Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-32/2023 13.04.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X17 oğlunun katibliyi, tərcüməçi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X8 (X3), onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, X8 (X3), xx xxxxx 1969-cu il tarixdə İran İslam Respublikasının Mərənd şəhərində anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, orta təhsilli, evli, sürücü işləyən, əvvəllər məhkum olunmamış, İran İslam Respublikası, Təbriz şəhəri, Xiyabani Dampezeşki, Bostani, ev 23 ünvanında qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş həbs etmənin əvvəli 16 noyabr 2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X13 (X12) ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublıikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilərək, məhkəməyə verilmişdir ondan ötrü ki, o, 16 noyabr 2022-ci il tarixdədək olan müddət ərzində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq qəsdən əldə etdiyi, narkotik vasitə hesab edilən, şəxsi istehlak miqdarından artıq miqdarda, tərkibindəki metadon narkotik vasitəsinin ümumi təsiredici miqdarı 0,18 qram təşkil edən, sellofan paketə yerləşdirilmiş “F/M20” nişanəli 09 ədəd metadon həblərini özünə məxsus pencəyin sol iç cibinə qoyaraq, idarə etdiyi «Renault» markalı, TX652TX/SS912O qeydiyyat nişanlı nəqliyyat vasitəsinin kabinasında yataq yerinin üzərində saxlamış, 16 noyabr 2022-ci il tarixdə İran İslam Respublikasından gələrkən Azərbaycan Respublikasına daşımış və həmin tarixdə, saat 22 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar rayonu ərazisində yerləşən “Biləsuvar” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs X13 (X12) ona qarşı elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək, göstərdi ki, o, artıq 30 ilə yaxındır ki, fərdi qaydada sürücü kimi işləyir və yük avtomaşını ilə İran İslam Respublikasından Azərbaycana və Gürcüstana müxtəlif təyinatlı yüklər daşımaqla, ailəsini dolandırır. Artıq bir neçə ildir ki, narkomaniya xəstəliyinin müalicəsi ilə əlaqədar dizlərində və qollarında yaranan xroniki ağrılardan əziyyət çəkir. Bu səbəbdən də o, İran İslam Respublikasında həkimə müraciət etmiş və həmin həkim ona metadon adlı dərman vasitəsini qəbul etməyi tövsiyə etmişdir. Həkim məsləhətinə əsas götürərək, o, İran İslam Respublikasında olarkən əczaxanadan üzərilərində “F/M20” yazısı olan dərmanlar almağa və ondan istifadə etməyə başlamışdır. O, ağrıları şiddətli olduğu və uzun müddət davam etdiyi üçün həmin həbləri, adətən, üzərində gəzdirmiş və onları almaq üçün o xüsusi kart vasitəsindən istifadə etmişdir. Sonuncu dəfə Gürcüstan Respublikasına səfərə hazırlaşdığı zaman ağrıları şiddətlənmiş, ağrıları kəsmək üçün o, İran İslam Respublikasının Təbriz şəhərində yerləşən apteklərin birindən doqquz ədəd metodon həbi almış və itməməsi üçün əynində olan pencəyin sol iç cibində saxlamışdır. Xüsusilə, o, payız-qış aylarında ağrılarının daha da şiddətlənməsi və Gürcüstan Respublikasına səfər etməyin uzun vaxt aparacağnı bildiyi üçün o, 9 sayda həb almışdır. Bundan sonra o, Gürcüstan Respublikasının Tiflis şəhərinə getmək üçün, 11 noyabr 2022-ci il tarixdə, içərisində dəmir yükü olan «Renault» markalı, TX652TX/SS912O qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə İranın Təbriz şəhərindən yola düşmüş və 13 noyabr 2022-ci il tarixdə İranın Biləsuvar şəhərinə çatmış və orada 3 gün növbə gözləmişdir. 16 noyabr 2022-ci il tarixdə o, Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Gürcüstana getmək məqsədi ilə, saat 22 radələrində, idarə etdiyi «Renault» markalı, TX652TX/SS912O dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Biləsuvar gömrük postundan keçməklə İran İslam Respublikasından Azərbaycana daxil olmuşdur. Gömrük nəzarəti xəttində gömrük əməkdaşları onun idarə etdiyi yük nəqliyyat vasitəsində və üzərində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olub-olmaması, o cümlədən narkotik vasitə, psixotrop və güclü təsir edən maddələrin olub-olmaması barədə ona suallar vermiş və əgər varsa, həmin predmetləri təqdim etməsini ona təklif etmişlər. O, həm idarə etdiyi yük nəqliyyat vasitəsində, həm də üzərində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını, idarə etdiyi yük nəqliyyat vasitəsində dəmir yükü olduğunu bildirmişdir. Bundan sonra, kinoloji it tətbiq etməklə gömrük əməkdaşları hal şahidlərinin iştirakı ilə ilk növbədə idarə etdiyi «Renault» markalı, TX652TX/SS912O qeydiyyat nişanlı yük nəqliyyat vasitəsini yoxlamağa başlamışlar və yoxlama zamanı avtomobildən və avtomobilin kabinasında olan əşyalardan gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunmayan hər hansı bir predmet aşkar olunmamışdır. Bundan sonra o, pencəyini əynindən çıxararaq idarə etdiyi nəqliyyat vasitəsinin yataq kabinəsinə qoymuş və gömrük əməkdaşları bundan şübhələnmişlər və onun pencəyinə baxış keçirilmişdir. Həmin 09 ədəd həb sellofan paketdə olmaqla həmin pencəyin sol iç cibindən aşkarlanaraq götürülmüşdür. Daha sonra onun üzərində qanunvericiliyin tələblərinə uyğun olaraq hal şahidlərinin iştirakı ilə şəxsi yoxlama aparılmış və üzərilindən gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunmayan hər hansı bir predmet aşkar edilməmişdir. Bundan sonra araşdırma ilə əlaqədar onun pencəyinin sol iç cibindən aşkar edilən 09 ədəd üzərilərində “F/M20” yazısı olan, qəhvəyi rəngli, dairəvi formalı həblər onun və hal şahidlərinin iştirakı ilə qablaşdırılaraq möhürlənmiş, gömrük əməkdaşı tərəfindən bu barədə müvafiq protokol tərtib edilmiş və həmin protokol tərcüməçi tərəfindən ona oxunmuş və doğru tərtib edildiyi üçün o, protokolu imzalamışdır. Sonda, X13 (X12) əməlindən peşman olduğunu, üzərində aşkar edilmiş narkotik vasitənin narkomaniya xəstələyindən müalicə aldığı üçün dizlərində və qollarında olan ağrıların müalicəsi məqsədilə həkim resepti əsasında əldə etdiyini bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 2018-ci ildən gömrük orqanlarında xidmət edir. 16 noyabr 2022-ci il tarixdə iş bölgüsünə əsasən “Biləsuvar” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn yük avtomobillərinə gömrük nəzarətini həyata keçirmiş və Cənub Ərazi Baş Gömrük İdarəsinə ezam olunmuş Kinoloji Mərkəzin təlimçisi Şahid2 da onunla eyni xətdə xidmətdə olmuşdur. Həmin gün vəzifə borcunu yerinə yetirərkən, saat 22 radələrində, İran İslam Respublikası vətəndaşı X13 (X12) idarə etdiyi «Renault» markalı, TX652TX/SS912O qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə “Biləsuvar” gömrük postunun yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə daxil olmuşdur. Gömrük nəzarəti məqsədi ilə Şahid2 tərəfindən kinoloji xidmət iti yük avtomobilinə tətbiq edilmiş və xidməti it kabinanın ətrafına reaksiya verdiyinə görə yük nəqliyyat vasitəsinin əsaslı yoxlanılması qərara alınmışdır. Bundan sonra, o, 2 nəfər hal şahidi dəvət edərək, hal şahidlərinin iştirakı ilə yoxlamaya başlamazdan əvvəl sonuncuya idarə etdiyi yük nəqliyyat vasitəsində və üzərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan edilməli olan hər hansı predmetin olub olmadığı barədə sual vermiş, X13 (X12) isə üzərində və idarə etdiyi yük nəqliyyat vasitəsində qanunla qadağan edilmiş heç bir predmetin olmadığını bildirmişdir. Həmin yük nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı avtomobildən və avtomobilin kabinində olan əşyalardan gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunmayan hər hansı bir hüquqpozma predmeti aşkar olunmamışdır. Lakin, X13 (X12) əynindəki qəhvəyi rəngli pencəyi çıxarıb avtomobilin kabinasına qoyması diqqətini cəlb etmiş və o, həmin pencəyə baxış keçirmişdir. Baxış zamanı həmin pencəyin sol içəri cibindən şəffaf sellofan paketdə olan, üzərilərində “F/M20” yazısı olan, qəhvəyi rəngli, dairəvi formalı 09 ədəd metadon həbi aşkar olunmuşdur. Bundan sonra zərurət yarandığından X8 (X3) üzərində qanunvericiliyin tələblərinə uyğun olaraq şəxsi yoxlama aparılmış və sonuncunun üzərindən gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunmayan qanunla qadağan edilmiş hər hansı bir predmet aşkar olunmamışdır. X4 (X2) aşkar olunaraq götürülmüş 09 ədəd üzərilərində “F/M20” nişanəsi olan, qəhvəyi rəngli, dairəvi formalı həblər hal şahidlərinin iştirakı ilə, onun tərəfindən götürülərək qablaşdırılmışdır. Bununla bağlı tərəfindən müvafiq protokol tərtib edilmiş və tərtib olunmuş protokolla bütün iştirakçılar tanış olduqdan sonra imzalamışlar. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respulikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat şöbəsinin instruktor-kinoloqu Şahid2 məhkəmədə Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək X8 (X3) üzərindən sellofan paketə yerləşdirilmiş, üzərilərində “F/M20” yazısı olan 09 ədəd həbi malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə özünə məxsus pencəyin sol iç cibinə qoyaraq idarə etdiyi «Renault» markalı, TX652TX/SS912O qeydiyyat nişanlı nəqliyyat vasitəsinin kabinasında yataq yerinin üzərində saxladığını, özü ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına daşıyaraq 16 noyabr 2022-ci il tarixdə, saat 22 radələrində Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar rayonu ərazisində yerləşən “Biləsuvar” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirdiyini və gömrük yoxlaması zamanı tərkibində narkotik vasitələr olan həmin həblərin aşkar edilərək götürüldüyünü təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 16 noyabr 2022-ci il tarixdə o və həmyerlisi Şahid4 “Biləsuvar” gömrük postunun qarşısında dayanmışlar. Saat 22 radələrində bir nəfər gömrük əməkdaşı onlara yaxınlaşıb özünü təqdim edərək İran İslam Respublikasından Azərbaycan Respublikasına gəlmiş bir yük nəqliyyat vasitəsinə xidməti it reaksiya verdiyindən həmin avtomobilə tətbiq olunacaq yoxlamada hal şahidi qismində iştirak etməklərini xahiş etmişdir. Onlar gömrük əməkdaşına etiraz etməyərək, yoxlamada iştirak etmək məqsədilə sonuncu ilə birlikdə “Biləsuvar” gömrük postuna daxil olmuşlar. Burada gömrük əməkdaşı adını sonradan öyrəndikləri İran İslam Respublikası vətəndaşı X8 (X3) idarə etdiyi «Renault» markalı, TX652TX/SS912O dövlət qeydiyyat nişanlı yük avtomobilinin yoxlanmasında onların hal şahidi kimi iştirak edəcəkləri barədə məlumat verdikdən sonra ona və digər hal şahidinə hüquq və vəzifələrini izah etmiş, məsuliyyət barədə xəbərdarlıq etmişdir. Bundan sonra gömrük əməkdaşı onun və digər hal şahidinin iştirakı ilə yoxlamaya başlamazdan əvvəl X10 (X6) idarə etdiyi yük avtomobilində gömrük nəzarətindən gizlədilmiş və eyni zamanda gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin, o cümlədən narkotik və psixotrop maddələrin olub-olmaması barədə sual vermiş, sonuncu isə üzərilərində və idarə etdiyi yük nəqliyyat vasitəsində qanunla qadağan edilmiş hər hansı bir predmetin olmadığını bildirmişdir. X8 (X3) idarə etdiyi «Renault» markalı, TX652TX/SS912O qeydiyyat nişanlı yük avtomobilinin yoxlanması zamanı nəqliyyat vasitəsindən və kabinada olan əşyalardan gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunmayan hər hansı bir predmet aşkar olunmamışdır. Lakin, avtomobilin kabinası yoxlanıldıqdan sonra sürücü X8 (X3) əynindəki pencəyi çıxararaq həmin kabinadakı yataq yerinin üzərinə qoyması gömrük əməkdaşlarında şübhə oyatmış və həmin pencəyə baxış keçirilmişdir. Həmin baxış nəticəsində X10 (X6) məxus qəhvəyi rəngli pencəyin sol iç cibindən şəffaf sellofan paket aşkar edilmişdir. Bundan sonra həmin sellofan paketə baxış keçirilmiş və paketin içərisində üzərilərində “F/M20” yazısı olan, qəhvəyi rəngli, dairəvi formalı 09 ədəd həblər olduğu məlum olmuşdur. Daha sonra zərurət yarandığından X8 (X3) üzərində qanunvericiliyin tələblərinə uyğun olaraq şəxsi yoxlama aparılmış və üzərindən gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunmayan qanunla qadağan edilmiş hər hansı bir predmet aşkar olunmamışdır. X4 (X2) aşkar olunaraq götürülmüş 09 ədəd üzərilərində “F/M20” nişanəsi olan, qəhvəyi rəngli, dairəvi formalı həblər onların və sonuncunun iştirakı ilə gömrük əməkdaşları tərəfindən götürülərək qablaşdırılmış, bu barədə gömrük əməkdaşı tərəfindən müvafiq protokol tərtib edilmişdir. Bütün iştirakçılar kimi o da həmin protokolla tanış olduqdan sonra imzalamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, X8 (X3) üzərindən sellofan paketə yerləşdirilmiş, üzərilərində “F/M20” yazısı olan, qəhvəyi rəngli, dairəvi formalı 09 ədəd həbi malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə özünə məxsus pencəyin sol iç cibinə qoyaraq idarə etdiyi «Renault» markalı, TX652TX/SS912O qeydiyyat nişanlı nəqliyyat vasitəsinin kabinasında yataq yerinin üzərilərində saxladığını, özü ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına daşıyaraq 16 noyabr 2022-ci il tarixdə, saat 22 radələrində Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar rayonu ərazisində yerləşən “Biləsuvar” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirdiyini və gömrük yoxlaması zamanı tərkibində narkotik vasitələr olan həmin həblərin aşkar edilərək götürüldüyünü təsdiq etdi. İş materiallarında olan 16 noyabr 2022-ci il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokoldan görünür ki, idarə etdiyi «Renault» markalı, TX652TX/SS912O dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran İslam Respublikasının vətəndaşı X13 (X12) “Biləsuvar” gömrük postunun idxal yoxlama xəttində gömrük nəzarətindən keçərkən malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə nəqliyyat vasitəsinin kabinasındakı yataq yeri üzərinə atdığı pencəyin sol iç cibindən şəffaf sellofan paketdə qablaşdırılmış gömrük nəzarətindən gizlətdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, tərkibindəki metadon narkotik vasitəsinin təsiredici miqdarı 0,18 qram təşkil edən, üzərilərində “F/M20” yazısı olan 09 ədəd həb aşkar edilərək protokol əsasında götürülmüş və 206191 nömrəli polietilen paketdə qablaşdırılmışdır. İşdə olan materialların məhkəmə eksperizasının 17 noyabr 2022-ci il tarixli, 6/6609 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərilərində “Cənub Ərazi Baş Gömrük İdarəsi... X13...” əl yazıları olan 206191 nömrəli polietilen paketdəki 09 ədəd üzərilərində “F/M20” yazısı həkk olunmuş tabletlərin tərkibində ümumilikdə 0,18 qram (01 ədəd tabletdə 0,2 qram) metadon təsiredici maddəsi müəyyən edilmişdir. Metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in siyahısına daxildir. Aparılmış tədqiqatdan sonra tərkibində metadon narkotik vasitəsi olan 09 ədəd bütöv tabletlərdən 08 ədədi qalıq olaraq qalmışdır. İşdə olan ambulator məcburi narkoloji tibbi yoxlamanın 28 noyabr 2022-ci il tarixli, 7122 saylı rəyindən görünür ki, X9 sintetik opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 21 noyabr 2022-ci il tarixli, sərhədkeçmə hesabatına baxış keçirilməsi haqqında protokoldan görünür ki, X13 (X12) 16 noyabr 2022-ci il tarixdə, saat 22:00-da idarə etdiyi «Renault» markalı, TX652TX/SS912O dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə “Biləsuvar” sərhəd nəzarət məntəqəsindən keçməklə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə daxil olmuş və həmin tarixdə nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı 09 ədəd həb metadon narkotik vasitəsi aşkar edilmişdir. İş materiallarında olan İran İslam Respublikası “Səba” narkotiklərlə aludəçiliyin müalicəsi mərkəzi tərəfindən, Səhiyyə, Müalicə və Tibbi Təlim Nazirliyinin nəzarəti ilə, verilmiş 22 noyabr 2022-ci il tarixli, 89240 nömrəli tibbi arayışdan görünür ki, X13 (X12) həmin Mərkəzdə 20 mg. metadon tableti ilə müalicə alır və üzərində gəzdirdiyi 20 mg. metadon tabletlərinin həmin Mərkəzdən almışdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən düzgün olmayaraq, X10 (X6) Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir və X10 (X6) Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə irəli sürülmüş ittihamdan həmin Məcəllənin 234.1-ci maddəsi xaric edilməli, X13 (X12) yalnız Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə isə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsinin 1-ci bəndinə görə hər kəs ona qarşı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə, işinin ədalətli və açıq araşıdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası CPM-nin 1.2.2-ci maddəsinə görə Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ona yönəlmişdir ki, cinayət törətməkdə təqsiri olmayan heç kəsi cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına almaq, ittiham və ya məhkum etmək mümkün olmasın. Həmin Məcəllənin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Azərbaycan Respublikası CPM-nin 28.2-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatını həyata keçirərkən qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər. Həmçinin Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Təqsirləndirilən şəxsə elan olunmuş ittihamın məzmunundan görünür ki, ibtidai araşdırma orqanı X8 (X3) satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda metadon narkotik vasitəsini əldə etməsi və həmin narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə keçirməsini əsas tutaraq, X11 (X7) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixatrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin maddə ilə cinayət tərkibini yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi” Qaydasının 11-ci bəndinin tələbinə görə narkotik dərman preparatları tibbi məqsədlərlə adi ağrıkəsici dərman preparatının təsirinin az olduğu və tam olmadığı hallarda güclü ağrı sindromunu aradan qaldırmaq məqsədi ilə istifadə edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 saylı qərarının 5-ci bəndində məhkəmələrə tövisyyə edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Cinayət qanunuvericiliyinin təhlil olunan normalarının tələbindən göründüyü kimi, dövriyyəsi qanunla qadağan olunan və ya məhdudlaşdırılan əşyaların siyahısı qanunla müəyyən olunmuşdur, həmin siyahıya əlavələr edilməsi və ya hansısa bəndin çıxarılması yalnız qanunvericiliyə dəyişikliklər qaydasında mümkündür. «Metadon» dərman preparatı isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in siyahısına daxildir. Yəni həmin dərman preparatının dövriyyəsi məhdudlaşdırılsa da, qadağan edilməmişdir və qanunla nəzərdə tutulmuş qaydada dövriyyəsinə icazə vardır. Həmçinin narkotik dərman preparatları tibbi məqsədlərlə adi ağrıkəsici dərman preparatının təsirinin az olduğu və tam olmadığı hallarda güclü ağrı sindromunu aradan qaldırmaq məqsədi ilə istifadə edilə bilər. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, X13 (X12) narkotik asılılığından əziyyət çəkdiyinə görə ona metadon dərman preparatının qəbulu tövsiyyə edilmişdir ki, həmin dərman preparatı X5 tərəfindən 2005-ci ildə opoid asılılığı zamanı tətbiq olunan daha effektiv və təhlükəsiz dərman preparatı hesab edilmişdir. Bundan başqa, X13 (X12) saxlanıldığı andan məhkəmə iclasında ifadə verdiyi ana qədər eyni məzmunlu izahat və ifadələr verməklə, «Metadon» dərman preparatını həkim resepti əsasında əldə edib, bədənindəki ağrılarla əlaqədar şəxsi istifadəsi üçün üzərilərində daşıdığını bildirmiş, məhkəmə iclasında dindirilmiş şahidlər də eyni məzmunlu ifadələr vermişlər. Beləliklə, «Metadon» narkotik vasitəsinin İran İslam Respublikasında xüsusi icazə əsasında dərman preparatı kimi istehsalına və satışına icazə verilməsi, həmin dərman preparatlarının istehsalının və satışının ciddi hesabat sənədlərində əks olunması, eləcə də qeyd olunan hesabat sənədlərinin xüsusi dövlət nəzarətində olması «Metadon» dərman preparatının sayı bəlli həddə zavodda istehsal olunduğu, müəyyənləşdirilmiş hədlər daxilində zavoddan satış məntəqələrinə (apteklərə) çatdırıldığı və həmin məntəqələrdən (apteklərdən) resept əsasında satıldığı qənaətinə gəlməyə əsas verir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Barbera, Messegue və Jabordo İspaniyaya qarşı”işi üzrə xx xxxxxx 1988-ci il tarixli qərarında qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir (§ 77). Bundan başqa, İnsan hüquqları üzrə Avropa Məhkəməsi “X15rşı” işi üzrə 25 sentyabr 1992-ci il tarixli qərarında göstərmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur(§ 36). Azərbaycan Respublikası CM-nin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikası CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət qanununun həmin müddəasının məzmunundan görünür ki, törədilmiş hər hansı əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və sübyektiv əlamətlərinin hamısının, yəni cinayətin obyekti, obyektiv cəhəti, subyekti və subyektiv cəhətinin eyni vaxtda mövcud olduğu təqdirdə, törədilmiş əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən heç olmasa birinin mövcüd olmaması əməlin cinayət kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Cinayət işinin istintaqı zamanı təqsirləndirilən şəxs narkotik vasitə - metadonu həkim resepti əsasında aptekdən aldığını bildirməsinə baxmayaraq, cinayət prosesi üzrə ittiham tərəfi həmin reseptinin həqiqiliyinə, habelə təqsirləndirilən şəxsin narkotik vasitə metadon həblərini aptekdən qanuni əldə etməsini şübhə altına alsalar da, həmin şübhələrin həqiqiliyini, eləcə də təqsirləndirilən şəxsin metadon həblərini qanunsuz olaraq əldə etməsini və daşımasını təsdiq edən sübutları iş materiallarına əlavə və məhkəməyə təqdim edə bilməmişlər. Buna görə də hazırki halda ittiham tərəfinin mövcud şübhələri təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinə görə narkotik vasitələri əldə, saxlama və daşıma qanunsuz olaraq həyata keçirildikdə cinayət məsuliyyətinə səbəb olur. Hazırki halda aradan qaldırılması mümkün olmayan mövcud şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olması, X4 (X2) götürülmüş «Metadon» dərman preparatının zavod üsulu ilə hazırlanması, təqsirləndirilən şəxsin özünün, habelə şahidlərin ifadələri və iş materiallarına əlavə olunmuş, həkimin imzasının Azərbaycan Respublikasının Təbriz şəhərindəki baş konsulluğu tərəfindən təsdiq olunmuş tibbi arayış nəzərə alındıqda, X8 (X3) «Metadon» dərman preparatını həkim resepti əsasında aptekdən reseptlə müəyyən edilmiş sayda əldə etdiyi və həmin narkotik vasitəni dərman preparatı qismində və şəxsi istifadəsi üçün üzəriində daşıdığı müəyyən edilir. Beləliklə, cinayət işinin məhkəmə iclasında müəyyən edilməklə, yuxarıda qeyd olunmuş hallarından göründüyü kimi X13 (X12) hazırki iş üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin predmeti olan «Metadon» narkotik vasitəsini qanuni yolla əldə etmiş və şəxsi istifadəsi üçün üzərində daşımışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materialına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməliini ağır cinayətdən, daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsə Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında göstərilir ki, məhkəmənin ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasını reallaşdırarkən həll etdiyi məsələlərin dairəsi məhkəmə baxışının hədləri ilə müəyyən edilir. Ümumiyyətlə, cinayət prosesində hədd kateqoriyası prosessual şərt kimi çıxış edir. Məhkəmə baxışının hədləri isə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəmədə müdafiə edilən ittihamla şərtlənən məhkəmə tədqiqatının və qərarının qanunla müəyyən edilmiş sərhədləridir. Göründüyü kimi, cinayət-prosessual qanunvericilik məhkəmə baxışının hədlərini dəqiq müəyyən edərək: məhkəmə baxışının hədlərini şəxslərin dairəsinə və ittihamın məzmununa görə məhdudlaşdırır; məhkəmə baxışı nəticəsində məhkəmə tərəfindən ittihamın dəyişdirilməsinin hədlərini dəqiq müəyyənləşdirir. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, X10 (X6) Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə irəli sürülmüş ittihamdan həmin Məcəllənin 234.1-ci maddəsi xaric edilməli, X13 (X12) yalnız Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, ona həmin əmələ görə cəza təyin edilməlidir. Cinayət işinin məhkəmə baxışı zamanı işdə olan sübutların məhkəmədə tədqiqi nəticəsində X13 (X12) «Metadon» narkotik vasitəsini, dərman preparatı qismində, qanuni yolla əldə edib daşıdığı, buna görə X8 (X3) əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibinin olmadığı, lakin X13 (X12) Azərbaycan Respublikası dövlət sərhəddindən 16 noyabr 2022-ci il tarixdə keçərkən həmin narkotik vasitənin onda olmasını bəyan etmədiyinə görə onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin tərkibi müəyyən edilmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, 1 №-li qərarının 4-cü bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, CM-nin 206-cı maddəsində nəzərdə tutulmuş cinayətin predmetinə gömrük sərhədindən keçirilən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135-ci maddəsinin və GM-nin 1.0.34 və 1.0.42-ci maddələrinin tələblərinə müvafiq olaraq daşınar əşyalara aid edilmiş nəqliyyat vasitələri də daxil olmaqla mal hesab edilən istənilən əmlak, eləcə də qanunvericilikdə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinin müəyyən qaydası və şərtləri müəyyən edilmiş, mal olmayan digər əşyalar (məsələn, beynəlxalq daşımalar üçün istifadə olunan, mal əlamətlərinə malik olmayan nəqliyyat vasitələri, elmi məqalənin əlyazması və ya mal dəyəri olmayan, material daşıyıcıda olan digər əqli mülkiyyət obyekti, xüsusi olaraq faydalı model, sənaye nümunəsi və sair), habelə nağd xarici valyuta, Azərbaycan Respublikasının milli valyutası, yol çekləri, sənədli formada xarici və (və ya) daxili qiymətli kağızlar, qızılzinət əşyaları və CM-nin 206.2-ci maddəsində sadalanmış əşyalar aiddirlər. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, X8 (X3) məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, cinayətin predmeti olan narkotik vasitəni narkotik asılılığından müalicə ilə əlaqədar əldə edib üzərilərində daşımasını məhkəmə X8 (X3) cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə X8 (X3) cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 41.1-ci maddəsinin tələbinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilmiş məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən, «istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Avropa İnsan Hüquqları Məhkəməsi isə özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; X16rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) ədalətin bərpasını belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, eləcə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5.1-ci maddəsinin tələbinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız həmin Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxs X10 (X6) CM-nin 8.1 və 41.2-ci maddəsinin tələblərinə uyğun cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3 maddəsinə əsasən təqsirkarın şəxsiyyətini, cinayətin törədildiyi andan təqsirini boynuna alıb əməlindən səmimi peşiman olmasını, cinayətin predmeti olan narkotik vasitəni narkotik asılılığından müalicə ilə əlaqədar həkim reseptri əsasında əldə edib üzərilərində daşımasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, həmin Məcəllənin 206.2-ci maddəsində müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını qanuna və məqsədə müvafiq hesab edir. Bundan başqa, məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın 28 noyabr 2022-ci il tarixli, 7122 saylı rəyini nəzərə alaraq, hesab edir ki, X10 (X6) narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində saxlanılan, 08 ədəd metadon həbi məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1 maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 92 manat məbləğində pul vəsaiti X4 (X2) dövlət nəfinə tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, cinayət işin materiallarına əlavə edilmiş “Huawei” markalı mobil telefon cihazı isə qanunla müəyyən edilmiş qaydada X10 (X6) qaytarılmalıdır. Məhkəmə X13 (X12) barəsində təyin edilən cəzanın növünü və müddətini, onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək X13 (X12) barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. İş materialları və işin məhkəmə iclasında tədqiq edilmiş halları ilə X13 (X12) Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəzanın şamil olunmasını istisna edən, Azərbaycan Respublikasının 52.2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən edilmədi. Buna görə də məhkəmə Azərbaycan Respublikası CM-nin 52.1 və 58.3-cü maddələrinə əsasən hesab edir ki, təyin olunacaq əsas cəza növünü, yəni azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra X8 (X3) Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılması, X13 (X12) Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarıldıqdan sonra, hazırki məhkəmə hökmü ilə təyin edilmiş məhkumluğu götürülənədək və ya ödənilədək onun Azərbaycan Respublikasına gəlmək hüququ müvəqqəti məhdudlaşdırılması qanuna və məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X13 (X12) Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 3 (üç ) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. X10 (X6) elan edilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi xaric edilsin. Cəzanın çəkilməsi X10 (X6) ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. X8 (X3) həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 16 noyabr 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək X13 (X12) barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. X10 (X6) narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 92 (doxsan iki) manat məbləğində pul vəsaiti X4 (X2) dövlət nəfinə tutulsun. X13 (X12) Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən əsas cəza növünü çəkib qurtardıqdan sonra Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılsın. X13 (X12) Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarıldıqdan sonra, hazırki məhkəmə hökmü ilə təyin edilmiş məhkumluğu götürülənədək və ya ödənilədək onun Azərbaycan Respublikasına gəlmək hüququ müvəqqəti məhdudlaşdırılsın. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində saxlanılan, 08 ədəd metadon həbi məhv edilsin. Cinayət işin materiallarına əlavə edilmiş “Huawei” markalı mobil telefon cihazı qanunla müəyyən edilmiş qaydada X10 (X6) qaytarılsın. Hökm elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №1(022)-32/2023
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-32/2023
13.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver