Məhkəmə qərarları › İş №1(022)-2/2025

Biləsuvar Rayon Məhkəməsi Qiyabi hökm — İş №1(022)-2/2025

27.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ HÖKM Biləsuvar rayonu İş № 1(022)-2/2025 27.05.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X22 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı il ə, Radmanesh X12 (X2), 23 iyun 1953-cü il tarixdə İran İslam Respublikasının Təbriz şəhərində anadan olmuş, İran İslam Respublikası vətəndaşı, təhsilsiz, evli, əvvəllər məhkum edilməmiş, İran İslam Respublikası, Təbriz şəhəri, Tehran darvazası, Kərkəc kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qiyabi icraat qaydasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X13 Mohammad (X5) 2015-ci ilin may ayının sonlarında İran İslam Respublikasının Təbriz şəhərində istintaqla müəyyən edilməmiş mənbədən, satış məqsədi olmadan 64,874 qram çəkidə narkotik vasitə tiryəki qanunsuz olaraq əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə, kağızının üzərində “mones” sözləri yazılmış şokolad-konfet kağızında qablaşdıraraq, 7 bükümdə olmaqla həmin növ şokoladkonfetlərin arasında yerləşdirib, müşayiət etdiyi 1 ədəd sellofan torbada saxlamış və 26 may 2015-ci il tarixdə, saat 12:00 radələrində Biləsuvar Gömrük İdarəsinin «Qoşa Təpə» gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Həmin əməlinə görə Radmanesh X12 (X2) barəsində 27 may 2015-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə cinayət işi başlanmış, X13 Mohammad (X5) 26 may 2015-ci il tarixdə inzibati qaydada, 27 may 2015-ci il tarixdə isə şübhəli şəxs qismində tutulmuş, 28 may 2015-ci il tarixdə isə təqsirləndirilən şəxs qismində cəlb edilərək, Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə ona ittiham elan edilmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 28 may 2015-ci il traixli, 4(004)- 682/2015 saylı qərarı ilə Radmanesh X12 (X2) barəsində 27 may 2015-ci il tarixdən hesablanmaqla, 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəməyədək icraat zamanı Bakı şəhəri Yasamal rayon məhkəməsinin 28 may 2015-ci il traixli, 4(004)-683/2015 saylı qərarı ilə təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi vəsatəti əsasında Radmanesh X12 (X2) barəsində həbs qətimkan tədbirinə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, təqsirləndirilən şəxs məhkəmə zalında dərhal həbsdən azad edilmiş, X13 Mohammada (X4) cinayət prosesini həyata keçirən və ya onun davranışına nəzarəti həyata keçirən orqanların çağırışlarına gəlmək istisna olmaqla, yaşayış yerindən çıxmaq, yaxın qohumlar istisna olmaqla, başqa şəxslərlə ünsiyyətdə olmaq və evdə qəbul etmək qadağan edilmiş, Radmanesh X12 (X2) üzərinə onun davranışına nəzarəti həyata keçirən orqanın nəzarət telefon zənglərinə və ya digər nəzarət siqnallarına cavab vermək və onun davranışına nəzarəti həyata keçirən orqana müəyyən edilmiş vaxtda zəng etmək, yaxud şəxsən gəlmək vəzifələri qoyulmuş və təqsirləndirilən şəxsin davranışlarına nəzarətin həyata keçirilməsi həmin şəxsin yaşadığı ünvan 1 ünvanı üzrə Bakı şəhəri Xətai rayon polis idarəsinə həvalə edilmişdir. Radmanesh X12 (X2) Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi 10 iyul 2015-ci il tarixdə Biləsuvar rayon Məhkəməsininin icraatına daxil olmuş, həmin cinayət işi məhkəmənin icraatına qəbul edilərək, məhkəmə hazırlıq iclası təyin edilmişdir. X13 Mohammad (X5) 22 iyul 2015-ci il tarixə, saat 10:00-a təyin edilmiş məhkəmə hazırlıq iclasında iştirak etsə də, o, məhkəmə baxış iclaslarına gəlməyərək, məhkəmədən qaçıb gizlənmişdir. 04 avqust 2015-ci il tarixə, saat 11:30-a, 10 avqust 2015-ci il tarixə, saat 11:30-a, 02 sentyabr 2015-ci il tarixə, saat 11:00-a, 15 sentyabr 2015-ci il tarixə, saat 11:00-a və 28 sentyabr 2015-ci il tarixə, saat 12:00-a təyin olunmuş məhkəmə baxış iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, həmin məhkəmə baxış iclaslarına gəlməmiş və gəlməməsinin səbəblərinə dair məhkəməyə məlumat verməmişdir. Buna görə də Biləsuvar rayon Məhkəməsinin 28 sentyabr 2015-ci il tarixli, 1(022)- 81/2015 saylı qərarı ilə Radmanesh X12 (X2) barəsində axtarış elan edilməklə, barəsində seçilmiş ev dustaqlığı qətimkan təbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, cinayət işi üzrə icraat həmin şəxs tapılanadək dayandırılmış və qərarın icrası Biləsuvar rayon polis şöbəsinə və Bakı şəhəri Xətai rayon polis idarəsinə həvalə edilmişdir. Biləsuvar rayon Məhkəməsinin 20 may 2025-ci il tarixli qərarı ilə Radmanesh X12 (X2) Azərbaycan Respublikası ərazisindən kənarda məhkəmədən gizləndiyi və məhkəmənin çağırışlarına gəlməkdən qəsdən boyun qaçırdığı, həmçinin təqsirləndirilən şəxsin cinayət prosesində şəxsən iştirakının təmin edilməsi mümkün olmadığına görə X12 (X2) Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmiş və qiyabi icraat açılmışdır. Təqsirləndirilən şəxs Radmanesh X12 (X2) məhkəməyədək icraat zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində göstərmişdir ki, o, ona elan edilmiş ittihamda özünü tam təqsirli bilir. O, anadan olduğu vaxtdan Təbriz şəhəri, Kərkəc kəndində ailəsi ilə birlikdə yaşayır və 5 övladı var. O, yaşadığı kənddə əkinçiliklə məşğuldur. O, hər il iki dəfə gəzmək üçün Azərbaycan Respublikasına gəzmək üçün gəlir. O, 26 may 2015-ci il tarixdə yenidən gəzmək üçün dostu X11 birlikdə Bakı şəhərinə gəlmək qərarına gəlmişdir. O, 3 il əvvəl beyin cərrahiyə əməliyyatı keçirmişdir. Buna görə də çox küt ağrıları olmuş və yaddaşı zəif olmuşdur. O, məcbur olduğu üçün narkotik vasitə tiryək çəkməli olur. Narkotik vasitə tiryək onun ağrılarına kömək edir. Bu səbəbdən o, evdən çıxarkən 1 ədəd idman çantasına şəxsi geyim əşyalarını qoymaqla yanaşı bir ədəd sellofan torbaya da şokoladkonfet yığmış, onların bir neçəsinin arasında bir az tiryək də gizlətmişdir. 26 may 2015-ci il tarixdə, saat təxminən 11 radələrində o, dostu X11 Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda olmuşdur. O, pasportunu pasport nəzarətindən keçirdikdən sonra piyada keçid xətti ilə sərnişin yoxlama otağına daxil olub, əl yüklərini yük yoxlama qurğusuna qoymuş və sərnişin keçid xəttində olan metal dedektorun altından keçmişdir. Həmin yerdə adını bilmədiyi gömrük əməkdaşı onunla şifahi sorğu-sual aparıb, üzərində və ya əl yüklərində narkotik vasitə, psixotrop maddə və qadağan olunmuş əşya olubolmadığını, Azərbaycan Respublikasına nə məqsədlə gəldiyini soruşmuşdur. O, isə üzərində qadağan olunmuş əşyanın olmadığını bildirmişdir. Həmin gömrük əməkdaşı 2 nəfər hal şahidinin iştirakı ilə onun əl yüklərinə baxış keçirmişdir. Baxış zamanı ona məxsus 1 ədəd sellofan torbanın içərisində olan konfet və şokoladları masanın üzərinə tökmüşlər. Konfetlərin içərisində üzərində “mones” sözləri yazılmış 1 kiloqram şokoladkonfetlərin 7 ədədinin içərisindən tünd qəhvəyi rəngli naməlum maddəni aşkar etmişlər. Həmin “mones” konfet-şokoladları ümumilikdə təxminən 1 kiloqram olmuşdur. Onun əl yükündən aşkar edilən cəmi 7 ədəd ayrı-ayrılıqda üzərində “mones” sözləri yazılmış cığarada qablaşdırılmış tünd qəhvəyi rəngli, narkotik vasitə tiryəkə bənzər maddə elektron tərəzidə çəkilmiş, qablaşdırılması ilə birlikdə ümumi çəkisinin 66 qram olduğu müəyyən edilmiş və xüsusi qablaşdırma vasitəsində qablaşdırılmışdır. Daha sonra müvafiq sənədləşmə işləri aparılmış və o da imzalamışdır. O, narkotik vasitələrin əldə edilməsinin, saxlanmasının, daşınmasının və Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinin qadağan olduğunu bilmişdir. O, etdiyi əməldən peşmandır və ilk dəfə cinayət törətmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsin müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, X13 Mohammad (X5) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Malı oğlu ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsində baş inspektor vəzifəsində işlədiyi dövrdə, 26 may 2015-ci il tarixdə iş bölgüsünə əsasən Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn sərnişinlərə gömrük nəzarətini həyata keçirmişdir. Həmin gün, saat 11:00-da şəxsiyyəti sonradan ona məlum olan İran İslam Respublikası vətəndaşı X13 Mohammad (X5) piyada keçid xətti vasitəsilə sərnişin yoxlama otağına daxil olmuşdur. Həmin şəxs sərnişin yoxlama otağına daxil olduğu vaxt onun diqqətini çəkmişdir. O, sonradan tanıdığı, nimdaş geyinmiş, əslində isə İran İslam Respublikasında xeyli sayda daşınmaz əmlakın və 2 mehmanxananın sahibi olan Radmanesh X12 (X2) pasportunu yoxlamış və sonuncu ilə şifahi sorğu-sual aparmışdır. X13 Mohammad (X5) onun suallarına həyəcanlı şəkildə cavab verdiyinə görə o, həmin şəxsdən şübhələnmişdir. Buna görə də o, həmin şəxsə üzərində qadağan olunmuş predmetlər, yəni narkotik vasitələr, psixotrop maddələr, dərman preparatları və digər əşyaların olub-olmamasını soruşmuş və əgər varsa, təqdim etməsini təklif etmişdir. X13 Mohammad (X5) isə üzərində dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı əşya olmadığını ona bildirmişdir. Təqsirləndirilən şəxsin hərəkətləri onda şübhə yaratdığına görə o, həmin şəxsin üzərində şəxsi yoxlama aparmaq qərarına gəlmişdir. Buna görə də o, X13 Mohammada (X4) üzərində şəxsi yoxlama keçiriləcəyi barədə məlumat verərək, sonuncunu şəxsi yoxlama otağına dəvət etmişdir. O, şəxsi yoxlama otağına iki nəfər hal şahidi də dəvət etmiş və həmin şəxslərə hüquq və vəzifələrini izah edərək, İran İslam Respublikası vətəndaşı Radmanesh X12 (X2) üzərində şəxsi yoxlama aparacağı barədə məlumat vermişdir. Bundan sonra o, təqsirləndirilən şəxs ilə təkrarən şifahi sorğu-sual apararaq, ona üzərində qadağan olunmuş predmetlər, yəni narkotik vasitələr, psixotrop maddələr, dərman preparatları və digər əşyaların olub-olmamasını soruşmuş və əgər varsa, təqdim etməsini təklif etmişdir. Həmin şəxs isə isə üzərində dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı əşya olmadığını ona bildirmişdir. Daha sonra isə o, Radmanesh X12 (X2) üzərində şəxsi yoxlama aparmağa başlamışdır. Yoxlama zamanı o, təqsirləndirilən şəxsin əl yüklərinə baxış keçirmiş və əl yüklərinə daxil olan bir ədədə sellofan torbanın içərisində təxminən 1 kiloqram üzərində “mones” sözləri yazılmış şokolad-konfetlərin arasından, eyni ilə həmin şokolad-konfetlərin forması halına salınmış 7 ədəd, ayrı-ayrılıqda üzərində “mones” sözləri yazılmış, cığarada qablaşdırılaraq gömrük nəzarətindən gizlədilmiş, tünd qəhvəyi rəngli, narkotik vasitə tiryəkə oxşar maddə aşkar etlmişdir. Radmanesh X12 (X2) əl yükündən aşkar edilən cəmi 7 ədəd, ayrı-ayrılıqda üzərində “mones” sözləri yazılmış cığarada qablaşdırılmış narkotik vasitə tiryəkə bənzər maddə elektron tərəzidə çəkilmiş və qablaşdırılması ilə birlikdə ümumi çəkisinin 66 qram olduğu müəyyən edilmişdir. Sonda təqsirləndirilən şəxsdən aşkar edilərək, götürülmüş həmin narkotik vasitələr qablaşdırılmış, protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid2 məhkəmədə göstərdi ki, o, 2015-ci ilin may ayında, günün birinci yarısında, həmyerlisi Şahid3 ilə birlikdə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunun qarşısında olduğu vaxt bir nəfər gömrük xidməti əməkdaşı onlara yaxınlaşaraq özünü təqdim etmiş və İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə gəlmiş şəxsin yoxlanmasında hal şahidi qismində iştirak etmələrini onlardan xahiş etmişdir. Onlar keçiriləcək yoxlamada hal şahidi qismində iştirak etməyə razılıq vermişlər. Bundan sonra onlar yoxlama otağına daxil olmuşlar. Yoxlama başlanılmazdan əvvəl gömrük əməkdaşı hal şahidi kimi hüquq və vəzifələrini onlara izah etmişdir. Bundan sonra gömrük xidməti əməkdaşı X13 Mohammada (X4) üzərində qadağan olunmuş predmetlərin, yəni narkotik vasitələrin, psixotrop maddələrin, dərman preparatları və digər əşyaların olub-olmamasını soruşmuş və varsa təqdim eləməyi təklif etmişdir. X13 Mohammad (X5) isə üzərində qadağan edilmiş hər hansı predmetin olmadığını bildirmişdir. Daha sonra gömrük əməkdaşı həmin şəxsin üzərində yoxlama həyata keçirmiş və yoxlama nəticəsində sonuncunun əl yüklərinə daxil olan bir ədəd sellofan torbanın içərisində təxminən 1 kiloqram çəkidə, üzərində “mones” sözləri yazılmış şokolad-konfetlərin arasından, eyni ilə həmin şokolad-konfetlərin forması halına salınmış 7 ədəd ayrı-ayrılıqda üzərində “mones” sözləri yazılmış cığarada qablaşdırılaraq gömrük nəzarətindən gizlədilmiş, tünd qəhvəyi rəngli, narkotik vasitə olan tiryəkə oxşar maddə aşkar edilmişdir. Sonda X13 Mohammaddan (X1) aşkar edilərək, götürülmüş həmin maddələr qablaşdırılmış, protokol tərtib edilmiş və həmin protokol o və digər baxış iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verərək, radələrində Biləsuvar Gömrük İdarəsinin «Qoşa Təpə» gömrük postunda 26 may 2015-ci il tarixdə, saat 12:00 radələrində keçirilmiş yoxlama nəticəsində İran İslam Respublikası vətəndaşı X13 Mohammadı (X2) əl yüklərinə daxil olan bir ədəd sellofan torbanın içərisində təxminən 1 kiloqram çəkidə, üzərində “mones” sözləri yazılmış şokoladkonfetlərin arasından, eyni ilə həmin şokolad-konfetlərin forması halına salınmış 7 ədəd ayrı-ayrılıqda üzərində “mones” sözləri yazılmış cığarada qablaşdırılaraq gömrük nəzarətindən gizlədilmiş, tünd qəhvəyi rəngli, narkotik vasitə olan tiryəkə oxşar maddə aşkar edildiyini təsdiq etdi. İş materiallarında olan malların yoxlanılması haqqında 26 may 2015-ci il tarixli protokoldan görünür ki, X13 Mohammada (X4) məxsus mallarının yoxlanılması zamanı onun əl yüklərinə daxil olan 1 ədəd sellofan torbanın içərisində çoxluq təşkil edən (Təqribən 1 kiloqram) ciğarasının üzərində “mones” sözləri yazılmış şokolad-konfetlərin arasından, eyni ilə həmin şokolad-konfetlərin formasına salınmış, cəmi 7 ədəd, ayrıayrılıqda üzərində “mones” sözləri yazılmış ciğarada qablaşdırılaraq, gömrük nəzarətindən gizlədilmiş tünd qəhvəyi rəngli, narkotik vasitə tiryəkə oxşar maddə aşkar edilmişdir. Cinayət işi materiallarında olan materialların məhkəmə ekspertizasının 18 iyun 2015-ci il tarixli, 11746 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...Biləsuvar Gömrük... X14 Mohammadın...» sözlər və imzalar olan bir ədəd 205804 nömrəli paketdəki, yeddi ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 6,490 qram, 10,552 qram, 8,853 qram, 9,841 qram, 11,652 qram, 8,555 qram və 8,861 qram, ümumi təmiz çəkisi 64,804 qram olan tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyli maddələr xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. (Məhkəmə Ekspertiza Mərkəzinin 27 may 2015-ci il tarixli, 10901 saylı ekspert arayışına əsasən ilkin tədqiqat zamanı 07 ədəd bükümdəki tiryəkin ümumi təmiz çəkisi 64,874 qram olmuşdur. Tiryəkin təmiz çəkisi ümumilikdə 64,874 qram olmuş, ilkin tədqiqata 0,07 qram, 18 iyun 2015-ci il tarixli ekspertiza tədqiqatına isə 0,07 qram sərf edilmiş, qalıq 64,734 qram qalmışdır. Cinayət işində olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 03 iyun 2015-ci il tarixli, 1079 saylı rəyindən görünür ki, X13 Mohammadda (X3) tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmuşdur. Lakin X13 Mohammadda (X3) abstinensiya və intoksikasiya əlamətlərinin olmasını, öz vəziyyətinə tənqidi münasibətinn olmasını, həmçinin “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3.7-ci bəndinə uyğun olaraq, yəni narkomanlıq xəstəliyinə düçar olmuş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara məcburi müalicə tətbiq edilə bilməz, hal-hazırda Radmanesh X12 (X2) yaş həddi ilə əlaqədar olaraq, məcburi müalicəyə ehtiyacı yoxdur. Radmanesh X12 (X2) ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş X15 Şərqi Azərbaycan əyaləti X21 Alinəsəb adına yüksək dərəcədə ixtisaslaşmış xəstəxananın 05 may 2015-ci il tarixli arayışından görünür ki, X13 Mohammad (X5) tinnitus və sol qulaqda eşitmənin zəifləməsi bunun nəticəsində xroniki mastostik xəstəliyi yaranması ilə əlaqədar olaraq cərrahi əməliyyat olunmuş xəstəliyin qayıtması ilə əlaqədar təkrar müalicə almalıdır. İşdə olan İran İslam Respublikasında həkim kimi fəaliyyət göstərən Məsud Mahmudzadənin 05 may 2015-ci il tarixli arayışından görünür ki, Radmanesh X12 (X2) qulağında nevraljik xəstəliklə bağlı əməliyyat icra edilmiş və həmin şəxs ağrıları azaltmaq üçün morfin qəbul etməlidir. Cinayət işi materiallarında olan Təbriz Tibb Universiteti Təbriz Sina adına Müalicə Mərkəzinin 15 may 2015-ci il tarixli, 94321 saylı arayışından görünür ki, başın sağ nahiyəsində bədxassəli beyin törəməsi ilə əlaqədar olaraq X13 Mohammad (X5) 2 dəfə cərrahi əməliyyat olunmuş və 1 dəfə kimyaterapik müalicə almışdır. Lakin xəstəliyin yenidən qayıtmasına görə X13 Mohammad (X5) bir neçə dəfə kimyaterapiya almalıdır. Ağrıları artarsa, xəstənin morfindən istifadəsi zəruri hesab edilir. İşdə olan X15 Şərqi Azərbaycan Səhiyyə İdarəsi Ustad Alinəsəb adına yüksək dərəcədə ixtisaslaşmış xəstəxananın 23 iyun 2015-ci il tarixli arayışından görünür ki, X13 Mohammad (X5) xroniki mastostrit xəstəliyi ilə əlaqədar təcili olaraq əməliyyat edilməlidir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Radmanesh X12 (X2) Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsiri tam sübuta yetirilir. Bundan başqa, X13 Mohammada (X4) elan edilmiş ittihamdan görünür ki, o, satış məqsədi olmadan 64,874 qram çəkidə narkotik vasitə tiryəki qanunsuz olaraq əldə etmiş, saxlamış və 26 may 2015-ci il tarixdə, saat 12:00 radələrində Biləsuvar Gömrük İdarəsinin «Qoşa Təpə» gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Cinayət əməli törədildiyi vaxt qüvvədə olan Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»nın İ siyahısının 19-cu bəndinin tələbinə görə tiryəkin (o cümlədən ekstrasiya edilən) şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 50 qramdır. Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinə görə isə həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə, həmin maddə ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 26 aprel 2022-ci il tarixli, 516-VİQD nömrəli qanunun 1.3.2-ci maddəsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə “234.1-1. Bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə – üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” məzmunda 234.1-1-ci maddə əlavə edilmişdir. Cinayət işinin məhkəmə iclasında tədqiq edilmiş sübutları ilə müəyyən edilir ki, X13 Mohammad (X5) satış məqsədi olmadan, külli miqdarda - 64,874 qram çəkidə narkotik vasitə tiryəki əldə etmiş, saxlamış və 26 may 2015-ci il tarixdə, saat 12:00 radələrində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Təqsirləndirilən şəxs ona istinad edilən əməli 2015-ci ildə baş vermiş və həmin vaxt qüvvədə olan cinayət qanunvericiliyinə görə isə Azərbaycan Respublikası CM-də satış məqsədi olmadan külli miqdarda narkotik vasitə və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyəti həmin Məcəllənin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuşdu və ağır cinayət hesab olunan Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi həmin Məcəlləyə cinayət törədildikdən təxminən 8 il sonra əlavə edilmişdir. Azərbaycan Respublikası CM-nin 10.1-ci maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Həmin Məcəllənin 10.4-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Həmçinin Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsinə görə isə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, təqsirləndirilən şəxs X13 Mohammad (X5) ona istinad edilən əməli törətdiyi vaxt qüvvədə olan Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş cianyət məsuliyyətinə cəlb edilmiş və sonradan həmin Məcəlləyə 234.1-1-ci maddənin əlavə edilməsi ilə nəticələnmiş dəyişikliklə təqsirləndirilən şəxsin cəzanı ağırlaşdıran və yaxud cinayət törətmiş şəxsin vəziyyətini pislşdirən müddəalar olduğuna görə hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin geriyə qüvvəsi yoxdur. Buna görə də məhkəmə hazırki cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 327.1.2-ci maddəsinə görə məhkəmə baxışı təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. İş materiallarından görünür ki, X13 Mohammad (X5) 22 iyul 2015-ci il tarixə, saat 10:00-a təyin edilmiş məhkəmə hazırlıq iclasında iştirak etdikdən sonra, digər məhkəmə baxış iclaslarında qəsdən iştirak etməyərək, məhkəmədən qaçıb gizlənmişdir. Buna görə də Biləsuvar rayon Məhkəməsinin 28 sentyabr 2015-ci il tarixli, 1(022)-81/2015 saylı qərarı ilə Radmanesh X12 (X2) barəsində axtarış elan edilsə də, təxminən 10 il ərzində həmin şəxsin tutulub, ədalət mühakiməsini həyata keçirən orqanına təhvil verilməmişdir. Buna görə də X12 (X2) Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmiş və qiyabi icraat açılmışdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, hazırki məhkəmə iclası qiyabi icraat qaydasında aparıldığına görə təqsirləndirilən şəxs Radmanesh X12 (X2) məhkəməyədək icraat zamanı verdiyi ifadələrin məhkəmə baxışında elan edilməsi Azərbaycan Respublikası CM-nin 327.1.2-ci maddəsinin tələbinə uyğundur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorslarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanununun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorslarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanununun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndində məhkəmələrə izah etmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, 1 nömrəli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyyə olunur ki, dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış narkotik vasitə və ya psixotrop maddə mənşəli dərman vasitələri həqiqətən tibbi resept əsasında əldə edilmiş olsa belə, həmin dərman vasitələrini Azərbaycan Respublikasının gömrük sərhədindən keçirən şəxs bilə-bilə onları düzgün bəyan etmədikdə (məsələn, dövriyyəsi məhdudlaşdırılmamış başqa dərman vasitəsi kimi təqdim etdikdə və sair), müxtəlif üsullardan istifadə etməklə gizlətdikdə, onun əməli qaçaqmalçılıq cinayəti kimi qiymətləndirilərək CM-nin 206.2-ci maddəsi ilə, buna kifayət qədər əsaslar olduqda, həm də CM-nin 234-cü maddəsi ilə tövsif edilir. Digər hallarda, yəni şəxs qeyd olunan dərman vasitələrini bəyan etməməklə, gömrük nəzarətindən kənar, yaxud tibbi sənədlərdən, o cümlədən reseptdən aldatma yolu istifadə etməklə gömrük sərhədindən keçirdikdə, onun əməllərinə işin faktiki hallarından (məsələn, dərman vasitələrinin miqdarının tibbi reseptə uyğun olub-olmamasından, xəstəliyin xarakterindən və ağırlıq dərəcəsindən və sair hallardan) asılı olaraq hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair“ 06 yanvar 2021-ci il tarixli qərarının 1-ci bəndində müəyyən etdiyi hüquqi mövqeyə görə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş narkotik vasitələri və ya psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qanunsuz olaraq keçirən və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda saxlayan və daşıyan şəxsin əməli cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə cinayət məsuliyyəti yaradır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilmə üsulunu, təqsirləndirilən şəxsin üzərində aşkar edilmiş narkotik vasitənin növünü, sayını və çəkilərini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ona təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Hazırda ahıl yaşda olmasını, bədxassəli beyin törəməsi xəstəliyindən əziyyət çəkməsini və ailəsini dolandıran yeganə şəxs olmasını məhkəmə Radmanesh X12 (X2) cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə X13 Mohammada (X4) təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə cəzası təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin iş materiallarından görünür ki, təqsirləndirilən şəxs X13 Mohammad (X5) barəsində 27 may 2015-ci il tarixdə, saat 14:00-da şübhəli şəxs kimi tutma tətbiq olunsa da, həmin şəxs faktiki olaraq 26 may 2015-ci il tarixdə, saat 12:00 radələrindən gömrük orqanı əməkdaşları tərəfindən inzibati qaydada saxlanılmışdır. Bundan başqa, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs Radmanesh X12 (X2) barəsində Bakı şəhəri Yasamal rayon məhkəməsinin 28 may 2015-ci il tarixli, 4(004)- 682/2015 saylı qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 28 may 2015-ci il traixli, 4(004)-683/2015 saylı qərarı ilə həbs qətimkan tədbirinə alternativ 3 ay müddətinə, 27 avqust 2015-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Biləsuvar rayon Məhkəməsinin təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və işin məhkəmə baxışına təyin edilməsi haqqında 22 iyul 2015-ci il tarixli qərarı ilə Radmanesh X12 (X2) barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Biləsuvar rayon Məhkəməsinin 28 sentyabr 2015-ci il tarixli, 1(022)-81/2015 saylı qərarı ilə isə Radmanesh X12 (X2) barəsində axtarış elan edilməklə, barəsində seçilmiş ev dustaqlığı qətimkan təbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, cinayət işi üzrə icraat həmin şəxs tapılanadək dayandırılmışdır. İş materiallarındam görünür ki, Radmanesh X12 (X2) qeyri-qanuni yollarla İran İslam Respublikasına qayıtdığına görə həmin şəxsin Azərbyacan Respublikası ərazisini tərk etdiyi və ya qəsdən barəsində təyin edilmiş ev dustaqlığı qətimkan tədbirinin icrasından imtina etdiyi vaxtı iş materialları ilə müəyyən etmək mümkün deyil. Bununla əlaqədar məhkəmə hesab edir ki, Radmanesh X12 (X2) faktiki olaraq tutulduğu tarixdən sonuncu barəsində axtarış elan edilərək, seçilmiş ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbirinə dəyişdirildiyi tarixə qədər hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2.2-ci maddəsinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin faktiki olaraq tutulduğu vaxtdan, yəni 26 may 2015-ci il tarixdən həmin şəxsin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbirinə dəyişdirildiyi 28 sentyabr 2015-ci il tarixədək müddət 4 ay 2 gün həddində müəyyən edilməklə, X13 Mohammada (X4) təyin edilən azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. Radmanesh X12 (X2) cəzaçəkmə müddətinin başlanğıcı Biləsuvar rayon Məhkəməsinin 28 sentyabr 2015-ci il tarixli, 1(022)-81/2015 saylı qərarının və ya hazırki hökmün icrası qaydasında Radmanesh X12 (X2) faktiki tutulduğu və ya könüllü olaraq özünü cəzanı icra edən orqana təqdim etdiyi vaxtdan hesablanmalıdır. “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3.7-ci bəndinə görə yaşı 60 yaşından yuxarı olan narkomanlıq xəstəliyinə düçar olmuş kişilərə məcburi müalicə tətbiq oluna bilməz. Məhkəmə tibbi yoxlamanın 03 iyun 2015-ci il tarixli, 1079 saylı rəyini nəzərə alaraq hesab edir ki, X13 Mohammada (X4) həmin şəxs hazırda 72 yaşında olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilə bilməz və X13 Mohammad (X5) ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə qiyabi hökmün ləğv edilməsi və məhkəmə baxışının təzələnməsi ehtimalını nəzərə alaraq, hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra xalis çəkisi 64,734 qram olan narkotik vasitə - tiryək ittiham hökmünün Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə müəyyən edilmiş icrası müddəti ərzində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində cəmi 144 manat 93 qəpik məbləğində pul vəsaiti X13 Mohammaddan (X1) dövlət nəfinə tutulmalıdır. Məhkəmə Radmanesh X12 (X2) barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Radmanesh X12 (X2) barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 467-16.1-ci maddəsinə görə qiyabi hökm və ya digər yekun qərar həmin Məcəllə ilə nəzərdə tutulmuş ümumi qaydada çıxarılır və icra edilir. Həmin Məcəllənin 467-16.2-ci maddəsinə əsasən barəsində qiyabi hökm və ya digər yekun qərar çıxarılmış şəxs Azərbaycan Respublikasının hüdudlarından kənarda olduqda qiyabi hökmün və ya digər yekun qərarın icra olunması üçün Azərbaycan Respublikası CPM-də və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş tədbirlər görülür. Biləsuvar rayon Məhkəməsinin 28 sentyabr 2015-ci il tarixli, 1(022)-81/2015 saylı qərarından görünür ki, Radmanesh X12 (X2) barəsində axtarış elan edilməklə, barəsində seçilmiş ev dustaqlığı qətimkan təbiri həbs qətimkan tədbiri ilə əvəz edilsə də, təqsirləndirilən şəxsin həbsdə saxlama yeri müəyyən edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, Radmanesh X12 (X2) həbsdə saxlama yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən olunmalıdır. İş materialları və işin məhkəmə iclasında tədqiq edilmiş halları ilə Radmanesh X12 (X2) Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəzanın şamil olunmasını istisna edən, Azərbaycan Respublikasının 52.2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən edilmədi. Buna görə də məhkəmə Azərbaycan Respublikası CM-nin 52.1 və 58.3-cü maddələrinə əsasən hesab edir ki, təyin olunacaq əsas cəza növünü, yəni azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra Radmanesh X12 (X2) Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılması, həmin şəxs Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarıldıqdan sonra, hazırki məhkəmə hökmü ilə təyin edilmiş məhkumluğu götürülənədək və ya ödənilədək Radmanesh X12 (X2) Azərbaycan Respublikasına gəlmək hüququnun müvəqqəti məhdudlaşdırılması qanuna və məqsədə müvafiqdir. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 467-17.1-ci maddəsinə görə barəsində qiyabi hökm və ya digər yekun qərar çıxarılmış şəxs qiyabi hökm və ya digər yekun qərar qanuni qüvvəyə mindikdən sonra könüllü gəldikdə və ya cəzanı icra edən orqanın sərəncamına verildikdə cəzanı icra edən orqan dərhal qiyabi hökm və ya digər yekun qərarı çıxarmış məhkəməyə qiyabi hökm və ya digər yekun qərarın ləğv edilməsi və yeni məhkəmə baxışının keçirilməsi barədə məsələlərə baxılması üçün təqdimat verir. Bununla əlaqədar məhkəmə hesab edir ki, X13 Mohammad (X5) onun barəsində çıxarılmış hazırki hökm qanuni qüvvəyə mindikdən sonra könüllü gəldikdə və ya cəzanı icra edən orqanın sərəncamına verildikdə, qiyabi hökm və ya digər yekun qərarın ləğv edilməsi və yeni məhkəmə baxışının keçirilməsi barədə tədimatla hökmü çıxarmış məhkəməyə - Biləsuvar rayon Məhkəməsinə müraciət etmək vəzifəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 467-17.3-cü maddəsinə görə məhkəmə barəsində qiyabi hökm və ya digər yekun qərar çıxarılmış şəxsə qiyabi hökm və ya digər yekun qərarın ləğv edilməsi və yeni məhkəmə baxışının keçirilməsi barədə ərizə vermək hüququnu izah edir, bunu məhkəmə iclasının protokoluna daxil edir, barəsində qiyabi hökm və ya digər yekun qərar çıxarılmış şəxsə və onun müdafiəçisinə 10 gün müddətində cinayət işinin materialları ilə tanış olmaq üçün şərait yaradır. Cinayət işinin həcminin böyüklüyü ilə əlaqədar barəsində qiyabi hökm və ya digər yekun qərar çıxarılmış şəxsin və ya onun müdafiəçisinin vəsatəti əsasında həmin müddət 30 günədək uzadılır. Həmin Məcəllənin 467-17.4-cü maddəsinə əsasən cinayət işinin materialları ilə tanışlıq başa çatdığı vaxtdan 48 saat ərzində barəsində qiyabi hökm və ya digər yekun qərar çıxarılmış şəxs və ya onun müdafiəçisi qiyabi hökm və ya digər yekun qərarın ləğv edilməsi və yeni məhkəmə baxışının keçirilməsi barədə ərizə verməzsə, hakim qiyabi hökmün və ya digər yekun qərarın icrası barədə göstəriş verir və qiyabi hökm və ya digər yekun qərar ümumi qaydada icra olunur. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X13 Mohammada (X4) və onun müdafiəçisinə izah edilməlidir ki, təqsirləndirilən şəxs könüllü gəldikdə və ya cəzanı icra edən orqanın sərəncamına verildikdə, qiyabi hökmün ləğv edilməsi və yeni məhkəmə baxışının keçirilməsi barədə ərizə vermək və 10 gün müddətində cinayət işinin materialları ilə tanış olmaq hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 327, 346, 347, 349, 351-353, 381, 384, 385, 467-12, 467-16 və 467-17-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X13 Mohammad (X5) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə isə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən X13 Mohammada (X4) təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona çəkilməsi üçün qəti olaraq 3 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 4 (dörd) ay 2 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 1 gün hesabı ilə hesablansın və Radmanesh X12 (X2) üzərində qəti olaraq 3 (üç) il 4 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi X13 Mohammada (X4) ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Radmanesh X12 (X2) barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Radmanesh X12 (X2) cəzaçəkmə müddətinin əvvəli Biləsuvar rayon Məhkəməsinin 28 sentyabr 2015-ci il tarixli, 1(022)-81/2015 saylı qərarının və ya hazırki hökmün icrası qaydasında Radmanesh X12 (X2) faktiki tutulduğu və ya könüllü olaraq özünü cəzanı icra edən orqana təqdim etdiyi vaxtdan hesablansın. Radmanesh X12 (X2) həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. X13 Mohammad (X5) ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri qismində cəmi 144 (bir yüz qırx dörd) manat 93 (doxsan üç) qəpik məbləğində pul vəsaiti X13 Mohammaddan (X1) dövlət nəfinə tutulsun. X13 Mohammaddan (X1) götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, xalis çəkisi 64,734 qram olan narkotik vasitə - tiryək Azərbaycan Respublikası cinayət qanunvericiliyi ilə ittiham hökmünün icrası üçün müəyyən edilmiş müddət ərzində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində saxlanılsın. X13 Mohammad (X5) Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən əsas cəza növünü çəkib qurtardıqdan sonra Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılsın. X13 Mohammad (X5) Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarıldıqdan sonra, hazırki məhkəmə hökmü ilə təyin edilmiş məhkumluğu götürülənədək və ya ödənilədək onun Azərbaycan Respublikasına gəlmək hüququ müvəqqəti məhdudlaşdırılsın. X18 (X5) hazırki hökm qanuni qüvvəyə mindikdən sonra könüllü gəldikdə və ya cəzanı icra edən orqanın sərəncamına verildikdə, qiyabi hökm və ya digər yekun qərarın ləğv edilməsi və yeni məhkəmə baxışının keçirilməsi barədə təqdimatla Biləsuvar rayon Məhkəməsinə müraciət etmək vəzifəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. X16 (X4) və onun müdafiəçisi Müdafiəçi izah edilsin ki, X18 (X5) könüllü gəldikdə və ya cəzanı icra edən orqanın sərəncamına verildikdə, qiyabi hökmün ləğv edilməsi və yeni məhkəmə baxışının keçirilməsi barədə ərizə vermək və 10 gün müddətində cinayət işinin materialları ilə tanış olmaq hüququ vardır. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar