Məhkəmə qərarları › İş №1(022)-182/2023

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-182/2023

17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-182/2023 17.10.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi X3 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun vəkili, Biləsuvar rayon vəkil bürosunun müdiri X1, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1986-cı il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Nəsimi kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 18 sentyabr 2023-cü il tarixdə, saat 06 radələrində Biləsuvar rayonu, Nəsimi kəndi ərazisində yerləşən yaşadıqları evdə arvadı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində, yəni sonuncunun ona xəyanət etməyini əsas gətirərək, aralarında baş vermiş mübahisə zamanı yumruq və sillə zərbələri ilə bir neçə dəfə sifət, baş və bədən nahiyələrindən vuraraq, Zərərçəkmiş şəxs sağ ənsəboyun nahiyəsində hematoma, sağ körpücük və hər iki bazu nahiyəsinin sıyrığı ilə nəticələnmiş xəsarətlər yetirmiş və zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, ailə üzvləri ilə birgə Biləsuvar rayonu, Nəsimi kəndində yerləşən fərdi yaşayış evində yaşayır və heç bir yerdə rəsmi olaraq işləmir. Zərərçəkmiş şəxs onun arvadıdır və onlar artıq 15 ildir ki, evlidirlər. Onların birgə nikahından 2 övladı doğulmuşdur. Birgə nikahlarının ilk zamanlarında onlar arasındakı münasibətlər mehriban olsa da, zamanla həmin vəziyyət dəyişmiş və onunla Zərərçəkmiş şəxs arasında qısqanclıq zəminində tez-tez mübahisələr baş verməyə başlamışdır. Onlar arasında baş verən mübahisələrin səbəbi isə Zərərçəkmiş şəxs Samid adlı şəxs ilə münasibətinin olmasıdır. Belə ki, Zərərçəkmiş şəxs ona həmin şəxslə xəyanət etmiş və sonuncular arasında yaranan şəxsi münasibətlər hələ də davam edir. Lakin o, övladları naminə Zərərçəkmiş şəxs ilə ayrılmamış və ailəsini dağıtmaq istəməmişdir. Sonuncu dəfə iki ay əvvəl Samid adlı həmin şəxs gecə vaxtı onun həyətinə ondan xəbərsiz surətdə daxil olmuşdur. Bundan sonra onunla və arvadı Zərərçəkmiş şəxs arasında olan ər-arvad münasibətləri daha da korlanmış və aqressiya artmışıdır, habelə o, sonuncudan ayrılmaq qərarına gəlmişdir. Sonuncu dəfə 18 sentyabr 2023-cü il tarixdə, saat 06 radələrində Zərərçəkmiş şəxs ilə onun arasında sonuncunun ona dəfələrlə xəyanət etməsinə görə mübahisə baş vermişdir. Mübahisə zamanı o, əsəblərinə hakim ola bilməyərək, Zərərçəkmiş şəxs əli ilə vurmuşdur. O, sonradan Zərərçəkmiş şəxs onun barəsində Biləsuvar rayon polis şöbəsinə şikayət etdiyini öyrənmişdir. Sonda, Təqsirləndirilən şəxs əməlindən peşmançılıq hissi keçirdiyini və zərərçəkmiş şəxslə barışaraq ailə münasibətlərini bərpa etməyə cəhd etdiyini, lakin zərərçəkmiş şəxsin onunla barışmadığını bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, onun vəkilini, barəsində ittiham irəli sürülmüş şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs onun əridir, onlar 15 ildir ki, evlidirlər və onların birgə nikahından 2 uşaqları var. Onunla Təqsirləndirilən şəxs arasında münasibətlər ilk vaxtlar normal olsa da, sonradan hər ikisi arasında əsassız yerə mübahisələr baş vermişdir. Belə ki, əri Təqsirləndirilən şəxs onun haqqında əsassız iddialar irəli sürmüş və onu güya başqa çəxs ilə münasibətinin olmasında günahlandırmışdır. Lakin onun heç kəslə münasibəti olmamışdır. Təqsirləndirilən şəxs onu yola verməmiş və ona qarşı fiziki şiddət göstərmişdir. Sonuncu dəfə 18 sentyabr 2023-cü il tarixdə, saat 06 radələrində Təqsirləndirilən şəxs yenə onunla səbəbsiz yerə mübahisə etməyə başlamış və onu evlərində yerləşən pilləkəndən əli ilə itələyərək, yerə yıxmışdır. O isə düşdüyü yerdən qalxaraq dərhal həyətə çıxmış və darvazaya doğru qaçmışdır. O, darvazanı açaraq, yaxınlıqda yerləşən valideynlərinin evinə getmk istəsə də, Təqsirləndirilən şəxs ona imkan verməmiş və onu boğaz nahiyəsindən əli ilə tutaraq, içəri salmışdır. Bundan sonra Təqsirləndirilən şəxs onun sifətinə, baş və bədən nahiyələrinə yumruq və sillə ilə zərbələr endirmişdir. Onunla əri Təqsirləndirilən şəxs arasında baş vermiş həmin dava-dalaş təxminən 10-15 dəqiqə baş vermiş və onun hadisəni kiminsə görüb-görməməsindən xəbəri yoxdur. Daha sonra o, evi tərk edərək, valideynlərinin yanına getmiş, həmçinin Biləsuvar rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs onu döyməsi barədə şikayət etmişdir. Bundan başqa, o bildirdi ki, Təqsirləndirilən şəxs mübahisə vaxtı ondan ayrılmaq istədiyini və daha onunla yaşaya bilmədiyini söylədiyinə görə əri ilə barışmadığını və həmin şəxsi etdiyi əməlinə görə bağışlamadığını, Təqsirləndirilən şəxs yalnız sonuncunun onun barəsində söylədiyi nalayiq ifadələrə görə yaşadıqları kənddə hamının yanında üzr istəyəcəyi təqdirdə həmin şəxsi bağışlayacağını bildirdi. Sonda, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq cəza təyin edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun qızıdır və sonuncu 15 ildir ki, həmkəndlisi Təqsirləndirilən şəxs ilə evlidir. Qızı ilə kürəkənin evi onun evinə yaxındır və onlar qonşudurlar. Təqsirləndirilən şəxs evli olduqları ilk vaxtlardan bəri qızı Zərərçəkmiş şəxs yola verməmiş və sonuncuya böhtan ataraq, ona fizki və psixoloji şiddət göstərmişdir. Sonuncu dəfə 18 sentyabr 2023-cü il tarixdə, səhər saatlarında qızı Zərərçəkmiş şəxs həyət darvazasını açaraq, onların həyətinə daxil olmuşdur. O və arvadı Şahid2 Zərərçəkmiş şəxs halından Təqsirləndirilən şəxs sonuncunu təkrarən döydüyünü dərhal anlamış və Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərmişlər. Bundan başqa, o bildirdi ki, Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs həmin hadisədən əvvəl də döymüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək, Zərərçəkmiş şəxs 18 sentyabr 2023-cü il tarixdə əri Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü təsdiq etdi. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun oğludur və zərərçəkmiş Zərərçəkmiş şəxs isə onun gəlinidir. Tərəflər 15 ildir ki, evlidirlər və onların həmin nikahdan 2 övladı doğulmuşdur. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ilk əvvəllər mehriban ər-arvad münasibətlərində yaşasalar da, zamanla tərəflər arasındakı münasibət kəskinləşmişdir. Belə ki, Zərərçəkmiş şəxs Samid adlı şəxslə münasibəti olduğuna görə tərəflər arasında tez-tez qısqanclıq zəminində dava-dalaş baş vermişdir. O özü də gəlini Zərərçəkmiş şəxs şübhələndiyinə görə həyədə sonuncunu izlədiyi zaman Samid adlı həmin şəxsi öz həyətlərində görmüşdür. Belə bir hal ikinci dəfə tərəflər arasında sonuncu mübahisənin baş verdiyi gündən təxminən bir ay əvvəl olmuş və o, Samid adlı həmin şəxsi öz həyətində görmüşdür. O, Samid adlı şəxsin üzərinə getdiyi zaman sonuncu hasarı aşaraq, həyəti tərk etmişdir. 18 sentyabr 2023-cü il tarixdə oğlu Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında dava-dalaş baş verdiyi zaman o, oğlundan mübahisənin nə üstündə olduğunu soruşmuş və sonuncu ona arvadı Zərərçəkmiş şəxs Samid adlı şəxslə münasibəti olmasına görə mübahisə etdiklərini bildirmişdir. O, mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmasını və ya döyməsini görməmişdir. Məhkəmədə Şahid4 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun oğludur, Zərərçəkmiş şəxs isə onun gəlinidir və sonuncular onunla birgə yaşayırlar. Tərəflər 15 ildir ki, evlidirlər və onların həmin nikahdan 2 övladı doğulmuşdur. Onun oğlu ilə gəlini Zərərçəkmiş şəxs arasında tez-tez mübahisə baş vermiş və buna səbəb isə sonuncunun ərinə Samid adlı şəxs ilə xəyanət etməsi olmuşdur. Sonuncu dəfə 18 sentyabr 2023-cü il tarixdə tərəflər arasında mübahisə baş verdiyi vaxt oğlu Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxs kimi əxlaqsız bir qadınla artıq yaşmaq istəmədiyini bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs isə əsəbiləşərək onları söymüş və evi tərk etmişdir. O, Zərərçəkmiş şəxs valideynlərinin qonşuluda yerləşən evlərinə getməyini sonradan öyrənmişdir. Tərəflər arasında mübahisə baş verdiyi zaman o, oğlu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döyməsini görməmişdir. İş materiallarında olan canlı şəxsin ekspertizasının 19 sentyabr 2023-cü il tarixli, 1013 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində sağ ənsə-boyun nahiyəsində hematoma, sağ körpücük və hər iki bazu nahiyəsinin sıyrığı xəsarətləri aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir. Xəsarətlərin əmələ gəlmə müddəti 18 sentyabr 2023-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğu üçün sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunmayan şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmağa cəhd göstərməsini və himayəsində 2 uşağı olmasını məhkəmə onun cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız islah işləri növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla, 1 (bir) il müddətinə islah işləri növündə cəza təyin edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmalar aparılmağa başlandığı vaxtdan hesablansın. Hökm elan olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar