Məhkəmə qərarları › İş №1(022)-30/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №1(022)-30/2024

07.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 1(022)-30/2024 07.01.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi X3 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun müdiri Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1986-cı il tarixdə Biləsuvar rayonu, Ovçubərə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 uşağı olan, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Ovçubərə kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 25 noyabr 2023-cü il tarixdə, saat 09 radələrində Biləsuvar rayonu, Ovçubərə kəndində yerləşən qardaşı arvadı Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında sonuncu ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində, yəni Zərərçəkmiş şəxs ondan ailə münasibətlərinə qarışmamasını tələb etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı qəsdən əlində olan plastik vedrə ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə bir dəfə, sifər nahiyəsinə bir neçə dəfə sillə ilə vuraraq, həmin şəxsə alının sol yarısında hematoma, sol yanaq, boyun və sağ əl nahiyəsində sıyrıqlar ilə nəticələnən xəsarətlər yetirmiş və zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, ailə üzvləri ilə birgə Biləsuvar rayonu, Ovçubərə kəndində yaşayır və heç bir yerdə rəsmi olaraq işləmir. Zərərçəkmiş şəxs onun qardaşının arvadıdır və onlar qonşudurlar. Zərərçəkmiş şəxs ilə onun arasında olan münasibətlər qardaşı ilə həmin şəxs evləndiyi vaxtdan hazırki tarixə qədər normal olmamış və onlar arasında tez-tez münaqişələr baş vermişdir. Sonuncu dəfə o, 25 noyabr 2023-cü il tarixdə, saat 09 radələrində su doldurmaq məqsədi ilə özü ilə plastik verdə götürərək, Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında olan su bulağına getmişdir. O, bulağa çatdığı zamanı orada Zərərçəkmiş şəxs olduğunu görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs onun barəsində nalayiq ifadələr işlətmiş, əri ilə aralarında baş vermiş münaqişələrin səbəbkarının o olduğunu bildirərək, onu təhqir etmişdir. Bundan sonra isə Zərərçəkmiş şəxs onun üzərinə hücum etmiş və o da həmin şəxsin baş nahiyəsinə əlində olan plastik vedrə ilə zərbə vurmuşdur. Həmin vaxt onun əri X1 hadisə yerinə gələrək, onları ayırmışdır. Daha sonra isə o, Zərərçəkmiş şəxs onu söyüb, təhqir etdiyi barədə ərizə ilə Biləsuvar rayon polis şöbəsinə müraciət etmişdir. Onlar arasında baş vermiş mübahisə təxminən 5-10 dəqiqə davam etmiş və onun əri Q.B.Həsənovdan başqa heç kim hadisəni görməmiş, hadisə təxminən 5-10 dəqiqə davam etmişdir. O, baş vermiş mübahisə vaxtı Zərərçəkmiş şəxs əlində olan vedrə ilə vurmuşdur. Hazırda o, etdiyi əməldən səmimi peşmanlıq hissi keçirir, buna görə də Zərərçəkmiş şəxs üzr istəyib və ona dəymiş ziyanı aradan qaldırmış və onunla barışığa nail olmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs onun baldızıdır və onlar qonşudurlar. Onlar arasında mübahisələr normal olmamış və tez-tez aralarında münaqişələr baş vermişdir. O, 25 noyabr 2023-cü il tarixdə, saat 09 radələrində yaşadığı evin qarşısında yerləşən bulaqdan su götürdüyü zaman Təqsirləndirilən şəxs əri Q.B.Həsənov ilə bulağa tərəf gəldiklərini görmüşdür. Təqsirləndirilən şəxs bulaqdan su götürdüyü vaxt o, həmin şəxsdən onunla əri arasında olan münasibətlərə müdaxilə etməməsini xahiş etmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs əsəbləşmiş və onun ünvanına nalayiq ifadələr işlətmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs onun üzərinə hücum edərək, əlində olan vedrəni onun baş nahiyəsinə vurmuş, həmçinin onun üz nahiyəsinə sillə ilə, ayaq nahiyəsinə isə təpiklə zərbələr endirmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs əri Q.B.Həsənov onları ayırmış və o, öz evinə getmişdir. O, evinə çatdıqdan sonra hadisə barədə dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə məlumat vermişdir. Lakin sonradan Təqsirləndirilən şəxs ondan üzr istəyərək, ona dəymiş ziyanı aradan qaldırmış və onunla barışığa nail olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs vəsatət verərək, böyük ictimai təhlükə törətməyən cinayət törətdiyinə, zərərçəkmişə vurulmuş zərəri aradan qaldırdığına və zərərçəkmişlə barışıq əldə etdiyinə görə onu cinayət məsuliyyətindən azad etməyi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda Zərərçəkmiş şəxs məhkəmədə vəsatət verərək, barəsində ittiham irəli sürülmüş şəxsin böyük ictimai təhlükə törətməyən cinayət törətdiyini, ona vurulmuş zərəri aradan qaldırdığını və onunla barışdığını nəzərə alaraq, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Dövlət ittihamçısı barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsinə və iş üzrə icraata xitam verilməsinə razı olduğunu bildirdi. İş materiallarında olan canlı şəxsin ekspertizasının 26 noyabr 2023-cü il tarixli, 1305 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs alının sol yarısında hematoma, sol yanaq, boyun və sağ əl nahiyəsində sıyrıqlar aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir. Xəsarətlərin əmələ gəlmə müddəti 25 noyabr 2023cü il tarixə uyğun gəlir və əllə, təpiklə vurulma nəticəsində törənə bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğu üçün sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və Statistik İnformasiya İdarəsinin 04 dekabr 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada heç vaxt cinayət məsuliyyətindən azad edilməmişdir. Məhkəmə məhkəməyədək sədələşdirilmiş icraatın materiallarını tədqiq edərək, barəsində ittiham irəli sürülmüş şəxsi, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, vəsatətlər əsaslı olduqlarına görə təmin edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 73.1 və 73.2-ci maddələrinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. CM-nin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə görə, şəxs Cinayət Məcəlləsinin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayəti ilk dəfə törətmişdir və həmin Məcəllənin 72- 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada heç vaxt cinayət məsuliyyətindən azad edilməmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu zərəri aradan qaldırmış və onunla barışmışdır. Azərbaycan Respublikası CPM-nin 40.2 və 40.2.2-ci maddələrinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmişlə barışdıqda onun cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 72-74-cü maddələrində nəzərdə tutulmuş hallar mövcud olduqda işin icraatına xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə, həmin Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Təqsirləndirilən şəxs yazılı vəsatətindən görünür ki, o, zərərçəkmiş şəxslə barışdığına görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsinə razıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və vurulmuş zərəri aradan qaldırdığına görə, cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraat materialları üzrə icraata xitam verilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar