Məhkəmə qərarları › İş №1(022)-21/2024

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-21/2024

30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-21/2024 30.01.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullayev Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon Vəkil bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxxx 1997-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Biləsuvar rayonu, Əsgərabad kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində 03 sentyabr 2023-cü il tarixli qərarla polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda - 25.316 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 01 sentyabr 2023-cü il tarixdə, saat 21:05 dəqiqədə Biləsuvar şəhəri, Q.Həsənova küçəsində, “Azpetrol” yanacaq doldurma məntəqəsinin yanında cinayət barədə xəbərsiz olan Şahid6 idarə etdiyi “VAZ 21074” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobillə sərnişin qismində hərəkətdə olan zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Biləsuvar RPŞ-nə gətirilmiş və şöbənin inzibati binasında üzərində şəxsi axtarış keçirilərkən həmin narkotik vasitə olan qurudulmuş marixuana əlindəki göy sellofanın içərisində yapışqan lentlə sarılmış bir ədəd şəffaf rəngli bükülünün içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun psixi problemləri yoxdur və heç bir dispanserdə qeydiyyatda deyil. Rəsmi olaraq heç bir yerdə işləmir. Biləsuvar rayonuna gəlmək məqsədilə 01 sentyabr 2023-cü ildə, saat 14-15 radələrində Bakı şəhərində, 3-cü mikrorayon dairəsi deyilən ərazidən Masallı rayonuna gedən tanımadığı taksiyə əyləşərək Biləsuvar rayonu istiqamətində yola düşmüşdür. Biləsuvar rayonuna gəlməkdə məqsədi burada yaşayan qohum əqrabasını görmək olmuşdur. Biləsuvar rayonuna çatdıqdan sonra “Aran” marketin yanında avtomobildən düşmüşdür. Biləsuvar rayonu “Aran” marketin qarşısından tanımadığı taksiyə əyləşərək onu Əsgərabad kəndinə aparmasını xahiş etmişdir. Taksi ilə hərəkətə başladıqdan sonra yanacaq doldurma məntəqəsinin yaxınlığında bir neçə nəfər şəxs avtomobilə yaxınlaşıb özlərini tədim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Sonra da narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib onu və sürücünü Biləsuvar RPŞ-nə dəvət etmişlər. O da heç bir etiraz etmədən onlarla polis şöbəsinə gəlmişdir. Polis Şöbəsində xidməti otaqların birində hüquqları ona izah olunmuşdur. Sonra da öz istəyi ilə hüquqlarını müdafiə etmək üçün X4 vəkil kimi dəvət olunmuşdur. Bundan sonra polis əməkdaşı onun üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya varsa hamısını çıxarıb stolun üstünə qoymasını demişdir. Bir neçə gün əvvəl Bakı şəhəri Nəsimi rayonunda Şamaxinka deyilən ərazidə tapdığı narkotik vasitə marixuana olan sellofan sumkanı onlara təqdim etmiş və bundan başqa üzərində qanunla qadağan olunmuş heç bir şeyin olmadığını, həmin bir ədəd bükülünün içində marixuana olduğunu, ona məxsus olduğunu demişdir. Bundan sonra üzərində şəxsi axtarış keçirilsə də, qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Təqdim etdiyi sellofanın içərisində aşkar edilmiş bükülü açılıb baxıldıqda içərisində marixuanaya oxşar maddə və metamfetaminə oxşar maddə olması müəyyən olunmuş, elektron tərəzidə çəkildikdən sonra bükülü ilə birlikdə zərfə qoyulmuş və zərf möhürlənmişdir. Zərfin üzərini bütün iştirakçılar, o cümlədən o da imzalamışdır. Üzərində keçirilən şəxsi axtarış barədə protokol tərtib olunmuş, protokolu hamı, o cümlədən o da imzalamışdır. Əlavə olaraq ifadəsində göstərmişdir ki, həmin narkotik vasitə marixuana ona məxsusdur, satışı barədə düşünməmişdir və heç kimə satmamışdır. Taksi sürücüsü Şahid6 tanımır. Sonuncu onda olan narkotik vasitədən məlumatsız olmuşdur. Hazırda səhvini başa düşür, əməlindən səmimi peşmandır. Barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisi və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Biləsuvar RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantı rütbəsindədir. Biləsuvar rayonu Əsgərabad kəndində qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun həmin cinayət əməlini ifşa etmək məqsədi ilə 01 sentyabr 2023-cü il tarixdə Biləsuvar RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili polis leytenantı Şahid2 tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin cinayət əməlinin ifşa edilməsi məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə o, Biləsuvar RPŞnin NMQ-nın əməliyyat müvəkkili polis leytenantı Şahid2, CAB-nin əməliyyat müvəkkili, polis kapitanı X5, DYPB-nin YPX-nin inspektorları, polis baş serjantı Şahid5 və polis baş serjantı Şahid4 daxil edilmişdir. 01 sentyabr 2023-cü il tarixdə, saat 21 radələrində Təqsirləndirilən şəxs içərisində əyləşdiyi ehtimal etdikləri “Vaz 21074” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobil Biləsuvar rayonu, Q.Həsənova küçəsində hərəkətdə olan zaman əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən 5 dəqiqə sonra həmin avtomobili “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında saxlamışdır. O və yaradılmış əməliyyat qrupunun digər üzvləri avtomobilə yaxınlaşıb sürücü və avtomobildə sərnişinin kimi əyləşmiş bir şəxsə özlərini təqdim edərək, həmin şəxslərə üzərilərində və avtomobildə narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş digər əşya daşımaları şübhəsinin olduğunu izah edərək avtomobillə birlikdə RPŞ-nə gətirmişlər. RPŞ-də “Vaz 21074” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün Şahid6, avtomobildə əyləşmiş sərnişinin isə Biləsuvar rayonu Əsgərabad kəndində qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs olmasını müəyyən etmişlər. Aşkar edilən faktla bağlı RPŞ-nin rəhbərliyinə raportla müraciət edilmişdir. Həmin raport əsasında RPŞ-nin TB-nin təhqiqatçısı Nicat İbayev tərəfindən araşdırma aparılmağa başlanılmışdır. RPŞ-nin xidməti otaqlarının birində o, Biləsuvar RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili polis leytenantı Şahid2 və vəkil Fədai Quliyevin iştirakları ilə videoçəkiliş aparılmaqla Şahid6 üzərinə şəxsi axtarış keçirilmişdir. İlk olaraq Şahid6 üzərində narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa könüllü olaraq çıxarıb təqdim etməsi təklif edilmişdir. Lakin Şahid6 üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmetin olmadığını bildirmişdir. Bundan sonra Şahid6 üzərinə şəxsi axtarış keçirilsə də, hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya, predmet aşkar olunmamışdır. Son olaraq isə onun, CAB-nin əməliyyat müvəkkili, polis kapitanı X2, NMQ-nın əməliyyat müvəkkili polis leytenantı Şahid2, vəkil Habil Məmmədovun, vəkil Fədai Quliyevin, habelə şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs və Şahid6 iştirakları ilə videoçəkiliş aparılmaqla Şahid6 idarə etdiyi “Vaz 21074” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı şübhəli şəxslər Təqsirləndirilən şəxs və Şahid6 avtomobildə narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa könüllü olaraq çıxarıb təqdim etməsi təklif edilmişdir Lakin həmin şəxslər avtomobildə qadağan edilmiş heç bir əşya və ya prdemet gizlətmədiklərini bildirmişlər. Həmin avtomobilə tərəflərindən baxış keçirilsə də, hər hansı narkotik vasitə, qanunla qadağan edilmiş əşya, predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs və Şahid6 üzərinə şəxs axtarış, Şahid6 idarə etdiyi “Vaz 21074” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi barədə protokollar tərtib edilmiş, həmin protokolların doğruluğunu imzaları ilə təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilən Şahid2 və Şahid5 Şahid1 ilə eyni məzmunda ifadə verdilər. İş üzrə məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 01 sentyabr 2023-cü il tarixdə, saat 19 radələrində Biləsuvar rayonunda “Aran” marketin qarşısında ona məxsus Vaz 2107 markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlamışdır. Rəsmi olaraq taksi fəaliyyəti ilə məşğul olmasa da ara-sıra 3-5 manat qazanmaq üçün gecə taksi fəaliyyəti ilə məşğul olur. Qeyd olunan tarixdə və saatda əvvəlcədən tanımadığı, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs ona yaxınlaşaraq onu Biləsuvar rayonu Əsgərabad kəndinə aparmasını xahiş etmişdir. O avtomobili işə salaraq Biləsuvar rayonu Əsgərabad kəndi istiqamətində hərəkətə başlamış, Biləsuvar rayonu Q.Həsənova küçəsində “Azpetrol” yanacaq doldurma məntəqəsinin yanında polis əməkdaşları saxla əmri vermişlər. O, avtomobili saxladıqdan sonra onları Biləsuvar rayon Polis Şöbəsinə dəvət etmişlər. Əlavə olaraq ifadəsində göstərmişdir ki, Biləsuvar rayon Polis Şöbəsində olarkən Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olduğunu öyrənmiş, əvvəlcədən bu barədə məlumatı olmamış və Təqsirləndirilən şəxs da ona bu barədə nəsə deməmişdir. İşdə olan Şəxsi axtarış və götürmə barədə 01 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddə olması şübhəsi yarandığı üçün CAB-nin əməliyyat müvəkkili, polis kapitanı X5, NMQ-nın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və vəkil Habil Məmmədovun iştirakları ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. İlk olaraq Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa, könüllü olaraq çıxarıb təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs da əlindəki sellofanıın içində bükülmüş bir ədəd bükümü çıxarıb təqdim etmiş və həmin bükümdə özünün istifadəsi üçün narkotik vasitə marixuana olmasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açılıb baxıldıqda içərisində narkotik vasitə marixauana olması müəyyən edilmişdir. Aşkar edilərək götürülmüş narkotik vasitə marixuana sellofan bükümlə birlikdə çəkildikdə 28.21 qram olması müəyyənləşdirilmişdir. Bundan başqa, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə marixuana zərfə qoyularaq qablaşdırılmış, şöbənin 61 nömrəli möhürü ilə möhürləndikdən sonra götürülmüşdür. Şəxsi axtarış zamanı «RedMi» markalı videokamera ilə çəkilmiş videogörüntülər olan diskə baxış keçirilmiş və toplanmış istintaq materiallarına əlavə edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin X1 02 sentyabr 2023-cü il tarixli 19/839 №-li ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində «... Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş marixuanaya bənzər maddə...» sözlər və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi – 25,316 qram olan maddə qurudulmuş marixuanadır. Qurudulmuş marixuananın təmiz çəkisi 25,316 qram., cəmi tədqiqata sərf olundu-0,1 qram., qalıq 25,216 qram. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 25,316 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın tədqiqatdan sonrakı 25,216 qram qalığı cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. İşdə olan ambulator məhkəmə-narkoloji ekspertizasının 05 sentyabr 2023-cü il tarixli 863 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindormu (narkomaniya xəstəliyi) aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” 1 siyahısının 12-ci bəndinə görə qurudulmuş marixuana-Kannabisin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 5,0 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qramdır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı yüngülləşdirən hallar yaşadığı yer üzrə müsbət xarakterizə olunması və əməlindən səmimi peşman olmasıdır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. İş materiallarında olan 01 sentyabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 sentyabr 2023-cü il tarixdə saat 21:40-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 03 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 sentyabr 2023-cü il saat 11:10-da polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, azad edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, CPM-in 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.1-ci maddəsi ilə tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddə ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-in 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün CM-in 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Habelə məhkəmə hesab edir ki, CPM-in 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa, məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, CPM-in 132-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan tədqiqatdan sonra qalan xalis çəkisi 25,216 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 sentyabr 2023-cü il tarixindən 03 sentyabr 2023-cü il tarixinədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində saxlanılma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 60 (altmış) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 25,216 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar