Məhkəmə qərarları › İş №1(022)-31/2023

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-31/2023

12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-31/2023 12.04.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, Biləsuvar şəhəri, H.Aslanov küçəsi ev 40-da qeydiyyatda olmaqla, Biləsuvar şəhəri, Təyyarə Meydanında yaşayan, barəsində 11 noyabr 2022-ci il tarixli qərarla «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 1,515 qram çəkidə narkotik vasitə heroin əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının alınmış məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 09 noyabr 2022-ci il tarixdə saat 19:35 dəqiqədə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Uğur marketin yaxınlığında şübhəli şəxs kimi saxlanılaraq Biləsuvar RPŞ-nə gətirilmiş və şöbənin inzibati binasında üzərinə şəxsi axtarış keçirilərkən həmin narkotik vasitə heroin bir ədəd bükümdə 1,515 qram çəkidə olmaqla əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, Biləsuvar şəhəri, Təyyarə Meydanı adlanan yerdə yaşayır. Evlidir. Bir azyşalı övladı var. Rəsmi olaraq heç bir yerdə işləmir. Arabir narkotik vasitə istifadə edir. Təxminən 4 gün bundan əvvəl Bakı şəhərində olan zaman tanımadığı şəxsdən şəxsi istifadə üçün narkotik vasitə heroin almışdır. Aldığı həmin narkotik vasitəni daha sonra istifadə etmək məqsədi ilə cibinə qoymuşdur. O, daha sonra isə Biləsuvar rayonuna gəlmişdir. Həmin narkotik vasitə də üzərində olmuşdur. 09 noyabr 2022-ci il tarixdə saat təxminən 19:35 dəqiqədə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Uğur” marketin yaxınlığından olan zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib, onu Biləsuvar RPŞ-nə gətirmişdirlər . O, isə heç bir etiraz etmədən onlarla polis şöbəsinə gəlmişdir. Polis Şöbəsində xidməti otaqların birində hüquqları ona izah olunmuşdur. Sonra da öz istəyi ilə hüquqlarını müdafiə etmək üçün Müdafiəçi vəkil kimi dəvət olunmuşdur. Bundan sonra videoçəkiliş aparılmaqla polis əməkdaşı ona təklif etmişdir ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya varsa hamısını çıxarıb stolun üstünə qoysun. O da əynindəki şalvarın sağ yan cibində gizlətdiyi və içərisində narkotik vasitə olan bir ədəd bükülünü çıxardıb polis əməkdaşlarına təqdim etmiş və sorğu zamanı bildirmişdir ki, həmin bir ədəd bükülünün içərisində özünün istifadə etməyi üçün narkotik vasitə vardır, ona məxsusdur və həmin narkotik vasitəni Bakı şəhərində olan zaman tanımadığı şəxsdən almışdır. Bundan sonra üzərində şəxsi axtarış keçirilsə də, üzərindən qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Təqdim etdiyi bir ədəd bükülü elektron tərəzidə çəkildikdən sonra açılıb baxılmışdır. Polis əməkdaşları həmin bükülünün içərisində narkotik vasitə, heroinə bənzər maddə olduğunu bildirmişdirlər. Sonra həmin bükülü zərfə qoyulmuş və zərf möhürlənilmişdir. Zərfin üzərinə bütün iştirakçılar, o cümlədən o da imza etmişdir. Daha sonra üzərində keçirilən şəxsi axtarış barədə protokol tərtib olunmuş, protokol onun da tərkibində olduğu bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisi və şahidləri dinləyərək iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etiraf edici ifadəsi ilə yanaşı aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Biləsuvar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Biləsuvar rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona daxil olmuş əməliyyat məlumatı əsasında sonuncunun cinayət əməlinin ifşa edilməsi məqsədi ilə 09 noyabr 2022-ci il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən Biləsuvar RPŞ-nin CAB-nin baş əməliyyat müvəkili polis baş leytenantı Şahid1, CAB-nin əməliyyat müvəkili polis leytenantı X1, NMQ-nun əməliyyat müvəkili polis leytenantı X3 və onun da tərkibində olduğu əməliyyat qrupu yaradılaraq bu barədə protokol tərtib edilmişdir. Həmin qərara uyğun olaraq həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 09 noyabr 2022-ci il tarixdə saat 19:30 radələrində Biləsuvar şəhəri, P.Əliyev küçəsində tərəfimizdən əməliyyat müşahidəsinə götürülmüşdür. Təqsirləndirilən şəxs təxminən 5 dəqiqə sonra Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Uğur” marketin yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb RPŞ-nə gətirilmişdir. Toplanmış materialın icrası RPŞ-nin TB-nin təhqiqatçısı Mahsu Kərimova həvalə edilmişdir. Həmin andan RPŞ-nin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs müvafiq qaydada hüquq və vəzifələri izah edilmiş, o cümlədən, ona vəkil dəvət etmək hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs da vəkil siyahısı ilə tanış olduqdan sonra hüquqlarının vəkil Müdafiəçi tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra şəxsi axtarış keçirilməzdən əvvəl üzərində narkotik vasitə olması şübhəsi olduğundan onun üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış keçirilməzədən əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və yaxud qanunla qadağan olunmuş hər hansı əşya və yaxud predmet varsa könüllü olaraq təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs də əynində olan şalvarın sağ yan cibində bir ədəd büküm çıxardıb təqdim etmişdir. Təqdim etdiyi həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni Bakı şəhərində olan zaman tanımadığı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş büküm açılıb baxıldqa içərisində narkotik vasitə olan heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Təqdim olunmuş büküm eloktron tərəzidə çəkilmiş və çəkisinin 1,69 qram gəlmişdir. Büküm içərəsində olan narkotik vasitə heroinə bənzər maddə ilə birlikdə müvafiq qayadada qablaşdırılmış və üzəri möhürlənilmişdir. Qablaşdırılmış bağlamanın üzərinə bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs də imza etmişdir. Baxış keçirilməsinə dair protokol tərtib olunaraq iştirakçılara oxunmuş, protokol Təqsirləndirilən şəxs tərkibində olduğu bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilən X4 və Şahid1 Şahid2 ilə eyni məzmunda ifadə verdilər. İşdə olan “Şəxsi axtarış keçirilməsi haqqında” 09 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, araşdırma zərurəti ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması şübhəsi yarandığından, üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əyindəki şalvarın sağ yan cibindən bir ədəd bükümdə, 1,69 qram çəkidə narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Bakı şəhərində olan zaman tanımadığı şəxsdən aldığını bildirmişdir. Cinayət İşinin materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin X2 10 noyar 2022-ci il tarixli 19/1156 №-li ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində "... “Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş büküm...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 1,515 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 1,515 qram, tədqiqata sərf edildi 0,05, qalıq 1,465 qram. Tədqiqata təqdim edilmiş 1,515 qram narkotik vasitə heroinin tədqiqatdan sonrakı 1,465 qram qalığı cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1225 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərdən istifadə edilməsi ilə nəticələnən Aslılıq sindromu (NARKOMANİYA) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq həmçinin öz vəziyyətinə tənqidi münasibətin olmasını ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nın İ siyahısının 5-ci bəndinə görə heroinin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2,0 qramdır. “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndinə əsasən sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğu üçün məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə 02 il 09 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İş materiallarına əlavə edilmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin 07 fevral 2023-cü il tarixli 02/2023 saylı arayışında Təqsirləndirilən şəxs Biləsuvar rayon məhkəməsinin 1(022)-71/2020 saylı 24 iyun 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edildiyi, Təqsirləndirilən şəxs təyin edilmiş cəzasını çəkib qurtardığı üçün 06 may 2022-ci il tarixdə Biləsuvar rayon icra və probasiya şöbəsinin qeydiyyatından çıxarıldığı göstərilmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı yüngülləşdirən hallar himayəsində bir azyaşlı (xx.xx.2014-cü il təvəllüdlü X5) uşağının olması, əməlindən səmimi peşman olması, müsbət xarakterizə olunması və ailədə yeganə qazanc gətirən şəxs olmasıdır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, CPM-in 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.1-ci maddəsi ilə tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddə ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. İş materiallarında olan 09 noyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 noyabr 2022-ci il tarixdə saat 20:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 11 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 11 noyabr 2022-ci il tarixdə saat 13:30-da polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən azad edilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə cəza növü təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı faktiki tutulduğu 2 gün müddət təyin edilən azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. Bundan başqa, ambulator məcburi narkoloji tibbi yoxlamanın 24 noyabr 2022-ci il tarixli, 1225 saylı rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış və Azərbaycan Respublikasının Biləsuvar rayon polis şöbəsində saxlanılan qalıq çəkisi 1,465 qram olan narkotik vasitə heroin məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbirinə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 noyabr 2022-ci il tarixindən 11 noyabr 2022-ci il tarixinədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində saxlanılma müddəti, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına 1 (bir) günə 1 (bir) gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə» qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 12 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 60 (altımış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 1,465 qram olan narkotik vasitə heroin məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar