Məhkəmə qərarları › İş №1(022)-160/2024

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-160/2024

17.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-160/2024 17.10.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X1 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1997-ci il tarixdə Biləsuvar rayonu, Bəydili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, faktiki nikah münasibətlərində olan, himayəsində 1 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu, Bəydili kəndi, M.F.Axundov küçəsində yerləşən 112 nömrəli evdə qeydiyyatda olan, Biləsuvar şəhəri, PMK yaşayış massivi, H.Əliyev küçəsində yerləşən nömrəsiz evdə yaşayan, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 06 sentyabr 2024-cü il tarixdə, saat 03 radələrində Biləsuvar şəhəri, Heydər Əliyev küçəsində yerləşən fərdi yaşayış evində faktiki nikah münasibətlərində olduğu Zərərçəkmiş şəxs ilə ailə-məişət münasibətlər zəminində, yəni sonuncunun Biləsuvar rayonu ərazisində yerləşən kafeyə onun istədiyi geyimdə getmədiyini irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı qəsdən əlləri ilə Zərərçəkmiş şəxs boğaz nahiyəsinidən tutub-sıxmış və sol əlinə yumruqla zərbə vuraraq, həmin şəxsə sol əlin arxa səthində əzilmiş yara, boyun və sol əl nahiyəsində sıyrıqla nəticələnmiş xəsarətlər yetirərək, zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə 2022-ci ildə rəsmi nikaha daxil olmuşdur və həmin nikahdan onların 1 uşağı vardır. Məişət zəminində aralarında tez-tez mübahisələr və münaqişələr olduğuna görə Zərərçəkmiş şəxs iddiası əsasında Biləsuvar rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli qətnaməsi ilə onların nikahı ləğv edilmişdir. Bununla belə onlar 01 may 2024-cü il tarixdə ər-arvad münasibətlərini bərpa etmişlər və həmin vaxtdan faktiki nikahda yaşayılar. 05 sentyabr 2024-cü il tarixdə o, Zərərçəkmiş şəxs doğum gününü qeyd etmək məqsədilə arvadını restorana aparmışdır.Lakin Zərərçəkmiş şəxs həmin restorana uyğun geyimdə gəlməmişdir. Onlar 06 sentyabr 2024cü il tarixdə, saat 03 radələrində restorandan çıxıb Biləsuvar rayonu, PMK massivi, H.Əliyev küçəsində yerləşən evlərinə gəlmişlər. O, yaşadıqları evdə arvadına restorana onun istədiyi geyimdə getməməsi barədə iradını bildirmişdir. Zərərçəkmiş şəxs isə ona kobud şəkildə cavab qaytararaq, ürəyi istədiyi paltarı geyinəcəyini ona bildirmişdir. O, arvadının cavabından sonra əsəbiləşmiş və özündən çıxaraq, Zərərçəkmiş şəxs ilə mübahisə etməyə başlamışdır. Həmin mübahisə vaxtı o, arvadının boğaz nahiyəsindən tutaraq, sıxmış, sonuncu ondan uzaqlaşmaq istədiyi vaxt isə həmin şəxsin sol əlinə yumruqla zərbə endirmişdir. O, bundan sonra sakitləşmiş və etdiyi əməldən peşman olmuşdur. Lakin Zərərçəkmiş şəxs onu bağışlamayarq, Biləsuvar rayon polis şöbəsinə onun barəsində şikayət etmişdir. Onunla arvadı arasında baş vermiş mübahisə təxminən 3-5 dəqiqə davam etmişdir. Həmçinin o bildirdi ki, sonradan Zərərçəkmiş şəxs üzr istəyib və ona dəymiş ziyanı aradan qaldıraraq, arvadı ilə barışığa nail olmuşdur. Sonda, Təqsirləndirilən şəxs əməlindən peşmançılıq hissi keçirdiyini və zərərçəkmiş şəxslə barışmaqla, həmin şəxsə vurduğu zərəri tam şəkildə ödədiyini bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi və barəsində ittiham irəli sürülmüş şəxsi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, o, Təqsirləndirilən şəxs ilə artıq 2 ildir ki, evlidir. Onların birgə nikahından 2023-cü ildə bir uşaqları doğulmuşdur. Onlar arasında nadir hallarda baş verən mübahisələr istisna olmaqla, münasibətləri mehriban olmuşdur. Sonuncu dəfə 05 sentyabr 2024-cü il tarixdə onun doğum gününü qeyd etmək münasibətilə o, əri ilə birlikdə restorana getmişdir. 06 sentyabr 2024-cü il tarixdə, saat 03 radələrində onlar restorandan çıxıb, Biləsuvar rayonu H.Əliyev küçəsində yerləşən evlərinə gəlmişlər. Onlar evdə olduqları vaxt Təqsirləndirilən şəxs ona restorana onu istədiyi geyimdə getmədiyini bildirərək, onunla mübahisə etməyə başlamışdır. O, ərinə istədiyi geyimi geyinə biləcəyini dedikdən sonra sonuncu əsəbiləşərək, onun üstünə gəlmiş və onun boynundan sıxmışdır. O, Təqsirləndirilən şəxs uzaqlaşmaq istəsə də, həmin şəxs onun sol əlinə yumruq vurmuşdur. Bundan sonra isə həmin mübahisə sonlanmışdır. O, səhəri gün Təqsirləndirilən şəxs onu döyməsi barədə hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Lakin sonradan əri Təqsirləndirilən şəxs ondan üzr istəyərək, onunla barışıq əldə etmişdir. Hazırla onlar birlikdə eyni evdə yaşayırlar. Sonda, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını və sonuncunun ona dəymiş zərəri ödədiyini nəzərə alaraq, məhkəmədən Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İş materiallarında olan canlı şəxsin ekspertizasının 06 sentyabr 2024-cü il tarixli, 369 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol əlin arxa səthində əzilmiş yara, boyun və sol əl nahiyələrində sıyrıqlar müəyyən edilmişdir, həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 06 sentyabr 2024-cü il tarixə uyğurı gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası CM-nin 73.1 və 73.2-ci maddələrinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. CM-nin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeydinə görə şəxs həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarına əlavə edilmiş Biləsuvar rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 1(022)-173/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs 2023-cü ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində ittiham edilərək, məhkəməyə verilmiş, lakin həmin şəxs zərərçəkmiş şəxslə barışdığına, ona vurulmuş zərəri tam ödədiyinə və cinayət nəticəsində vurulmuş ziyanıniyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə və Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən əvvəllər 1 dəfə azad olunmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi və həmin şəxsə dəymiş ziyanı tamamilə ödəməsi Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edən hal deyil, iş üzrə onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunmayan şəxsiyyətini, əvvəllər məhkum edilməməsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini, himayəsində 1 azyaşlı uşağının olmasını və “Vətən müharibəsi” iştirakçısı olmasını məhkəmə onun cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs islah işləri növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla, 1 (bir) il müddətinə islah işləri növündə cəza təyin edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmalar aparılmağa başlandığı vaxtdan hesablansın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar