Məhkəmə qərarları › İş №1(022)-26/2025

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-26/2025

06.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-26/2025 06.02.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X3 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxxxx 1981-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 uşağı olan, fərdi əməklə məşğul olan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2016-cı il tarixli, 1(089)-389/2016 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 7(002)-1197/2022 saylı qərarı ilə cəzasının çəkilməmiş 3 ay 10 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Masallı rayonu, Sərçuvar kəndində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan, xeyli miqdarda - 0,867 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 31 oktyabr 2024-cü il tarixdə, saat 19:27-də “VAZ-2107” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ələt-Astara yolunun Biləsuvar rayonu, Xırmandalı kəndindən keçən hissəsində hərəkətdə olduğu vaxt narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq, həmin yerdə üzərinə şəxsi axtarış keçirildiyi zaman həmin psixotrop maddə metamfetamin bir ədəd üzəri yaşıl rəngli lenlə sarınmış şəffaf rəngli sellofanda olmaqla əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, ünvan 3 ünvanında qeydiyyatda olsa da, hazırda ailə üzvləri ilə birlikdə Masallı rayonu, Sərçuvar kəndində yaşayır, evlidir və himayəsində 2 uşağı var. O, rəsmi olaraq heç bir yerdə işləməsə də, yaşadığı kənddə günəmuzd olaraq fəhləlik edir. O, təxminən bir ildir ki, təkrarən narkotik vasitə və psixotrop maddə istehlak etməyə başlamışdır. Belə ki, o, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2016-cı il tarixli hökmü ilə ilə 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli qərarı ilə isə cəzasının çəkilməmiş 3 ay 10 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Təxminən 1 il bundan əvvəl o, qohumlarının əksəriyyətinin yaşadığı Lənkəran şəhərinə qaldığı zamanı metamfetamin istehlakına başalamışdır. O, metamfetamini adətən tanımadığı şəxslərdən 60-70 manat məbləğinə olan bükümlərdə alır. Sonuncu dəfə aldığı metamfetaminin bir hissəsini o, istehlak etmiş, qalan hissəsini isə şalvarının sağ kiçik cibində gizlətmişdir. 31 oktyabr 2024-cü il tarixdə o, Biləsuvar rayonunda yaşayan Adil adlı əsgər yoldaşı ilə görüşmək üçün Biləsuvar rayonuna getmək məqsədilə evdən çıxmışdır. O, küçədə piyada hərəkətdə olduğu vaxt taksi fəaliyyəti ilə məşğul olan qonşusu X1 görmüş və sonuncunun idarə etdiyi avtomobillə Biləsuvar rayonuna gedib-gəlmək qərarına gəlmişdir. Buna görə də o, Ə.F.Qafarova yaxınlaşaraq, həmin şəxsdən onu Biləsuvar rayonuna aparıbgətirməsini xahiş etmişdir. Ə.F.Qafarov 30 manat gediş-gəliş haqqı ödəməsi qarşılığında onun təklifi ilə razılaşmışdır. Bundan sonra o, Ə.F.Qafarovun idarə etdiyi “VAZ-2107” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş və onlar dərhal yola düşmüşlər. Onun üzərində psixotrop maddə olmasından Ə.F.Qafarovun xəbəri olmamışdır. Onlar Biləsuvar rayonu, Xırmandalı kəndindən Biləsuvar şəhəri istiqamətində hərəkətdə oduqları vaxt yol patrul xidməti avtomobili onlara “saxla” işarəsi vermişdir. Buna görə də Ə.F.Qafarov idarə etdiyi nəqliyyat vasitəsini yolun kənarında saxlamışdır. Bundan sonra polis əməkdaşları onlara yaxınlaşıb, özlərini təqdim etmiş və gəlişlərinin səbəbini izah etdikdən sonra onların üzərinə videoçəkiliş aparmaqla şəxsi müayinə keçirmişlər. Əvvəlcə sürücü Ə.F.Qafarovun üzərinə axtarış keçirilmiş, lakin sonuncunun üzərindən dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşya aşkar edilməmişdir. Bundan sonra isə onun üzərinə axtarış keçirilmişdir. Baxışı zamanı o əynindəki şalvarın sağ yan cibində gizlətdiyi həmin bükümü çıxarıb, polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış başqa əşya aşkar edilməmişdir. Onun üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilmiş və zərfə qoyulmaqla, qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Onların üzərinə şəxsi axtarış və avtomaşına baxış keçirilməsi barədə protokol tərtib olunmuş, həmin protokol o və digər baxış iştirakçıları tərəfindən imzalanmışdır. Bundan sonra isə o və Ə.F.Qafarov polis əməkdaşları tərəfindən Biləsuvar rayon polis şöbəsinə gətirilmişlər. Həmçinin o bildirdi ki, onun üzərində gəzdirdiyi psixotrop maddə metamfetamini satmaq niyyəti olmamışdır. Sonda, Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və himayəsində 2 uşağı olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Əvvəllər tanımadığı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə baş əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında 31 oktyabr 2024-cü il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında tərəfindən qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmış, o, həmin qrupa daxil edilmişdır. Əməliyyataxtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq, həmin gün, saat 19:27-də Təqsirləndirilən şəxs içərisində olması ehtimal olunan etdiyi “VAZ-2107” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil Ələt-Astara yolunun Biləsuvar rayonu, Xırmandalı kəndindən keçən hissəsində yerləşən Bəhruz adlı şəxsə məxsus yeməkxananın yaxınlığında Biləsuvar rayon polis şöbəsinin post patrul xidməti bölməsinin əməkdaşı tərəfindən “saxla” işarəsi verilərək, saxlanılmışdır. Bundan sonra o, əməliyyat qrupunun digər üzvləri ilə birlikdə həmin nəqliyyat vasitəsinə yaxınlaşaraq, özlərini təqdim etmiş və gəlişlərinin səbəbini izah etmişlər. Həmin vaxt avtomaşında Təqsirləndirilən şəxs və sürücü Ə.F.Qafarov olmuşlar. Həmin şəxslərə Bağırova hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçi ilə təmin olmaq hüququ izah olunmuşdur. Bundan sonra videoçəkiliş aparılmaqla, şübhəli şəxslərin üzərinə şəxsi axtarış keçirilmişdir. Əvvəlcə sürücü Ə.F.Qafarovun üzərinə şəxsi axtarış keçilmişdir. Baxış keçirilməzdən əvvəl həmin şəxsə üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların, eləcə də narkotik vasitələrin və ya psixotrop maddələrin olub-olmaması soruşulmuş və sonuncu üzərində qanunla qadağan edilmiş hər hansı predmetin olmadığını bidlirmişdir. Bundan sonra isə Ə.F.Qafarovun üzərinə şəxsi axtarış keçirilmiş və həmin şəxsin üzərindən dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış başqa əşya aşkar edilməmişdir. Daha sonra isə videoçəkiliş aparılmaqla, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl hüquq və vəzifələri ona izah edilmiş, üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların, eləcə də narkotik vasitələrin və ya psixotrop maddələrin olub-olmaması soruşulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir ədəd yaşıl rəngli sellofan bükümü nü çıxarıb təqdim etmiş və həmin bükülünü 1 gün əvvəl Lənkəran şəhərindən yerdən tapdığını və sonradan istehlak etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Həmin bükülünün içərisinə baxılarkən, orada rəngindən və digər əlamətlərindən psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş və həmin şəxsin üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış başqa əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin bükülü elektron tərəzidə çəkilmiş və qablaşdırması ilə birlikdə çəkisi 1 qram olmuş və həmin şəxsdən götürülmüş psixotrop maddə metamfetaminə bənzər maddə zərfə qoyularaq qablaşdırılmış, Daxili İşlər Nazirliyinin zərflər üçün 61 nömrəli möhürü ilə möhürlənmişdir. Bundan sonra “VAZ-2107” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin həmin nəqliyyat vasitəsindən dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşya aşkar edilməmişdir. Şəxsi axtarış və baxış hərəkətləri yekunlaşdıqdan sonra saxlanılmış şəxslər Biləsuvar rayon polis şöbəsinə aparılmışdır. Şəxsi axtarış və baxış keçirilməsi ilə əlaqədar protokollar tərtib edilmiş, həmin protokollar o və digər baxış iştirakçıları tərəfindən imzalanmışdır. Onun tərəfindən və ya onun iştirakı ilə digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi zor tətbiq olunmamış, həmin şəxsin üzərinə baxış keçirilməsindən əvvəl və sonra təqsirləndirilən şəxsə qarşı hər hansı qanunsuzluğa yol verilməmiş və şəxsi axtarış cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun keçirilmişdir. İş materiallarında olan əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxslərin yoxlanılmasına və avtomobilə baxış keçirilməsinə dair 31 oktyabr 2024-cü il tarixli protokoldan, habelə həmin protokola əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əldə etməsində, saxlamasında və daşıması ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində həmin şəxs 31 oktyabr 2024-cü il tarixdə, saat 19:27-də Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində yerləşən Bəhruz adlı şəxsə məxsus yeməkxananın yaxınlığında “VAZ 2107” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman əməliyyat qurupunun üzvləri tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs və sürücü Ə.F.Qafarova hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs və Ə.F.Qafarova paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri vardırsa, könüllü təqdim etmək təklif edilmişdir. Həmin şəxslərdən ilk olaraq Ə.F.Qafarova üzərində narkotik vasitə, psixotrop maddə və ya digər əşya vardırsa təqdim etməyi təklif edilmiş, sonuncu üzərində qanunla qadağan olunmuş əşya və predmetin olmadığını bildirmişdir. Bundan sonra həmin şəxsin şəxsi axtarış keçirilmiş və üzərindən qanunla qadağan edilmiş heç bir əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə vardırsa, çıxarıb təqdim etmsi təklif edilmiş, sonuncu əynindəki şalvarın sağ yan cibində 1 ədəd yaşıl rəngli bükülüdə, içərisində ağ rəngli, kristal şəklində olan psixotrop maddə metamfetaminə bənzər kütləni çıxardaraq təqdim etmişdir. Daha sonra həmin şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən 1 ədəd alışqan və 1 ədəd “Redmi” markalı mobil telefon aşkar edilsə də, qanunla qadağan edilmiş başqa əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin bükülü ilə birlikdə 1 qram olması müəyyən edilmişdir. Həmin psixotrop maddə metamfetamin qablaşdırılaraq, üzəri saxlanılan şəxs və polis əməkdaşları tərəfindən imzalanmaqla götürülmüşdür. Daha sonra isə “VAZ 2107” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və həmin nəqliyyat vasitəsində 2 ədəd “Samsung” markalı mobil telefondan başqa iş üzrə əhəmiyyət kəsb edən əşya və predmet aşkar edilməmişdir. Şübhəli şəxslərin yoxlanılması və avtomobilə baxış keçirilməsi süni işıqlandırma şəraitində keçirilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 01 noyabr 2024-cü il tarixli, 19/713 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir bükümdə narkotik maddəyə bənzər kütlə...» sözlər və imzalar olan bir ədəd zərfin içərisindəki, 01 ədəd bükümdə təmiz çəkisi - 0,867 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi - 0,867 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, qalıq 0,817 qram qalmışdır. İş materiallarında olan ambulator narkoloji tibbi yoxlamanın 04 noyabr 2024-cü il tarixli, 770 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»nın İİ siyahısının 118-ci bəndinin tələbinə görə metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 2 qramdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunmayan şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə məhkumluğunun olmasını və əvvəllər narkotik vasitələrin və psixotrop maddlələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətdiyinə görə məhkum edildiyini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını və himayəsində 2 uşağının olmasını məhkəmə onun cəzasını yüngülləşdirən hallar hesab edir. Cinayətin resdivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Belə ki, iş materiallarından görünür ki, F.N.X2 Cinayətlər Məhkəməsinin 18 oktyabr 2016-cı il tarixli, 1(089)-389/2016 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 7(002)-1197/2022 saylı qərarı ilə cəzasının çəkilməmiş 3 ay 10 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanin müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində müəyyən edimiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 56.1 və 56.1.3-cü maddələrinə görə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə cinayət işinin hallarini, əməlin ictimai təhlükəliliyini və cinayətin törədilmə üsulunu nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri yalnız Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin oluna bilər və buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində, həmin Məcəllənin 65.2-ci maddəsində nəzərdə tutulmuş qaydada azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 31 oktyabr 2024-cü il tarixdə, saat 19:27-də şübhəli şəxs kimi tutma tətbiq olunmuş və Təqsirləndirilən şəxs 02 noyabr 2024-cü il tarixdə, saat 17:30-da Biləsuvar rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı faktiki tutulduğu 2 gün müddət təyin edilən azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. Bundan başqa, məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın 04 noyabr 2024-cü il tarixli, 770 saylı rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, tədqiqatdan sonra xalis çəkisi 0,817 qram olan psixotrop maddə metamfetamin məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 65 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Həmçinin Biləsuvar rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli, 1(022)-26/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həmin şəxsin haqqında seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Lakin Biləsuvar rayon polis şöbəsinin 24 yanvar 2025-ci il tarixli arayışından və ona əlavə edilmiş sənədlərdən görünür ki, Biləsuvar rayon Məhkəməsinin icraatında olan cinayət işi ilə əlaqədar Təqsirləndirilən şəxs barəsində 17 yanvar 2025-ci il tarixdə 690011 nömrəli axtarış işi açılaraq, həmin şəxs barəsində axtarış elan edilmişdir. Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi istiqamətində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə 12 yanvar 2025-ci il tarixdə Masallı rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanıldığı və barəsində Masallı rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçildiyi məlum olmuşdur. Beləliklə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Biləsuvar rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli, 1(022)-26/2025 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilsə də, həmin qərar faktiki olaraq icra edilmiş və Təqsirləndirilən şəxs onun barəsində Masallı rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli, 4(050)-3/2025 saylı qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçildiyinə görə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılır. Bununla əlaqədar, məhkəmə Təqsirləndirilən şəxsin barəsində təyin edilən cəzanın növünü və cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyləndirən halları, o cümlədən təqsirləndirilən şəxsin hazırda həbsdə olmasını nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə hökm qanuni qüvvəyə minənədək Biləsuvar rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli, 1(022)-26/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı və hazırki iş təyin edilən cəzanın əvvəli 06 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 1 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 06 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 0,817 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar