Məhkəmə qərarları › İş №1(022)-166/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №1(022)-166/2024

17.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 1(022)-166/2024 17.12.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, hakim köməkçisi Kərimzadə Aysel Hüseyn qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 17 dekabr 2024-cü il tarixdə Biləsuvar şəhərində Təqsirləndirilən şəxs, xx xxxx 1972-ci il tarixdə Biləsuvar rayonu, Nəsimi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, evli, əvvəllər məhkum olunmamış, İİ dərəcəli əlil, fərdi əməklə məşğul olmuş, Biləsuvar rayonu, Nəsimi kəndində qeydiyyatda olmuş və yaşamış, barəsində polisin nəzarəti atına vermə qətimkan tədbiri seçilmiş, 01 noyabr 2024-cü il tarixdə ölmüş, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı Biləsuvar rayonu, Dərvişli kəndində yaşayan Zərərçəkmiş şəxs etibarından sui-istifadə etməklə, həmin şəxsə əlillik dərəcəsi təyin etdirəcəyinə və buna görə hər ay 240 manat məbləğində əlillik pensiyası alacağına dair yalan vədlər verib aldadaraq, 04 may 2023-cü il tarixdə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən «Atəşgah» sığorta şirkəti açıq səhmdar cəmiyyətinin Biləsuvar nümayəndəliyinin yerləşdiyi binada 6.000 manat məbləğində pulunu ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda - 6.000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilərək, məhkəməyə verilmişlər. Təqsirləndirilən şəxs 01 noyabr 2024-cü il tarixdə əvvəllər keçirilən miokard infarktı nəticəsində vəfat etmişdir. Biləsuvar rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli məktubları ilə Təqsirləndirilən şəxs ailə üzvlərinə bildiriş göndərilərək, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsi ilə nəzərdə tutulmuş halda cinayət təqibinə xitam verilməsinin cinayət təqibinə bəraətverici əsaslarla xitam verilmiş hesab olunmaması izah edilməklə, cinayət işi üzrə həmin təqsirləndiriən şəxsin hüquqi varisi qismində tanınmaq istəklərinin olub-olmaması barədə məhkəməyə məlumat verilməsi xahiş olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs ailə üzvlərinə ünvanlanmış Biləsuvar rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli məktubları, təqsirləndirilən şəxsin ailə üzvlərinə rəsmi qaydada təqdim edilməsi üçün, Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Nəsimi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə təhvil verilmişdir. Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Nəsimi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 20 noyabr 2024-cü il tarixli, 5-39-12/2-885/2024 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə üzvlərinə ünvanlanmış Biləsuvar rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli məktubları həmin şəxsin oğlu X1 təqdim edilmişdir. Təqsirləndirilən şəxs ailə üzvləri Biləsuvar rayon Məhkəməsinin 07 noyabr 2024cü il tarixli məktublarını rəsmi qaydada qəbul etmələrinə baxmayaraq, hal-hazıradək təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınmaq istəklərinin olub-olmaması barədə məhkəməyə məlumat verməmişlər. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəməyə yazılı ərizə ilə müraciət edərək, 01 noyabr 2024-cü il tarixdə vəfat etmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, o, Biləsuvar rayonu, Nəsimi kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Onun Biləsuvar rayonu, Nərimankənd kəndində yaşayan qohumu X2 2013-cü ildən etibarən “Atəşgah” sığorta şirkəti açıq səhmdar cəmiyyətinin Biləsuvar nümayəndəliyinin rəhbəri vəzifəsində işləmişdir. Həmin müddətdə o tez-tez həmin şəxsin yanına getmişdir. O, M.V.Vəliyevin vasitəçiliyi ilə qeyri-rəsmi şəkildə “Atəşgah” sığorta şirkəti açıq səhmdar cəmiyyətinin Biləsuvar nümayəndəliyinə müştəri cəlb etməklə məşğul olmuşdur. Lakin 2020-ci ildə M.V.Vəliyev Bakı şəhərinə köçmüş və orada işləməyə başlamışdır. 2023-cü ilin aprel ayının sonunda o, təkrarən həmin ofisə müştəri cəlb etmək üçün işə başlamaq məqsədi ilə getmişdir. Həmin vaxt orada sonradan adını öyrəndiyi Zərərçəkmiş şəxs özünə pensiya düzəltdirmək istədiyini bilmişdir. O, pula ehtiyacı olduğu üçün həmin şəxsə yaxınlaşmış və sonuncuya pensiya düzəldə biləcəyini demişdir. Əslində isə onun Zərərçəkmiş şəxs əlilliyə görə pensiya düzəltmək məqsədi olmamış, yalnız pula ehtiyacı olduğu üçün zərərçəkmiş şəxsə yalan vədlər vermişdir. O, həmin vaxtdan bir neçə gün sonra Zərərçəkmiş şəxs “Atəşgah” sığorta şirkəti açıq səhmdar cəmiyyətinin Biləsuvar nümayəndəliyinin binasına çağırmış və ona İİ qrup əlillik dərəcəsini ömürlük təyin etdirəcəyini və buna görə də 6000 manat pul lazım olacağını bildirmişdir. Həmin şəxs isə 6.000 anat pulu toplamaq üçün ondan vaxt istəmişdir. 04 may 2023-cü il tarixdə “Atəşgah” sığorta şirkəti açıq səhmdar cəmiyyətinin Biləsuvar nümayəndəliyinin ofisində Zərərçəkmiş şəxs ona 6.000 manat pulu vermişdir. Həmin vaxt o, Zərərçəkmiş şəxs bir neçə ay sonra ömürlük pensiya düzəldəcəyini və hər ay 240 manat pul alacağını bildirmişdir. Lakin daha sonra o, zərərçəkmiş şəxsdən aldığı pulu şəxsi ehtiyacları üçün xərcləmiş, sonuncuya da pensiya düzəltmək üçün məşğul olduğunu deyərək, həmin şəxsi aldatmışdır. O, Zərərçəkmiş şəxs pul aldığı vaxt heç kim onların yanında olmamışdır. O, zərərçəkmiş şəxsdən aldığı pulu şəxsi ehtiyacları üçün xərcləmiş və heç kimlə bölməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, o, Biləsuvar rayonu, Dərvişli kəndində ailə üzvləri ilə birlikdə yaşayır, heç bir yerdə rəsmi olaraq işləmir, ailəsinin dolanışığını təmin etməkdən ötrü təsərrüfat işləri ilə nəşğul olur. O, mərhum Təqsirləndirilən şəxsla 2023-cü ilin may ayında tanış olmuşdur. O, bir çox şəxsdən Təqsirləndirilən şəxs rayon sakinlərinə sosial yardım düzəltməklə məşğul olduğunu eşitmişdir. Buna görə də o, bütün lazımlı sənədləri toplayaraq, Təqsirləndirilən şəxs adətən olduğu yerə - «Atəşgah» sığorta şirkəti açıq səhmdar cəmiyyətinin Biləsuvar nümayəndəliyinin ofisinə getmiş və sonuncuya sənədləri təqdim etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona 5.000 manat pul müqabilində onu 2-ci dərəcəli əlil kimi xəstəliklə pensiyaya çıxarmağı təklif etmişdir. O, həmin şəxsin təklifi ilə razılaşmış və evinə qayıtmışdır. Həmin gün axşam saatlarında təqsirləndirilən şəxs ona telefon vasitəsilə zəng edərək, təqaüdü düzəltmək üçün 6.000 manat lazım olacağını bildirmişdir. O, həmin məbləğdə pulu düzəltmək üçün mərhum ərindən miras qalmış 1 hektar ölçüdə əkin sahəsini 5.000 manata tanışı Şahid satmış, 2,22 hektar ölçüdə əkin sahəsini isə sonuncuya 1.000 manat pul müqabilində 2 il müddətinə icarəyə vermişdir. O, 6.000 amnat pulu hazırlayaraq, 04 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs təqdim etmişdir. Həmin vaxt mərhum şəxs təxminən 7 ay sonra ona pensiya təyin ediləcəyini bildirmişdir. Həmin tarixdən 7 ay keçməsinə baxmayaraq, Təqsirləndirilən şəxs ona əlillik dərəcəsi təyin etdirməmiş və müxtəlif bəhanələr gətirərək, vaxt qazanmağa çalışmışdır. O, Təqsirləndirilən şəxs pulunu geri qaytarmasını tələb etsə də, sonuncu onun zənglərinə cavab verməmiş və ondan gizlənməyə başlamışdır. Buna görə də o, həmin şəxs barəsində Biləsuvar rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, şikayət etmişdir. Bundan başqa, o bildirdi ki, Təqsirləndirilən şəxs onunla söhbət etdiyi vaxt hər hansı bir vəzifəli şəxsin adını çəkməmişdir. Təqsirləndirilən şəxs ondan 6.000 manat pulu dələduzluq yolu ilə ələ keçirmişdir, lakin mərhum Təqsirləndirilən şəxs ona olan borcunu tam şəkildə qaytarmamışdır. Belə ki, həmin şəxs ona olan borcunun yalnız 1.000 manat məbləğində hissəsini qaytarmış və onunla barışıq əldə etməmişdir. Sonda, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam veriləsini xahiş etdi. Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, dövlət ittihamçısını, təqsirləndirilən şəxsin müdafiəçisini və zərərçəkmiş şəxsi dinləyərək hesab edir ki, 01 noyabr 2024-cü il tarixdə vəfat etmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 106-1.1-ci maddəsinə görə ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 106-1.3-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan təqsirləndirilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin Məcəllənin 106-1.4-cü maddəsinə əsasən ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar həmin Məcəllənin 106-1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi vaxtdan 20 gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddətdə təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın surəti həmin Məcəllənin 281.1-ci maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət vermək qaydası izah edilməklə, ölmüş şəxsin yaxın qohumlarına göndərilir və ya təqdim edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 281.1-ci maddəsinə görə cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın surətləri şübhəli və ya təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə, yaxud ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınadək ölmüş şəxsin yaxın qohumlarına göndərilir. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 282.1-1-ci maddəsinə əsasən həmin Məcəllənin 41.2 və 43.3-1-ci maddələrində nəzərdə tutulmuş hallarda ölmüş şəxsin müdafiəçisinin razılığı ilə cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar qəbul edildiyi təqdirdə, onun yaxın qohumu həmin qərarın surətini aldığı vaxtdan 10 gün müddətində həmin qərardan şikayət etmək hüququna malikdir. Belə şikayət verildikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar ləğv edilir, cinayət təqibi üzrə icraat təzələnir, şikayət vermiş yaxın qohum ölmüş şəxsin hüquqi varisi qismində tanınır və icraat həmin Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə ölmüş təqsirləndirilən şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınadək ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən həmin Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçinin razılığı olmadan cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıla bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə həmin Məcəllənin 39.1.5-ci maddəsində nəzərədə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən həmin Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. İş materiallarından görünür ki, ölmüş təqsirləndirilən şəxsin yaxın qohumlarına müvafiq məhkəmə bildirişinin təqdim olunmasından 20 gündən artıq vaxt keçməsinə baxmayaraq, həmin şəxslər Təqsirləndirilən şəxs hüquqi varisi kimi tanınmaq istəklərinin olub-olmaması barədə məhkəməyə məlumat verməmişlər. Ölmüş təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iş materiallarında olan 17 dekabr 2024-cü il tarixli yazılı ərizəsindən isə görünür ki, o, 01 noyabr 2024-cü il tarixdə vəfat etmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməsinə razılıq vermişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli, həmin qərarın surəti ölmüş təqsirləndirilən şəxsin qohumlarına göndərilməklə, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət verilməsi qaydası və nəticələri izah olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs izah edilməlidir ki, o, təqsirləndirilən şəxsin əməlləri nəticəsində ona vurulmuş ziyanın əvəzinin ödənilməsi məqsədi ilə Təqsirləndirilən şəxs varislərinə qarşı aidiyyəti məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldıra bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: 01 noyabr 2024-cü il tarixdə vəfat etmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Qərarın surəti Təqsirləndirilən şəxs yaxın qohumlarına göndərilsin və onlara izah edilsin ki, həmin qərarın surətini aldıqları vaxtdan 10 (on) gün müddətində cinayət işinin materialları ilə tanış olmaq və həmin qərardan Biləsuvar rayon məhkəməsinə şikayət vermək hüquqlarına malikdirlər. Belə şikayət verildikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar ləğv edilir, cinayət təqibi üzrə icraat təzələnir, şikayət vermiş yaxın qohum ölmüş şəxsin hüquqi varisi qismində tanınır və icraat Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada davam etdirilir. Zərərçəkmiş şəxs izah edilsin ki, o, cinayət nəticəsində ona vurulmuş ziyanın əvəzinin ödənilməsi barədə Təqsirləndirilən şəxs varislərinə qarşı aidiyyəti məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldıra bilər. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar