Məhkəmə qərarları › İş №1(022)-31/2024

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-31/2024

07.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-31/2024 07.01.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X1 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun müdiri Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, 30 sentaybr 1999-cu il tarixdə Biləsuvar rayonu, Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Xırmandalı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 26 noyabr 2023-cü il tarixdə, saat 22 radələrində, Biləsuvar rayon mərkəzi xəstəxanasının inzibati binasında, insanların çoxluq təşkil etdiyi yerdə, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs nalayiq sözlərlə söyüb təhqir edərək, bir neçə dəfə kürək, əl nahiyələrindən yumruq və təpik zərbələri ilə vurmaqla ona sol çiyin qurşağı və sağ mil-bilək oynağı nahiyəsində şişkinlik, hematoma və hərəkət məhdudluğu ilə nəticələnmiş və zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş, qəsdən sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə 15-20 dəqiqə ərzində ətrafda olan vətəndaşların narahatlığına səbəb olan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək, göstərdi ki, o, ailəsi ilə birlikdə Biləsuvar rayonu, Xırmandalı kəndində yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. O, mütəmadi olaraq sağ qolu çıxdığına görə tez-tez əsəbləşir və buna görə də həssas olur. 26 noyabr 2023-cü il tarixdə, axşam saatlarında onun sağ qolu təkrarən çıxmış və buna görə o, əsəbiləşərək evdə olan stəkanları əli ilə sındırmışdır. Həmin vaxt onun əli kəsilmiş və özünü itirmişdir. Onun yaxın qohumları dərhal onu Biləsuvar rayon mərkəzi xəstəxanasına gətirmişlər. Xəstəxanada olduğu vaxt ona həkimlər və ya digər xəstəxana əmkdaşları tərəfindən yardım göstərilməmiş və buna görə də o, əsəbiləşərək oradan olan və adını sonradan bildiyi Zərərçəkmiş şəxs adlı həkimi nalayiq ifadələrlə söyüb təhqir etmiş və həmin şəxsi döymüşdür. Lakin o, Zərərçəkmiş şəxs hadisə vaxtı nə ilə və hansı nahiyələrindən vurduğunu hazırda xatırlamır. Baş vermiş hadisə təxminən 15-20 dəqiqə davam etmiş və hadisəni ətrafda olan çox sayda insanlar görmüşdür. Lakin sonradan o, əməlindən peşmançılıq hissi keçirdiyi üçün zərərçəkmiş şəxsdən üzr istəmiş, həmin şəxsə barışıq əldə etmişdir. Sonda, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxsdən üzr istəyərək, sonuncu ilə barışıq əldə etdiyini nəzərə alaraq, barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, barəsində ittiham irəli sürülmüş şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Belə ki, məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, o, Biləsuvar rayon mərkəzi xəstəxanasında təcili tibbi yardım bölməsinin müdiri vəzifəsində çalışır. 26 noyabr 2023-cü il tarixdə o, xətəxananın “Acil” şöbəsində növbədə olduğu vaxt Təqsirləndirilən şəxs adlı şəxs ona yaxınlaşaraq əlinin kəsildiyini bildirmiş və ona yardım edilməsini xahiş etmişdir. Bundan sonra həmin şəxs palataya yerləşdirilmişdir. O və digər xəstəxana əməkdaşları Təqsirləndirilən şəxs kömək etməyə çalışsalar da, həmin şəxs səs-küy salaraq, onların fəaliyyətinə mane olmuşdur. Həmin şəxs onu nalayiq ifadələrlə təhqir etmiş və arxadan ona yaxınlaşaraq, kürək və əl nahiyələrinə yumruqla və təpiklə zərbələr endirmişdir. Ətrafda olan şəxslər, həmçinin xəstəxana mühafizəçiləri Təqsirləndirilən şəxs ondan ayırmışlar. Hadisə təxminən 15-20 dəqiqə davam etmiş və hadisəni ətrafda olan çox sayda insanlar görmüşdür. Sonradan Təqsirləndirilən şəxs və valideynləri ondan üzr istəmiş, onunla barışıq əldə etmişdir. Sonda, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qanuna uyğun cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, 26 noyabr 2023-cü il tarixdə Biləsuvar rayon mərkəzi xəstəxanasında mühafizəçi qismində növbədə olmuşdur və Təqsirləndirilən şəxs qohumları tərəfindən xəstəxanaya gətirilmişdir. Lakin həmin şəxs palatada olduğu zaman həkim Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir etmiş və Zərərçəkmiş şəxs kürək və əl nahiyələrinə yumruqla və təpiklə xəsarətlər yetirmişdir. O və həmkarı Şahid1 Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ayıraraq, sakitləşdirməyə çalışsa da, həmin şəxs öz qanunsuz əməllərinə davam etmişdir. Baş vermiş hadisə təxminən 15-20 dəqiqə davam etmiş və ətrafda olan çox sayda insan həmin münaqişəyə şahid olmuşdur. Məhkəmədə Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs dayısı oğludur. 26 noyabr 2023-cü il tarixdə, axşam saatlarında Təqsirləndirilən şəxs qolu çıxdığına və əli kəsildiyinə görə o və həmin şəxsin ailə üzvləri Təqsirləndirilən şəxs Biləsuvar rayon mərkəzi xəstəxanasına gətirmişlər. Lakin Təqsirləndirilən şəxs xəstəxana əməkdaşları yardım etməmişlər və o, bu barədə “102” qaynar xəttinə zəng vasitəsilə məlumat vermişdir. Təqsirləndirilən şəxs isə əsəbiləşərək, Zərərçəkmiş şəxs adlı həkimi təhqir etniş və həmin şəxsi itələmişdir. Həmin zərbə nəticəsində Zərərçəkmiş şəxs kürəyi divara dəymiş və xəsarət almışdır. Bundan sonra isə ətrafda olan insanlar Təqsirləndirilən şəxs sakitləşdirərək, haidəs yerindən uzaqlaşdırmışlar. İşdə olan videogörüntüyə baxış keçirilməsi barədə 30 noyabr 2023-cü il tarixli protokoldan və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs Biləsuvar rayon mərkəzi xəstəxanasının inzibati binasına daxil olaraq, tibbi yardım almaq istədiyi vaxt zərərçəkmiş Zərərçəkmiş şəxs ilə mübahisə edərək, həmin şəxsi söyüb təhqir etmiş və vuraraq xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs hadisə yerində olan mühafizəçilərin köməyi ilə sakitləşdirilmişdir. Həmin görüntülər Biləsuvar rayon mərkəzi xəstəxanasının inzibati binasında quraşdırılmış təhlükəsizlik kameraları vasitəsilə qeyd edilmişdir. İş materiallarında olan canlı şəxsin ekspertizasının 01 dekabr 2023-cü il tarixli, 1322 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol çiyin qurşağı və sağ mil-bilək oynağı nahiyəsində şişkinlik, hematoma və hərəkət məhdudluğu müəyyən edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 26 noyabr 2023-cü il tarixə uyğun gəlir. Qeyd edilən xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlərdən olduğu üçün dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işi materiallarında olan 26 noyabr 2023-cü il tarixli, 714 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli sərxoş vəziyyətində olmuşdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Belə ki, «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin qərarın 3-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, şəxsi münasibətlər zəminində başlanılmış hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunan şəxsiyyətini, əvvəllər məhkum edilməməsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya qurumuna həvalə edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökm elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar