Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-24/2025 09.01.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi(məhkəmə iclas katibi) X1 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxx 1960-cı il tarixdə Biləsuvar rayonu, Amankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, İİ dərəcəli əlil, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Amankənd kəndində qeydiyyatda olan və yaşayan, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 15 dekabr 2024-cü il tarixdə saat 13 radələrində Biləsuvar rayonu, Amankənd kəndində yaşadıqları evdə gəlini Zərərçəkmiş şəxs ilə aralarında yaranmış ailə mübahisəsi zamanı sonuncunun onun ünvanına nalayiq sözlər işlətməsini əsas gətirərək, Zərərçəkmiş şəxs əli ilə itələyərək, qapıya vurması nəticəsində alt dodağın selikli qişasında əzilmiş yara, alt çənə nahiyyəsində, döşqəfəsinin ön səthində və kürəkarası nahiyədə sıyrıq ilə nəticələnən xəsarətlər yetirmiş və zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Biləsuvar rayonu, Amankənd kəndində qeydiyyatda olmaqla, yaşayır, evlidir və İİ dərəcəli əlildir. Zərərçəkmiş şəxs onun oğlu Şahid1 arvadıdır. Belə ki, həmin şəxslər 2010-cu ildə evlənmişlər və tərəflərin birgə nikahından iki uşaqları vardır. Onun oğlu evləndikdən sonra onun evindən köçmüş və Biləsuvar rayonu, Amankənd kəndində ayrı ünvanda yaşamağa başlamışdır. Oğlu Şahid1 Bakı şəhərində işləyir və ayda bir neçə dəfə Biləsuvar rayonuna ailəsinin yanına gəlib, haləhval tutur. 15 dekabr 2024-cü il tarixdə, səhər saatlarında Şahid1 onun yaşadığı evdə olarkən, nəvələri, Şahid1 2 uşağı təzə paltarlarını geyinmiş halda, onun yanına gələrək, onlar üçün paltar almalarını xahiş etmişlər. Bundan sonra oğlu Şahid1 uşaqlarına paltar almaq məqsədi ilə Biləsuvar rayon mərkəzi bazarına birlikdə getmələrini ondan xahiş etmişdir. O, oğlunun təklifini qəbul etmiş və buna görə də onlar birlikdə Biləsuvar rayon mərkəzi bazarına gedib, uşaqlar üçün bir neçə dəst paltar almışlar. Onlar həmin gün, günorta satlarında evə geri qayıtmışlar. O, oğlu, nəvələri və digər ailə üzvləri ilə birlikdə nahar etdiyi vaxt gəlini Zərərçəkmiş şəxs otağa daxil olaraq, onun üzərinə gəlmiş və onu ağır sözlərlə söymüşdür. Zərərçəkmiş şəxs Şahid1 ilə aralarında olan münasibətlərə qarışmamasını ona bildirərək, onunla mübahisə etməyə başlamışdır. Həmin vaxt gəlini onun ünvanına nalayiq ifadələr işlədərək, onu təhqir etmiş və üzərinə tüpürmüşdür. O, Zərərçəkmiş şəxs evindən çıxarmaq məqsədi ilə həmin şəxsi sinəsindən itələmişdir. Həmin şəxs mübahisə vaxtı onun paltarından tutmuş və evi tərk etməmişdir. Buna görə də o, hər iki əli ilə Zərərçəkmiş şəxs boğaz nahiyəsindən tutaraq, sonuncunu evin çıxış qapısına aparmışdır. O, çıxış qapısında həmin şəxsi itələmiş və söyərək, evindən qovmuşdur. Həmin zərbənin təsirindən Zərərçəkmiş şəxs yıxılsa da, o, həmin şəxsin hara yıxıldığını görməmişdir. O, hazırda yaşı ilə əlaqdar həmin mübahisənin detallarını dəqiq şəkildə xatırlamır. O, yalnız sonradan ailə üzvlərindən Zərərçəkmiş şəxs vurduğu zərbənin təsirindən həmin şəxsin evin qapısına dəyərək, xəsarət aldığını öyrənmişdir. Bundan başqa, o bildirdi ki, Zərərçəkmiş şəxs ilə onun arasında baş vermiş dava-dalaş təxminən 15 dəqiqə davam etmiş və həmin vaxt evdə olan ailə üzvlərindən başqa heç kim həmin hadisəni görməmişdir. O, gəlinin ona qarşı etdiyi qeyri-etik hərəkətlərə görə əsəbiləşmiş və özündən çıxaraq Zərərçəkmiş şəxs boğazından tutmuş və itələmişdir. Onun həmin şəxsi itələməkdə məqsədi sonuncuya xəsarət yetirmək olmamış, sadəcə Zərərçəkmiş şəxs öz evindən çıxarmaq olmuşdur. Hadisə baş verdikdən sonra o, əməlindən peşman olmuş və gəlini ilə barışığa cəhd etsə də, sonuncu onunla barışmamıdır. Sonda, Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmançılıq hissi keçirdiyini, habelə İİ dərəcəli əlil olmasını əsas tutaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, barəsində ittiham irəli sürülmüş şəxsi və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Şahid1 onun əridir və onlar 2010cu ildə rəsmi nikaha daxil olmaqla evlənmişlər. Onların birgə nikahından iki uşaqları doğulmuşdur. O, hazırda əri ilə birlikdə Biləsuvar rayonu, Amankənd kəndində yaşayır. Təqsirləndirilən şəxs onun qayınatasıdır. Onunla əri arasında münasibətləri heç vaxt mehriban olmamış, daima onlar arasında münaqişələr və mübahisələr olmuşdur. Əri Bakı şəhərində fəhləlik edərək, qazanc əldə etsə də, ona və uşaqlarına baxmır, Biləsuvar rayonuna gəldikdə, vaxtının çox hissəsini onların birlikdə yaşadığı evdə deyil, valideynlərinin evində keçirir. Habelə, əri Şahid1, öz valideynlərinin təsiri altında, öz qazancı və onu necə xərcləmək barədə onunla hesablaşmır. O, özü təhsilsiz olduğuna və heç yerdə işləmədiyinə görə heç bir qazancı yoxdur və öz xərclərini yalnız onun təkidli tələbləri ilə qaynatasından və digər qohumlarından aldığı borclar hesabına ödəyir. Cinayət hadisəsindən 2 həftə əvvəl o, qaynatasından 20-30 manat borc istəsə də, qaynatası Təqsirləndirilən şəxs ona borc verməmiş, oğlu Şahid1 Biləsuvar rayonuna qayıtdıqdan sonra həmin oğlundan pul alıb ona verəcəyini vəd etmişdir. Bununla belə, Şahid1 yaşadıqları evə gəldikdən sonra da nə əri, nə də qaynatası ona heç bir pul verməmişlər. Birgə nikahdan olan uşaqlarına pal-paltar lazım olduğuna görə 15 dekabr 2024-cü il tarixdə səhər saatlarında o, uşaqlarını geyindirərək, yeni paltar alması üçün bazara aparmaları üçün ataları Şahid1 yanına, qaynatasının evinə, göndərmişdir. Həmin gün günorta saatlarında uşaqları evə qayıtmış və ona məlum olmuşdur ki, həmin gün əri Şahid1 uşaqlarına paltar almaq məqsədi ilə onunla deyil, atası Təqsirləndirilən şəxs ilə birlikdə Biləsuvar rayon mərkəzi bazarına getmiş və bazarlıq edib valideynlərinin evinə qayıtmışdır. Buna görə də o, həmin gün günorta saatlarında yaşadığı evdən çıxaraq, Şahid1 valideynlərinin evinə getmişdir. O, evə daxil olduğu vaxt qayınatası Təqsirləndirilən şəxs Şahid1 onun haqqında şər-böhtan xarakterli sözlər danışmasını eşitmiş və dərhal qayınatasına irad bildirmişdir. Buna görə də Təqsirləndirilən şəxs onun üzərinə hücum etmiş və onun boğaz nahiyəsindən tutaraq sıxmışdır. Buna görə də o, məcbur qalaraq, qaynatasının yaxasından yapışmışdır. Həmin vaxt qayınatası hər iki əli ilə onu itələyərək özündən uzaqlaşdırmışdır. Həmin zərbənin təsirindən o, evn qapısına çırpılmış və bel və bədən nahiyələrindən xəsarətlər almışdır. Daha sonra isə həmin vaxt evdə olan əri Şahid1, qayınanası Şahid3 və qaynı arvadı Şahid2 onları ayırmışdır. Bundan sonra o, qayınatasının evini tərk edərək, yaşadığı evə qayıtmış və Azərbaycan Respublikası Dxaili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng edərək, Təqsirləndirilən şəxsun ona qarşı fiziki zor tətbiq etməsi barədə şikayət etmişdir. Sonda, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı çox haqsızlıqlar etdiyini, buna görə də barışıq istəməsinə baxmayaraq, həmin şəxsi bağışlamadığını bildirərək, həmin şəxsin həbs olunmasını istəməsə də, Təqsirləndirilən şəxs barəsində qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə artıq 15 ildir ki, evlidir və onların birgə nikahından 2 uşaqları var. Arvadı ilə onun valideynləri aralarında narazılıq olduğu üçün o, valideynlərə məxsus evdən köçərək, Biləsuvar rayonu, Amankənd kəndində ayrı ünvanda yaşayır. O, Bakı şəhərində fəhləlik etmək ailəsini dolandırır və ayda cəmi 2-3 günlük ailəsinə baş çəkir. Sonuncu dəfə o, 2024-cü ilin dekabr ayında işini yekunlaşdırdıqda sonra Biləsuvar rayonu, Amankənd kəndinə gəlmişdir. O, 15 dekabr 2024-cü il tarixdə valideynlərinə məxsus evə gedərək atası Təqsirləndirilən şəxs uşaqlarına paltar almaq üçün onunla birlikdə Biləsuvar rayon mərkəzi bazarına birlikdə getməsini ondan xahiş etmişdir. Təqsirləndirilən şəxs onun xahişini yerə salmamış və onlar birlikdə bazara getmişlər. Onlar həmin gün, günorta saatlarında evə geri qayıtmışlar və nahar etmək üçün bir masa arxasında əyləşmişlər. Onlar yemək yedikləri vaxt, saat 13 radələrində arvadı Zərərçəkmiş şəxs evə daxil olaraq, Təqsirləndirilən şəxs üzərinə gəlmişdir. Arvadı Zərərçəkmiş şəxs həmin vaxt onun atasının ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ayağa qalxmış və hər iki əli ilə Zərərçəkmiş şəxs boğaz nahiyəsindən tutmuş və evdən çölə çıxarmaq məqsədi ilə qapıya tərəf aparmışdır. Daha sonra isə atası Zərərçəkmiş şəxs itələmiş və sonuncu zərbənin təsirindən qapıya dəyərək, xəsarət almışdır. Sonradan Zərərçəkmiş şəxs həmin evi tərk etmişdir. Baş vermiş dava-dalaş təxminən 15 dəqiqə davam etmiş və hadisəni anası Şahid3 və qohumları Şahid2 başqa heç kəs görməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 məhkəmədə Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, 15 dekabr 2024-cü il tarixdə, günorta saatlarında gəlini Zərərçəkmiş şəxs ilə əri Təqsirləndirilən şəxs arasında sonuncunun yaşadığı evdə mübahisə baş verdiyini və dava-dalaş vaxtı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin boğaz nahiyəsindən iki əli ilə tutaraq, həmin şəxsi itələdiyini təsdiq etdi. İş materiallarında olan canlı şəxsin ekspertizasının 16 dekabr 2024-cü il tarixli, 499 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş alt dodağın selikli qişasında əzilmiş yara, alt çənə nahiyyəsində, döş qəfəsinin ön səthidə və kürəkarası nahiyyədə sıyrıq xəsarətləri bərk küt əşyanın (əşyaların) təsirindən törəmişdir, törəmə müddəti 15 dekabr 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə gorə sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğu üçün sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlərdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunan şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs yaşını, İİ dərəcəli əlil olmasını, törətdiyi əmələ görə səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd etməsini məhkəmə onun cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə islah işləri növündə cəza təyin edildiyi təqdirdə də təmin edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla, 1 (bir) il müddətinə islah işləri növündə cəza təyin edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmalar aparılmağa başlandığı vaxtdan hesablansın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №1(022)-24/2025
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-24/2025
09.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver