Məhkəmə qərarları › İş №1(022)-22/2024

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-22/2024

17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-22/2024 17.04.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X2 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 uşağı olan, fərdi əməklə məşğul olan, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, 1(003)-43/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə, 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 7(057)-364/2023 saylı qərarı ilə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 3 ay 20 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 2 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan, xeyli miqdarda - 1,339 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 23 oktyabr 2023-cü il tarixdə, saat 20:35-də Şahid4 idarə etdiyi «Opel Astra» markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ələt-Astara yolunun Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisindən keçən 141-ci kilometrliyində yerləşən “Turist 5” kafesinin yaxınlığında hərəkətdə olduğu zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq, Biləsuvar rayon polis şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə heroin bir ədəd şəffaf rəngli bükümdə olmaqla əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərərk göstərdi ki, o, artıq uzun müddətdir ki, narkotik vasitə heroin istehlak edir və həmin vasitədən istifadə etdiyinə görə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli hökmü ilə 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. O, Salyan rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli qərarı ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından azad edilmişdir. O, sonuncu dəfə 23 oktyabr 2023-cü il tarixdə, səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, «Əmircan» qəsəbəsində piyada gəzərkən yerdən şəffaf rəngli sellofan büküm tapmış və həmin bükülünü açdığı zaman içərisində narkotik vasitə heroin olduğunu görmüşdür. O, həmin narkotik vasitə heroini sonradan bədənində ağrılar olduğu zaman istehlak etmək məqsədilə əynindəki şalvarın sağ yan cibində gizlətmişdir. O, həmin gün tanışı Şahid3 ilə görüşmüş və söhbət etdikləri vaxt o, həmin şəxsə avtomobil ehtiyyat hissələri almaq üçün bilikdə Biləsuvar rayonuna getmələrini təklif etmişdir. Şahid3 onun təklifi ilə razılaşmış və onlar həmin gün taksi vasitəsi ilə Biləsuvar rayonuna yola düşmüşlər. O, nəqliyyat vasitəsinə mindiyi vaxt içərisində narkotik vasitə olan həmin bükülü onun üzərində olmuşdur. Onlar Biləsuvar rayonunda olduqları vaxt ərzində avtomobil ehtiyyat hissələri almışlar və həmin gün saat 20 radələrində Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində, yolun kənarında Bakı şəhərinə gedən taksi tapmaq məqsədi ilə yolun kənarında dayanmışlar. O, sonradan adını bildiyi Şahid4 idarə etdiyi «Opel Astra» markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobillə işarə verib saxlatmış və sürücüdən onları Bakı şəhərinə aparmağı xahiş etmişdir. Bundan sonra onlar həmin nəqliyyat vasitəsinə əyləşmişlər və yola düşmüşlər. Həmin vaxt avtomobilin qabaq oturacağında adını sonradan bildiyi X1 adlı bir nəfər sərnişin də olmuşdur. Həmin nəqliyyat vasitəsi təxminən 200 metr məsafə qət etdikdən sonra - “Turist 5” kafesinin yaxınlığında hərəkətdə olduğu zaman yol patrul xidmətinin əməkdaşları avtomobilə saxla əmrini verdiklərinə görə sürücü Şahid4 nəqliyyat vasitəsini yolun kənarında saxlamışdır. Həmin vaxt polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmiş, gəlişlərinin səbəbini izah etdikdən sonra onu Biləsuvar rayon polis şöbəsinə dəvət etmişlər. Biləsuvar rayon polis şöbəsinin inzibati binasında videoçəkiliş aparılmaqla, vəkilin iştirakı ilə, onun üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl hüquq və vəzifələri ona izah edilmiş, üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların, eləcə də narkotik vasitələrin və ya psixotrop maddələrin olub-olmaması soruşulmuşdur. O da əynindəki şalvarın sağ yan cibində gizlətdiyi həmin bükümü çıxarıb, polis əməkdaşlarına təqdim etmiş və bükülünü həmin gün, səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, «Əmircan» qəsəbəsində piyada gəzərkən yerdən tapdığını və bədənində ağrılar olduğu zaman istifadə etmək məqsədi ilə saxladığını bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış və sərnişini olduğu «Opel Astra» markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilmiş, lakin onun üzərində və avtomobildə dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış başqa əşya aşkar edilməmişdir. Şəxsi axtarış və baxış keçirilməsi ilə əlaqədar protokollar tərtib edilmiş, eyni zamanda onun üzərindən aşkar edilmiş narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. Tərtib olunmuş protokollar ona ucadan oxunmuş, protokol və üzərindən götürülmüş əşyaların qablaşdırıldığı zərfin üzəri o və digər baxış iştirakçıları tərəfindən imzalanmışdır. Bundan əlavə, o bildirdi ki, onun üzərində narkotik vasitə heroin olduğundan sürücü Şahid4, tanışı Şahid3 və avtomobildə olan sərnişin S.Ə.Əliyevin xəbəri olmamışdır. Onun Şahid3 üzərində narkotik vasitə daşıdığından yalnız Biləsuvar rayon polis şöbəsində həmin şəxsin üzərində keçirilmiş şəxsi axtarış nəticəsində həmin maddə aşkar olunduqdan sonra xəbəri olmuşdur. Sonda, Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və himayəsində 1 uşağı olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun tanışıdır və onlar arasında müasibətlər normal olmuşdur. O, təxminən 2 ilə yaxındır ki, narkotik vasitə heroin istehlak edir və həmin vasitədən istifadə etdiyinə görə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli hökmü ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 29 sentyabr 2022-ci il tarixdə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. O, 23 oktyabr 2023-cü il tarixdə, səhər saatlarında Abşeron rayonunda piyada gəzərkən yerdən şəffaf rəngli sellofan büküm tapmış və həmin bükülünü açdığı zaman içərisində narkotik vasitə heroin olduğunu görmüşdür. O, həmin narkotik vasitə heroini sonradan bədənində ağrılar olduğu zaman istehlak etmək məqsədilə əynindəki şalvarın sol yan cibində gizlətmişdir. O, həmin gün tanışı Təqsirləndirilən şəxs avqomobil ehtiyyat hissələri almaq üçün bilikdə Biləsuvar rayonuna getmələrini təklif etmişdir. O, Təqsirləndirilən şəxs təklifi ilə razılaşmış və onlar həmin gün taksi vasitəsi ilə Biləsuvar rayonuna yola düşmüşlər. O, nəqliyyat vasitəsinə mindiyi vaxt içərisində narkotik vasitə olan həmin bükülü onun üzərində olmuşdur. Onlar Biləsuvar rayonunda olduqları vaxt ərzində avtomobil ehtiyyat hissələri almışlar və həmin gün saat 20 radələrində Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində, yolun kənarında Bakı şəhərinə gedən taksi tapmaq məqsədi ilə yolun kənarında dayanmışlar. Təqsirləndirilən şəxs sonradan adını bildiyi Şahid4 idarə etdiyi «Opel Astra» markalı, **- KH-*** dövlət qeydiyyat nişanlı avtomobilə işarə verib saxlatmış və sürücüdən onları Bakı şəhərinə aparmağı xahiş etmişdir. Bundan sonra onlar həmin nəqliyyat vasitəsinə əyləşmişlər və yola düşmüşlər. Həmin vaxt avtomobilin qabaq oturacağında bir nəfər sərnişin də olmuşdur. Həmin nəqliyyat vasitəsi təxminən 150-200 metr məsafə qət etdikdən sonra - “Turist 5” kafesinin yaxınlığında hərəkətdə olduğu zaman yol patrul xidmətinin əməkdaşları avtomobilə saxla əmrini verdiklərinə görə sürücü Şahid4 nəqliyyat vasitəsini yolun kənarında saxlamışdır. Həmin vaxt polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmiş, gəlişlərinin səbəbini izah etdikdən sonra onu Biləsuvar rayon polis şöbəsinə dəvət etmişlər. Biləsuvar rayon polis şöbəsinin inzibati binasında videoçəkiliş aparılmaqla, vəkilin iştirakı ilə, onun üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl hüquq və vəzifələri ona izah edilmiş, üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların, eləcə də narkotik vasitələrin və ya psixotrop maddələrin olub-olmaması soruşulmuşdur. O da üzərində gizətdiyi bükülünü çıxarıb, polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış və «Opel Astra» markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilmiş, lakin onun üzərində və avtomobildə dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış başqa əşya aşkar edilməmişdir. Şəxsi axtarış və baxış keçirilməsi ilə əlaqədar protokollar tərtib edilmiş, eyni zamanda onun üzərindən aşkar edilmiş narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. Tərtib olunmuş protokollar ona ucadan oxunmuş, protokol və üzərindən götürülmüş əşyaların qablaşdırıldığı zərfin üzəri o və digər baxış iştirakçıları tərəfindən imzalanmışdır. Onun üzərində narkotik vasitə heroin olduğundan sürücü Şahid4, tanışı Təqsirləndirilən şəxs və digər sərnişin S.Ə.Əliyevin xəbəri olmamışdır. Onun Təqsirləndirilən şəxs üzərində narkotik vasitə daşıdığından yalnız Biləsuvar rayon polis şöbəsində həmin şəxsin üzərində keçirilmiş şəxsi axtarış nəticəsində həmin maddə aşkar olunduqdan sonra xəbəri olmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid4 məhkəmədə göstərdi ki, o, özünə məxsus «Opel Astra» markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. O, 3 oktyabr 2023-cü il tarixdə, valideynlərinə baş çəkmək üçün dostu X1 ilə birlikdə Bakı şəhərindən Biləsuvar rayonuna gəlmişdir. O, öz valideynlərinin yaşadığı Biləsuvar rayonu, Yuxarı Cürəli kəndinə və dostu Səid Əliyev də öz evlərinə - Biləsuvar rayonu, Zəhmətabad kəndinə getmişdir. Həmin gün saat 20 radələrində onlar hər ikisi geriyə - Bakı şəhərinə qayıtmaq məqsədi ilə yola düşmüşlər və Biləsuvar rayonu, Xırmandaı ərazisindən keçdirkləri vaxt yolun kənarında sonradan adını bildiyi Şahid3 və Təqsirləndirilən şəxs dayandıqlarını görmüşdür. Təqsirləndirilən şəxs ona “saxla” işarəsini verdiyinə görə o, nəqliyyat vasitəsini saxlamış və həmin şəxs onları Bak şəhərinə aparmalarını ondan xahiş etmişdir. O da benzin xərcini kompensasiya etmək məqsədi ilə həmin şəxsləri 20 manat zəhmət haqqı müqabilində Bakı şəhərinə aparmağa razılıq vermişdir. Şahid3 və Təqsirləndirilən şəxs avtomobilin arxa oturacağında əyləşdikdən sonra onlar yola düşmüşlər. Onlar təxminən 150-200 metr məsafə qət etdikdən sonra - “Turist 5” kafesinin yaxınlığında hərəkətdə olduqları zaman yol patrul xidmətinin əməkdaşları avtomobilə saxla əmrini verdiklərinə görə o, nəqliyyat vasitəsini yolun kənarında saxlamışdır. Polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmiş, gəlişlərinin səbəbini izah etdikdən sonra onları Biləsuvar rayon polis şöbəsinə dəvət etmişlər. Biləsuvar rayon polis şöbəsinin inzibati binasında videoçəkiliş aparılmaqla, vəkilin iştirakı ilə, onun üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl hüquq və vəzifələri ona izah edilmiş, üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların, eləcə də narkotik vasitələrin və ya psixotrop maddələrin olub-olmaması soruşulmuşdur. O da üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyanın olmadığını polis əməkdaşlarına bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış və idarə etdiyi «Opel Astra» markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilmiş, lakin onun üzərində və avtomobildə dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşya aşkar edilməmişdir. Şəxsi axtarış və baxış keçirilməsi ilə əlaqədar protokollar tərtib edilmiş, tərtib olunmuş protokollar ona ucadan oxunmuş, protokol o və digər baxış iştirakçıları tərəfindən imzalanmışdır. O, 24 oktyabr 2023-cü il tarixdə Şahid3 və Təqsirləndirilən şəxs törətdikləri cinayətdə iştirak etməsinə dair heç bir sübut olmadığına görə müvəqqəti saxlama yerindən azad edilmişdir. Onun sərnişinlər Şahid3 və Təqsirləndirilən şəxs üzərində narkotik vasitə daşıdıqlarından yalnız Biləsuvar rayon polis şöbəsində həmin şəxslərin üzərində keçirilmiş şəxsi axtarış nəticəsində həmin maddə aşkar olunduqdan sonra xəbəri olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyir. Əvvəllər tanımadığı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Biləsuvar rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında 23 oktyabr 2023-cü il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında Şahid1 tərəfindən qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq, həmin gün saat 20:30-da əməliyyat tədbiri keçirilməyə başlanılmış və Təqsirləndirilən şəxs içərisində olduğu ehtimal edilən «Opel Astra» markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobil Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında hərəkətdə olduğu zaman əməliyyat müşahidəsinə götürülmüşdür. Bundan təxminən beş dəqiqə sonra həmin nəqliyyat vasitəsi Ələt-Astara yolunun Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisindən keçən 141-ci kilometrliyində yerləşən “Turist 5” kafesinin yaxınlığında hərəkətdə olduğu zaman yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlatdırılmış və Təqsirləndirilən şəxs, Şahid3, sürücü Şahid4 və digər sərnişin S.Ə.Əliyev polis əməkdaşları tərəfindən Biləsuvar rayon polis şöbəsinə gətirilmişdir. Biləsuvar rayon polis şöbəsinin inzibati binasında, vəkilin iştirakı ilə, videoçəkilişlə, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl hüquq və vəzifələri ona izah edilmiş, üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların, eləcə də narkotik vasitələrin və ya psixotrop maddələrin olub-olmaması soruşulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli bükümü çıxarıb təqdim etmiş və həmin bükülünü 23 oktyabr 2023-cü il tarixdə, səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, «Əmircan» qəsəbəsində piyada gəzərkən yerdən tapdığını və bədənində olan ağrıları azaltmaq üçün üzərində saxladığını bildirmişdir. Həmin bükülünün içərisinə baxılarkən, orada rəngindən və digər əlamətlərindən narkotik vasitə heroinə bənzər maddə olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş və üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış başqa əşya aşkar edilməmişdir. Şübhəli şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və həmin protokol o və digər baxış iştirakçıları tərəfindən imzalanmışdır. Bundan sonra Şahid3, sürücü Şahid4 və digər sərnişin S.Ə.Əliyevin üzərlərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş və Şahid4 və S.Ə.Əliyevin üstlərindən dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşya aşkar edilməsə də, Şahid3 üzərindən bir ədəd şəffaf rəngli sellofan bükümdə olmaqla narkotik vasitə heroin aşkar edilmişdir. Şübhəli şəxslər üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və həmin protokol o və digər baxış iştirakçıları tərəfindən imzalanmışdır. Daha sonra «Opel Astra» markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş aparılmaqla baxış keçirilmiş və nəqliyyat vasitəsində qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin bükülü elektron tərəzidə çəkilmiş və qablaşdırması ilə birlikdə çəkisi 1,52 qram olmuş və həmin şəxsdən götürülmüş narkotik vasitə heroinə bənzər maddə zərfə qoyularaq qablaşdırılmış, Daxili İşlər Nazirliyinin zərflər üçün 61 nömrəli möhürü ilə möhürlənmişdir. Sonda baxış keçirilməsinə dair protokol tərtib olunaraq iştirakçılara oxunmuş, protokol baxış iştirakçıları tərəfindən imzalanmışdır. İş materiallarında olan şəxsi axtarış və maddi sübutun götürülməsi barədə 23 oktyabr 2023-cü il tarixli protokoldan, habelə həmin protokola əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində döviyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyalar, eləcə də narkotik vasitə və ya psixotrop maddə vardırsa, könüllü təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli bükümünü çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükümün içərisində narkotik vasitə heroin vardır və həmin bükülünü 23 oktyabr 2023-cü il tarixdə, səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, «Əmircan» qəsəbəsində piyada gəzərkən yerdən tapmış və bədənində olan ağrıları azaltmaq üçün üzərində saxlamışdır. Bundan sonra həmin bükülüyə onun iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində narkotik vasitə heroinə bənzər maddə olması aşkar olunmuşdur. Həmin bükülü elektron tərəzidə çəkilmiş və qablaşdırması ilə birlikdə bükümün çəkisinin 1,52 qram olması məlum olmuşdur. Həmin psixotrop maddə metamfetaminə bənzər maddə olan büküm zərfə qoyulub qablaşdırılaraq 61 nömrəli möhürü ilə möhürlənmişdir. İş materiallarına əlavə edilmiş avtomobilə baxış keçirilməsi və götürülməsi barədə 23 oktyabr 2023-cü il tarixli protokoldan, habelə həmin protokola əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, Şahid4 idarə etdiyi «Opel Astra» markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin həmin nəqliyyat vasitəsində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşya aşkar edilməmişdir. Cinayət işində olan məhkəmə-fiziki-kimyəvi ekspertizasının 24 oktyabr 2023-cü il tarixli, 19/956 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə...» sözlər və imzalar olan bir ədəd zərfin içərisindəki, 01 ədəd bükümdə təmiz çəkisi -1,339 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi -1,339 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, qalıq 1,289 qram qalmışdır. İş materiallarında olan ambulator narkoloji tibbi yoxlamanın 30 oktyabr 2023-cü il tarixli, 999 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulu nəticəsində yaranana asılılıq sindiromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının» İ siyahısının 5-ci bəndinə görə heroinin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qramdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını və himayəsində 1 uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. Cinayətin resdivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, 1(003)-43/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə, 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 7(057)-364/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 3 ay 20 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanin müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində müəyyən edimiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 56.1 və 56.1.3-cü maddələrinə görə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 76.1-ci maddəsinə əsasən məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə görə isə cəzanın çəkilməmiş hissəsində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona həmin Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Hökmlərin məcmusu üzrə təyin edilmiş və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan qəti cəzanın müddəti və ya həcmi, həmin Məcəllənin Ümumi hissəsində həmin cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Bununla əlaqədar, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 3 ay 20 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edildikdən sonra, cəzanın çəkilməmiş hissəsi ərzində, yəni cəzasının sonu 26 oktyabr 2023-cü il tarixdə bitdiyi halda, cəzasının başa çatmasına 3 gün qalmış - 23 oktyabr 2023-cü il tarixdə qəsdən az ağır cinayət törətdiyinə görə onun barəsində tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və həmin şəxsə Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən əvvəlki hökm üzrə təyin edilmiş cəzasının çəkilməmiş 3 ay 20 gün hissəsi tamamilə və ya qismən birləşdirmək yolu ilə qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə cinayət işinin hallarini, əməlin ictimai təhlükəliliyini və cinayətin törədilmə üsulunu nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri yalnız Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin oluna bilər və buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində, həmin Məcəllənin 65.2-ci maddəsində nəzərdə tutulmuş qaydada azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 23 oktyabr 2023-cü il tarixdə, saat 20:35-də şübhəli şəxs kimi tutma tətbiq olunmuş və Təqsirləndirilən şəxs 25 oktyabr 2023-cü il tarixdə saat 15:10-da Biləsuvar rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı faktiki tutulduğu 2 gün müddət təyin edilən azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayət işinə məhkəmədə baxıldığı dövrdə məhkəmədən qaçıb gizləndiyinə görə Biləsuvar rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli qərarı ilə barəsində axtarış elan edilməklə, polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmiş və Təqsirləndirilən şəxs 15 aprel 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən tutulmuşdur. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə cəzasının əvvəli 15 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın 30 oktyabr 2023-cü il tarixli, 999 saylı rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs polinarkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, tədqiqatdan sonra xalis çəkisi 1,289 qram olan narkotik vasitə - heroin məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyləndirən halları və həmin şəxsin məhkəməyədək icraat dövründə barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbirinə dəyişdirilməsini nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən Salyan rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 7(057)-364/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs tətbiq edilmiş cəzasının çəkilməmiş 3 (üç) ay 20 (iyirmi) gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin. Azərbaycan Respublikası CM-nin 67.1 və 67.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilən 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, 1(003)- 43/2022 saylı hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 3 (üç) ay 20 (iyirmi) gün hissəsini qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 2 (iki) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 1 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 1 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 15 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs polinarkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 1,289 qram olan narkotik vasitə - heroin məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar