Məhkəmə qərarları › İş №1(022)-203/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №1(022)-203/2023

12.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 1(022)-203/2023 12.12.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X6 oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş Zərərçəkmiş şəxs iştirakı ilə, X1 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Zərərçəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Biləsuvar rayon Məhkəməsinə müraciət edərək, X1 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Zərərçəkmiş şəxs göstərdi ki, barəsində xüsusi ittiham qaydasında şikayət etdiyi X3 və sonuncunun qardaşı ilə onun arasında çoxsaylı məhkəmə çəkişmələri olmuşdur. Bununla belə, Ş.C.Qocayev “Facebook” sosial şəbəkəsində özünəməxsus “Sgirindil Gojayev” adlı səhifədə onun barəsində böhtan xarakterli məlumatlar paylaşmış, onu ağır cinayət törətməkdə ittiham etmişdir. Buna görə də o, həmin şəxsin ona böhtan ataraq, onun barəsində həqiqətə uyğun olmayan informasiyalar yayması barədə Biləsuvar rayon polis şöbəsinə müraciət etmişdir. Lakin Biləsuvar rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X4 tərəfindən toplanmış materialda cinayət hadisəsi olmadığına görə 07 noyabr 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. O, həmin qərarla razı deyil və buna görə də Ş.C.Qocayevin onun şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzuna xələl gətirən cinayətə yol verdiyinə görə cəzalanmasını istəyir. Buna görə də o, xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsini və X1 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə məhkəməyə verilməklə, həmin şəxsə müvafiq cəza verilməsini tələb edir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 məhkəmə iclasının vaxtı və yeri barədə, həmin şikayətdə göstərilmiş ünvan üzrə, məhkəmə bildirişi göndərilsə də, Ş.C.Qocayev məhkəmə iclasına gəlməməyinin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayəti və ona əlavə edilmiş sənədləri tədqiq edərək, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsi dinləyərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3-cü maddəsinin müdddəalarına uyğun olmadığına görə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə görə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma həmin maddə ilə nəzərdə tutulan cinayət tərkibini yaradır. Həmin Məcəllənin 147.2-ci maddəsinə əsasən isə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulan cinayət tərkibini yaradır. Azərbaycan Respublikası CPM-nin 302.1.3-cü maddəsinə görə şikayətin məzmunu həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina etməlidir. Həmin Məcəllənin 293.3.1, 293.3.2 və 293.3.6-cı maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) və şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilir. Beləliklə, Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı xüsusi ittiham qaydasında şikayətdə həmin şəxsin doğulduğu il, məşğuliyyəti, cinayətin nə vaxt törədilməsi, habelə şikayətin verildiyi yer göstərməmişdir. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 302.1.4-cü maddəsinin tələbinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina etməlidir. Lakin Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı xüsusi ittiham qaydasında şikayətdə sonuncunun Ş.C.Qocayevə istinad etdiyi cinayət əməlinin törədildiyi vaxt dəqiq şəkildə göstərilmədiyinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçibkeçməməsini müəyyən etmək mümkün deyil. Azərbaycan Respublikası CPM-nin 302.2.3-ci maddəsinə görə məhkəmə, həmin Məcəllənin 302.1.2 - 302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 293, 299, 300, 302, 381, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması barədə Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında verdiyi şikayətin icraata qəbul olunmasından imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin Sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar