Məhkəmə qərarları › İş №1(022)-188/2024

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-188/2024

25.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-188/2024 25.12.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X2 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1982-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 uşağı olan, Biləsuvar rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 1(022)- 154/2024 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə, həmin Məcəllənin 66.2 və 69.3-cü maddələri tətbiq edilməklə, qəti olaraq 3 il 8 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edimiş, fərdi əməklə məşğul olan, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Babək qəsəbəsi, Azadlıq küçəsində yerləşən 2 nömrəli qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yaşayan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda - 0,728 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, özündə saxlayaraq daşımış, 03 oktyabr 2024-cü il tarixdə Biləsuvar rayon Məhkəməsinin 1(022)-154/2024 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, qəti olaraq 3 il 8 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdən sonra Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən Biləsuvar rayon polis şöbəsinin müvəqqəti saxlama yerinə gətirilib, orada həmin gün, saat 11:58-də üzərinə keçirilmiş yoxlama zamanı həmin psixotrop maddə metamfetamin bir ədəd gümüşü rəngli siqaret kağızı bükümündə olmaqla, əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Babək qəsəbəsi, Azadlıq küçəsində yerləşən 2 nömrəli evdə qeydiyyatda olsa da, Bakı şəhərində tikintilərdə usta kimi işlədiyi üçün Xəzər rayonu, Qala qəsəbəsində, bacısının evində yaşayır. O, təxminən 5-6 aydır ki, narkotik vasitə qurudulmuş marixuanadan və psixotrop maddə metamfetamindən bədənində ağrılar olduğu vaxt həmin ağrıları sakitləşdirmək üçün istifadə edir. O, sonuncu dəfə 2024-cü ilin sentyabr ayının sonlarında Bakı şəhərində, metronun “28 May” stansiyasının yaxınlığında piyada hərəkətdə olduğu vaxt yerdən bir ədəd büküm tapmışdır. Həmin bükümdə cüzi miqdarda psixotrop maddə metamfetamin olmuşdur. O, həmin bükümü şəxsi istifadəsi məqsədi ilə şalvarının cibində gizlətmişdir. Onun barəsində Azərbaycan Respublikasının CM-in 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Biləsuvar rayon Məhkəməsində baxıldığına görə o, məhkəmə iclasında iştirak etmək məqsədi ilə 03 oktyabr 2024-cü il tarixdə Biləsuvar rayonuna gəlmişdir. Onun barəsində olan cinayət işinin 03 oktyabr 2024cü il tarixdə yekunlaşmayacağını güman etdiyinə görə avtomaşın kirayəsi yerindən avtomobil icarəyə götürərək, həmin bükümü də şalvarının zamokunun tikiş yerinin altında gizlədərək, Biləsuvar rayonuna gəlmişdir. O, şalvarının gizli yerində gizlətdiyi bükülü ilə birlikdə Biləsuvar rayon Məhkəməsinin inzibati binasına daxil olmuş və məhkəmə iclasında iştirak etmişdir. O, həmin məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, qəti olaraq 3 il 8 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və məhkəmə zalında həbs edilmişdir. O, dərhal həbs edildiyi üçün üzərində olan narkotik vasitə qurudulmuş psixotrop maddə metamfetamini üzərindən atmağa imkanı olmamışdır. Bundan sonra polis əməkdaşları onu Biləsuvar rayon polis şöbəsinə gətirib, müvəqqəti saxlama yerinə təhvil vermişlər. Orada polis əməkdaşları ondan üzərində qadağan edilmiş hər hansı əşya və ya predmet olubolmamasını soruşmuşlar. O da polis əməkdaşlarına üzərində qanunla qadağan edilmiş hər hansı predmet olmadığını həmin şəxslərə bildirmişdir. Həmin vaxtı o, psixotrop maddə metamfetaminin olduğu barədə polis əməkdaşlarına məlumat verməmişdir. Çünki o, polis əməkdaşlarının onun üzərinə axtarış keçirdikləri vaxt üzərində olan psixotrop maddəni tapa bilməyəcəklərini, sonra sanitar qovşağa aparıldığı vaxt üzərində olan həmin bükülünü atmaqla, məsuliyyətdən yayına biləcəyini fikirləşmişdir. Lakin aparılmış yoxlama nəticəsində polis əməkdaşları onun şalvarının zamokunun tikiş yerinin altında içərisində psixotrop maddə metamfetamin olan bükülünü aşkar etmişlər. Həmin psixotrop maddə polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş və onun çox cüzi çəkidə olduğu müəyyən edilmişdir. Bundan sonra polis əməkdaşları həmin bükümə əlavə metamfetamin artıraraq, onun üzərindən aşkar edilmiş metamfetaminin çəkisini cinayət məsuliyyətinə cəlb etməyə imkan verən həddə çatdırmış və ona çoxsaylı təzyiqlər göstərərək, həmin psixotrop maddənin ona məxsus olması barədə etirafedici izahatlar almışlar. Buna görə də o, polis əməkdaşlarının təzyiqi altında onun üzərinə təkrar baxış keçirilərkən həmin bükümü cibindən çıxararaq, polis əməkdaşlarına təqdim etmişdir. Lakin o, polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması barədə nə öz vəkilinə, nə də saxlanıldığı Bakı İstintaq Təcridxanasının əməkdaşlarına heç bir məlumat verməmiş, hər hansı dövlət orqanına şikayətlər etməmişdir. Sonda, Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün qismən etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin müvəqqəti saxlama yerinin rəisi vəzifəsində işləyir. Əvvəllər tanımadığı Abbaszadə X1 rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 1(022)-154/2024 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinmiş və həmin şəxsə qəti olaraq 3 il 8 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilərək, polis əməkdaşları tərəfindən şöbənin müvəqqəti saxlama yerinə gətirilmişdir. Həmin gün, saat 11:58-də həmin şəxsin üzərinə onunla yanaşı polis əməkdaşı Şahid2 tərəfindən yoxlama keçirilməyə başlanılmışdır. Yoxlama keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya və predmet olub-olmaması, varsa onlara təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində olan bir neçə əşyanı təqdim edərək, üzərində qanunla qadağan edilmiş hər hansı predmet olmadığını bildirmişdir. Bundan sonra onlar tərəfindən həmin şəxsin üzərinə yoxlama keçirilməyə başlanılmışdır. Yoxlama vaxt Təqsirləndirilən şəxs əynində olan şalvarın şalvarın sağ yan kiçik cibindən iki ədəd bükülü aşkar olunmuşdur. Həmin bükümlərdən biri gümüşü rəngli siqaret kağızında olmuş və həmin bükümə baxıldığı vaxt içərisində ağ rəngli, kristal şəklində olan psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin bükülü elektron tərəzidə çəkilmiş və qablaşdırması ilə birlikdə çəkisi 0,96 qram olmuşdur. Baxış zamanı digər şəffaf rəngli sellofan bükümdə isə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin bükülü elektron tərəzidə çəkilmiş və qablaşdırması ilə birlikdə çəkisi 0,15 qram olmuşdur. Aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər kütlə və narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə onlar tərəfindən qablaşdırılaraq götürülmüşdür. Bundan sonra isə Təqsirləndirilən şəxs üzərinə yoxlama keçirilmiş və həmin şəxsin üzərindən qanunla qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış başqa əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə qurudulmuş marixuanaya və psixotrop maddə metamfetaminə bənzər maddələr zərfə qoyularaq qablaşdırılmış, Daxili İşlər Nazirliyinin zərflər üçün 61 nömrəli möhürü ilə möhürlənmişdir. Sonda şəxsi axtarış keçirilməsinə dair protokol tərtib olunaraq iştirakçılara oxunmuş, protokollar baxış iştirakçıları tərəfindən imzalanmışdır. Şahid1 həmçinin məhkəmədə bildirdi ki, onun tərəfindən və ya onun iştirakı ilə digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi zor tətbiq olunmamış, təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsindən əvvəl həmin şəxsə qarşı hər hansı qanunsuzluğa yol verilməmiş və şəxsi axtarış cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun keçirilmişdir. İş üzrə şahid kimi dindirilmiş Biləsuvar rayon polis şöbəsinin əməkdaşı Şahid2 məhkəmədə Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda - 0,728 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, özündə saxlayaraq daşıdığını, 03 oktyabr 2024-cü il tarixdə Biləsuvar rayon Məhkəməsinin 1(022)- 154/2024 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, qəti olaraq 3 il 8 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdən sonra Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən Biləsuvar rayon polis şöbəsinin müvəqqəti saxlama yerinə gətirilərək, orada həmin gün, saat 11:58-də üzərinə keçirilmiş yoxlama zamanı həmin psixotrop maddə metamfetaminin bir ədəd gümüşü rəngli siqaret kağızı bükümündə olmaqla, əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik cibindən aşkar edilərək götürüldüyünü təsdiq etdi. Şahid2 həmçinin məhkəmədə bildirdi ki, onun tərəfindən və ya onun iştirakı ilə digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi zor tətbiq olunmamış, təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsindən əvvəl həmin şəxsə qarşı hər hansı qanunsuzluğa yol verilməmiş və şəxsi axtarış cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun keçirilmişdir. İş materiallarında olan əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və götürmə haqqında 03 oktyabr 2024-cü il tarixli protokoldan, habelə həmin protokola əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs 03 oktyabr 2024-cü il tarixdə Biləsuvar rayon polis şöbəsinin müvəqqəti saxlama yerinə təhvil verildiyi vaxt, saat 11:58-də onun üzərinə müvəqqəti saxlama yeri əməkdaşları tərəfindən şəxsi axtarış keçirilmişdir. Həmin şəxsi axtarış nəticəsində Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan kiçik cibindən 2 ədəd olmaqla, bir ədəd bükülüdə 0,96 qram çəkidə psixotrop maddə olan metamferaminə bənzər kütlə, digər bükümdə isə bir ədəd şəffaf sellofana bükülmüş 0,15 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin bükülülər qablaşdırılaraq götürülmüşdür. Aşkar olunmuş bir ədəd şəffaf sellofanda olan, içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə sellofanla birlikdə elektron təzəzidə çəkilmiş və çəkisinin 0,16 qram, bir ədəd falqaya bükülmüş? içərisində psixotrop maddə olan metamferaminə bənzər kütlə bükülü ilə birlikdə elektron təzəzidə çəkilmiş və çəkisinin 0,94 qram olduğu müəyyən edilmişdir. Daha sonra həmin kütlələr yenidən zərfə qoyularaq qablaşdırmış və zərfin üzəri imzalanmışdır. İşdə olan məhkəmə-kimyəvi-bioloji ekspertizasının 04 oktyabr 2024-cü il tarixli, 19/681 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «...Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd bükülüdə narkotik vasitəyə bənzər kütlə və bir ədəd bükülüdə psixotrop maddəyə bənzər kütlə...» sözlər və imzalar olan bir ədəd zərfin içərisindəki, 01 ədəd bükümdə təmiz çəkisi - 0,728 qram olan ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi - 0,728 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, qalıq 0,678 qram qalmışdır. İş materiallarında olan ambulator narkoloji tibbi yoxlamanın 16 oktyabr 2024-cü il tarixli, 748 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən fiziki və ya psixi zora məruz qalması və Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsindən əvvəl həmin şəxsə qarşı qanunsuzluğa yol verilməsi barədə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsi, Təqsirləndirilən şəxs özü tərəfindən üzərində psixotrop maddə olan metamfetamin olması, lakin həmin maddənin çəkisinin cüzi olması barədə ifadəsi ilə, habelə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunduğuna görə özünümüdafiə və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş hesab olunmalıdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»nın İİ siyahısının 118-ci bəndinin tələbinə görə metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 2 qramdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunmayan şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Himayəsində 2 uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxsya təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin iş materiallarında olan Biləsuvar rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 1(022)-154/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.2 və 69.3-cü maddələri tətbiq edilməklə, qəti olaraq 3 il 8 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edimişdir və hazırda cəzaçəkmə müəssisəsində həmin cəzanı çəkir. Cinayət işinin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, yəni qanunsuz olaraq, satış məqəsdi olmadan xeyli miqdarda psixotrop maddə metamfetamini Biləsuvar rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 1(022)-154/2024 saylı hökmü çıxarılmazdan əvvəl əldə edərək, üzərində daşımış və həmin psixtrop maddə Biləsuvar rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 1(022)-154/2024 saylı hökmü çıxarıldıqdan sonra, lakin hökm qanuni qüvvəyə minməmiş, təqsirləndirilən şəxsin üzərindən polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Buna görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qəti cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə görə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbinə görə isə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli Qərarına görə cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Bununla əlaqədar məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Biləsuvar rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 1(022)-154/2024 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəza hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti cəza müəyyən edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Biləsuvar rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 1(022)-154/2024 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilmiş hissəsi hazırki hökmlə təyin edilən qəti cəza müddətinə hesablanmalı və Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə cəzasının əvvəli 03 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Habelə məhkəmə Təqsirləndirilən şəxs hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkdiyini nəzərə alaraq, hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə zərurət və əsas yoxdur. Bundan başqa, məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın 16 oktyabr 2024-cü il tarixli, 748 saylı rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicə təyin edilmli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, tədqiqatdan sonra xalis çəkisi 0,678 qram olan psixotrop maddə metamfetamin məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 65 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Biləsuvar rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 1(022)- 154/2024 saylı hökmü ilə təyin edilmiş 3 (üç) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə növündə cəza hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə növündə cəza müəyyən edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 03 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicə təyin edilsin və Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 0,678 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar