Məhkəmə qərarları › İş №1(022)-28/2023

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-28/2023

14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-28/2023 14.02.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1969-cu ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, himayəsində 2 uşağı olan, əvvəllər məhkum olunmamış, Biləsuvar şəhəri, H.Əliyev küçəsi, 18 saylı evin 2 saylı mənzilində qeydiyyatda olan, Biləsuvar şəhəri, Təyyarə meydanı yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, 01 avqust 2022-ci il tarixdə, saat 15 radələrində, Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Uğur market” ticarət mərkəzinin qarşısında, ictimai yerdə, heç bir əsaslı səbəb olmadan, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının, yəni ictimai qaydanı kobud surətdə pozub, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib mənəviyyat normalarına qarşı saymazlıq edərək nalayiq sözlər işlədib səs-küy salıb cəmiyyətə açıqca hörmətsizlik edərək, Zərərçəkmiş şəxs ilə yaratdığı münaqişə zamanı, istintaqla əldə edilməsi mümkün olmayan tilovdan (qarmaq) silah qismində istifadə etməklə, zərərçəkmiş şəxsin başından bir dəfə vuraraq, həmin şəxsə başın ənsə nahiyəsində bir ədəd hematoma ilə nəticələnmiş sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə zor tətbiq edib, 5-10 dəqiqə ərzində ətrafda olan vətəndaşların narahatlığına səbəb olan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Biləsuvar şəhəri, H.Əliyev prospekti, ev 18, mənzil 2-də qeydiyyatda olsa da, hazırda faktiki nikah münasibətlərində olduğu Şahid4 və həmin şəxslə birgə nikahından doğulmuş 2 övladı ilə birlikdə, Biləsuvar şəhəri Təyyarə meydanı yaşayış massivində yerləşən fərdi yaşayış evində yaşayır. Belə ki, o, başqa qadınla rəsmi nikahda olsa da, həmin qadınla birgə nikahından övladları olmadığına görə Şahid4 ilə faktiki nikaha daxil olmuşdur və Şahid4 ilə birgə nikahdan 2 uşağı doğulmuşdur. O, özünə məxsus «Qazel» markalı **-OC- *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Biləsuvar şəhəri, H.Əliyev küçəsində, “Uğur market” ticarət mərkəzinin qarşısında, yolun hərəkət hissəsinin kənarında, parakəndə meyvə-tərəvəz ticarəti ilə məşğul olur. Zərərçəkmiş şəxs o, həmyerlisi kimi tanısa da, zərərçəkmiş şəxs ondan yaşca çox kiçik olduğuna görə aralarında əvvəllər hər hansı münasibət olmamışdır. 31 iyul 2022-ci il tarixdə, axşam vaxtı, saat 20 radələrində, Zərərçəkmiş şəxs onun yaşadığı evə gələrək, onu küçəyə çağırmışdır. Buna görə də o, da evin həyət darvazasının qarşısına çıxıb evinə gəlməsinin və onu çağırmasının səbəbini həmin şəxsdən soruşduqda Zərərçəkmiş şəxs ona, yaşadıqları evin qarşısında güya hər gün fərqli avtomaşınlar dayanmasını irad kimi ona bildirərək, bu məsələyə son qoyulmasını ondan tələb etmişdir. Bu zəmində onların arasında qısa mübahisə yaranmış, mübahisə zamanı Zərərçəkmiş şəxs cibindən bir bıçaq çıxararaq, onu təhdid və təhqir etsə də, o, həmin şəxsin hədələrinə və söyüşlərinə əhəmiyyət verməyərək, həyət qapısını bağlayıb yaşadığı evə qayıtmışdır. Həmin vaxt arvadı Vəfa ona demişdir ki, həmin hadisədən bir neçə saat əvvəl Zərərçəkmiş şəxs küçədə onun ünvanına nalayiq ifadələr işlətdiyinə görə onların arasında da mübahisə baş vermişdir, mübahisə zamanı Zərərçəkmiş şəxs əlində olan alışqanı Şahid4 tullayıb həmim şəxsə xəsarət yetirmişdir. Ancaq bununla belə, arvadı Şahid4 ondan xahiş eləmişdir ki, Zərərçəkmiş şəxs baş qoşmasın. Lakin o, Zərərçəkmiş şəxs ona və arvadına qarşı nalayiq hərəkətlərinən bərk qeyzlənmiş və Zərərçəkmiş şəxs ilə aralarında gələcəkdə baş verə biləcək xoşagəlməz hadisənin qarşısını almaqdan ötrü həmin şəxslə danışaraq, bu mübahisəni sonlandırmaq qərarına gəlmişdir. Növbəti gün, 01 avqust 2022-ci il tarixdə, saat 15 radələrində, o, Biləsuvar şəhəri, H.Əliyev küçəsində, “Uğur market” ticarət mərkəzinin qarşısında meyvətərəvəz ticarəti edən zaman, Zərərçəkmiş şəxs atası ilə birlikdə, sonuncunun idarə etdiyi motosikletlə, “Uğur market” ticarət mərkəzinin qarşısına gəldiklərini görmüşdür. O, Zərərçəkmiş şəxs yaxınlaşıb həmin şəxsin onun arvadı Şahid4 ilə mübahisə etməsinin səbəblərini soruşmaq istədikdə, zərərçəkmiş şəxs heç bir səbəb olmadan onu söydüyü üçün o, da təpiklə zərərçəkmiş şəxsi vurmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs cibindən bıçaq çıxardıb ona hücum etmişdir. O, da özünə məxsus yük avtomaşınında saxladığı, balıq tutmaq üçün bambuk çubuğundan hazırlanmış tilovu götürərək, təkrarən Zərərçəkmiş şəxs yaxınlaşmış və əlindəki tilovla Zərərçəkmiş şəxs başından bir dəfə vurmuşdur. Dava-dalaş vaxtı o, geri hərəkət etdiyi zaman müvazinətini saxlaya bilməyərək yerə yıxılmış və bu zaman Zərərçəkmiş şəxs əlindəki bıçaqla onun sol budundan bir dəfə vuraraq ona xəsarət yetirmişdir. Həmin vaxt yaxınlıqda olan şəxslər dava-dalaşa müdaxilə edərək, onları aralamışlar. Hadisə zamanı o, xəsarət aldığına görə xəstəxanaya getmiş, daha sonra Biləsuvar rayon polis şöbəsinə gedərək ərizə yazıb şikayət etmişdir. Zərərçəkmiş şəxs ilə onun arasında baş vermiş dava-dalaş “Uğur market” ticarət mərkəzinin qarşısında, Biləsuvar şəhəri, H.Əliyev küçəsində baş vermiş və təxminən 5-10 dəqiqə davam etmişdir. Hadisə vaxtı Zərərçəkmiş şəxs vurduğu tilov sındığına görə o, həmin tilovu hadisə yerinin yaxınlığındakı Balharı çayına tullamışdır. Lakin sonradan o, əməlindən peşmançılıq hissi keçirdiyi üçün zərərçəkmiş şəxsdən üzr istəmiş, həmin şəxsə dəymiş zərəri ödəməklə barışıq əldə etmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməklə, həmin şəxsə barışıq əldə etdiyini, himayəsində 2 uşağının olduğunu və ailəsini dolandıran yeganə şəxs olduğunu nəzərə alaraq, barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, o, Biləsuvar şəhəri, S.Rufullayev küçəsi, ev 12-də qeydiyyatda olsa da, Biləsuvar şəhəri, Təyyarə meydanı yaşayış massivində yaşayır. O, Vətən Müharibəsində iştirak etmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində göstərdiyi şücaətlərə görə bir neçə medalla təltif olunmuşdur. Müharibə zamanı aldığı xəsarətlərə görə o, mütəmadi olaraq psixi müalicə alır və ağır nevropatik dərmanlar qəbul edir. Sonuncu dəfə o, 2022-ci ilin dekabr ayından sonundan 2023-cü ilin yanvar ayının sonlarınadək Bakı şəhəri Maştağa qəsəbəsində yerləşən Respublika Psixiatriya Xəstəxanasında stasionat müalicədə olmuşdur. Təqsirləndirilən şəxs həmerlisi kimi tanısa da, əvvəllər aralarında hər hansı münasibət və ədavət olmamışdır. O, Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşayan Şahid4 ilə faktiki nikah münasibətlərində olmasından məlumatlı olmuşdur. O, Şahid4 yüngül həyat tərzi keçidiyini düşünmüş və bu zəmində onunla həmin qadın arasında 31 iyul 2022-ci il tarixdə küçədə mübahisə də baş vermişdir. Buna görə də o, həmin gün, hava qaraldıqdan sonra, Təqsirləndirilən şəxs Şahid4 evinə gəldiyini bildikdən sonra həmin ünvana gedərək, Təqsirləndirilən şəxs küçəyə çağırtdırmış və Şahid4 ictimai əxlaqa zidd olan davranışlarına son qoymasını Təqsirləndirilən şəxs tələb etmişdir. Bu zəmində onunla Təqsirləndirilən şəxs arasında qısa mübahisə baş versə də, heç bir dava-dalaş olmamış və o, yaşadığı evə qayıtmışdır. 01 avqust 2022-ci il tarixdə, saat 15 radələrində, o, atası Tehran Abdalovla birlikdə, sonuncunun idarə etdiyi motosikletlə “Uğur market” ticarət mərkəzindən bazarlıq etmək məqsədilə Biləsuvar şəhəri, H.Əliyev küçəsinə gəlmşlər. Onlar “Uğur market” ticarət mərkəzinin qarşısında, yolun əks tərəfində, dayandıqdan dərhal sonra Təqsirləndirilən şəxs qəflətən arxa tərəfdən ona yaxınlaşıb arvadı Şahid4 ilə mübahisə etməsini ona irad bildirirək və onun cavabını gözləmədən ona təpiklə zərbə endirmişdir. Həmin vaxt İ.A.Məmmədv onu söydüyü üçün o, əsəbləşərək, cibində saxladığı kiçik cib bıçağını çıxararaq, təqsirləndirilən şəxsi özündən uzaqlaşdırmağa çalışmışdır. Bu zaman Təqsirləndirilən şəxs onun əlindəki bıçağı görərək, geri, ticarət etdiyi “Qazel” markalı yük avtomobilinə tərəf qayıtmışdır. O, hadisənin bitdiyini düşünərək, yolu əks tərəfə keçməyə başlamış və “Uğur market” ticarət mərkəzinin bilavasitə qarşısına çatdığı zaman, Təqsirləndirilən şəxs yenidən onun arxasınca gələrək, əlindəki bambuk tilovla onun başından bir dəfə vurmuş və həmin zərbədən sonra o, başından xəsarət almışdır. Daha sonra Təqsirləndirilən şəxs bir-iki dəfə təpiklə də onun ayaqlarına zərbələr endirmişdir. Buna görə də o, təkrarən cib bıçağını çıxararaq, həmin şəxsin bud nahiyəsindən bir dəfə vurmuşdur. Bundan sonra atası Tehran və hadisə yerində olan şəxslər davaya müdaxilə edib onları sakitləşdirmiş və aralamışlar. Sonradan o, Təqsirləndirilən şəxsn onun barəsində polisə şikayət etməsindən xəbər tutduqdan sonra o, da həmin şəxs barədə Biləsuvar rayon polis şöbəsinə şikayət etmişdir. Təqsirləndirilən şəxsla onun arasında olan dava-dalaş Biləsuvar şəhəri. H.Əliyev küçəsində, “Uğur market” ticarət mərkəzinin qarşısında, yolun hərəkət hissəsində baş vermiş, təxminən 5-10 dəqiqə davam etmişdir. Onun Təqsirləndirilən şəxs bud nahiyəsindən vuraraq xəsarət yetirdiyi bıçaq açılıb-bağlanan sadə cib bıçağı olmuş və o, həmin bıçağı təxminən iki ay öncə yaşadığı evə gedərkən küçədən tapmışdır. O, həmin bıçağı meyvə-tərəvəz yeyərkən istifadə etmək üçün üzərində gəzdirmiş və hadisədən sonra “Uğur market” ticarət mərkəzinin yaxınlığındakı «Balharı» çayına tullamışdır. Sonradan Təqsirləndirilən şəxs ondan üzr istəmiş, ona dəymiş zərəri könüllü olaraq ödəmiş və onunla barışıq əldə etmişdir. Sonda, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini, bu mümkün olmazsa, həmin şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, o, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs həmyerliləri kimi tanıyır və aralarında heç bir ədavəti və şəxsiqərəzçiliyi olmamış, hər ikisi ilə də münasibəti yaxşı olmuşdur. O, uzun müddətdir ki, o, Şahid3 və Təqsirləndirilən şəxs ilə birlikdə, Biləsuvar şəhəri, H.Əliyev küçəsində, “Uğur market” ticarət mərkəzinin qarşısında, yolun əks tərəfində, Təqsirləndirilən şəxs məxsus «Qazel» markalı yük avtomobilində parakəndə meyvə-tərəvəz ticarəti ilə məşğul olur. 01 avqust 2022-ci il tarixdə, günorta vaxtı, Zərərçəkmiş şəxs, atası Tehranın idarə etdiyi motosikletlə, onun ticarətlə məşğul olduğu «Qazel» markalı yük avtomobilinin yaxınlığında dayanmış və Zərərçəkmiş şəxs motosikletdən enərək, “Uğur market” ticarət mərkəzi istiqamətində yolu keçmək istəyərkən, qəflətən Təqsirləndirilən şəxs həmin şəxsə tərəf gedərək, arvadı ilə hansı səbəbdən mübahisə etməsini soruşmuşdur. Bu zaman həmin şəxslərin arasında mübahisə yaranmış, mübahisə vaxtı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ayaqlarına təpik vurmuşdur. Zərərçəkmiş şəxs isə bundan sonra cibindən bıçaq çıxardığı üçün Təqsirləndirilən şəxs özünə məxsus yük avtomobilinə tərəf qaçaraq balıq tutmaq üçün istifadə etdiyi və bambukdan olan tilovu götürmüş və təkrarən Zərərçəkmiş şəxs üzərinə getmişdir. Bundan sonra həmin tərəflər yenə də dava-dalaş etmiş və Təqsirləndirilən şəxs əlindəki tilovla Təbrizin başından vurmuş, daha sonra geriyə doğru çəkilərkən yerə yıxılmışdır. Bu zaman o, Zərərçəkmiş şəxs əlindəki bıçaqla Təqsirləndirilən şəxs sol budundan vuraraq həmin şəxsə xəsarət yetirdiyini görmüşdür. Daha sonra o, hadisə yerində olan digər şəxslərlə bilrikdə dalaşanları sakitləşdirmək üçün davaya müdaxilə edərək, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs hadisə yerindən uzaqlaşdırmışlar. Bundan sonra Təqsirləndirilən şəxs budundan aldığı xəsarətlə əlaqədar xəstəxanaya getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, hadisənin Biləsuvar şəhəri, H.Əliyev küçəsində, “Uğur market” ticarət mərkəzinin qarşısında baş verdiyini və hadisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tilovla vurduğunu təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 məhkəmədə göstərdi ki, o, faktiki nikah münasibətlərində olduğu Təqsirləndirilən şəxsla və həmin şəxslə birgə nikahından olan 2 uşağı ilə birlikdə, Biləsuvar şəhəri, Təyyarə meydanı yaşayış massivində yerləşən evdə yaşayır. O, Zərərçəkmiş şəxs iki ilə yaxındır ki, tanıyır və həmin şəxsi dəfələrlə küçədə, yaşadıqları evin yanında dayanarkən görmüşdür. 31 iyul 2022-ci il tarixdə o, yaşadığı evin yaxınlığındakı mağazadan alış-veriş edərkən Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətdiyinə görə o, Zərərçəkmiş şəxs irad tutmuş və bu zaman onlar arasında mübahisə yaranmışdır. Zərərçəkmiş şəxs onunla kobud şəkildə danışdığına görə o, əsəblərini cilovlaya bilməmiş və Zərərçəkmiş şəxs söymüşdür. Zərərçəkmiş şəxs isə əlindəki alışqanı ona tərəf tullamış və alışqan onun sağ qoluna xəsarət yetirmişdir. Həmin gün, axşam vaxtı, əri Təqsirləndirilən şəxs yaşadıqları evə gəldikdən sonra Zərərçəkmiş şəxs onların həyət darvazasının qarşısına gələrək, Təqsirləndirilən şəxsla münaqişə yaratmağa cəhd göstərmiş, lakin o, məsələyə müdaxilə edərək, Təqsirləndirilən şəxs evə aparmışdır. Növbəti gün, günortadan sonra ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında Biləsuvar şəhəri, H.Əliyev küçəsində, “Uğur market” ticarət mərkəzinin qarşısında münaqişə baş vermiş və münaqişə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bıçaqla, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs tilovla vurmuşlar. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 04 avqust 2022-ci il tarixli 667 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş başın ənsə nahiyəsində bir ədəd hematoma bərk küt əşyanın təsirindən törənmişdir, tilovla vurulma nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan 01 avqust 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Uğur market” ticarət mərkəzinin müşahidə kameralarındakı videogörüntülərdən görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında 01 avqust 2022-ci tarixdə dava-dalaş küçədə, yolun hərəkət hissəsində baş vermişdir, hadisə həmin küçə ilə hərəkət edən nəqliyyət vasitələrinin hərəkətinə mane olmuşdur. Həmin videogörüntülərdən həmçinin müəyyən edilir ki, Zərərçəkmiş şəxs, atası Tehranın idarə etdiyi motosikletlə, yolun hərəkət hissəsinin kənarıda dayanaraq, motosikletdən enib “Uğur market” ticarət mərkəzi istiqamətində yolu keçmək istəyərkən, qəflətən Təqsirləndirilən şəxs arxadan həmin şəxsə tərəf gedərək, Zərərçəkmiş şəxs təpiklə zərbə endirir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzərinə getdikdən sonra Təqsirləndirilən şəxs həmin yerdən uzaqlaşır. Bu zaman Zərərçəkmiş şəxs yolu keçərək, “Uğur market” ticarət mərkəzinə tərəf addımlayarkən, Təqsirləndirilən şəxs təkrarən Zərərçəkmiş şəxs üzərinə gedərək, əlindəki predmetlə Zərərçəkmiş şəxs başına zərbə endirir. Bundan sonra hadisə yerinə toplaşmış şəxslər Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ayırırlar. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, CM-in 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinin 1-ci hissəsinə və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu məhkəmə təcrübəsinə dair məsələlər üzrə məhkəmələrə izahlar verir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin Qərarın 3-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, şəxsi münasibətlər zəminində başlanılmış hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadəedən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Cinayət işinin məhkəmədə baxılması zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında 01 avqust 2022-ci il tarixdə baş vermiş münaqişənin yaranmasına səbəb şəxsi münasibətlər zəminində həmin şəxslər arasında bir gün öncə baş vermiş mübahisə səbəb olsa da, cinayət hadisəsi zamanı Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydanı kobud surətdə pozmuş və Təqsirləndirilən şəxs bu hərəkətləri ilə cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə etmiş, yəni insanların çoxluq təşkil etdiyi yerdə, eyni zamanda hadisə yerinə toplaşmış şəxslərin yanında, qərəzli xuliqanlıq hərəkətləri edərək, silah qismində istifadə etdiyi tilov (qarmaq) ilə zərərçəkmiş şəxsi vurmuşdur. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunan şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onu də nəzərə alır ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında 01 avqust 2022-ci il tarixdə baş vermiş münaqişənin yaranmasına şəxsi münasibətlər zəminində həmin şəxslər arasında bir gün öncə baş vermiş və zərərçəkmişin təşəbbüsü ilə başlanmış mübahisə təkan vermişdir. Törətdiyi əməldən səmimi peşman olmasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, himayəsində 2 uşağın olmasını və ailəsini dolandıran yeganə şəxs olduğunu, habelə zərərçəkmiş şəxslə barışıq əldə etməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin edələcək cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə onun şəxsiyyətini xarakterizə edən halları işin digər mühüm halları ilə birlikdə qiymətləndiriərək heab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Həmçinin iş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs barəsində 01 avqust 2022-ci il tarixdə, saat 21:15 radələrində barəsində şübhəli şəxs qismində tutma tətbiq edilmiş və həmin şəxs 03 avqust 2022-ci il tarixdə, saat 16:30-da Biləsuvar rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı faktiki tutulduğu 2 gün müddət təyin edilən azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən, “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Avropa İnsan Hüquqları Məhkəməsi isə özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; X1rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) ədalətin bərpasını belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2009-cu il tarixli Qərarında göstərilir ki, ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, eləcə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinin tələbinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan əməli hərəkətləri hadisələrin təsadüfi axarı zəminində ilk dəfə törətməsini, əvvəllər məhkum olunmamasını, eləcə də hərəkətlərində cəzanı ağırlaşdıran halların olmamasını, cinayətin törədilməsi hallarını, habelə törətdiyi əməldən səmimi peşman olmasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, himayəsində 2 uşağın olmasını və ailəsini dolandıran yeganə şəxs olduğunu, habelə zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması, yaxud onun islah olunması ona təyin olunacaq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını çəkmədən də mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinin tələbinə görə məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li 4cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 25-ci bəndində göstərilir ki, şərti məhkum etmə haqlarında yalnız CM-nin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Beləliklə, məhkəmə cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini səciyyələndirən halları, cəzanı yüngülləşdirən halları, hərəkətlərində CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını, habelə onun islah olunması imkanlarını nəzərə alaraq Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın şərti hesab edilməsini qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərində sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın növünü və onun barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbirinin məqsədlərini təmin etdiyinə görə hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 1 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar