Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-168/2023 17.10.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X1 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1991-ci il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Biləsuvar Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 1(022)- 155/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmamış və cəzadan azad edilməmiş, Biləsuvar şəhəri, H.Aslanov küçəsində yerləşən 14 nömrəli evin 15 nömrəli mənzilində qeydiyyatda olan, Biləsuvar şəhəri, H.Əliyev prospekti, 15 saylı evin 14 saylı mənzilində yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq -0,254 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 14 iyun 2023-cü il tarixdə, saat 17:35-də Biləsuvar şəhəri, Nizami küçəsində yerləşən Ramin adlı şəxsə məxsus ərzaq mağazasının yanında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq, Biləsuvar rayon polis şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə heroin bir ədəd gümüşü rəngli siqaret kağızı bükümündə olmaqla əynindəki şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, əvvəllər narkotik vasitələr istehlak etsə də, 4 aydır ki, Bakı şəhərində reabilitasiya mərkəzində narkomaniya qarşı müalicə alır və artıq sağalmışdır. 14 iyun 2023-cü il tarixdə o, Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq, həmin polis şöbəsinə gətirildikdən sonra Orada polis əməkdaşları tərəfindən ona tətbiq edilmiş təzyiqlərdən sonra ona təqdim olunmuş narkotik vasitənin özünə məxsus olması barədə, videoçəkilişlə keçirilmiş baxış zamanı, etirafedici ifadə vermişdir. Həmin vaxt polis şöbəsinə vəkil dəvət olunsa da, o, müdafiəçiyə təzyiqlər barədə heç nə söyləməmiş və vəkildən heç bir kömək istəməmişdir. Polis şöbəsinin müvəqqəti saxlama yerində 48 saat saxlandıqdan sonra o, azad edilsə də, ibtidai istintaq müddətində, polis tərəfindən ona tətbiq edilmiş qanunsuzluqlar barədə hər hansı yuxarı dövlət orqanına, prokurorluğa və ya məhkəməyə şikayətlər etməmişdir. Sonda Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, əvvəllər tanımadığı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Biləsuvar rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında 14 iyun 2023-cü il tarixdə əməliyyataxtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq, həmin gün saat 17:30-da əməliyyat tədbiri keçirilməyə başlanılmış və Təqsirləndirilən şəxs Biləsuvar şəhəri, M.İbrahimov küçəsində piyada hərəkətdə olduğu zaman əməliyyat müşahidəsinə götürülmüşdür. Bundan, təxminən, 5 dəqiqə sonra həmin şəxs Biləsuvar şəhəri, Nizami küçəsində yerləşən Ramin adlı şəxsə məxsus ərzaq mağazasının yanında olduğu zaman polis əməkdaşları tərəfindən saxlatdırılmış və Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən Biləsuvar rayon polis şöbəsinə gətirilmişdir. Biləsuvar rayon polis şöbəsinin inzibati binasında, vəkilin iştirakı ilə, videoçəkilişlə, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl hüquq və vəzifələri ona izah edilmiş, üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların, eləcə də narkotik vasitələrin və ya psixotrop maddələrin olub-olmaması soruşulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızı bükümünü çıxarıb təqdim etmiş və içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin bükülünün içərisinə baxılarkən, orada, həqiqətən də, rəngindən və digər əlamətlərindən narkotik vasitə heroinə bənzər maddə olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş və üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış başqa əşya aşkar edilməmişdir. Şübhəli şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və həmin protokol o və digər baxış iştirakçıları tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə heroinə bənzər maddə zərfə qoyularaq qablaşdırılmış, Daxili İşlər Nazirliyinin zərflər üçün 61 nömrəli möhürü ilə möhürlənmişdir. Sonda baxış keçirilməsinə dair protokol tərtib olunaraq iştirakçılara oxunmuş, protokol baxış iştirakçıları tərəfindən imzalanmışdır. İş üzrə şahid kimi dindirilmiş Biləsuvar rayon polis şöbəsinin əməkdaşları Şahid1 və Şahid3 məhkəmədə Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadələr verərək, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq -0,254 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlayaraq daşıdığını, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 14 iyun 2023-cü il tarixdə, saat 17:35-də Biləsuvar şəhəri, Nizami küçəsində yerləşən Ramin adlı şəxsə məxsus ərzaq mağazasının yanında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq, Biləsuvar rayon polis şöbəsinə gətirildiyini və üzərində şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə heroin bir ədəd gümüşü rəngli siqaret kağızı bükümündə olmaqla əynindəki şalvarın sol yan cibindən aşkar edilərək götürüldüyünü təsdiq etdilər. İş materiallarında olan şəxsi axtarış və maddi sübutun götürülməsi barədə 14 iyun 2023-cü il tarixli protokoldan, habelə həmin protokola əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyalar, eləcə də narkotik vasitə və ya psixotrop maddə vardırsa, könüllü təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızı bükümünü çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükümün içərisindəki narkotik vasitə heroindir, onun özünə məxsusdur və o, həmin narkotik vasitə heroini 14 iyun 2023-cü il tarixdə, saat 15 radələrində Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Saat dairəsi” adlı yerin yaxınlığında olduğu zaman yerdən tapmış, və sonradan istehlak etmək məqsədi ilə üzərində saxlamışdır. Bundan sonra həmin bükülüyə onun iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində narkotik vasitə heroinə bənzər maddə olması aşkar olunmuşdur. Həmin bükülü elektron tərəzidə çəkilmiş və qablaşdırması ilə birlikdə bükümün çəkisinin 0,55 qram olması məlum olmuşdur. Həmin narkotik vasitə heroinə bənzər maddə olan büküm zərfə qoyulub qablaşdırılaraq 61 nömrəli möhürü ilə möhürlənmişdir. İşdə olan məhkəmə-fiziki-kimyəvi ekspertizasının 15 iyun 2023-cü il tarixli, 19/656 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «...Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd bükülü...» sözlər və imzalar olan bir ədəd zərfin içərisindəki, 01 ədəd bükümdə təmiz çəkisi -0,254 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi -0,254 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, qalıq 0,204 qram qalmışdır. İş materiallarında olan ambulator narkoloji tibbi yoxlamanın 18 avqust 2023-cü il tarixli, 812 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Təqsirləndirilən şəxs hal-hazırda abstiensiya, intoksiasiya əlamətlərinin olmamasını nəzərər alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyyacı yoxdur. Ərazi narkoloji kabinetində qeydiyyatadır. Cinayət işi materiallarına əlavə edilmiş “12 addım Reabilitasiya Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətinin 21 iyun 2023-cü il tarixli, 12 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs 21 iyun 2023-cü il tarixdən “12 addım Reabilitasiya Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətində narkolmaniya xəstəliyinə qarşı müalicə alır. İşdə olan Biləsuvar Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 1(022)- 155/2021 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 27 iyun 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə təqsirli bilinərək, Biləsuvar Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli hökmü ilə 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və o, cəzasını çəkib qurtarmamışdır. İş materiallarında olan Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin 17 oktyabr 2023-cü il tarixli, xx-xx/2023 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Biləsuvar Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 1(022)-155/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü il tarixə ona təyin olunmuş cəzanın 1 il 9 ay 04 gün hissəsini çəkmiş, sonuncunun çəkilməmiş cəzası 1 il 2 ay 22 gün təşkil edir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, K.K.Əzizovun Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən fiziki və ya psixi zora məruz qalması və K.K.Əzizovun üzərinə baxış keçirilməsindən əvvəl həmin şəxsə qarşı qanunsuzluğa yol verilməsi barədə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ilkin ifadəsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunduğuna görə özünümüdafiə və cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş hesab olunmalıdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının» İ siyahısının 5-ci bəndinə görə heroinin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qramdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunan şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onu da nəzərə alır ki, Təqsirləndirilən şəxs əvvəllər nakotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunaraq, həmin cəzanı tam çəkdikdən sonra islah olunmayaraq, yenidən eyni növ cinayət törətmişdir. Təqsirləndirilən şəxs nakotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar ikinci dəfə cinayət törətdikdən sonra iş üzrə müəyyən edilmiş yüngülləşdirici hallar əsas götürülərək, həmin şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsə də, təqsirləndirilən şəxs üçüncü dəfə qanunsuz olaraq narkotik vasitə əldə edərək, üzərində daşımışdır. İş üzrə Təqsirləndirilən şəxsa təyin edilən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, nakotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətməyə görə azadlığın məhdudlaşdırılması növündə cəza çəkdiyi dövrdə yenidən eyni növ cinayət törətmiş Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinin tələbinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinin tələbinə görə cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilən cəzaya Biləsuvar Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 1(022)-155/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 il 2 ay 22 gün hissəsini 1 günə 2 gün hesabı ilə qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti cəza müəyyən edilməlidir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 14 iyun 2023-cü il tarixdə saat 17:35-də şübhəli şəxs kimi tutma tətbiq olunmuş və Təqsirləndirilən şəxs 16 iyun 2023-cü il tarixdə saat 16:00-da Biləsuvar rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı faktiki tutulduğu 2 gün müddət təyin edilən azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, tədqiqatdan sonra xalis çəkisi 0,204 qram olan narkoyik vasitə - heroin məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Biləsuvar Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 1(022)- 155/2021 saylı saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 2 (iki) ay 22 (iyirmi iki) gün hissəsi hazırki hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzasına 2 günə 1 gün hesabı ilə qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 1 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 17 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. İş üzrə ekspertiza xərci qismində 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 0,204 qram olan narkotik vasitə - heroin məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №1(022)-168/2023
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-168/2023
17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver