Məhkəmə qərarları › İş №1(022)-162/2023

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-162/2023

26.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-162/2023 26.10.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X1 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1995-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu, Nəsimi kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, tamah niyyəti ilə, özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı 10 iyul 2023-cü il tarixdə, saat 15 radələrində Biləsuvar rayonu, Nəsimi kəndində yerləşən qonşusu Zərərçəkmiş şəxs yaşadığı evə qanunsuz daxil olduqdan sonra, evdə olan otağın qapısını açmaqla içəri qanunsuz daxil olub oradakı pul kisəsindən Zərərçəkmiş şəxs məxsus 14 ədəd 100 manatlıq pul əskinazlarını oğurlayaraq, həmin yerdən uzaqlaşmış və zərərçəkmiş şəxsə ümumlikdə 1.400 manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Biləsuvar rayonu, Nəsimi kəndində qeydiyyatda olmaqla yaşayır və “Aqropark Yaşıl ada” məhdud məsuliyyətli cəmiyyətində sürcü kimi işləyir. Zərərçəkmiş şəxs onun həmkəndlisi və qonşusudur və həmin şəxs ilə aralarında əvvəllər heç bir düşmənçilik və ya ədavət olmamışdır. Onun maddi vəziyyəti aşağı olduğuna görə pula ehtiyyacı olmuş və buna görə də 10 iyul 2023-cü il tarixdə, saat 15 radələrində qonşusu Zərərçəkmiş şəxs və sonuncunun arvadının evdə olmamasından istifadə edərək, Zərərçəkmiş şəxs evinə oğurluq etmək üçün daxil olmuşdur. O, həmin evin ikinci qapısını açmaqla, oraya daxil olmuşdur. O, evdə olan şkafın qapısını açmış və orada qutuda olan pul kisəsini götürmüşdür. Bundan sonra o, həmin pul kisəsində olan 14 ədəd 100 manatlıq pul əskinazını, cəmi 1.400 manat pulu götürərək, dərhal evi tərk etmişdir. O, oğurladığı pul vəsaitlərini öz şəxsi ehtiyyacları üçün sərf etmişdir. Törətdiyi oğurluq əməlinə görə o, 12 iyul 2023-cü il traixdə polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş və Biləsuvar rayon polis şöbəsinə aparılmışdır. O, dindirmə zamanı törətdiyi əməli etiraf etmişdir. Sonda, Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş zərəri könüllü olaraq ödəməklə həmin şəxslə barışıq əldə etdiyini, himayəsində 2 övladı olduğunu və ailəsini dolandıran yeganə şəxs olduğunu bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və zərərçəkmiş şəxsi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, o, Biləsuvar rayonu, Nəsimi kəndində ailə üzvləri ilə birdə yaşayır. Təqsirləndirilən şəxs onun qonşusudur və əvvəllər həmin şəxs ilə onun arasında düşmənçilik və ya ədavət olmamışdır. 10 iyul 2023-cü il tarixdə axşam radələrində o, işdən çıxaraq, öz evinə gəlmiş və özünə məxsus olan pul vəsaitini qoyduğu şkafa baxdığı zaman 14 ədəd 100 manatlıq pul əskinazlarının həmin yerdə olmadığını görmüşdür. O, həmin pulların o və arvadı evdə olmadığı zaman oğurlandığını başa düşmüşdür. Sonradan o, evindən oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olmasını bilmiş və dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng vurmaqla, həmin şəxsin onun evindən pul oğurlaması barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları onun evinə gəlmiş və baxış keçirmişdir və həmin vaxtdan bir qədər sonra Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutulmuşdur. Həmin oğurluq hadisəsi nəticəsində ona 1.400 manat məbləğində maddi ziyan dəymişdir. Sonda, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona dəymiş maddi zərəri könüllü olaraq tam ödəməklə onunla barışıq əldə etdiyini, onun sonuncuya qarşı iddiası, tələbi və ya şikayəti olmadığını bildirərək, Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. İşdə olan 11 iyul 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş foto cədvəldən görünür ki, hadisə yeri Biləsuvar rayonu, Nəsimi kənində yerləşən Zərərçəkmiş şəxs yaşadığı evdir. Hadisə yeri Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmişdir. Hadisə yerində iş üzrə əhəmiyyət kəsb edən iz, hal və ya maddi sübut aşkar edilməmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş foto cədvəldən görünür ki, hadisə yeri Biləsuvar rayonu, Nəsimi kənində yerləşən Zərərçəkmiş şəxs yaşadığı evdir. Hadisə yeri Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmişdir. Təqsirləndirilən şəxs 10 iyul 2023-cü il tarixdə, saat 15 radələrində Biləsuvar rayonu, Nəsimi kəndində yerləşən qonşusu Zərərçəkmiş şəxs yaşadığı evə qanunsuz daxil olaraq, oradan 14 ədəd 100 manatlıq pul əskinazlarını oğurladığı yeri göstərmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunan şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, cavanlığını, zərərçəkmiş Zərərçəkmiş şəxs cinayət nəticəsində vurulmuş maddi ziyanı tamamilə aradan qaldırmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və himayəsində 2 azyaşlı uşağı olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxsnin cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs azadlığın məhdudulaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər. Bundan başqa, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 12 iyul 2023-cü il tarixdə, saat 01:10-da şübhəli şəxs qismində tutma tətbiq olunmuş və Təqsirləndirilən şəxs 13 iyul 2023-cü il tarixdə, saat 13:50-də müvəqqəti saxlama yerindən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azdlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı faktiki tutulduğu 2 gün müddət təyin edilən müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə qətimkan tədbirinin şərtlərini pozmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 2 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya qurumuna həvalə edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar