Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-29/2024 15.02.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X1 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxx 1991-ci il tarixdə İsmayıllı rayonu, Qubaxəlilli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, İsmayıllı rayonu, Qubaxəlilli kəndində qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən nömrəsiz evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq - 1,332 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 15 sentyabr 2023-cü il tarixdə, saat 19:35-də Şahid5 idarə etdiyi «VAZ - 11194» markalı, **- XT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar şəhəri, H.Əliyev küçəsi, «PMK-19» adlanan ərazidə hərəkətdə olarkən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq, Biləsuvar rayon polis şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman həmin psixotrop maddə metamfetamin bir ədəd şəffaf rəngli bükümdə olmaqla, əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, İsmayıllı rayonu, Qubaxəlilli kəndində qeydiyyatda olsa da, faktiki olaraq Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən nömrəsiz evdə yaşayır, subaydır və rəsmi olaraq heç bir yerdə işləmir. O, bir neçə ildir ki, psixotrop maddə metamfetamin istehlak edir. Sonuncu dəfə o, 13 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospektində yerləşən saatın yaxınlığında piyada gəzdiyi zaman yerdən bir ədəd şəffaf rəngli bükülü tapmışdır. O, həmin bükülünü açdığı vaxt içərisində psixotrop maddə metamfetamin olduğunu görmüşdür. O, özü də həmin növdə psixotrop maddə istifadə etdiyinə görə metamfetamin olduğunu dərhal anlamışdır. O, psixotrop maddə metamfetamini sonradan bədənində ağrılar kəskinləşdiyi zaman istehlak etmək məqsədi ilə cibində gizlətmişdir. 15 sentyabr 2023-cü il tarixdə tanışı Şahid4 ona Biləsuvar rayonuna əsgər yoldaşı ilə görüşmək məqsədi ilə getməyi təklif etmiş və o da həmin şəxsin təklifi ilə razılaşmışdır. Onlar həmin gün saat 16 radələrində sonradan adını öyrəndiyi taksi sürücüsü Şahid5 ilə onları Biləsuvar rayonuna 120 manat zəhmət haqqı vermələri qarşılığında aparması barədə razılıq əldə etmişlər və həmin şəxsin idarə etdiyi «VAZ - 11194» markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonuna yola düşmüşlər. Onlar həmin gün saat 19 radələrində Biləsuvar şəhəri, H.Əliyev küçəsi, «PMK-19» adlanan ərazidə hərəkətdə olarkən yol patrul xidmətinin əməkdaşları avtomaşına saxla əmrini verdiklərinə görə Şahid5 nəqliyyat vasitəsini yolun kənarında saxlamışdır. Polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmiş, gəlişlərinin səbəbini izah etdikdən sonra onları Biləsuvar rayon polis şöbəsinə dəvət etmişlər. Biləsuvar rayon polis şöbəsinin inzibati binasında videoçəkiliş aparılmaqla, vəkilin iştirakı ilə, onun üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl hüquq və vəzifələri ona izah edilmiş, üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların, eləcə də narkotik vasitələrin və ya psixotrop maddələrin olub-olmaması soruşulmuşdur. O da əynindəki şalvarın sağ yan cibindən həmin bükümü çıxarıb, polis əməkdaşlarına təqdim etmiş və bükülünü 13 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospektində yerləşən saatın yaxınlığında piyada gəzdiyi zaman yerdən tapdığını və ağrıları olduğu zaman istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış və «VAZ - 11194» markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilmiş, lakin onun üzərində və avtomobildə dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış başqa əşya aşkar edilməmişdir. Şəxsi axtarış və baxış keçirilməsi ilə əlaqədar protokollar tərtib edilmiş, eyni zamanda onun üzərindən aşkar edilmiş psixotrop maddə qablaşdırılaraq götürülmüşdür. Tərtib edilmiş protokollar ona ucadan oxunmuş, protokol və üzərindən götürülmüş əşyaların qablaşdırıldığı zərfin üzəri o və digər baxış iştirakçıları tərəfindən imzalanmışdır. Bundan əlavə o bildirdi ki, onun üzərində psixotrop maddə metamfetamin olduğundan sürücü Şahid5 və tanışı Şahid4 xəbəri olmamışdır. Onun Şahid4 üzərində psixotrop maddə daşıdığından yalnız Biləsuvar rayon polis şöbəsində həmin şəxsin üzərində keçirilmiş şəxsi axtarış nəticəsində həmin maddə aşkar olunduqdan sonra xəbəri olmuşdur. Sonda, Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Biləsuvar rayon sakini Şahid4 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Biləsuvar rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında 15 sentyabr 2023-cü il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq, həmin gün saat 19:30-da əməliyyat tədbiri keçirilməyə başlanılmış və Şahid4 içərisində olduğu ehtimal edilən Şahid5 idarə etdiyi «VAZ - 11194» markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobil Biləsuvar şəhəri, “Gömrük dairəsi” adlanan yerin yaxınlığında hərəkətdə olduğu zaman əməliyyat müşahidəsinə götürülmüşdür. Bundan təxminən 5 dəqiqə sonra həmin nəqliyyat vasitəsi yol patrul xidmətinin əməkdaşları tərəfindən Biləsuvar şəhəri, H.Əliyev küçəsi, «PMK-19» adlanan ərazidə saxlatdırılmış və Şahid4, Təqsirləndirilən şəxs və sürücü Şahid5 polis əməkdaşları tərəfindən Biləsuvar rayon polis şöbəsinə gətirilmişdir. Biləsuvar rayon polis şöbəsinin inzibati binasında, vəkilin iştirakı ilə, videoçəkilişlə, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl hüquq və vəzifələri ona izah edilmiş, üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların, eləcə də narkotik vasitələrin və ya psixotrop maddələrin olub-olmaması soruşulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli bükümü çıxarıb təqdim etmiş və həmin bükülünü 13 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospektində yerləşən saatın yaxınlığında piyada gəzdiyi zaman yerdən tapdığını və bədənində olan ağrıları azaltmaq üçün üzərində saxladığını bildirmişdir. Həmin bükülünün içərisinə baxılarkən, orada rəngindən və digər əlamətlərindən psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş və üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış başqa əşya aşkar edilməmişdir. Şübhəli şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və həmin protokol o və digər baxış iştirakçıları tərəfindən imzalanmışdır. Həmçinin Şahid4 və Şahid5 üzərlərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş və Şahid5 üzərlərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşya aşkar edilməsə də, Şahid4 üzərindən bir ədə şəffaf rəngli sellofan bükümdə olmaqla psixotrop maddə metamfetamin aşkar edilmişdir. Şübhəli şəxslər üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və həmin protokol o və digər baxış iştirakçıları tərəfindən imzalanmışdır. Daha sonra «VAZ - 11194» markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş aparılmaqla baxış keçirilmiş və nəqliyyat vasitəsində qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin bükülü elektron tərəzidə çəkilmiş və qablaşdırması ilə birlikdə çəkisi 1,42 qram olmuş və həmin şəxsdən götürülmüş psixotrop maddə metamfetaminə bənzər maddə zərfə qoyularaq qablaşdırılmış, Daxili İşlər Nazirliyinin zərflər üçün 61 nömrəli möhürü ilə möhürlənmişdir. Sonda baxış keçirilməsinə dair protokol tərtib olunaraq iştirakçılara oxunmuş, protokol baxış iştirakçıları tərəfindən imzalanmışdır. İş üzrə şahid kimi dindirilmiş Biləsuvar rayon polis şöbəsinin əməkdaşı Şahid2 məhkəmədə Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq -1,332 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, özündə saxlayaraq daşıdığını, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 15 sentyabr 2023-cü il tarixdə, saat 19:35də Şahid5 idarə etdiyi «VAZ - 11194» markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar şəhəri, H.Əliyev küçəsi, «PMK-19» adlanan ərazidə hərəkətdə olarkən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq, Biləsuvar rayon polis şöbəsinə gətirildiyini təsdiq etdi. İş materiallarında olan şəxsi axtarış və maddi sübutun götürülməsi barədə 15 sentyabr 2023-cü il tarixli protokoldan, habelə həmin protokola əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində döviyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyalar, eləcə də narkotik vasitə və ya psixotrop maddə vardırsa, könüllü təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızı bükümünü çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükümün içərisində psixotrop maddə metamfetamin vardır və həmin bükülünü 13 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospektində yerləşən saatın yaxınlığında piyada gəzdiyi zaman yerdən tapmışvə bədənində olan ağrıları azaltmaq üçün üzərində saxlamışdır. Bundan sonra həmin bükülüyə onun iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olması aşkar olunmuşdur. Həmin bükülü elektron tərəzidə çəkilmiş və qablaşdırması ilə birlikdə bükümün çəkisinin 1,42 qram olduğu məlum olmuşdur. Həmin psixotrop maddə metamfetaminə bənzər maddə olan büküm zərfə qoyulub qablaşdırılaraq 61 nömrəli möhürü ilə möhürlənmişdir. İş materiallarına əlavə edilmiş avtomobilə baxış keçirilməsi və götürülməsi barədə 15 sentyabr 2023-cü il tarixli protokoldan, habelə həmin protokola əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, Şahid5 idarə etdiyi «VAZ - 11194» markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin həmin nəqliyyat vasitəsində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşya aşkar edilməmişdir. İşdə olan məhkəmə-fiziki-kimyəvi ekspertizasının 16 sentyabr 2023-cü il tarixli, 19/871 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, içərisində metamfetaminə bənzər maddə olan bükülü...» sözlər və imzalar olan bir ədəd zərfin içərisindəki, 01 ədəd bükümdə təmiz çəkisi -1,332 qram olan ağ rəngli, kristallardan ibarət maddə psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi -1,332 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, qalıq 1,282 qram qalmışdır. İş materiallarında olan ambulator narkoloji tibbi yoxlamanın 18 sentyabr 2023-cü il tarixli, 899 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindiromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsin 16 oktyabr 2023-cü il tarixli, xx/xx- 12158 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs 22 noyabr 2022-ci il tarixdən “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsində 1 illik profilaktik qeydiyyatdadır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının» İİ siyahısının 67-ci bəndinin tələbinə görə metamfetaminin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qramdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmayan şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 15 sentyabr 2023-cü il tarixdə saat 19:35-də şübhəli şəxs kimi tutma tətbiq olunmuş və Təqsirləndirilən şəxs 17 sentyabr 2023-cü il tarixdə saat 14:40-da Biləsuvar rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı faktiki tutulduğu 2 gün müddət təyin edilən azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayət işinə məhkəmədə baxıldığı dövrdə məhkəmədən qaçıb gizləndiyinə görə Biləsuvar rayon Məhkəməsinin 07 yanvar 2024-cü il tarixli qərarı ilə barəsində axtarış elan edilməklə, polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmiş və həmin şəxs 31 yanvar 2024-cü il tarixdə Bakı şəhərində polis əməkdaşları tərəfindən tutulmuşdur. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə cəzasının əvvəli 31 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın 18 sentyabr 2023-cü il tarixli, 899 saylı rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsində profilaktik qeydiyyatda olduğuna görə həmin şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınmalı və Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicə təyin edilməlidir Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, tədqiqatdan sonra xalis çəkisi 1,282 qram olan psixotrop maddə metamfetamin məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 65 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları və həmin şəxsin məhkəməyədək icraat dövründə barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbirinə dəyişdirilməsini nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 1 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 31 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs ərzi narkoloji kabinetində qeydiyyata alınmalı və ona toksikomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə ekspertiza xərci qismində 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 1,282 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №1(022)-29/2024
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-29/2024
15.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver