Məhkəmə qərarları › İş №1(022)-176/2023

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-176/2023

25.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-176/2023 25.10.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullayev Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1999-cu ildə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, İsmayıllı rayonu, Basqal qəsəbəsində qeydiyyatda olmaqla, Abşeron rayonu Xırdalan şəhəri, 20 yanvar küçəsi, dalan 1, ev 1-də yaşayan, barəsində 15 iyul 2023-cü il tarixli qərarla polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda -1,058 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, üzərində daşıyarkən, 13 iyul 2023-cü il tarixdə saat 23:10 dəqiqədə Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Azpetrol” YDM-nin qarşısında şübhəli şəxs kimi saxlanılaraq Biləsuvar RPŞ-nə gətirilmiş və şöbənin inzibati binasında üzərində şəxsi axtarış keçirilərkən həmin psixotrop maddə metamfetamin bir ədəd sellofan kəsiyi bükümündə əynindəki şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə və psixotrop maddə qəbul edir. Buna görə heç vaxt məhkum olmamışdır. Rəsmi olaraq heç bir yerdə işləmir. Ailəsini dolandırmaq üçün yaşadığı ərazidə avtomobil yumaqla məşğul olur. 11 iyul 2023-cü il tarixdə axşam saatlarında işdən çıxıb evə gedən zaman hündür mərtəbəli binanın qarşısından keçəndə yerdən bir ədəd sellofan kəsiyinə bükülmüş bükülü tapmışdır. O, həmin bükülünü açıb içinə baxanda içərisində metamfetamin olduğunu görmüş və özü istifadə etmək üçün əynindəki şalvarın sol yan cibinə qoymuşdur. 13 iyul 2023-cü il tarixdə avtomobil satışı saytına baxanda Biləsuvar rayon sakininin satışa qoyduğu avtomobil xoşuna gəlmiş və qiyməti də sərfəli olduğu üçün onda maraq yaratmışdır. Ona görə də avtomobilə baxmaq qərarına gəlmişdir. Həmin gün tanışı Qafurla görüşən zaman ona demişdir ki, “avtomobil satışı saytında avtomobil görmüşəm. Həmin avtomobilə baxmaq üçün mənimlə Biləsuvara gedək”. O da etiraz etməyib razılaşmışdır. Sonrada onlar tanımadığı taksi ilə saat 22 radələrində Biləsuvar rayonuna gəlmişlər. Azpetrol dairəsi adlanan yerdə taksidən düşmüşlər və piyada rayon mərkəzinə doğru hərəkət edən zaman Azpetrol YDM-nin yaxınlığında bir neçə nəfər şəxs onlara yaxınlaşıb özlərini tədim edərək polis əməkdaşı olduqlarını bildirmişdirlər. Sonrada narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını deyib Biləsuvar RPŞ-nə dəvət etmişlər. O da etiraz etmədən onlarla polis şöbəsinə gəlmişdir. Polis Şöbəsində xidməti otaqların birində hüquqları ona izah olunmuşdur. Sonra da ona öz istəyi ilə hüquqlarını müdafiə etmək ücün Müdafiəçi vəkil kimi dəvət olunmuşdur. Bundan sonra videoçəkiliş aparılmaqla polis əməkdaşı ona təklif etmişdir ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya varsa hamısını çıxarıb stolun üstünə qoysun. O da əynindəki şalvarın sol yan cibinə qoyduğu içərisində psixotrop maddə metamfetamin olan bükülünü çıxarıb təqdim etmişdir və bundan başqa üzərində qanunla qadağan olunmuş heç bir şeyin olmadığını bildirmişdir. Sorğu zamanı bildirmişdir ki, “həmin bir ədəd bükülünün içində metamfetamin vardır, ona məxsusdur və onu iki gün əvvəl Xırdalan şəhərində yerdən tapmışdır”. Bundan sonra üzərində şəxsi axatrış keçirilsə də, qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Onun təqdim etdiyi bir ədəd sellofan kəsiyinə bükülmüş bükülü açılıb baxıldıqda içərisində metamfetaminə oxşar maddə olması müəyyən olunmuş, elektron tərəzidə çəkildikdən sonra bükülü ilə birlikdə zərfə qoymuşlar və zərfi möhürləmişlər. Zərfin üzərinə bütün iştirakçılar, o cümlədən o da imza etmişdir. Onun üzərində keçirilən şəxsi axtarış barədə protokol tərtib olunmuş, protokolu hamı, o cümlədən o da imza etmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, içərisində psixotrop maddə metamfetamin olan bükülünü 11 iyul 2023-cü il tarixdə Xırdalan şəhərində hündürmərtəbəli binanın qarşısında yerdən tapmış, özü istifadə etmək üçün üzərində saxlamışdır. O, içərisində psixotrop maddə metamfetamin olan bükülünü tapanda yanında heç kim olmamış, bu barədə heç kimə heç bir söz deməmiş və tanışı Qafurun onda olan metamfetamindən heç bir məlumatı olmamışdır. Qafurun telefonu adi telefon olduğu üçün yol boyu onun telefonu ilə internetə girib sayıtlara baxırmış, ona görədə saxlanılan zaman onun telefonu Qafurda olmuşdur. İçərisində psixotrop maddə olan bükülü ona məxsusdur, heç kimə satmamış və bu barədə düşünməmişdir. Özü istifadə etmək üçün üzərində saxlamışdır. Hazırda səhvini başa düşür, əməlindən səmimi peşmandır. Barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisi və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Biləsuvar RPŞ-nin CAB-nın əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onlarla heç bir münasibəti olmamışdır. Onun narkotik vasitələrin qanunsuz əldə etməsi, saxlaması və daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 13 iyul 2023-cü il tarixdə tərəfindən onun cinayət əməllərinin ifşa edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən o, Biləsuvar RPŞ-nin NMQ-nın baş əməliyyat müvəkkili X7 və əməliyyat müvəkil Şahid2 tərkibdə əməliyyat qrupu yaradılaraq bu barədə protokol tərtib edilmişdir. Həmin qərara uyğun olaraq xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində əməliyyat tədbiri keçirilməyə başlanılmışdır. Əməliyyat tədbirinə uyğun olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhə doğuran Mövlamlı X6 şəhəri Qızqayıt Həsənov küçəsində sonradan şəxsiyyəti onlara məlum olan X8 ilə piyada hərəkətdə olan zaman əməliyyat müşahidəsinə götürülmüş, təxminən 10 dəqiqə sonra Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Azpetrol” YDM-nin yanında ona yaxınlaşıb özlərini təqdim edərək gəlişlərinin səbəbini izah etmişlər. Həmin yerin şəraiti şəxsi axtarış keçirilməsi üçün münasib olmadığından Təqsirləndirilən şəxs və X4 RPŞ-nə dəvət etmişlər. Bundan sonra onun raportu əsasında toplanmış materialın icrası RPŞ-nin TB-nin təhqiqatçı, polis baş leytenantı Mahsun Kərimova həvalə edilmişdir. Həmin andan Təqsirləndirilən şəxs və X5 müvafiq qaydada hüquq və vəzifələri izah edilmiş, o cümlədən, onlara vəkil dəvət etmək hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs vəkil siyahısı ilə tanış olduqdan sonra hüquqlarının vəkil Müdafiəçi tərəfindən müdafiə olunmasını bildirmişdir. Bundan sonra Müdafiəçi qismində dəvət edilmişdir. Müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Həmçinin ona şəxsi axtarış keçirilməzdən əvvəl üzərində narkotik vasitə olması şübhəsi olduğundan qanunvericiliyin tələblərinə uyğun olaraq videoçəkiliş ilə onun üzərində şəxsi axtarış keçirilməsi izah edilmişdir. Daha sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik maddə və yaxud qanunla qadağan edilmiş digər əşya varsa, təqdim etsin. Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki şalvarın sol yan cibindən bir ədəd sellofan kəsiyinə bükülmüş bükülü çıxarıb təqdim etmişdir. Həmin bükülü açılıb baxıldıqda içərisindən psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən olunmuşdur. Sorğu zamanı bildirmişdir ki, “həmin bükülü ona məxsusdur, yaşadığı Xırdalan şəhərində yerdən tapmışdır”. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan kəsiyinə bükülmüş bükülü elektron tərəzidə çəkildikdən sonra bir ədəd zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Zərfin üzərinə bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs imza etmişdir. Şəxsi axtarış keçirilməsinə dair protokol tərtib olunaraq iştirakçılara oxunmuş, protokol bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilən Şahid2 Şahid1 ilə eyni məzmunda ifadə verdi. İşdə olan şəxsi axtarış və götürmə barədə 13 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki şalvarın sol yan cibindən bir ədəd sellofan kəsiyinə bükülmüş bükülü çıxarıb təqdim etmişdir. Həmin bükülü açılıb baxıldıqda içərisində psixotrop maddə metafetaminə bənzər maddə olması müəyyən olunmuşdur. Sorğu zamanı bildirmişdir ki, həmin bir ədəd bükülünün içində metamfetamin vardır, ona məxsusdur və onu iki gün əvvəl Xırdalan şəhərində yerdən tapmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülü elektron tərəzidə çəkildikdə bükülü ilə birlikdə 1,08 qram olması müəyyən edilmiş, sonrada ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmışdır. Şəxsi axtarış zamanı “Samsung” markalı videokamera ilə çəkilmiş videogörüntüyə baxış keçirilmiş və istintaq materialına əlavə edilmişdir. İş üzrə təyin edilərək keçirilmiş məhkəmə-kimyəvi ekspertizası ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X1 Bölməsinin 14 iyul 2023-cü il tarixli 19/728 nömrəli rəyində göstərilmişdir ki; Tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin qablaşdırıldığı zərf....” sözlər və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi -1,058 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Məhkəmə Ekspertiza X1 Bölməsinin 14 iyul 2023-cü il tarixli 19/728 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin qablaşdırıldığı zərf....” sözlər və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi -1,058 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi 1,058 qram, tədqiqata sərf edildi 0,05, qalıq 1,008 qram. Psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı 1,008 qram qalığı cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. İşdə olan Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 799 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Stimulyatorların qəbulundan yaranan Asılılıq Sindromu (Polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş üzrə təyin edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 2216 nömrəli rəyində göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs halhazırda X3 Aşkar Olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. - yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri aşkar olunur. - yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicəyə ehtiyac yoxdur. - yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir. - yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh olunan cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nın İİ siyahısının 67-ci bəndinə görə metamfetamin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2,0 qramdır Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı yüngülləşdirən hallar əməlindən səmimi peşman olması, müsbət xarakterizə olunmasıdır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. İş materiallarında olan 13 iyul 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 iyul 2023-cü il tarixdə saat 23:45-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 15 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 15 iyul 2023-cü il saat 16:00-da polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, azad edilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs faktiki tutulduğu müddət təyin ediləcək azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzasınını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün müddət CM-in 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə nəzərə alınmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Habelə məhkəmə hesab edir ki, CPM-in 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 65 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa, ambulator məcburi narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli 799 saylı rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, CPM-in 132-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan tədqiqatdan sonra qalan 1,008 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 iyul 2023-cü il tarixindən 15 iyul 2023-cü il tarixinədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində saxlanılma müddəti, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına 1 (bir) günə 1 (bir) gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 25 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 65 (altımış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 1,008 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar