Məhkəmə qərarları › İş №1(022)-184/2023

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-184/2023

15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-184/2023 15.11.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, sürücü işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Bakı şəhəri, Yasamal rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(004)- 634/2023 saylı qərarı ilə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə xx.xx.2023-cü il tarixdən hesablanmaqla barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi “Renault” markalı, 99VE379/75ZA116 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikası ərazisindən tranzit keçməklə Naxçıvan Muxtar Respublikasından Gəncə şəhərinə plastik boru yükü gətirərkən 23 avqust 2023-cü il tarixdə İran İslam Respublikasının Biləsuvar şəhərində istintaqa məlum olmayan mənbədən 1 ədəd gümüşü falqa bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, 0,690 qram metamfetamin psixotrop maddəsini və 1 ədəd gümüşü falqa bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, 0,875 qram heroin narkotik vasitəsini satış məqsədi olmadan qəsdən qanunsuz olaraq əldə etmiş, həmin bükümləri əynindəki qara rəngli şalvarın sol yan cibində yerləşdirib saxlamış, daşımış və 25 avqust 2023-cü il tarixdə, saat 13 radələrində Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin Biləsuvar rayonunun inzibati ərazisində yerləşən Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə keçirmiş, gömrük nəzarəti zamanı ifşa olunduğunu başa düşərək şalvarının sol yan cibindəki bükümləri çıxararaq içərisində heroin narkotik vasitəsi olan bükümü udmuş, içərisində metamfetamin psixotrop maddəsi olan bükümü udmasının qarşısı gömrük əməkdaşı tərəfindən alınaraq ondan götürülmüş, dərhal gömrük əməkdaşları tərəfindən X1 aparılaraq həkim müayinəsinə cəlb edilməklə udduğu büküm də mədəsindən çıxarılaraq götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç yerdə işləmir, təxminən 3 il olar ki, sürücü kimi fəaliyyət göstərdiyi üçün Rusiya Federasiyası, Gürcüstan və Naxçıvan Muxtar Respublikasına yük daşımaqla məşğul olduğunu qeyd etmişdir. 16 avqust 2023-cü il tarixdə Bakı şəhərindən Naxçıvan Muxtar Respublikasına “Kubik” yükü aparmaq sifarişi aldığını, elə həmin gün də yükü Bakı şəhəri, Qaradağ rayonu Meyvəli bazarının yaxınlığında “Kamaz” markalı yük avtomobilindən yükləyərək yola düşmüşdür. 17 avqust 2023-cü il tarixdə saat 01 radələrində Biləsuvar gömrük postundan keçərək İran İslam Respublikasına daxil olmuşdur. xx.xx.2023-cü il tarixdə İran İslam Respublikasının Culfa gömrüyündən keçərək Naxçıvan Muxtar Respublikasına daxil olaraq yükü Naxçıvan Muxtar Respublikası Babək rayonu, Sirab kəndində boşaltdıqdan sonra tır parkına gedərək orada gözləməyə başlamışdır. xx.xx.2023-cü il tarixdə axşam saatlarında Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhərində yerləşən “X4” MMC-nin həyətində “Plastik Boru” yükünü yüklədikdən sonra yola düşmüşdür. Saat 22 radələrində Culfa gömrük postunu keçərək İran İslam Respublikasına daxil olmuşdur. xx.xx.2023-cü il tarixdə axşam saatlarında İran İslam Respublikasının Biləsuvar şəhərinə çatdığını və orada növbə çox olduğu üçün gözləməli olduğunu qeyd etmişdir. İran İslam Respublikasının Biləsuvar gömrüyündə tır parkında növbə gözləyən zaman bir nəfər tanımadığı şəxs ona yaxınlaşaraq narkotik vasitə istəyib-istəmədiyini soruşmuşdur. O da öz növbəsində narkotik vasitə istifadə etdiyini və istədiyini bildirmişdir. Həmin şəxs ona ayrı-ayrılıqda qablaşdırılmış 2 büküm vermiş, həmin bükümlərin birində çəkisi təxminən 1 qram olan metamfetamin, digərində isə təxminən çəkisi 1 qram olan heroinin olduğunu bildirmişdir. O, həmin şəxsdən həmin bükümləri təhvil alaraq əynində olan qara rəngli şalvarın sol cibinə yerləşdirmişdir. Daha sonra 1 gün də növbədə gözlədikdən sonra xx.xx.2023-cü il tarixdə saat 12 radələrində idarə etdiyi “Renault” markalı 99VE379/75ZA116 nömrə nişanlı yük avtomobili ilə Biləsuvar gömrük postundan keçərək İran İslam Respublikasından Azərbaycan Respublikasına daxil olmuşdur. Gömrük nəzarətini həyata keçirmək məqsədi ilə avtomobilin sənədləri qeydiyyata alındıqdan sonra nəqliyyat vasitəsini yoxlama yerinə sürmüş, bu zaman onun nəqliyyat vasitəsinə xidməti it tətbiq olunmuşdur. Xidməti it avtomobilin kabinin ətrafına reaksiya verdiyi üçün bundan sonra hal şahidləri dəvət edilərək avtomobil əsaslı yoxlanılmağa başlanılmışdır. Yoxlama başlamazdan öncə gömrük əməkdaşları onunla sorğu-sual apararaq, gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə bəyan olunan hər hansı predmetlərin olubolmamasını soruşmuşlar. O isə öz növbəsində idarə etdiyi yük avtomobilində gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə bəyan olunan hər hansı predmetlərin olmadığını bildirmişdir. Bundan sonra gömrük əməkdaşı onun nəqliyyat vasitəsini yoxlayan zaman şalvarının sol yan cibinin şişkin olması onların diqqətini çəkmişdir. Gömrük əməkdaşları onunla yenidən sorğu-sual aparmışdır. Bu zaman o həmin narkotik vasitə və psixotrop maddənin ondan aşkar olunmasından qorxaraq həmin bükümlərdən birini çıxararaq ağzına qoyaraq udmuşdur. Digərini isə ağzına qoyub udmaq istəyərkən gömrük əməkdaşları ona mane olmuşlar. Bundan sonra gömrük əməkdaşları onu Biləsuvar rayonunda yerləşən xəstəxanaya gətirərək həkim nəzarəti ilə mədəsi yuyularaq həmin vaxt yoxlama zamanı udduğu 1 ədəd büküm çıxarılmışdır. Onun mədəsindən çıxarılan digər bükümə baxış keçirilmişdir, baxış zamanı mədəsindən aşkar edilən 1 ədəd bükümdə qablaşdırılması ilə birgə təqribi çəkisi 1 (bir) qram təşkil edən açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddənin, yoxlama zamanı aşkar edilmiş gümüşü rəngli falqaya bükülü digər bükümdə isə qablaşdırılması ilə birgə təqribi çəkisi 1 (bir) qram təşkil edən ağ rəngli, kristallik halda, psixotrop maddə sayılan metamfetaminə oxşar maddənin olduğu məlum olmuşdur. Bunlardan başqa onun üzərində qanunvericiliyin tələblərinə uyğun şəxsi yoxlama da aparılmış, lakin heç bir predmet aşkar edilməmişdir. Ondan aşkar edilmiş 1 ədəd bükümdə qablaşdırılması ilə birgə təqribi çəkisi 1 (bir) qram təşkil edən açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddə və 1 ədəd bükümdə qablaşdırılması ilə birgə təqribi çəkisi 1 (bir) qram təşkil edən ağ rəngli, kristallik halda, psixotrop maddə sayılan metamfetaminə oxşar maddə qablaşdırılaraq götürülmüşdür. O, ondan aşkar edilmiş 1 ədəd bükümdə qablaşdırılması ilə birgə təqribi çəkisi 1 (bir) qram təşkil edən açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddənin narkotik vasitə herion olduğunu və 1 ədəd bükümdə qablaşdırılması ilə birgə təqribi çəkisi 1 (bir) qram təşkil edən ağ rəngli, kristallik halda, psixotrop maddə sayılan metamfetaminə oxşar maddənin isə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. O, ondan aşkar edilmiş qeyd edilən narkotik vasitələri İran İslam Respublikasının Biləsuvar şəhərində tır parkında olarkən tanımadığı iran vətəndaşından şəxsi istifadəsi üçün əldə etdiyini və həmin narkotik vasitələri Azərbaycan Respublikasında olarkən şəxsi istifadə etməsi üçün özü ilə Azərbaycan Respublikasına gətirdiyini bildirmişdir.O, əvvəllər İran İslam Respublikasından Azərbaycan Respublikasına və digər ölkələrə qaçaqmalçılıq yolu ilə narkotik vasitələr, psixotrop maddələr və qanunla qadağan olunmuş hər hansı predmetmetləri keçirmədiyini bildirmişdir. Təxminən 10 günə yaxın olar ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etdiyini bildirmişdir. Saxlanan zaman ona qarşı hər hansı bir kobudluq və ya fiziki təsir olmadığını qeyd etmişdir. Təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Biləsuvar Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzi 1-ci bölmənin inspektoru Şahid1 ifadəsində göstərmişdir ki, 25 avqust 2023-cü il tarixdə iş bölgüsünə əsasən Biləsuvar Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzi 1-ci bölmədə İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn yük avtomobillərinə gömrük nəzarətini həyata keçirmiş və Biləsuvar Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzi 1-ci bölməsində İran İslam Respublikası ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Renault” markalı, 99VE379/75ZA116 dövlət qeydiyyat nişanlı yük avtomobilinə Biləsuvar Gömrük İdarəsinin “Mono” ləqəbli xidməti itinin tətbiqi ilə baxış keçirilən zaman xidməti it avtomobilin kabininə və kabininin ətraflarına reaksiya vermiş, bundan sonra xidməti itin reaksiyasına əsasən avtomobil, o cümlədən avtomobilin kabininin əsaslı yoxlanılması qərarına gəlmişlər. Təqsirləndirilən şəxs idarə etdiyi “Renault” markalı, 99VE379/75ZA116 dövlət qeydiyyat nişanlı yük avtomobilini yoxlamaya başlamazdan əvvəl ona idarə etdiyi yük avtomobilində və öz üzərində gömrük nəzarətindən gizlədilmiş və eyni zamanda gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin, o cümlədən narkotik və psixotrop maddələrin olubolmaması barədə sual vermiş, Təqsirləndirilən şəxs isə öz növbəsində avtomobilində və üzərində gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin olmadığını bildirmişdir. Bundan sonra avtomobili yoxlamağa başladıqlarını qeyd etmişdir. İlk öncə avtomobilin kabinini yoxlamışlar və yoxlama zamanı avtomobilin kabinində olan əşyalardan gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunmayan hər hansı bir predmet aşkar olunmamışdır. Avtomobilin kabininin yoxlanması zamanı sürücü Təqsirləndirilən şəxs özünü çox həyacanlı aparmışdır. Avtomobilin kabinində olarkən sürücünün əynində olan qara rəngli şalvarın sol diz-yan cibinin şişkin olması diqqəti cəlb etmişdir. Bundan sonra iki nəfər hal şahidi dəvət edərək ona təkrar olaraq üzərində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin, o cümlədən narkotik və psixotrop maddələrin olub-olmaması barədə sual vermiş və hər nəyi varsa çıxararaq təqdim etməsi təklif etmişdir. Bu zaman Təqsirləndirilən şəxs çıxılmaz vəziyyətdə qalıb sol əlini qeyd edilən cibinə salıb 2 ədəd ayrı-ayrılıqda gümüşü rəngli falqaya bükülü bükümləri çıxarmış və ifşa olunduğunu başa düşüb çıxardığı içərisində narkotik maddələr olması ehtimal edilən bükümlərdən birini vəziyyətdən istifadə edib ağzına qoyaraq udmuş, digər bükümün isə udmasının qarşısını aldıqlarını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həyatı təhlükəsizliyini qorumaq üçün, eyni zamanda udduğu-daxili orqanında olan narkotik maddə olması ehtimal edilən 1 ədəd bükümü aşkar etmək məqsədi ilə onu dərhal Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına apararaq ciddi həkim nəzarətində saxlanılmaqla onun mədəsi yuyulmuş və bu zaman onun mədəsindən yoxlama zamanı udduğu 1 ədəd büküm aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs mədəsindən aşkar edilən 1 ədəd bükümə və yoxlama zamanı aşkar edilmiş gümüşü rəngli falqaya bükülü digər bükümə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs mədəsindən aşkar edilən 1 ədəd bükümdə qablaşdırılması ilə birgə təqribi çəkisi 1 (bir) qram təşkil edən açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddənin, yoxlama zamanı aşkar edilmiş gümüşü rəngli falqaya bükülü digər bükümdə isə qablaşdırılması ilə birgə təqribi çəkisi 1 (bir) qram təşkil edən ağ rəngli, kristallik halda, psixotrop maddə sayılan metamfetaminə oxşar maddənin olduğu məlum olmuşdur. Sonda Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs aşkar edilmiş 1 ədəd bükümdə qablaşdırılması ilə birgə təqribi çəkisi 1 (bir) qram təşkil edən açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddə və 1 ədəd bükümdə qablaşdırılması ilə birgə təqribi çəkisi 1 (bir) qram təşkil edən ağ rəngli, kristallik halda, psixotrop maddə sayılan metamfetaminə oxşar maddə qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 25 avqust 2023-cü il tarixdə o və həmyerlisi Quliyev X2 Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzi 1-ci bölmənin qarşısında olduğu zaman bir nəfər gömrük işçisi onlara yaxınlaşıb özünü təqdim etmiş, onlara sərnişin qismində gələn bir şəxsin nəqliyyat vasitəsini yoxlayacaqlarını bildirmişdir. Gömrük işçisi həmin nəqliyyat vasitəsinin yoxlanmasında hal şahidi kimi iştirak etmələrini onlardan xahiş etmiş və onlar da razılıq verdiklərini qeyd etmişdir. Daha sonra gömrük işçisi ilə birgə Biləsuvar Gömrük İdarəsi 1-ci bölməsinə daxil olduqlarını söyləmişdir. Gömrük əməkdaşı şəxsiyyəti sonradan onlara məlum olan Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Renault” markalı, 99VE379/75ZA116 dövlət qeydiyyat nişanlı yük avtomobilinin yoxlanmasında onların hal şahidi kimi iştirak edəcəkləri barədə məlumat vermiş, bundan sonra gömrük əməkdaşı Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobilində və üzərində gömrük nəzarətindən gizlədilmiş, eyni zamanda gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin, o cümlədən narkotik və psixotrop maddələrin olub-olmaması barədə sual verdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs isə öz növbəsində avtomobilində və üzərində gizlədilmiş və gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin olmadığını bildirmişdir. Avtomobilin kabininin yoxlanması zamanı sürücü Təqsirləndirilən şəxs özünü çox həyacanlı aparmışdır. Avtomobilin kabinində olarkən sürücünün əynində olan qara rəngli şalvarın sol diz-yan cibinin şişkin olması gömrük əməkdaşının diqqətini cəlb etdiyinə görə ona təkrar üzərində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin, o cümlədən narkotik və psixotrop maddələrin olub-olmaması barədə sual vermiş və hər nəyi varsa çıxararaq təqdim etməsi təklif edilmişdir. Gömrük əməkdaşının tələbindən sonra Təqsirləndirilən şəxs çıxılmaz vəziyyətdə qalıb sol əlini qeyd edilən cibinə salıb 2 ədəd ayrı-ayrılıqda gümüşü rəngli falqaya bükülü bükümləri çıxarmış və ifşa olunduğunu başa düşərək çıxardığı içərisində narkotik maddələr olması ehtimal edilən bükümlərdən birini vəziyyətdən istifadə edib ağzına qoyaraq udmuşdur, digər bükümün isə udmasının qarşısı gömrük əməkdaşı tərəfindən alınmışdır. Bundan sonra Təqsirləndirilən şəxs həyatı təhlükəsizliyini qorumaq üçün, eyni zamanda udduğu- daxili orqanında olan narkotik maddə olması ehtimal edilən 1 ədəd bükümü aşkar etmək məqsədi ilə o dərhal Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına aparılmış və ciddi həkim nəzarətində saxlanılmaqla onun mədəsi yuyulmuş, bu zaman onun mədəsindən yoxlama zamanı udduğu 1 ədəd büküm aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs mədəsindən aşkar edilən 1 ədəd bükümə və yoxlama zamanı aşkar edilmiş gümüşü rəngli falqaya bükülü digər bükümə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs mədəsindən aşkar edilən 1 ədəd bükümdə qablaşdırılması ilə birgə təqribi çəkisi 1 (bir) qram təşkil edən açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddənin, yoxlama zamanı aşkar edilmiş gümüşü rəngli falqaya bükülü digər bükümdə isə qablaşdırılması ilə birgə təqribi çəkisi 1 (bir) qram təşkil edən ağ rəngli, kristallik halda, psixotrop maddə sayılan metamfetaminə oxşar maddənin olduğu məlum olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində onların iştirakı ilə şəxsi yoxlama aparılmış, onun üzərindən gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunmayan hər hansı bir predmet aşkar olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-4558 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, ekspert tədqiqatına təqdim edilmiş, DGK-ə məxsus 206207 nömrəli polietilen paketdə olan bir ədəd bükümdə təmiz çəkisi 0,875 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 0,690 qram olan ağ rəngli kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfitamindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr”in siyahısına (siyahı 1) daxildir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr”in siyahısına (siyahı 1) daxildir. İş üzrə ilkin çəkiləri əsas götürülərək maddi sübut kimi tanınmış, ilkin təmiz çəkisi 0,875 qram olmuş, tədqiqatlardan sonra qalıq çəkisi 0,825 qram təşkil edən heroin narkotik vasitəsi, ilkin təmiz çəkisi 0,690 qram olmuş, tədqiqatlardan sonra qalıq çəkisi 0,640 qram təşkil edən metamfetamin psixotrop maddəsinin məhkəmənin hökmünə və ya yekun qərarınadək Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs Biləsuvar Rayon Mərkəzi xəstəxanasından alınmış xx.xx.2023-cü il tarixli, 1727 nömrəli arayışdan görünür ki, həmin tarixdə X3 yardım bölməsində Təqsirləndirilən şəxs nazoqastral zond vasitəsi ilə mədəsi yuyulmuş və mədəsindən 1 (bir) ədəd bükümdə yad cism aşkar edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş Ambulator Məcburi-Narkoloji Yoxlamaya dair 02 sentyabr 2023-cü il tarixli, 5646 nömrəli rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların qəbulu nəticəsində yaranan asıllıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 25 avqust 2023-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 avqust 2023-cü il tarixdə saat 20:09-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 avqust 2023cü il tarixli 4(004)-634/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 25 avqust 2023-cü il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. “Narkotik vasitələrin, psixatrop maddələrin və onların prekusorslarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanununun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndində göstərilir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, 1 №-li qərarının 14-cü bəndində göstərilir ki, dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış narkotik vasitə və ya psixotrop maddə mənşəli dərman vasitələri həqiqətən tibbi resept əsasında əldə edilmiş olsa belə, həmin dərman vasitələrini Azərbaycan Respublikasının gömrük sərhədindən keçirən şəxs bilə-bilə onları düzgün bəyan etmədikdə (məsələn, dövriyyəsi məhdudlaşdırılmamış başqa dərman vasitəsi kimi təqdim etdikdə və sair), müxtəlif üsullardan istifadə etməklə gizlətdikdə, onun əməli qaçaqmalçılıq cinayəti kimi qiymətləndirilərək CM-in 206.2-ci maddəsi ilə, buna kifayət qədər əsaslar olduqda, həm də CM-in 234-cü maddəsi ilə tövsif edilir. Digər hallarda, yəni şəxs qeyd olunan dərman vasitələrini bəyan etməməklə, gömrük nəzarətindən kənar, yaxud tibbi sənədlərdən, o cümlədən reseptdən aldatma yolu istifadə etməklə gömrük sərhədindən keçirdikdə, onun əməllərinə işin faktiki hallarından (məsələn, dərman vasitələrinin miqdarının tibbi reseptə uyğun olub-olmamasından, xəstəliyin xarakterindən və ağırlıq dərəcəsindən və sair hallardan) asılı olaraq hüquqi qiymət verilməlidir. İşdə olan sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Bununla da Təqsirləndirilən şəxs CM-in 206.2 və 234.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydasına əməl olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin Hədəflərin Müəyyənləşdirilməsi şöbəsindən daxil olmuş 04 sentyabr 2023-cü il tarixli, 3-33/3-1039174 nömrəli məktubla göndərilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 5-18/2-2661/23 nömrəli məktuba əlavə edilmiş arayışdan və Balaxanı qəsəbəsi inzibati dairəsi üzrə nümayəndəliyinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır, məişətdə müsbət xarakterizə olunur. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunması Təqsirləndirilən şəxs təyin edilən cəzanı yüngülləşdirən hallardır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsində göstərilmişdir ki, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. CM-in 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də həmin cinayəti törədilmə hallarını, cinayətin predmeti olan narkotik vasitəni və onun miqdarını, təqsirləndirilən şəxsin törətdiyi əməldən səmimi peşman olmasını, onun hərəkətlərində CM-in 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunması imkanlarına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş hədd daxilində cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, CM-in 93 və 94-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Dövlət Görmük Komitəsi Əməliyyt-İstintaq Baş İdarəsində saxlanılan narkotik vasitə 0,825 qram heroin və 0,640 qram psixitrop maddə metamfetamin məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, CPM-in 197.1, 197.1.4 və 198.1 maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 65 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın növünü və onun barəsində həbs qətimkan tədbiri seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 03 (üç) 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 03 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 25 avqust 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 65 (altımış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxsdan dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Dövlət Görmük Komitəsi Əməliyyt-İstintaq Baş İdarəsində saxlanılan narkotik vasitə 0,825 qram heroin və 0,640 qram psixitrop maddə metamfetamin məhv edilsin. Hökm elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar