Məhkəmə qərarları › İş №1(022)-30/2025

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-30/2025

05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-30/2025 05.02.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxx 1999-cu il tarixdə Naxçıvan Muxtar Respublikası, Sədərək rayonu, Sədərək kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Naxçıvan Muxtar Respublikası, Sədərək rayonu, Sədərək kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, 11 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 10 oktyabr 2024-cü il tarixədək olan müddət ərzində İran İslam Respublikasının Culfa şəhərində istintaqla müəyyən edilməmiş mənbədən satış məqsədi olmadan 5 konvalyutda xeyli miqdarda, tərkibində klonazepam psixotrop maddəsinin ümumi təsiredici miqdarı – 0,2 qram təşkil edən 100 həb “Clonazepam Sobhan 2” göstəricili dərman preparatını qəsdən qanunsuz olaraq əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə ayağındakı “Adidas” markalı, 41 ölçülü boz rəngli ayaqqabının sağ tayında 3, sol tayında 2 konvalyut olmaqla, tərliklərinin altında yerləşdirib saxlayaraq Azərbaycan Respublikasına daşımış, 10 oktyabr 2024-ci il tarixdə, saat 7 radələrində Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin Biləsuvar rayonunun inzibati ərazisində yerləşən Biləsuvar keçid məntəqəsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, gömrük əməkdaşları tərəfindən tətbiq edilmiş gömrük yoxlaması zamanı qeyd olunan psixotrop maddə aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, anası uzun müddətdir sinir sistemi xəstəliyindən əziyyət çəkir və onun müalicəsində “Klonazepam” adlı dərman preparatından istifadə edir. Anası Bakı şəhərində olan zaman hər 2 aydan bir həkim qəbuluna getmiş və həkim resepti əsasında aptekdən “Klonazepam” adlı dərman preparatı əldə etmişlər. Atası vəfat etdikdən sonra isə anası səhv etmirsə, 2024-cü ilin avqust ayında, atasının 40 mərasimindən sonra hava yolu ilə Bakı şəhərindən Naxçıvan Muxtar Respublikasına, Sədərək rayonunda yerləşən evlərinə getmişdir. Atasının vəfatından sonra anasının xəstəliyi daha da irəlilədiyi üçün Naxçıvan Muxtar Respublikasında da Naxçıvan şəhərində yerləşən dövlət xəstəxanasında çalışan həkimin qəbulunda olmuş və həmin həkim də anasına “Klonazepam” adlı dərman preparatını qəbul etməyi məsləhət görmüşdür. 2 oktyabr 2024cü il tarixdə özü də Sədərək kəndində yerləşən evlərində təmizlik və təmir işlərini həyata keçirmək üçün hava yolu ilə Bakı şəhərindən Naxçıvan Muxtar Respublikasına getmişdir. Anası Naxçıvanda olan zaman da qeyd etdiyi dərman preparatından istifadə etmiş və 6 ədəd dərmanı qalmışdır. Bakı şəhərinə gəlmək üçün təyyarəyə bilet almağa maddi imkanı olmadığından Naxçıvan-Bakı istiqamətində hərəkət edən sərnişin avtobusundan istifadə edəcəyindən həmin dərman preparatlarını İran İslam Respublikasından əldə etməyi düşünmüşdür. Çünki pandemiyadan əvvəl quru sərhədlər açıq olan zaman həkim yoxlanışı üçün İran İslam Respublikasına getmiş və “Klonazepam” adlı dərman preparatını oradan əldə etmişlər. Həm Bakı şəhərinə gəlmək, həm də həmin dərman preparatını əldə etmək məqsədilə xx.xx.2024-cü il tarixə Naxçıvan-Bakı istiqamətində hərəkət edən sərnişin avtobusuna bilet əldə etmişdir. xx.xx.2024-cü il tarixdə saat 19:30 radələrində avtobus yola düşmüş, təxminən 1 saat sonra Culfa gömrük postundan keçərək İran İslam Respublikasının Culfa şəhərinə daxil olmuşlar. Culfa şəhərində yerləşən apteklərin birinə daxil olaraq 1 qutu, yəni 100 ədəd “Klonazepam” adlı dərman verməsini xahiş etmiş, ona hər birində 20 həb olmaqla 5 konvalyut üzərində “Clonazepam Sobhan 2” yazısı olan dərman preparatlarını vermişdir. Həmin dərman preparatlarını təhvil alaraq aptekdən çıxmış və orada yerləşən ayaqqabı mağazasına daxil olaraq oradan ayaqqabı alaraq həmin dərman preparatlarından 2 konvalyutunu ayaqqabının sol tayına, 3 konvalyutunu ayaqqabının sağ tayına yerləşdirmiş və ayaqqabıları ayağına geyinərək avtobusa əyləşmişdir. xx.xx.2024-cü il tarixdə saat 06:30 radələrində İran İslam Respublikasının Biləsuvar gömrüyündən keçərək Azərbaycan Respublikasının Biləsuvar gömrük postuna daxil olmuşdur. Həmin gün saat 7 radələrində pasport nəzarətindən keçdikdən sonra özü ilə gətirdiyi əl yüklərini rentgen qurğusuna yerləşdirmiş, özü isə metal axtaran qurğunun altından keçmişdir. Bundan sonra gömrük əməkdaşları onunla şifahi sorğu-sual aparmış, ona gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan edilməli olan hər hansı predmetlərin olub-olmaması barədə sual vermişlər. Öz növbəsində gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə bəyan edilməli olan hər hansı predmetlərin olmadığını bildirmişdir. Daha sonra ayağındakı ayaqqabıları çıxararaq təqdim etməsini bildirmişlər. Ayaqqabıları çıxarmış və ayaqqabılarına baxış keçirilmişdir, baxış zamanı sol tayından hər birində 20 həb olmaqla 2 konvalyut üzərində “Clonazepam Sobhan 2” və sağ tayından isə gömrük nəzarətindən gizlədilmiş, hər birində 20 həb olmaqla 3 konvalyut üzərində “Clonazepam Sobhan 2” dərman preparatları aşkar edilmişdir. Daha sonra üzərində şəxsi yoxlama aparılmış, üzərində qanunla qadağan edilmiş heç bir şey aşkar edilməmişdir. Sonda ayaqqabılarından aşkar edilmiş hər birində 20 həb olmaqla 5 konvalyutda cəmi 100 ədəd üzərində “Clonazepam Sobhan 2” yazısı olan dərman preparatları, həmçinin ayaqqabılar qablaşdırılaraq götürülmüş, protokollar tərtib edilmiş və protokollarla tanış olub onları imzalamışdır.Bundan başqa daha sonra Təqsirləndirilən şəxs göstərmişdir ki, heç vaxt narkotik vasitələrdən, psixotrop və ya güclü təsir edən maddələrdən istifadə etməmişdir. 10 oktyabr 2024-cü il tarixdə, saat 7 radələrində ayağına geydiyi ayaqqabının içərisindən aşkar edilərək götürülmüş həbləri anasının istifadə etməsi üçün İran islam Respublikasının Culfa şəhərində yerləşən aptekdən 3 manat qarşılığında almışdır. Bakı şəhərində yerləşən apteklərdən həmin dərmanın 30 həbinə təxminən 6 manat ödəsə də, İran İslam Respublikasında 100 həbə 3 manat ödəmişdir. Ucuz olduğu üçün İran İslam Respublikasından alıb gətirmiş, həmin maddələrin qanunsuz olduğunu bildiyi üçün ayaqqabısının içərisində gizlətmişdir. Həmin həbləri İran islam Respublikasının Culfa şəhərində yerləşən aptekdən alan zaman hər hansı bir tibbi göstəriş, resept təqdim etməmiş, sadəcə aptekə daxil olaraq əczaçıdan ona “Klonazepam” göstəricili dərman preparatı verməsini xahiş etmiş, orada çalışan şəxs də 3 manat qarşılığında ona həmin dərmanları vermişdir. Qeyd edilən dərman preparatlarını gömrük nəzarətindən keçirə biləcəyi halda, Bakı şəhərinə gələnə qədər həmin dərmandan istifadə etməsi üçün 1 konvalyutunu karqo vasitəsilə Naxçıvan Muxtar Respublikasında yaşayan anasına göndərməyi planlaşdırmışdır. Dərmanların digər hissəsini isə anası Bakı şəhərinə gəldikdən sonra qəbul edəcəkmiş. Anası əsəb xəstəsidir, həmin dərmanları qəbul etməsə, yata bilmir. Əvvəllər Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə “Klonazepam” göstəricili dərman vasitələri, həmçinin narkotik vasitələr, psixotrop maddə, güclü təsir edən maddə və qanunla qadağan olunmuş hər hansı predmet gətirməmişdir. Biləsuvar Gömrük İdarəsində üzərinə baxış keçirilən, izahatı alınan zaman gömrük əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi zorakılıq olmamış, bununla bağlı narazılığı və şikayəti yoxdur. Sonda təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 206.2 və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsinin inspektoru Şahid1 göstərmişdir ki, 2017-ci ildən gömrük orqanlarında, hazırda Biləsuvar Gömrük İdarəsi Rəsmiləşdirmə mərkəzinin 1-ci bölməsinin inspektoru vəzifəsində xidmət edir. Xidməti vəzifəsi rəhbərliyin göstərişi ilə müəyyən edilən iş bölgüsündən asılı olaraq, İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn və ya əks istiqamətdə gedən sərnişinlərə gömrük nəzarətini həyata keçirməkdən ibarətdir. 10 oktyabr 2024-cü il tarixdə iş bölgüsünə əsasən Biləsuvar Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində idxal sərnişin xəttində xidmətdə olmuş və İran İslam Respublikasından keçməklə Naxçıvan Muxtar Respublikasından Azərbaycan Respublikasına Naxçıvan Muxtar Respublikası-Bakı marşrutu üzrə hərəkət edən avtobusda sərnişin qismində gələn sərnişinlərə gömrük nəzarətini həyata keçirmişdir. Xidmətdə olduğu zaman səhər saat 7 radələrində əvvəllər tanımadığı, şəxsiyyəti ona sonradan məlum olan Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs metal axtaran qurğudan keçən zaman qurğu siqnal verdiyi üçün onunla şifahi sorğu-sual aparmış və ondan üzərində gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin, o cümlədən narkotik vasitələrin, psixotrop maddələrin olub-olmamasını soruşmuş və varsa, təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs isə öz növbəsində üzərində gömrük nəzarətindən gizlədilmiş və mütləq bəyan ediləsi heç bir predmet olmadığını bildirmişdir. Şəxs sorğu-sual zamanı özünü şübhəli və narahat apardığına görə onun ayağında olan boz rəngli ayaqqabıların içərisində narkotik vasitə gizlədə biləcəyini ehtimal edib onun ayaqqabılarını yoxlamaq qərarına gəlmişdir. Dəfələrlə vətəndaşların ayaqqabılarından hüquqpozma predmetləri aşkar olunduğuna görə seçmə üsulu ilə, özünü şübhəli aparan şəxslərin ayaqqabılarını yoxlayırlar. Bu məqsədlə Təqsirləndirilən şəxs ayaqqabılarını çıxarmasını tələb etmiş və ayaqqabının hər iki tayının tərliyinin altında şübhəli predmetlərin olması diqqətini çəkmişdir. Bundan sonra baxışda iştirak etməsi üçün onunla birlikdə xidmət edən Şahid2 çağırmış, həmçinin 2 hal şahidini dəvət edərək onlara hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra ayaqqabının içərisinə baxış keçirmiş, baxış zamanı üzərində “Adidas” yazılmış idman ayaqqabısının sağ tərliyinin altından 3 konvalyut, sol tərliyinin altından isə 2 konvalyut “Clonazepam” göstəricili dərman preparatı olmaqla, ümumilikdə 100 həb aşkar edilərək götürülmüş, qablaşdırılmış, tərəfindən baxış barədə protokol tərtib olunmuş, iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra inspektor Şahid2 tərəfindən şəxsin üzərinə baxış keçirilsə də, qanunla qadağan edilmiş başqa predmet aşkar olunmamışdır. Sonda Təqsirləndirilən şəxs, tərtib olunmuş sənədlər və aşkar edilmiş həblər araşdırma aparılması üçün əməkdaşı olduğu İdarənin əməliyyat və təhqiqat şöbəsinə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsinin inspektoru Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, ailəsi ilə birlikdə Biləsuvar şəhərində yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, ailəsinin dolanışığını təmin etmək məqsədi ilə “Biləsuvar” gömrük postunda fəhləlik edir. Gömrük postunda yükləmə və boşaltma işləri günün 24 saatı həyata keçirildiyi üçün növbəli şəkildə işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında qohumluq, şəxsi-qərəzlik, düşmənçilik və ya ədavət olmamışdır, hazırda da yoxdur. 10 oktyabr 2024-cü il tarixdə, səhər saat 7 radələrində gömrük işçisi ona və onun kimi postda fəhləlik edən Əliyə yaxınlaşıb gömrük postunda keçiriləcək baxışda hal şahidi kimi iştirak etmələrini xahiş etmişdir. Onlar da gömrük əməkdaşına etiraz etməmiş, onlara hüquq və vəzifələri izah olunmuş və birlikdə gömrük postunun sərnişinlər gələn yerinə getmişlər. Burada Rəhman adlı şəxsə məxsus ayaqqabılara iştirakı ilə baxış keçirilmiş, ayaqqabının tərliklərinin altından dərmanlar aşkar edilərək götürülmüş və qablaşdırılmışdır. Sonradan şəxsin üzərinə də baxış keçirilmiş, lakin başqa qanunsuz əşya aşkar olunmamışdır. Yoxlamalar tam başa çatdıqdan sonra protokollar tərtib olunmuş, protokollarla tanış olub onları imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Hüseyinağa oğlu Şahid3la oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 oktyabr 2024-cü il tarixli, 6/4855 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyinə əsasən, tədqiqata təqdim edilmiş, üzərində “...Clonazepam Sobhan 2...” əmtəə göstəriciləri olan 5 ədəd blisterdə hər birində 20 ədəd olmaqla, ümumi sayı 100 ədəd tablet klonazepam tərkiblidir və 100 ədəd tabletdə klonazepam maddəsinin ümumi təsiredici miqdarı 0,2 qram təşkil edir. Klonazepam Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına aiddir. Aparılmış tədqiqatlardan sonra həblərin qalıq sayı 90 ədəd təşkil etmişdir. İş materiallarından görünür ki, iş üzrə əhəmiyyət kəsb etdiyindən 10 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ayaqqabısından aşkar edilərək götürülmüş 100 həb “Clonazepam Sobhan 2” göstəricili dərman preparatı, qeyd edilən hüquqpozma predmetlərinin gizlədildiyi 1 cüt “Adidas” markalı, 41 ölçülü boz rəngli ayaqqabı qəbul edilmiş 14 oktyabr 2024-cü il tarixli qərarla maddi sübut kimi tanınmış, təyinatı məsələsi yekun qərarla həll edilənədək aparılmış tədqiqatdan sonra 90 ədəd qalan “Clonazepam Sobhan 2” göstəricili dərman preparatı saxlanılması üçün Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağına, 1 cüt ayaqqabı isə Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X2 daxil olmuş 16 oktyabr 2024-cü il tarixli, 6854 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyi ilə müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətlərinin aşkar olunmaması, narkomaniya xəstəliyindən əzab çəkməməsi, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması müəyyən edilmişdir. İş materiallarında olan 10 oktyabr 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 oktyabr 2024-cü il tarixdə saat 12:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyt-İstintaq Baş İdarəsinin 11 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 11 oktyabr 2024-cü il tarixdə saat 16;00-da «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş və Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerindən buraxılmışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” 2 siyahısının 44-cü bəndinə görə psixotrop maddə- Klonazepamın şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 0,1 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 1 qramdır. “Narkotik vasitələrin, psixatrop maddələrin və onların prekusorslarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanununun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndində göstərilir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, 1 №-li qərarının 14-cü bəndində göstərilir ki, dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış narkotik vasitə və ya psixotrop maddə mənşəli dərman vasitələri həqiqətən tibbi resept əsasında əldə edilmiş olsa belə, həmin dərman vasitələrini Azərbaycan Respublikasının gömrük sərhədindən keçirən şəxs bilə-bilə onları düzgün bəyan etmədikdə (məsələn, dövriyyəsi məhdudlaşdırılmamış başqa dərman vasitəsi kimi təqdim etdikdə və sair), müxtəlif üsullardan istifadə etməklə gizlətdikdə, onun əməli qaçaqmalçılıq cinayəti kimi qiymətləndirilərək CM-in 206.2-ci maddəsi ilə, buna kifayət qədər əsaslar olduqda, həm də CM-in 234-cü maddəsi ilə tövsif edilir. Digər hallarda, yəni şəxs qeyd olunan dərman vasitələrini bəyan etməməklə, gömrük nəzarətindən kənar, yaxud tibbi sənədlərdən, o cümlədən reseptdən aldatma yolu istifadə etməklə gömrük sərhədindən keçirdikdə, onun əməllərinə işin faktiki hallarından (məsələn, dərman vasitələrinin miqdarının tibbi reseptə uyğun olub-olmamasından, xəstəliyin xarakterindən və ağırlıq dərəcəsindən və sair hallardan) asılı olaraq hüquqi qiymət verilməlidir. İşdə olan sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan 5 konvalyutda xeyli miqdarda, tərkibində klonazepam psixotrop maddəsinin ümumi təsiredici miqdarı – 0,2 qram təşkil edən 100 həb “Clonazepam Sobhan 2” göstəricili dərman preparatını qanunsuz olaraq əldə etmiş, saxlamış və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Bununla da Təqsirləndirilən şəxs CM-in 206.2 və 234.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydasına əməl olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamişdir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi Təqsirləndirilən şəxs təyin edilən cəzanı yüngülləşdirən hallardır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də həmin cinayətin törədilmə hallarını, cinayətin predmeti olan dərman preparatını və onun miqdarını, təqsirləndirilən şəxsin törətdiyi əməldən səmimi peşman olmasını, onun hərəkətlərində CM-in 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunması imkanlarını və ailəsinin həyata şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş hədd daxilində cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsində göstərilmişdir ki, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. İş üzrə maddi sübut kimi tanınmış və Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində saxlanılan tədqiqatdan sonra qalan psixotrop maddə- 90 həb olan“Clonazepam Sobhan 2” göstəricili dərman preparatları məhv edilməli, Dövlət Gömrük Komitəsinin “Azərterminal kompleks” Birliyinə təhvil verilmiş 1 cüt «Adidas» markalı, 41 ölçülü boz rəngli ayaqqabı hökm qanuni qüvvəsini aldıqdan sonra sahibinə qaytarılmalıdır. Habelə məhkəmə hesab edir ki, CPM-in 197.1, 197.1.4 və 198.1 maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, bu iş üzrə hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs üzərində 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 oktyabr 2024-cü il tarixdən 11oktyabr 2024-cü il tarixədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində saxlanılma müddəti, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına 1 (bir) günə 1 (bir) gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 05 fevral 2025-ci il tarixdən müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci qismində 60 (altımış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxsdan dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində saxlanılan psixotrop maddə - 90 həb olan“Clonazepam Sobhan 2” göstəricili dərman preparatları məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinə təhvil verilmiş 1 cüt «Adidas» markalı, 41 ölçülü boz rəngli ayaqqabı hökm qanuni qüvvəsini aldıqdan sonra sahibinə qaytarılsın. Hökm elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar