Məhkəmə qərarları › İş №1(022)-23/2025

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-23/2025

06.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-23/2025 06.01.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Biləsuvar rayonu Ağalıkənd kəndində anadan olmuş, orta təhsilli evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Biləsuvar rayonu Ağalıkənd kəndində qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 06 dekabr 2024-cü il tarixdə saat 18 radələrində Biləsuvar rayonu Ağalıkənd kəndində yerləşən birgə yaşadıqları evdə arvadı Zərərçəkmiş şəxs ilə ailə-məişət münasibətləri zəminində, yəni sonuncunun öz “Whatsapp” hesabında geyim əşyalarının satışı ilə bağlı paylaşım etməsinə irad bildirərək həmin şəkilləri silməsini tələb etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı qəsdən əlləri ilə Zərərçəkmiş şəxs saçından tutub dartmış, baş və sol qulaq nahiyəsinə bir neçə dəfə yumruq və sillə ilə zərbələr vuraraq “sol gicgah-qulaq arxası nahiyədə hematoma” ilə nəticələnən xəsarət yetirərək zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən YÜNGÜL zərər vurmuşdur. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2016-cı il tarixdə evlənmiş, həmin evlilikdən 3 övladı var, evliliklərinin ilkin vaxtlarında münasibətləri normal olmuş, əvvəllər aralarında münaqişə olmamışdır, lakin son zamanlar aralarında olan münasibətlər pisləşmişdir. Buna səbəb isə Zərərçəkmiş şəxs evdə olarkən onun dediklərinə məhəl qoymaması, dəfələrlə ona irad bildirsə də nəticə çıxarmaması olmuşdur. 06 dekabr 2024-cü il tarixdə saat 18:00 radələrində birgə yaşadıqları Biləsuvar rayonu Ağalıkənd kəndində yerləşən evdə olan zaman Tünzalənin öz “Whatsapp” hesabında qadın və uşaq geyim əşyalarının satışı ilə bağlı elanlar paylaşaraq şəkillər yerləşdirməsini görmüş, buna görə də ona irad bildirərək həmin şəkilləri silməsini istəmişdir. Zərərçəkmiş şəxs ona kobud cavab qaytararaq həmin şəkilləri silməyəcəyini bildirmişdir. O, bundan əsəbləşmiş, nəticədə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Tünzalənin sol qulaq nahiyəsinə bir dəfə sillə ilə zərbə vurmuş, daha sonra saçından tutaraq dartmışdır. Aralarındakı mübahisə 3-5 dəqiqə ərazində bitmiş, mübahisəni görən şəxs və ya şəxslər olmamışdır. Daha sonra Tünzalə evdən çıxaraq uzaqlaşmışdır. Lakin hazırda o, əməlindən peşmançılıq hissi keçirir, ona görə də barəsində cinayət qanunu ilə nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 2016-cı il tarixdə Biləsuvar rayonu Ağalıkənd kənd sakini Təqsirləndirilən şəxs ilə evlənmiş, həmin evlilikdən 3 övladı vardır, evliliklərinin ilkin vaxtlarından münasibətləri normal olsa da, sonradan münasibətləri pisləşmişdir. Buna səbəb isə ərinin himayəsində olan azyaşlı uşaqlarını məktəbə tək aparmasına narazılıq etməsi, buna görə də səbəbsiz olaraq evdə münaqişələr yaratması olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 18:00 radələrində birgə yaşadıqları evdə olan zaman Ramil onun öz "Whatsapp” hesabında geyim şəkillərini paylaşmasına irad bildirib geyimlə bağlı paylaşım etməməsini istədikdə sonuncuya geyim əşyalarını satıb gəlir əldə etdiyini demiş, Ramil onun ünvanına nalayiq ifadələr işlədərək söyüb təhqir etmişdir.Nəticədə aralarında mübahisə yaranmış, mübahisə zamanı Ramil onun saçından tutaraq dartmış, baş və sol qulaq nahiyəsinə bir neçə dəfə yumruq və sillə zərbələri vuraraq xəsarət yetirmişdir. Mübahisə 3-5 dəqiqə davam etmiş, mübahisəni görən şəxs və ya şəxslər olmamışdır. Daha sonra evdən çıxaraq uzaqlaşmış və DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Daha sonra zərərçəkmiş Zərərçəkmiş şəxs ona dəymiş zərərin Təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyini, ona görə də onun barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, işdə olan digər sübutlarla da təsdiq edilir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 2024-cü il tarixli 487 nömrəli ekspert rəyində göstərilmişdir ki, vət. Zərərçəkmiş şəxs "sol gicgah-qulaq arxası nahiyədə hematoma müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, yumruqla vurulma nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİl-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Biləsuvar RMX-nın xx.xx.2024-cü il tarixli 18-1-30/3- 3542/2024 nömrəli məktubunda göstərilir ki, Biləsuvar rayonu Ağalıkənd kənd sakini Təqsirləndirilən şəxs “Biləsuvar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin ruhiəsəb xəstəlikləri üzrə qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş Biləsuvar rayonu Ağalıkənd İƏD üzrə nümayəndəliyindən təqdim edilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunduğu göstərilmişdir. Məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, yaşadığı yerdən müsbət xarakterizə olunmasını və himayəsində 3 nəfər azyaşlı uşağının (xx.xx.2017-ci il təvəllüdlü X1, xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X2) olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Adçəkilən qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 nömrəli qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, eləcə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların olmasını, məhkumluğunun olmamasını, iş üzrə cəzanı ağırlaşdıran halların olmamasını, habelə cinayətin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması, yaxud onun islah olunması ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı çəkmədən də mümkündür. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halları nəzərə alaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar