Məhkəmə qərarları › İş №1(022)-187/2024

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-187/2024

24.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-187/2024 24.12.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1991-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Bəydili kəndi, N.Məmmədov küçəsi, ev 10-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 221.1-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Biləsuvar rayon Xırmandalı kəndində, insanların çoxluq təşkil etdiyi yerdə, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs nalayiq sözlərlə söyüb təhqir edərək bir dəfə sifət nahiyəsindən yumruq və baş zərbələri ilə vurmaqla ona “burun nahiyəsində şişkinlik, qançır, sıyrıq və burun sümüyünün yerini dəyişməyən qapalı sınığı, sol əlin arxa səthində və sağ ayaq pəncəsinin üst hissəsində şişkinlik və qançır” ilə nəticələnən zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə 15-20 dəqiqə ərzində ətrafda olan vətəndaşların narahatçılığına səbəb olan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 19 noyabr 2024-cü il tarixdə axşam vaxtlarında Biləsuvar rayon Xırmandalı kəndində Rüfət şadlıq sarayında toy mərasimində iştirak etmişdir, toy mərasimində dayısı oğlu Zərərçəkmiş şəxs heç bir səbəb olmadan onunla ədavət apararaq ona sataşması üçün bəhanələr axtarmışdır. Bir qədər sonra ətrafdakı insanların köməkliyi ilə Zərərçəkmiş şəxs oradan uzaqlaşdırılaraq aparılmışdır. O, toy mərasimində iştirak edən ailə üzvləri və qohumlarını yaşadıqları evə aparıb yenidən Rüfət şadlıq sarayının yaxınlığına mağazaya gələn zaman yenidən orada Amili görmüşdür. Həmin zaman Amil onun ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etmişdir. Bu səbəb ilə o, Zərərçəkmiş şəxs ağız nahiyəsindən tutaraq itələmişdir. Zərbənin təsirindən Amil yerə yıxılmış və müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Sonra isə o, hadisə yerindən gedərək öz yaşayış evinə gəlmişdir. Hadisə 19 noyabr 2024-cü il tarixdə saat 22 radələrində Biləsuvar rayon Xırmandalı kəndində Rüfət şadlıq sarayının qarşısında küçədə, insanların çoxluq təşkil etdiyi ictimai yerdə baş vermişdir, hadisəni həmin zaman orada olan Elvin adlı şəxs və tanımadığı bir neçə nəfər şəxs görmüşdür. Sonda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, zərərçəkmiş şəxs dayısı oğlu olmaqla ona dəymiş zərərı tam ödəməklə barışdıqlarını bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, 19 noyabr 2024-cü il tarixdə Biləsuvar rayon Xırmandalı kəndində yerləşən “Rüfət” şadlıq sarayında qohumlarının toy mərasimində iştirak etmişdir, toy mərasimindən çıxdıqdan sonra “Rüfət” şadlıq sarayının qarşı tərəfində mağazaya girərək siqaret almışdır. Sonra isə mağazadan çıxaraq getmək istəyən zaman həmkədlisi və qohumu Təqsirləndirilən şəxs ona yaxınlaşaraq maşınını niyə əzməsini soruşmuşdur. O da cavab olaraq şadlıq sarayının həyətində onu təhqir etməsinə görə Şəhriyarın maşınına təpik zərbəsi vurmasını demişdir, sonra isə Təqsirləndirilən şəxs onun üzərinə gələrək onu bir dəfə baş zərbəsi ilə sifət nahiyəsindən vurmuş, yenidən də bir neçə dəfə yumruq zərbəsi ilə sifət və baş nahiyəsindən vuraraq onu döymüşdür. Hadisə Biləsuvar rayon Xırmandalı kəndində “Rüfət” şadlıq sarayının qarşısında baş vermişdir, hadisə zamanı ətrafda tanımadığı çoxlu sayda insanlar olmuşdur. Təqsirləndirilən şəxs onu döydükdən sonra Şəhriyarın yanında olan bir nəfər tanımadığı şəxs Şəhriyarı ondan ayırmışdır. Daha sonra o, hadisə yerindən uzaqlaşaraq bu barədə DİN-in 102 xidməti zəng mərkəzinə məlumat vermişdir. Hazırda Təqsirləndirilən şəxs onunla barışıq əldə edərək, ona dəymiş ziyanı tam ödəmişdir. Odur ki, o, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi və barəsində ittiham irəli sürülmüş şəxsi, şahidi dinləyərk, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahatında göstərmişdir ki, Biləsuvar rayon Bəydili kənd sakini Təqsirləndirilən şəxs tanıyır, münasibətləri normal olmuşdur, aralarında hər hansı bir ədavət və problemləri olmamışdır. 19 noyabr 2024-cü il tarixdə axşam vaxtlarında yaşadıqları kənddən çıxaraq Xırmandalı kəndində yerləşən “Rüfət” şadlıq sarayının qarşısında olan mağazaya gələn zaman Təqsirləndirilən şəxs ona əl edərək maşını saxlatdırmışdır. O da Şəhriyarla birlikdə mağazaya gəlmişdir. Mağazadan bir neçə lazım olan əşyaları aldıqdan sonra çölə çıxan zaman Şəhriyar ilə Amilin mübahisə etməsini, həmin mübahisə zamanı Amilin Şəhriyara nalayiq ifadələr işlədərək təqhir etməsini eşitmiş, sonra Şəhriyar Amilə yaxınlaşaraq ona söyüş söyməsinə görə Amili baş zərbəsi ilə vurmuş, daha ağız nahiyəsindən tutaraq yerə möhkəm şəkildə itələmişdir. Zərbənin təsirindən Amil yerə yıxılaraq xəsarət almışdır. Hadisə baş verən zaman ətrafda çoxlu sayda insanlar olmuşdur. Şəhriyar da Amili vurduqdan sonra onlar hər iki şəxsə yaxınlaşaraq uzaqlaşdırmışdır. İş materiallarında olan Cəlialabad rayon MTE-nin xx.xx.2024-cü il tarixli 467 nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs “burun nahiyəsində şişkinlik, qançır, sıyrıq və burun sümüyünün yerini dəyişməyən qapalı sınığı, sol əlin arxa səthində və sağ ayaq pəncəsinin üst hissəsində şişkinlik və qançır” bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir və qeyd edilən xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlərdən olduğu üçün dərəcəsinə görə sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. İş materiallarında olan DİN-nin BƏSİİ-də yoxlanılaraq geri qaytarılmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Biləsuvar MRX-dan alınmış 25.11,2024-cü il tarixli 3162 nömrəli məktubda göstərilmişdir ki, Biləsuvar rayon Bəydili kənd sakini Dədəliyev X1 MRXnın Poliklinika şöbəsində Nevroloji kabinetində ruhi-əsəb xəstəliyi üzrə dispanser qeydiyyatında yoxdur. İş materiallarında olan Biləsuvar rayon Bəydili İƏD üzrə Nümayəndəliyindən təqdim edilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunduğu göstərilmişdir. Törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmisini, onunla barışmasını, himayəsində 2 azyaşlı övladının (2014-cü il təvəllüdlü X2 və 2016-cü il təvəllüdlü X3) olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alır. CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Adçəkilən qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 nömrəli qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, eləcə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, hərəkətlərində cəzanı ağırlaşdıran halların olmamasını, habelə cinayətin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması, yaxud onun islah olunması ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı çəkmədən də mümkündür. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 221.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Hazırki halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar