Məhkəmə qərarları › İş №1(022)-17/2025

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-17/2025

21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-17/2025 21.05.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1989-cu ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən CM-nin 221.1 və 69.3-cü maddələri ilə 02 ay azadlığın məhdudlaşdırılması cəzasınaməhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasını çəkib qurtardığından qeydiyyatdan çıxarılmış. məhkumluğu ödənilməmiş, işsiz, Mingəçevir şəhəri, X9 küçəsi, bina 11, mənzil 61 ünvanında qeydiyyatda olan və yaşayan, Biləsuvar rayon məhkməsinin xx.xx.2025-ci il tarixli 1(022)-17/2025 saylı qərarı ilə barəsində həbs qətimkan tədbirinə seçilmiş, xx.xx.2025-ci il taridən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini keçmək üçün müəyyən edilmiş sənədi, yəni pasportu olmadığına görə Azərbaycan Respublikasına qanuni yolla gələ bilmədiyindən, Azərbaycan Respublikasına qayıtmaq məqsədi ilə İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkət edən, dövlət qeydiyyat nişanı və kimə məxsus olması istintaqa məlum olmayan yük nəqliyyat vasitəsinin altında gizlənərək 27 sentyabr 2024-cü il tarixdə, saat 03 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən kənarda Biləsuvar rayonu ərazisindən qəsdən, qanunsuz olaraq keçmiş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Biləsuvar rayonu ərazisində yerləşən “Biləsuvar” sərhəd nəzarəti şöbəsinin əməkdaşları tərəfindən həmin gün saat 03:45-də saxlanılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona istinad edilən əməli törətməkdə özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2023-cü ildə özünə məxsus AA1160637 nömrəli şəxsiyyət vəsiqəsi ilə X4 Hava Limanından dövlət sərhədini rəsmi qaydada keçib Bakı- İstanbul aviareysi ilə Türkiyə Respublikasının İstanbul şəhərinə getmişdir. Təxminən 3 gün İstanbul şəhərində qaldıqdan sonra, Bodrum şəhərində yaşayan bibisi oğlu X3 yanına getmiş, təxminən 4 gün Bodrum şəhərində qaldıqdan sonra, bibisi oğlu X1, Suriya, Pakistan vətəndaşlarını pul müqabilində qanunsuz olaraq Bodrum şəhərindən Yunanıstana keçirtdiyinə görə onlar Bodrum şəhərində polislər tərəfindən saxlanılmışdir. Polislər tərəfindən saxlanılan zaman üzərində olan şəxsiyyət vəsiqəsini və digər sənədlərini itirmişdir. Bu hadisəyə görə o, 7 ay həbs cəzası almış, 13 sentyabr 2024-cü ildə həbsdən buraxılmış və Naxçıvan MR-na getmək məqsədi ilə Türkiyə Respublikasının İğdır şəhərinə getmişdir. Lakin, sənədləri olmadığı üçün dövlət sərhədindən buraxılmayacağını öyrəndikdən sonra 23 sentyabr 2024-cü ildə Qars şəhərində yerləşən Azərbaycan Respublikasının Konsulluğuna müraciət etmiş, orada ona Azərbaycan Respublikasına məxsus sənədlərinin olmadığı üçün köməklik olunmayacağı bildirilmişdir. Bundan sonra, Azərbaycan Respublikasına qanunsuz gəlmək qərarına gəlmiş və bu məqsədlə 24 sentyabr 2024-cü ildə Doğu Bəyazid şəhərinə qayıdarkən yolda avtobusda Azərbaycan dilində danışan tanımadığı şəxslə tanış olmuş, ondan haralı olduğunu soruşduqda ona Cənubi Azərbaycandan olduğunu bildirmişdir. O, ona Azərbaycan Respublikasına getmək istədiyini bildirmişdir. O, sürücü olduğunu, Türkiyə Respublikasına mal gətirdiyini, onu İran İslam Respublikasına keçirə biləcəyini bildirmişdir. 24 sentyabr 2024-cü ildə həmin şəxsin idarə etdiyi yük nəqliyyat vasitəsində İran İslam Respublikasının Təbriz şəhərinə getmiş, bir gün Təbriz şəhərində qaldıqdan sonra 25 sentyabr 2024-cü ildə İran İslam Respublikasının Biləsuvar şəhərinə Azərbaycan Respublikasının dövlət sərhədinə getmişdir. Orada olarkən gecə saat 03 radələrində İran İslam Respublikasının dövlət sərhədini keçmək üçün növbəyə dayanmış yük nəqliyyat vasitəsinin arxasından altına keçmiş və avtomobilin təkərlərini birləşdirən yayın (difer) üzərinə orturaraq dövlət sərhədini keçib Azərbaycan Respublikasının ərazisinə keçmişdir. Yük nəqliyyat vasitəsi Azərbaycan Respublikasının dövlət sərhədində gömrük nəzarətindən keçməsi üçün növbəyə dayanan zaman o, gizləndiyi yerdən çıxmış, bir az kənarda sərhədçi görüb ona yaxınlaşmaq üçün yanına getmişdir. Sərhədçiyə yaxınlaşan zaman ondan sənədlərini istədikdə ona sənədlərinin olmadığını, dövlət sərhədini qaçaq keçdiyini bildirmişdir. Sərhədçi aidiyyəti üzrə məruzə etdikdən sonra xx.xx.2024-cü ildə saat 03:45 radələrində sərhəd naryadı tərəfindən saxlanılmışdır. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu bildirib, barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq olunur. Məhkəmədə şahid qismində dindirilmiş “Biləsuvar” sərhəd nəzarəti şöbəsinin baş zabiti, kapitan Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 20:00-dan xx.xx.2024-cü il tarixdə saat 08:00-a kimi «Biləsuvar» sərhəd nəzarəti şöbəsində «Növbə rəisi» sərhəd naryadı xidmətinə təyin olunmuşdur. Xidmətdə olduğu zaman xx.xx.2024-cü ildə saat 03:45 radələrində «şlaqbaum gözətçisi» sərhəd naryadı xidmətinə təyin olunmuş gizir Şahid2 ona xidməti ərazini müşahidə edərkən bir nəfər şəxsin ərazidə gəzdiyini aşkar etdiyini, sənədlərini təqdim etməsini tələb etdikdə isə sənədlərini itirdiyini, həmin şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikasına yük nəqliyyat vasitəsinin altında qanunsuz yolla gəldiyini deməsi ilə bağlı məruzə etmişdir. O, dərhal gizir Şahid2 xidmət apardığı yerə gələrək vətəndaşla sorğu-sual aparmış, vətəndaş ona xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs olduğunu, sənədləri olmadığı üçün İran İslam Respublikasından Azərbaycan Respublikasına yük nəqliyyat vasitəsinin altında qanunsuz yolla gəldiyini bildirmişdir. Bu barədə aidiyyəti üzrə məruzə etdikdən sonra xx.xx.2024-cü il tarixdə vətəndaş Təqsirləndirilən şəxs saxlanılmışdır. İş üzrə şahid qismində dindirilmiş “Biləsuvar” sərhəd nəzarəti şöbəsinin mühafizəçisi, gizir Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. İş materiallarında olan Sərhəd Nəzarətinin rəisi, general-leytenant Elşən Verdiyevin 27 sentyabr 2024-cü il tarixli, 3-38/2-16/1652/24 nömrəli məlumatında və “Biləsuvar” sərhəd nəzarəti şöbəsinin rəisi, mayor Kamil Mirzəyevin 27 sentyabr 2024-cü il tarixli raportunda göstərilmişdir ki, 27 sentyabr 2024-cü il tarixdə 03:45 radələrində «Biləsuvar» sərhəd nəzarəti şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində «şlaqbaum gözətçisi» sərhəd naryadı xidmətində olan gizir Şahid2 xidməti ərazini müşahidə edərkən bir nəfər naməlum şəxsin rejim ərazisində gəzdiyini aşkar edərək saxlamışdır. Aparılan söhbət zamanı saxlanılan şəxs xx xxxxxx 1989-cu ildə Mingəçevir şəhərində anadan olmuş, azərbaycanlı, subay, natamam ali təhsilli, ünvan 3 ünvanında pasport qeydiyyatında olan və həmin ünvanda yaşayan Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs olduğunu, sənədləri olmadığı üçün İran islam Respublikasından Azərbaycan Respublikasına yük nəqliyyat vasitəsinin altında gizlənərək gəldiyini bildirmişdir. İş materiallarında olan İAMAS-dan daxil olmuş sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi üzrə 2003-2024-cü illər ərzində dövlət sərhədindən 25 halda hərəkəti qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Məmmədzadə X2 Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hömkü ilə Cinayət Məcəlləsinin 221.1 və 69.3ci maddələrinə əsasən 02 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzanı çəkib qurtardığına görə qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş, həmçinin əməliyyat-sorğu kartotekasına əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Türkiyə Respublikasında “Türkiyə Respublikası və ya xarici vətəndaşlarının ölkədən qanunsuz çıxarılması” ilə bağlı həbs olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mingəçevir şəhər İcra və Probasiya şöbəsindən daxil olmuş məktubdan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-96/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 və 69.3-cü maddəsi ilə təqsirli bilinərək 2 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cəza müddəti xx.xx.2023-cü il tarixdə bitmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsindən daxil olan məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019xx.xx.2019, xx.xx.2022-xx.xx.2022, xx.xx.2022-xx.xx.2022, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə “Opioid qəbulu nəticəsində aslılıq sindromu” diaqnozu ilə könüllü surətdə stansionar müalicədə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İNTERPOL-un Milli Mərkəzi Bürosundan daxil olan məktubdan görünür ki, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs beynəlxalq axtarışda olması barədə məlumat yoxdur. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 318.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə onun cəzasını yüngülləşdirən hal hesab edir. Azərbaycan Respublikası CM-nin 18.4 və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan mərum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İş materiallarından görünür ki, Biləsuvar rayon məhkməsinin xx.xx.2025-ci il tarixli 1(022)-17/2025 saylı qərarı ilə CM-in 318.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun haqqında seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək cinayət işinin icraatı dayandırılmışdır. İş materiallarında olan axtarışda olan şəxsin tutulması barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış və profilaktik tədbirləri nəticəsində xx.xx.2025-ci il tarixdə Biləsuvar RPŞ-nə gələrək özünü təqdim etmişdir. Buna görə də məhkəmə cinayət işinin hallarini, təqsirləndirilən şəxsin şəxsiyyətini, əməlin ictimai təhlükəliliyini və cinayətin törədilmə üsulunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə daha yüngül cəzanın təyin edilməsi ilə cəzanın məqsədlərini təmin etmək mümkün deyildir və buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən olunsun. Cəzaçəkmə müddətinin əvvəli 16 may 2025-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nüsrət Mizəyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar