əməkdaşı ilə birlikdə idxal xəttinə daxil olmuşlar. Bundan sonra Azərbaycan Respublikası vətəndaşı Şahid2 idarə etdiyi “Mersedes-Benz” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtobus yoxlanılmağa başlanılmışdır. Aparılmış baxış nəticəsində nəqliyyat vasitəsinin 41 nömrəli oturacağın arxa tərəfində yerləşən qatlanan masanın arxasından bir konvalyutda, üzərində “Lorazepam 2” yazısı olan, cəmi 11 həb dərman preparatı aşkar edilmişdir. Şahid2 gömrük xidməti əməkdaşlarına aşkar edilən dərmanların ona məxsus olmadığını və avtobusda olan sərnişinlərdən birinə aid olduğunu bildirmişdir. Bundan sonra sürücünün köməkliyi ilə 41 nömrəli sərnişin oturacağının arxasında yerləşən 48 nömrəli sərnişin oturacağında əyləşmiş şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ilə aparılmış şifahi sorğu-sual zamanı həmin şəxs aşkar edilmiş həblərin ona məxsus olduğunu və İran İslam Respublikasının Culfa şəhərində yerləşən aptekdən aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs aşkar edilmiş dərman preperatları gömrük əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüş və müvafiq protokollar tərtib edilmişdir. Yoxlama ilə bağlı tərtib edilmiş protokollar o və digər baxış iştirakçıları tərəfindən imzalanmışdır. İşdə olan nəqliyyat vasitələrinin yoxlanılması haqqında 19 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası vətəndaşı Şahid2 idarə etdiyi “Mersedes-Benz” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunu keçirilmiş gömrük baxışı nəticəsində nəqliyyat vasitəsinin 41 nömrəli oturacağının arxa tərəfində yerləşən qatlanan masanın arxasından gömrük nəzarətindən gizlətdilmiş üzərində “Lorazepam 2” yazısı olan, 1 konvalyutda, cəmi 11 həb dərman preparatı aşkar olunmuşdur. Cinayət işi materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 19 sentyabr 2024-cü il tarixli, 6/4632 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş cəmi 11 ədəd ağ rəngli dərman tabletlərinin tərkibində ümumilikdə 0,022 qram lorazepam təsiredici maddəsi müəyyən edilmişdir. Lorazepam Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təstiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr”in siyahısına (Siyahı İİ) daxildir. Tədqiqat zamanı 1 konvalyutda 11 ədəd olmaqla, üzərində "Lorazepam 2" yazılmış həblərin 3 ədədi sərf edilmiş, qalıq 8 ədəd qalmışdır. İş materiallarına əlavə edilmiş sərhədkeçmə hesabatına baxış keçirilməsi haqqında 30 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 2008-ci ildən 19 sentyabr 2024-cü il tarixədək dəfələrlə “Qırmızı Körpü”, ”Astara” və “Biləsuvar”, “Culfa”, “Sədərək” sərhəd nəzarət məntəqələrindən istifadə etməklə, Azərbaycan Respublikasının ərazisinə daxil olmuş və əks istiqamətdə hərəkət etmişdir. Təqsirləndirilən şəxs sonuncu dəfə 19 sentyabr 2024-cü il tarixdə, saat 06:07-də “Mercedes-Benz” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə “Naxçıvan-Bakı” marşrut xətti üzrə “Biləsuvar” dövlət sərhəd nəzarət məntəqəsindən keçməklə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikası ərazisinə daxil olmuşdur. Təqsirləndirilən şəxs 01 may 2015-ci il tarixdə “Biləsuvar” dövlət sərhəd nəzarət məntəqəsindən keçməklə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikası ərazisinə daxil olduğu vaxt “X1 Sistemi”nə “Qaçaqmalçı, N036/15 nömrəli Aktla Biləsuvar Gİ-nə aparıldı.” məzmununda qeyd əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 01 oktyabr 2024-cü il tarixli, 6583 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sendromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan amblator məhkəmə psixiatrik ekspertizasının 19 oktyabr 2024-cü il tarixli, 3060 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi xəstəlikdən əziyyət çəkmir, ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ittiham edildiyi əməl barəsində anlaqlı hesab edilir. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 maddəsinin təsiri altına düşmür. Həmin şəxs hal-hazırda öz hərəkətlərin ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır və məcburi müalicəyə ehtiyacı yoxdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Belə ki, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun İİİ siyahısının 37-ci bəndinə görə lorazepam Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr siyahısına daxildir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»nın İİ siyahısının 102-ci bəndinin tələbinə görə lorazepamın xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 2 qramdır. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, 1 nömrəli Qərarının 10-cu bəndində göstərilir ki, malların və ya digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair.) keçirilməsi başa düşülür. Həmin Qərarın 13-cü bəndinə görə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından az miqdarda olduqda da təqsirkarın əməli CM-nin 206.2-ci maddəsi ilə tövsif edilməlidir. Çünki ümumiyyətlə gömrük sərhədindən qanunsuz keçirilən, Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyil. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, 1 nömrəli Qərarının 14-cü bəndinə görə dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış narkotik vasitə və ya psixotrop maddə mənşəli dərman vasitələri həqiqətən tibbi resept əsasında əldə edilmiş olsa belə, həmin dərman vasitələrini Azərbaycan Respublikasının gömrük sərhədindən keçirən şəxs bilə-bilə onları düzgün bəyan etmədikdə (məsələn, dövriyyəsi məhdudlaşdırılmamış başqa dərman vasitəsi kimi təqdim etdikdə və sair), müxtəlif üsullardan istifadə etməklə gizlətdikdə, onun əməli qaçaqmalçılıq cinayəti kimi qiymətləndirilərək, CM-nin 206.2-ci maddəsi ilə, buna kifayət qədər əsaslar olduqda, həm də CM-nin 234-cü maddəsi ilə tövsif edilir. Digər hallarda, yəni şəxs qeyd olunan dərman vasitələrini bəyan etməməklə, gömrük nəzarətindən kənar, yaxud tibbi sənədlərdən, o cümlədən reseptdən aldatma yolu istifadə etməklə gömrük sərhədindən keçirdikdə, onun əməllərinə işin faktiki hallarından (məsələn, dərman vasitələrinin miqdarının tibbi reseptə uyğun olub-olmamasından, xəstəliyin xarakterindən və ağırlıq dərəcəsindən və sair hallardan) asılı olaraq hüquqi qiymət verilməlidir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alır. Cinayətin predmeti olan, şəxsi istehlak miqdarında lorazepam psixotrop maddəsini bədənində olan ağrılar ilə əlaqədar İran İslam Respublikasında əldə edərək Azərbaycan Respublikasına gətirməsini və cinayətin açılmasına fəal kömək göstərməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19 sentyabr 2024-cü il tarixdə gömrük postunda saxlanılsa da, azad edilmiş və yalnız 20 sentyabr 2024-cü il tarixdə, saat 18:10-da həmin şəxs barəsində şübhəli şəxs kimi tutma tətbiq olunmuş və 22 sentyabr 2024-cü il tarixdə müvəqqəti saxlanma yerindən azad edilmişdir. İbtidai istintaqı aparan müstəntiqin qərarı ilə Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad olunması barədə 22 sentyabr 2024-cü il tarixdə qərar qəbul edilsə də, həmin qərarın faktiki olaraq saat neçədə icra olunmasını iş materialları ilə müəyyən etmək mümkün deyil. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad olunması barədə qərarın 22 sentyabr 2024-cü il tarixdə verildiyini və icra edildiyinə kifayət qədər ehtimal olduğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı faktiki 24 saatdan artıq tutulduğu müddət 2 gün həddində müəyyən edilməklə, təyin edilən azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. Bundan başqa, məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın 01 oktyabr 2024-cü il tarixli, 6583 nömrəli saylı rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Azərbayca Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 8 ədəd psixotrop maddə - "Lorazepam 2" həbləri məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 110 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyləndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 1 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 07 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 110 (bir yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində saxlanılan 8 ədəd psixotrop maddə - "Lorazepam 2" həbləri məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №1(022)-16/2025
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-16/2025
07.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver