Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 1(022)-167/2024 22.10.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X7 oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X2, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Məmmədov Rüstəm Ərəstun oğlunun iştirakı ilə, Məmmədov Rüstəm Ərəstun oğlunun Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin şəxsdən mənəvi ziyanın əvəzi qismində 50.000 manat məbləğində pul vəsaitinin tutularaq, M.M.Verdiyevə ödənilməsinə dair X3 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Biləsuvar rayon Məhkəməsinə müraciət edərək, Məmmədov Rüstəm Ərəstun oğlunun Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini və həmin şəxsdən mənəvi ziyanın əvəzi qismində 50.000 manat məbləğində pul vəsaitinin tutularaq, ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 göstərdi ki, o, “Ekologiyanın qorunmasına yardım” ictimai birliyində sədr vəzifəsində çalışır. O, Məmmədov Rüstəm Ərəstun oğlunu uzun müddətdir ki, tanıyır və həmin şəxslə aralarında hər hansı düşmənçilik və ya ədavət olmamışdır. O, R.Ə.Məmmədovu “Ekologiyanın qorunmasına yardım” ictimai birliyinin Biləsuvar rayon filialına direktor təyin etmişdir. Lakin R.Ə.Məmmədov müxtəlif sosial şəbəkələrdə bloqer İdrak İmanov adlı şəxlə birlikdə onun barəsində böhtan xarakterli məlumatlar yayır. Belə ki, o, təsadüfən “TikTok” sosial şəbəkəsində olduğu zaman R.Ə.Məmmədovun onu və ailəsini təhqir etdiyi video paylaşımlarını görmüşdür. Həmin videolarda R.Ə.Məmmədov milyonlarla izləyicinin qarşısında onun və ailəsinə böhtan atmışdır. R.Ə.Məmmədov həmin iki video görüntülərdə kameranın önündə onun kişi olmadığını bildirmişdir. Həmçinin həmin şəxs onun barəsində “O, düz adam olsa, ailəsinə sahib çıxar.” sözlərini istifadə etmiş, digər videoda isə oğlunun oğru olduğunu qeyd etmişdir. O, R.Ə.Məmmədovu ailəsiniin ünvanına istifadə etdiyi ifadələrə görə bağışlamır. R.Ə.Məmmədov onun və ailəsinin ləyaqətini alçaldan və cəmiyyət arasındakı nüfuzunu ləkələyən məlumatlar yaymaqla, onun ictimai fəaliyyətini pozmağa cəhd göstərir. İdrak İmanov adlı bloqerdin sosial şəbəkədə paylaşdığı 2 ədəd videodan da R.Ə.Məmmədovun ona qarşı qurduğu planları görmək mümkündür. Buna görə də o, R.Ə.Məmmədovun onun şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzuna xələl gətirən cinayətə yol verdiyinə görə cəzalanmasını istəyir. Buna görə də o, xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsini və həmin şəxsin Azərbaycan Respublikası CMnin 147.1 və 148-ci maddələri ilə məhkəməyə verilməklə, həmin şəxsə müvafiq cəza verilməsini tələb edir. Həmçinin R.Ə.Məmmədovun əməlləri nəticəsində ona mənəvi ziyan dəymiş, o, dərin sarsıntılar keçirmişdir. Buna görə də o hesab edir ki, R.Ə.Məmmədov ona qarşı törətdiyi əmələ görə Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cəzalanmalı və həmin şəxsən onun xeyrinə mənəvi ziyan qismində 50.000 manat məbləğində pul vəsaiti tutulmalıdır. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Məmmədov Rüstəm Ərəstun oğluna məhkəmə iclasında göstərdi ki, o, “Ekologiyanın qorunmasına yardım” ictimai birliyinin Biləsuvar rayon filialının direktorudur. O, M.M.Verdiyev ilə uzun müddət Bakı şəhərində işləmiş və həmin şəxsi ictimai nüfuza malik şəxs kimi tanımış və həmin şəxslə onun arasında yaxın dostluq münasibətləri olmuşdur. O, M.M.Verdiyev barəsində “TikTok” sosial şəbəkəsində və ya hər hansı digər sosial platformalarda hər hansı paylaşım etməmiş və ya şifahi formada hər hansı tənqidi və ya təhqiramiz ifadələr işlətməmişdir. Onun yalnız “Facebook” sosial şəbəkəsində şəxsi hesabı mövcuddur. O, həmin videoları çəksə də, özü hər hansı sosial şəbəkədə paylaşmamışdır. Həmin videolar 07 iyul 2024-cü il tarixdə “TikTok” sosial şəbəkəsində İdrak İmanov adlı şəxsin səhifəsində, onun xəbəri olmadan, paylaşılmışdır. Məhkəmə xüsusi ittiham qaydasında şikayəti və ona əlavə edilmiş sənədləri tədqiq edərək, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsi və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi dinləyərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3-cü maddəsinin müdddəalarına uyğun olmadığına görə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə görə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma həmin maddə ilə nəzərdə tutulan cinayət tərkibini yaradır. Həmin Məcəllənin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma isə həmin maddə ilə nəzərdə tutulan cinayət tərkibini yaradır. Azərbaycan Respublikası CPM-nin 302.1.3-cü maddəsinə görə şikayətin məzmunu həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina etməlidir. Həmin Məcəllənin 293.3.2 və 293.3.3-cü maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) göstərilməlidir. Halbuki M.M.Verdiyev tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətdə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Məmmədov Rüstəm Ərəstun oğlunun sosial şəbəkələrdə xüsusi ittihamçını təhqir etdiyi və sonuncuya böhtan atdığı qeyd edilərək, sübut qismində şikayət materiallarında 1 ədəd “CD” disk əlavə edilsə də, şikayətdə hər bir cinayəti ayrıca şəkildə təsvir edilməmiş, həmçinin həmin cinayətlərin məhz hansı sosial platformada törədilməsi, nə vaxt törədilməsi, həmçinin necə törədilməsi barədə məlumatlar öz əksini tapmamışdır. Beləliklə, X2 məhkəməyə ünvanladığı xüsusi ittiham qaydasında şikayətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin ayrı-ayrılıqda R.Ə.Məmmədov tərəfindən harada, nə vaxt və necə törədildiyini göstərməmişdir. Habelə M.M.Verdiyev R.Ə.Məmmədova istinad etdiyi hər iki cinayət əməlini ayrıca şəkildə təsvir etməmiş, şikayətində yalnız ümumi sözlərlə R.Ə.Məmmədovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətdiyini qeyd etmişdir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 302.1.4-cü maddəsinin tələbinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina etməlidir. X1 məhkəməyə ünvanladığı xüsusi ittiham qaydasında şikayətdə sonuncunun R.Ə.Məmmədova istinad etdiyi cinayət əməlinin törədildiyi vaxt dəqiq şəkildə göstərilmədiyinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçib-keçməməsini müəyyən etmək mümkün deyil. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 293.3.4-cü maddəsinə görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməlidir. Həmin Məcəllənin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Belə ki, X2 məhkəməyə ünvanladığı xüsusi ittiham qaydasında şikayətə əlavə etdiyi 1 ədəd “CD” diskə baxış keçirildiyi zaman məlum olmuşdur ki, həmin diskdə 2 ədəd video vardır. Həmin videolar “TikTok” sosial şəbəkəsində “idret_imanov321” adlı hesabda yerləşdirilmişdir. Hlabuki M.M.Verdiyev tərəfindən məhkəməyə ünvanlanmış xüsusi ittiham qaydasında şikayətdə isə R.Ə.X5 adlı şəxsin sifarişi əsasında onun barəsində sosial şəbəkələrdə təhqir və böhtan xarakterli çıxışlar etdiyi qeyd edilmişdir. Həmçinin həmin “CD” diskdə olan 2 ədəd videodan isə görünür ki, “idret_imanov321” adlı hesabda yerləşdirilmiş həmin videolarda başqa bir şəxs R.Ə.Məmmədovu videogörüntüyə almaqla, çəkiliş etmiş və birinci videoda çəkilişə qoşulmuş, şəxsiyyəti məlum olmayan və videoda görünməyən şəxs M.M.Verdiyev haqqında “Mətləb haqqında kişi sözünü istifadə edirsən, o sözü yığışdır, kişi sözü kişiyə layiqdi”, “Rüşvətxor Mətləb kimi adamlar” məzmununda ifadələr işlətsə də, həmin istifadəçinin şəxsiyyətini müəyyən etmək mümkün deyil. Bununla yanaşı, həmin diskdə olan ikinci videoda “idret_imanov321” adlı “TikTok” sosial şəbəkəsi hesabında M.M.Verdiyev haqqında R.Ə.Məmmədov Cəlilabad rayonundan olan şəxsin ona M.M.Verdiyev barəsində “Düz adam olsa, ailəsinə sahib çıxar”, “Özü türməyə düşüb-çıxmış adamdır” və “Ailəsində oğlu var, iki gündə bir oğurluq edib, tutulur.” məzmununda məlumatlar verdiyini bildirsə də, həmin şəxsin kimliyi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə görə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.1.2-ci maddəsinə görə isə sübutlar hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olubolmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 179.1 və 179.2-ci maddələrinə görə cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 183.3-cü maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə görə iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 150.1.2-ci maddəsinə əsasən. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Belə ki, X2 məhkəməyə ünvanladığı xüsusi ittiham qaydasında şikayətdə R.Ə.Məmmədovdan cinayət nəticəsində vurulmuş zərərin əvəzi qismində 50.000 manat məbləğində pul vəsaiti tələb etsə də, pul tələbi barədə iddia ərizəsini və dövlət rüsumunu ödəməsi barədə qəbzi xüsusi ittiham qaydasında şikayətə əlavə etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsin Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası. Həmçinin həmin Qərarın 11-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edilməlidir. Azərbaycan Respublikası CPM-nin 302.2.3-ci maddəsinə görə məhkəmə, həmin Məcəllənin 302.1.2 - 302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 293, 299, 300, 302, 381, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Məmmədov Rüstəm Ərəstun oğlunun Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin şəxsdən mənəvi ziyanın əvəzi qismində 50.000 manat məbləğində pul vəsaitinin tutularaq, M.M.Verdiyevə ödənilməsi barədə X2 xüsusi ittiham qaydasında verdiyi şikayətin icraata qəbul olunmasından imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin Sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №1(022)-167/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №1(022)-167/2024
22.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver